Məhkəmə qərarları › İş №e-2-2(121)-697/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-697/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-697/2023 22.06.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirhəsənli Mirnəsir Mirfazil oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 91.587,63 manat əsas borc, gecikdirməyə görə 3022,40 manat cərimə faizi, 5.000 manat dəbbə pulu olmaqla, 99.610,03 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 91.587,63 manat əsas və 3.022,40 manat cərimə olmaqla, cəmi 94.610,03 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında 01 Sentyabr 2021-ci il tarixli, AP-01/09 saylı “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində deyilir ki, bu Müqaviləyə əsasən, “Satıcı” müqavilənin qüvvədə olduğu müddətdə “Alıcı”nı sifariş verdiyi mallarla (parnik üçün örtük) təchiz edir, “Alıcı” isə elektron qaimə-fakturaya əsasən həmin malları qəbul edir və dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 4.1-ci bəndində deyilir ki, “Alıcı” malların dəyərini mallar təhvil verildikdən sonra 15 gün ərzində köçürmə yolu ilə “Satıcı”ya ödəyir. Müqavilə bağlandıqdan sonra “Satıcı” tərəfindən “Alıcı”ya ümümilikdə 91.587,63 manat dəyərində mal göndərilmişdir. Bu günə kimi göndərilən malın dəyəri ödənilməmişdir. Dəfələrlə yazılı və eləcə də şifahi müraciət edilməsinə baxmayaraq 91.587,63 manat borc məbləği bu günə kimi iddiaçının hesabına köçürülməmişdir. Bununla da “Alıcı” tərəfindən Müqavilə öhdəliyinə lazımınca əməl olunmamışdır. Tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin 4.2-ci maddəsinə əsasən, bu Müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1 % həcmində “Satıcı”ya dəbbə pulu ödəyir. Qanunvericiliyin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 5 % : 12 ay X 8 ay = 3.3 % X 91.587,63 manat = 3022,40 manat. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AP-01/09 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, “Satıcı” müqavilənin qüvvədə olduğu müddətdə “Alıcı”nı sifariş verilən mallarla (parnik üçün örtük) təchiz edir, “Alıcı” isə elektron qaimə-fakturaya əsasən həmin malları qəbul edir və dəyərini ödəməyi öz öhdəsinə götürür; 4.1-ci bəndinə əsasən, “Alıcı” malların dəyərini mallar təhvil verildikdən sonra 15 gün ərzində köçürmə yolu ilə “Satıcı”ya ödəyir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında imzalanmış “Qiymət razılaşma protokolu” barədə alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən, satılacaq pərdə örtüyünün hər kv.metrinin qiyməti 2.125 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1 nömrəli “Təhvil-təslim aktı”ndan görünür ki, xx.xx.2022-ci il tarixində 43.100 kv.m pərdə örtüyü “Satıcı” (iddiaçının nümayəndəsi) tərəfindən “Satıcı”nın Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1286-cı məhəllədə yerləşən anbarında “Alıcı”ya (cavabdehə) təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 178504 nömrəli elektron qaimədən görünür ki, 91.587,63 manat məbləğində mal İddiaçı tərəfindən Cavabdeh təqdim edilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 91.587,63 manat məbləğində borcun 5 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2022-ci il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “Ödəniş tapşırığı”nın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Bakı 3 saylı Mediasiya Təşkilatının hesabına 400 manat vəsait ödəmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarına əsasən məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə iddiaçı alqı-satqının obyekti olan əşyanı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə aldığı əşyanın qiymətini təşkil edən pul məbləğini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan təhvil-təslim aktı və elektron qaimə ilə iddiaçının üzərinə düşən öhdəliyi icra edərək razılaşdırılmış əşyanı cavabdehin mülkiyyətinə verməsi öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlandığı, iş materiallarına əsasən həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı və iddiaçının alqı-satqı obyekti olan əşyanı cavabdehin mülkiyyətinə verməsi (malların təhviltəslim aktı ilə) işin mübahisəsiz hallarını təşkil edir. İddiaçı iddia edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etməyərək aldığı əşyanın qiymətini ödəməmişdir. İddiaçı iddia tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, malların təhviltəslim aktına, cavabdehə göndərilmiş elektron-qaiməyə, cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçının qeyd olunan tələbinə etiraz daxil olmamışdır. Belə olan halda məhkəmə işin müəyyən edilmiş hallarını, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, təhvil-təslim aktını və digər dəlilləri nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən təhvil aldığı əşyanın qiymətinin, 91.587,63 manat məbləğində pulun, şərtləşdirilmiş müddətdə iddiaçıya ödənilməməsi öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, bu halda tələb olunan 91.587,63 manat məbləğində borcun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh təyin olunmuş müddət ərzində iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc kimi tələb olunan 91.587,63 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında satılan əşyanın qiymətinin mallar təhvil verildikdən sonra 15 gün ərzində ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan əşyanı cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh əşyanı təhvil alsa da, əşyanın dəyərini şərtləşdirilmiş müddətdə ödəməmişdir. Məhkəmə hesab edir ki, işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan alqı-satqı müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini gecikdirilmiş vaxt üçün 3022,40 manat məbləğində faizin cavabdehdən tutulması hissəsində əsassız hesab edərək qeyd edir ki, əvvəla tərəflər arasında bağlanmış müqavilədə alınan mala görə ödənişin gecikdirilməsi halında cavabdehin cərimə və ya gecikdirilmə faizi ödəməsinə dair şərt nəzərdə tutulmamışdır. İddiaçı gecikdirilmiş vaxt üçün cavabdehdən illik beş faiz miqdarında faiz tutulmasına dair tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinadən irəli sürür. Belə ki, Mülki Məcəlləsinin 445.7-ci maddəsində qeyd olunur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə ilk olaraq hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi, həmin Məcəllənin 445.1-ci maddəsi ilə birgə təfsir edilməlidir. Belə ki, borclunun icranı gecikdirməsinin nəticələrindən biri də, gecikdirmə nəticəsində kreditorun zərərə məruz qalmasıdır. Mülki Məcəllənin 445-ci maddəsi ilə borclunun icranı gecikdirməsi halları və belə gecikdirmə nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı borclunun öhdəliyi nəzərdə tutulmuşdur. Bu zaman nəzərə alınmalıdır ki, kreditorun gecikdirmə üçün faiz tələbi irəli sürməsi üçün başlıca şərt gecikdrimə nəticəsində kreditora zərər vurulmasıdır. Belə ki, Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki qanunvericiliyin tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmamışdır. Buna görə də iddiaçı cavabdehə qarşı gecikdirməyə görə faiz tələbi irəli sürmüşdür. Lakin bu zaman nəzərə alınmalıdır ki, öhdəliyin təmini üsulu olaraq nəzərdə tutulan dəbbə (cərimə) pulundan fərqli olaraq, gecikdirməyə görə faiz tələb edilməsi üçün kreditorun zərərə məruz qalması və bu zərərin mövcud olmasını kreditorun sübut etməsi tələb olunur. İddiaçı, cavabdehin icranı gecikdirməsi nəticəsində ona zərər vurulmasına (real zərər və ya əldə çıxmış fayda şəklində) dair sübutu məhkəməyə təqdim etmədiyinə görə, məhkəmə iddia tələbini həmin hissədə əsassız hesab edir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddiaçı 364,76 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi qismən təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 01 sentyabr 2021-ci il tarixli, AP-01\09 nömrəli müqavilə üzrə yaranmış 91.587,63 (doxsan bir min beş yüz səksən yeddi manat, altmış üç qəpik) manat məbləğində borc tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 364,76 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar