Məhkəmə qərarları › İş №e-2-2(121)-688/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-688/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-688/2025 17.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 14 oktyabr 2023-cü il tarixli YB-0054-23 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə 91.848,41 manat əsas borc, 16.532,71 manat ƏDV borcunun, 3.061,61 manat cərimə borcunun (əsas borc məbləğinin illik 5%-i həddində) və ödənilmiş 401,44 manat dövlət rüsumunun ümumilikdə 111.484,17 manat pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 14 oktyabr 2023-cü il tarixli YB-0054-23 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinin tələblərinə əsasən Satıcı sifariş əsasında təchiz olunan malı öz qüvvə və vəsaiti hesabına hazırlayıb Alıcıya təhvil verməyi, Alıcı isə malı qəbul edib əvəzində onun qiymətini Malgöndərənə ödəməyi öhdəsinə götürür. Mal dedikdə Sifarişə və ya bu müqavilədə yer alan digər əsaslara və tələblərə tam uyğun sinifli və həmin əsaslar üzrə və keyfiyyət təyinatına uyğun tərkibli, keyfiyyət göstəriciləri qüvvədə olan standartlarına, normalarına və digər texniki sənədlərə cavab verən Sifariş və ya bu müqavilədə yer alan digər əsaslar üzrə miqdarlarda Satıcı tərəfindən təchiz edilən hazır beton qarışığı başa düşülür. Bildirmək istəyirik ki, cavabdeh ilə iddiaçı arasında imzalanan müqavilənin şərtlərinə əsasən mallar İddiaçı QSC tərəfindən cavabdehin verdiyi yazılı sifarişlər əsasında davamlı şəkildə Cavabdeh MMC-yə təhvil verilmişdir"xxxx" MMC tərəfindən təhvil verilən mallar üzrə təqdim edilmiş bəzi elektron qaimə-fakturalar üzrə ödənişlər aparılmışdır. Müqavilə imzalandığı tarixdən hal-hazırdakı dövrə qədər Satıcı İddiaçı QSC tərəfindən Alıcı Cavabdeh MMC-yə əsas məbləğ 212.439,24 (iki yüz on iki min dörd yüz otuz doqquz manat 24 qəpik) manat, X1 məbləği 38.239,06 (otuz səkkiz min iki yüz otuz doqquz manat 06 qəpik) manat olmaqla ümumlikdə 250.678,30 (iki yüz əlli min altı yüz yetmiş səkkiz manat 30 qəpik) manat məbləğində hazır beton qarışığı təhvil verilmişdir. Təhvil verilən malların müqabilində Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə əsas məbləğdən 120.590,83 (bir yüz iyirmi min beş yüz doxsan manat 83 qəpik) manat, ƏDV məbləğindən 21.706,38 (iyirmi bir min yeddi yüz altı manat 38 qəpik) manat olmaqla ümumilikdə 142.297,18 (bir yüz qırx iki min iki yüz doxsan yeddi manat 18 qəpik) manat pul vəsaiti ödənilmişdir. Sonuncu ödəniş tərəfinizdən 22 aprel 2024-cü il tarixində aparılmış, o tarixdən hal-hazırdakı dövrə qədər alınmış beton qarışığına görə hər hansı bir ödəniş aparılmamışdır. Belə ki, qeyd edilən qaimələrlə təhvil verilən mallar üzrə halhazırdakı dövrə Satıcı tərəfindən Alıcıya müqavilə üzrə təhvil verdiyi hazır beton qarışığına görə əsas borc 91.848,41 (doxsan bir min min səkkiz yüz qırx səkkiz manat 41 qəpik) manat, ƏDV borcu 16.532,71 (on altı min beş yüz otuz iki manat 71 qəpik) manat olmaqla ümumilikdə 108.381,12 (bir yüz səkkiz min üç yüz səksən bir manat 12 qəpik) manat təşkil edir. 8 aydır ki, Satıcı tərəfindən təhvil verilən mallara və elektron qaimə fakturaya görə heç bir ödəniş aparılmamaqdadır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmənin icraatında İddiaçı QSC-nin Cavabdehnə qarşı 14 oktyabr 2023-cü il tarixli YB-0054-23 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə 91.848,41 (doxsan bir min min səkkiz yüz qırx səkkiz manat 41 qəpik) manat əsas borc, 16.532,71 (on altı min beş yüz otuz iki manat 71 qəpik) manat ƏDV borcunun, 3.061,61 (üç min altmış bir manat 61 qəpik) manat cərimə borcunun (əsas borc məbləğinin illik 5%-i həddində) və ödənilmiş 401,44 (dörd yüz bir manat 44 qəpik) manat dövlət rüsumunun ümumilikdə 111.484,17 (bir yüz on bir min dörd yüz səksən dörd manat 84 qəpik) manat pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsinə dair e-2-2(121)-688/2025 saylı kommersiya mübahisələrinə dair iş vardır. Tərəflər arasında imzalanmış olan müqavilənin 5.1-ci maddəsinin tələblərinə əsasən tərəflərdən biri bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməklə digər tərəfə ziyan vurarsa, yəni malın göndərilməsi Satıcı tərəfindən, ödəniş isə Ahcı tərəfindən gecikdirilirsə, təqsirli tərəf digər tərəfə gecikdirilən hər gün üçün sifarişin ümumi dəyərinin 0,1 % məbləğində cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği Sifarişçin ümumi məbləğinin 5%-fən artlq ola bilməz. Həmin müqavilənin 5.3-cü maddəsinin tələblərinə görə Alıcı bu müqavilənin 3.4-cü bəndi ilə müəyyən olunan ödəniş müddəti ərzində ödəniş etməzsə, o, hər gecikdirilmiş gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,1 %-i həcmində, ancaq həmin məbləğin 5%-dən çox olmamaqla Satıcıya cərimə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələblərinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yuxarıda qeyd edilənlər, işdə olan materiallar və qanunveriliciliyin tələbləri tərəflər arasında imzalanmış 14 oktyabr 2023-cü il tarixli YB-0054-23 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə 91.848,41 (doxsan bir min min səkkiz yüz qırx səkkiz manat 41 qəpik) manat əsas borc, 16.532,71 (on altı min beş yüz otuz iki manat 71 qəpik) manat ƏDV borcunun 3.061,61 (üç min altmış bir manat 61 qəpik) manat cərimə borcunun (öhdəliyin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsinə görə 5% həddində) iddiaçı tərəfindən tələb edilməsi üçün hüquqi əsas təşkil edir və bu səbəbdən hesab edilir ki, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh MMC-dən 14 oktyabr 2023-cü il tarixli YB-0054-23 saylı alqı- satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə 91.848,41 (doxsan bir min min səkkiz yüz qırx səkkiz manat 41 qəpik) manat əsas borc, 16.532,71 (on altı min beş yüz otuz iki manat 71 qəpik) manat ƏDV borcunun, 3.061,61 (üç min altmış bir manat 61 qəpik) manat cərimə borcunun 3.061,61 (üç min altmış bir manat 61 qəpik) manat cərimə borcunun (öhdəliyin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsinə görə 5% həddində) manat dövlət rüsumunun ümumilikdə 111.484,17 (bir yüz on bir min dörd yüz səksən dörd manat 84 qəpik) manat pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiqi edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2021-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2017-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçıQapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış 14 oktyabr 2023-cü il tarixli YB-0054-23 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı sifariş əsasında təchiz olunan malı öz qüvvə və vəsaiti hesabına hazırlayıb alıcıya təhvil verməyi, alıcı isə malı qəbul edib əvəzində onun qiymətini mal göndərənə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan elektron qaimələrin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh MMC-nə təhvil verilmiş malların ümumi dəyəri 250678,3 manat məbləğindədir. İş materiallarında olan ödəniş tapşırıqlarının surətindən görünür ki, Cavabdeh MMC tərəfindən Yüksəl Beton”Qapalı Səhmdar Cəmiyyətinə 120590,83 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış olan 14 oktyabr 2023-cü il tarixli YB-0054-23 saylı alqı-satqı müqaviləsi əsasında Satıcı İddiaçı QSC tərəfindən Alıcı Cavabdeh MMC-yə beton məhsulları təhvil verilmiş, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə əsas məbləğdən 120.590,83 manat, ƏDV məbləğindən 21.706,38 manat olmaqla ümumilikdə 142.297,18 manat pul vəsaiti ödənilmişdir. Hal-hazırda Cavabdeh MMC-nin İddiaçı QSC-yə olan əsas borcu 91.848,41 manat, ƏDV borcu 16.532,71 manat olmaqla ümumilikdə 108.381,12 manat təşkil edir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğısatqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan malların cavabdehə təhvil verilməsi və təhvil verilmiş malların ümumi dəyərinin 250678,3 manat məbləğində olması (elektron qaimələrə əsasən), cavabdeh tərəfindən iddiaçıya cəmi 120590,83 manat məbləğində ödəniş edildiyi (ödəniş tapşırıqlarına əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 108381,12 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, cavabdehə göndərilmiş elektron qaimələrə, ödəniş tapşırıqlarına, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə elektron qaydada təqdim etdiyi xx.xx.2025-ci il tarixli vəsatətində ondan tələb olunan borcu əsas və ƏDV məbləğlərinə münasibətdə mübahisələndirməmişdir, vəsatətdə yalnız iddiaçı tərəfindən hesablanmış cərimə məbləğinin dəqiqiləşdirilməsi ilə əlaqədar müvafiq ekspertizanın təyin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 108381,12 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 108381,12 manat məbləğində borcun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc kimi tələb olunan 108381,12 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə öhdəliyin gecikdirilməsi halında cərimə ödəmək öhdəliyini cavabdeh öz üzərinə götürmüşdür. İşin halları ilə cavabdeh tərəfindən alınmış malların dəyərinin ödənilməsini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu müqavilə üzrə öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 3061,61 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 300 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçıQapalı Səhmdar Cəmiyyətinın Cavabdeh MMC-nə qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehndən 14 oktyabr 2023-cü il tarixli YB-0054-23 nömrəli müqavilə üzrə 108381,12 manat məbləğində əsas borc, 300 manat məbləğində cərimə borcu və ödənilmiş 401,44 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 109082,56 manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar