Məhkəmə qərarları › İş №e-2-2(121)-685/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-685/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-685/2021 23.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı MMC-nin xeyrinə 2.203,93 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2.233,93 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış 10.11.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə əsasən 9 hektar sahədə şəkər çuğundur əkməyi və hər hektardan 40 ton məhsul əldə etməklə 360 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Əgər təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında geri alınacaqdır. Bildiririk ki, cavabdeh ümumilikdə 9.171 manat məbləğində borclanmışdır. Cavabdeh tərəfindən İddiaçı MMC-yə cəmi 6.967,07 manat məbləğində məhsul təhvil verilmiş, nəticədə cavabdehin İddiaçı MMC-yə 2.203,93 manat məbləğində borcu yaranmışdır. Cavabdehin borclu olması ödəniş tapşırıqlarında, iddiaçının təqdim etdiyi elektron hesab-fakturalarda və iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında təsdiq edilir. Cavabdehə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət olunmuşdur. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh (istehsalçı/əkinçi) öz qanuni istifadəsində olan 9 ha torpaq sahəsində İddiaçı MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin dekabr ayının 31dək İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı MMC isə öz növbəsində Cavabdeh təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini çıxdıqdan sonra qalan məbləği Cavabdeh bank hesabına köçürməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış elektron qaimələrdən (cəmi 13 ədəd) görünür ki, görülmüş işlərə görə ümumilikdə 6.996 manat pulun ödənilməsi Cavabdeh tələb edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 18.03.2019-cu il tarixdə 870 manat, 02.04.2019-cu il tarixdə 72 manat, 01.05.2019-cu il tarixdə 900 manat, 12.06.2019-cu il tarixdə 153 manat və 05.07.2019-cu il tarixdə 180 manat olmaqla, cəmi 2.175 manat pul ödənilmişdir. İş materiallarında olan 10.10.2019-cu il tarixli elektron qaimədən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə təhvil verilmiş şəkər çuğundurunun əvəzi olaraq, 6.967,07 manat pulun ödənilməsi İddiaçı MMC-dən tələb edilmişdir. İş materiallarında olan 01.03.2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh 01.03.2021-ci il tarixə İddiaçı MMC-yə borcu 2.203,93 manat təşkil edir. Belə ki, Cavabdeh 6.996 manat məbləğində mal və xidmət satılmış, 2.175 manat avans verilmiş, həmçinin Cavabdeh tərəfindən İddiaçı MMC-yə 6.967,07 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 01.03.2021-ci il tarixli, REF-117/21 saylı pretenziya məktubundan görünür ki, cavabdehdən 3.049,55 manat pulun 10 gün ərzində İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh məlumatlandırılmışlar. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 10.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, Cavabdeh (istehsalçı/əkinçi) öz qanuni istifadəsində olan 9 ha torpaq sahəsində İddiaçı MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin 12-ci ayının sonunadək İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı MMC isə öz növbəsində Cavabdeh təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini çıxdıqdan sonra qalan məbləği Cavabdeh bank hesabına köçürməyi öhdələrinə götürmüşlər. İddiaçı MMC tərəfindən Cavabdeh üçün cəmi 6.996 manat dəyərində işlər görülmüş (herbisidin səpilməsi, gübrə, çuğundur yarpağının biçilməsi, ziyanvericilərə qarşı dərmanlama, kultivasiya işləri, toxum və onun səpilməsi və s.), həmçinin ona işlərin görülməsi üçün 2.175 manat avans verilmiş, həmçinin Cavabdeh tərəfindən İddiaçı MMC-yə 6.967,07 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya məktubları göndərilərək borcun 10 gün ərzində İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh məlumatlandırılmışlar. Lakin pul ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh üçün cəmi 6.996 manat dəyərində işlər görülmüş, həmçinin ona işlərin görülməsi üçün 2.175 manat avans verilmişdir (cəmi 9.171 manat xərc çəkilmiş və 6.967,07 manat dəyərində şəkər çuğunduru cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir). Hazırda iddiaçı 2.203,93 manat pulun cavabdehlərdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, alınmış 9.171 manat məbləğində (iş və xidmətlərin göstərilməsinə görə) avans müqabilində İddiaçı MMC-yə 6.967,07 manat dəyərində şəkər çuğunduru verilmişdir. Beləliklə cavabdehin iddiaçıya 2.203,93 manat borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 2.203,93 manat borc Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2.203,93 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.233,93 (iki min iki yüz otuz üç manat, doxsan üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar