Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-686/2025 17.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 01 may 2023-cü il tarixli YB-0037-23 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə 63.796,24 manat əsas borc, 11.483,32 manat ƏDV borcunun, 2.392,26 manat cərimə borcunun (əsas borc məbləğinin illik 5%-i həddində) və ödənilmiş 323,02 manat dövlət rüsumunun ümumilikdə 77.994,84 manat pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. X1 Məhkəməsinin icraatında olarkən İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil iddianın dəqiqləşməsi barədə ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 01 may 2023-cü il tarixli YB-0037-23 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə 63.796,24 manat əsas borc, 11.483,32 manat ƏDV borcunun, 2.392,26 manat dəbbə pulunun (müqavilənin 5.1-ci maddəsi ilə müəyyən edilən) və ödənilmiş 323,02 manat dövlət rüsumunun ümumilikdə 77.994,84 (yetmiş yeddi min doquz yüz doxsan dörd manat 84 qəpik) manat pul vəsaitinin İddiaçıQSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı QSC arasında 01 may 2023-cü il tarixli YB-0037-23 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinin tələblərinə əsasən Satıcı sifariş əsasında təchiz olunan malı öz qüvvə və vəsaiti hesabına hazırlayıb Alıcıya təhvil verməyi, Alıcı isə malı qəbul edib əvəzində onun qiymətini Malgöndərənə ödəməyi öhdəsinə götürür. Mal dedikdə Sifarişə və ya bu müqavilədə yer alan digər əsaslara və tələblərə tam uyğun sinifli və həmin əsaslar üzrə və keyfiyyət təyinatına uyğun tərkibli, keyfiyyət göstəriciləri qüvvədə olan standartlarına, normalarına və digər texniki sənədlərə cavab verən Sifariş və ya bu müqavilədə yer alan digər əsaslar üzrə miqdarlarda Satıcı tərəfindən təchiz edilən hazır beton qarışığı başa düşülür. Bildirilir ki, cavabdeh ilə iddiaçı arasında imzalanan müqavilənin şərtlərinə əsasən İddiaçı QSC tərəfindən cavabdehin verdiyi yazılı sifarişlər əsasında davamlı şəkildə Cavabdeh MMC-yə təhvil verilmişdir“. Cavabdeh MMC tərəfindən təhvil verilən mallar üzrə təqdim edilmiş bəzi elektron qaimə-fakturalar üzrə ödənişlər aparılmışdır. Müqavilə imzalandığı tarixdən hal-hazırdakı dövrə qədər Satıcı İddiaçı QSC tərəfindən Alıcı Cavabdeh MMC-yə əsas məbləğ 109.460,06 manat, X2 məbləği 19.702,81manat olmaqla ümumlikdə 129.162,87 manat məbləğində hazır beton qarışığı təhvil verilmişdir. Təhvil verilən malların müqabilində Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə əsas məbləğdən 45.663,82 manat, ƏDV məbləğindən 8.219,49 manat olmaqla ümumlikdə 53.883,31 manat pul vəsaiti ödənilmişdir. Sonuncu ödəniş cavabdeh tərəfindən 07 mart 2024-cü il tarixində aparılmış, o tarixdən hal-hazırdakı dövrə qədər alınmış beton qarışığına görə hər hansı bir ödəniş aparılmamışdır. Belə ki, qeyd edilən qaimələrlə təhvil verilən mallar üzrə hal-hazırdakı dövrə Satıcı tərəfindən Alıcıya müqavilə üzrə təhvil verdiyi hazır beton qarışığına görə əsas borc 63.796,24 manat, ƏDV borcu 11.483,32 manat olmaqla ümumilikdə 75.279,56 manat təşkil edir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
7. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
9. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
10. İddiaçı QSC (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, YB-0037-23 nömrəli Alqı-Satqı Müqaviləsinin: -1.1-ci bəndinə əsasən, " Satıcı" sifariş əsasında təchiz olunan Malı öz qüvvə və vəsaiti hesabına hazırlayıb “Alıcı”ya təhvil verməyi, “Alıcı” isə Malı qəbul edib əvəzində onun qiymətini "Mal göndərən"ə ödəməyi öhdəsinə götürür. -1.6-cı bəndinə əsasən, Bu Müqaviləyə əsasən göndərilməli olan Malın markası, qiyməti tərəflərin imza və möhürü ilə təsdiq olunan bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 Sayılı əlavə - "Qiymət razılaşma protokolu"nda göstərilir. Qaimə-faktura bu müqavilə üzrə Malın təhvil verilməsini təsdiq edən sənəddir. -3.1-ci bəndinə əsasən, Bu müqavilə üzrə Malın qiyməti “Satıcı”nın preyskurantı əsasında müəyyənləşdirilən və tərəflərin imza və möhürü ilə təsdiq olunmuş bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə "Qiymət razılaşma protokolu"nda göstərilən qiymətdir. -3.4-cü bəndinə əsasən Bu müqavilə üzrə Malın dəyəri Mal bu müqavilənin 2.2. bəndinin tələblərinə müvafiq surətdə "Satıcı" tərəfindən "Alıcı"ya təhvil verildikdən sonra 5 (beş) bank günü ərzində "Alıcı" tərəfindən "Satıcı" ya nağd və ya bank hesabına köçürmə yolu, ilə ödəniləcəkdir. -5.1-ci bəndinə əsasən, tərəflərdən biri bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməklə digər tərəfə ziyan vurarsa, yəni Malın göndərilməsi "Satıcı" tərəfindən , ödəniş isə "Alıcı" tərəfindən gecikdirilirsə , təqsirli tərəf digər tərəfə gecikdirilən hər gün üçün Sifarişin ümümi dəyərinin 0,1% məbləğində cərimə ödəməlidir. Lakin, cərimənin ümumi məbləği Sifarişin ümumi məbləğinin 5% dən artıq ola bilməz. "Alıcı" Sifariş əsasında "Satıcı” tərəfindən göndərilmiş Malı qəbul etmədikdə malın dəyərini ödəməlidir. -5.3-cü bəndinə əsasən, "Alıcı" bu Müqavilənin 3.4. bəndi ilə müəyyən olunan ödəniş müddəti ərzində ödəniş etməzsə , o hər gecikdirilmiş gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,1% -i həcmində, ancaq həmin məbləğin 5%-dən çox olmamaqla "Satıcı"ya cərimə ödəyir
11. İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, YB- 0037-23 nömrəli Alqı-Satqı Müqaviləsinin tərkib hissəsi olan 1 saylı əlavədən - "Qiymət razılaşma protokolu"ndan görünür ki, həmin razılaşma protokolu ilə İddiaçı QSC (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında hazır beton qarışığının sinifləri və qiymətləri barədə razılıq əldə etmişdirlər.
12. İş materiallarında olan EBDN 500260 nömrəli, xx.xx.2023-cü il tarixli (ƏDV daxil 32108,98 manat, ƏDV xaric 27211 manat), EBDP 625387 nömrəli, xx.xx.2023-cü il tarixli (ƏDV daxil 11042,04 manat, ƏDV xaric 9357,66 manat), EBDR 999641 nömrəli, xx.xx.2023-cü il tarixli (ƏDV daxil 12936,17 manat, ƏDV xaric 10962,86 manat), EBDH 148913 nömrəli, xx.xx.2023-cü il tarixli (ƏDV daxil 31694,97 manat, ƏDV xaric 26860,14 manat), EBDL 173204 nömrəli, xx.xx.2023-cü il tarixli (ƏDV daxil 30234,41 manat, ƏDV xaric 25622,38 manat), EBDJ 149462 nömrəli, xx.xx.2023-cü il tarixli (ƏDV daxil 11146,3 manat, ƏDV xaric 9446,02 manat), “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə (ümumilikdə ƏDV daxil 129162,87 manat, ƏDV xaric 109460,06) manat məbləğində beton qarışığı vasitələri təqdim edilmişdir.
13. İş materiallarında olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh MMC tərəfindən təsdiqlənmiş 01 nömrəli (ƏDV daxil 31694,97 manat, ƏDV xaric 26860,14 manat), 02 nömrəli (ƏDV daxil 11146,3 manat, ƏDV xaric 9446,02 manat), 03 nömrəli (ƏDV daxil 30234,41 manat, ƏDV xaric 25622,38 manat), 04 nömrəli (ƏDV daxil 32108,98 manat, ƏDV xaric 27211 manat), 05 nömrəli (ƏDV daxil 11042,04 manat, ƏDV xaric 9357,66 manat), 06 nömrəli (ƏDV daxil 12936,17 manat, ƏDV xaric 10962,86 manat), “Təhvil-Təslimi Aktlar”ından görünür ki, (ümumilikdə ƏDV daxil 129162,87 manat, ƏDV xaric 109460,06) dəyərində məhsullar İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
14. İş materiallarında olan İddiaçı MMC-nin mühasibi Rəhim Abdullayev və Cavabdeh MMC-nin Baş mühəndisi Qasımov.Ş tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Üzləşmə aktı”ndan görünür ki, EBDH 148913 nömrəli, xx.xx.2023-cü il tarixli (ƏDV daxil 31694,97 manat, ƏDV xaric 26860,14 manat), malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 31694,97 manat məbləğində borcu vardır.
15. İş materiallarında olan İddiaçı MMC-nin mühasibi Rəhim Abdullayev və Cavabdeh MMC-nin direktoru Mirzə Bağırov tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “Üzləşmə aktı”ndan müəyyən olunur ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 75279,56 manat məbləğində borcu vardır.
16. İş materiallarında olan köçürmənin aparılması haqqında bildirişlərdən və ödəniş qəbzlərindən görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən iddiaçıya İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixdə 15000 manat, xx.xx.2023-cü il tarixdə 11860,14 manat, xx.xx.2023-cü il tarixdə 9446,02 manat, xx.xx.2024-cü il tarixdə 9357,66 manat və xx.xx.2024-cü il tarixdə 8219,49 (1684,38+1700,28+4834,83) manat, ümumilikdə 53883,31 manat məbləğində ödəniş edilmişdir.
17. İş materiallarında olan Maliyyə Arayışın surətindən müəyyən olunur ki, iddiaçı Yüksəl Beton” QSC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, YB- 0037-23 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdeh Master-Ofis” MMC-nin 63796,24 manat əsas borcu, 11483,32 manat ƏDV borcu olmaqla ümumilikdə 75279,56 manat borcu vardır.
18. İş materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.
19. ********** nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 323,02 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
24. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında etibarlı şəkildə bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi İddiaçı QSC həmin müqavilədə sifariş əsasında təchiz olunan Malı öz qüvvə və vəsaiti hesabına hazırlayıb Cavabdeh MMC-yə təhvil verməyi, Cavabdeh MMC isə Malı qəbul edib əvəzində onun qiymətini İddiaçı QSC-yə ödəməyi öhdəsinə götürür.
23. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
25. Belə ki, iş materiallarında olan elektron qaimələr, təhvil-təslim aktları, üzləşmə aktları, köçürmənin aparılması haqqında bildirişlər və bank tərəfindən verilmiş ödəniş qəbzləri İddiaçı QSC tərəfindən 129162,87 (ƏDV 19702,81) manat dəyərində malların alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-yə təhvil verilməsini, eyni zamanda Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə 53883,31 manat ödəniş edilməsini və hazırda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehin 63796,24 manat və 11483,32 manat ƏDV qalıq borcunun olmasını təsdiq edir.
26. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsas borca və ƏDV borcuna münasibətdə təmin edilməli, cavabdehdən 63796,24 manat borc və 11483,32 manat ƏDV manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
27. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci və 5.3-cü bəndinə əsasən, cavabdeh müqavilənin 3.4. bəndi ilə müəyyən olunan ödəniş müddəti ərzində ödəniş etməzsə ,o hər gecikdirilmiş gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,1% -i həcmində, ancaq həmin məbləğin 5%-dən çox olmamaqla "Satıcı"ya cərimə ödəməyi öhdəsinə götürmüşdür. İşin halları ilə Cavabdeh MMC tərəfindən öhdəlik götürdüyü müddətdə ödənişin və ya taranın geri qaytarılması gecikdirildiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.
28. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.
29. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 2392,26 manat məbləğində cərimənin tutulması hissəsində mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 1000 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.
Məhkəmə xərcləri:
30. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 318,84 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, qalan 4,18 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
Nəticə
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdehndən 63796,24 manat əsas borc, 11.483,32 manat ƏDV borcu, 1000 manat cərimə olmaqla, cəmi 76279,56 (yetmiş altı min iki yüz yetmiş doqquz manat, əlli altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 318,84 (üç yüz on səkkiz manat, səksən dörd qəpik) manat pul vəsaiti tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 4,18 (dörd manat, on səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı QSC-nin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəmzi Nəbiyev