Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-705/2024 16.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı “X4 Kompleksi” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 76.790,00 manat, cərimə borcuna görə 15.358,00 manat, ödənilmiş mediasiya rüsumuna görə 60,00 manat və ödənilmiş dövlət rüsumuna görə 304,44 manat olmaqla cəmi 92.512,44 manat pulun cavabdehdən alınaraq “X4 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Alıcı qismində (İddiaçı) “X4 Kompleksi” MMC, tədarükçü qismində “X4 Kompleksi” MMC-nin “X5 və Emalı Zavodu” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 091 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 91012,20 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, Cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 14221,38 manat hissəsini ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 091 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 76790,00 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 15358,00 manat təşkil edir. Verilməmişdir: 76790,00 manat х 20% = 15358,00 manat. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə və elektron qaydada rəsmi pretenziya məktubu göndərilməklə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə hec bir təşəbbüs göstərilməmişdir. Bununla yanaşı tərəfimizdən mediasiya şurasına müraciət edilmiş, mediasiya sessiyasında barışıq əldə etmək mümkün olmamış və 29 dekabr 2023-cü il tarixli arayış verilmişdir. Beləliklə cavabdeh, Müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Cavabdeh iddiaya dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "X4 Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qarşı iddia tələbinin rədd edilməsini və əks təqdirdə tələbkar təşkilatın nümayəndələri tərəfindən hesablanmış cərimə borcuna görə 15.358 manat pulun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ona qarşı əsas borca görə 76790 manat, hesablanmış cərimə borcuna görə 15358 manat və ödənilmiş mediasıya rüsumuna görə 60 manat və dövlət rüsumuna 304.44 manat olmaqla cəmi 92512 manat 44 qəpik pufun məndən alınaraq iddiaçı təşkilata verilməsi barədə iddia ərizəsi ilə Saatlı rayon məhkəməsinə müraciət etmişdir. Cavabdeh olaraq öz hüquqlarından istifadə edir. Etirazını aşağıdakı fikirləri ilə əsaslandırır. İddiaçı “X4 Kompleksi" MMC ilə aralarında xx.xx.2021-ci il tarixdə 031 saylı xam pambığın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, o 75 hektar torpaq sahəsində işci qüvvəsinin iştirakı ilə pambıq əkməyi və hər hektardan 30 sentner xam pambıq istehsal edəcəyini öhdəsinə götürmüşdür. Bildirir ki, o üzərinə götürdüyü öhdəliyi icra etmişdir. Lakin 2021-ci ilin yay mövsümündə Araz çayında su səviyyəsi düşmüşdür. Bunun nəticəsində əkdiyi pambıq bitkisini suara bilməmişdir. Əkdiyi pambıq sahəsinin suvarılmasına kömək edilməsi üçün aidiyyəti qurumlara müraciətlər etmişdir. Qeyd edir ki, "X4 Kompleksi" MMC ilə aralarında xx.xx.2021-ci il tarixdə 031 saylı xam pambığın alqısatqı müqaviləsi bağlayarkən mən fiziki şəxs olaraq "Fermer" qismində çıxış etmişdir. Bu hal müqavilənin 1-ci bəndində qeyd edilib. “Azərpambıq ASK" MMC-nin Saatlı Pİ və EZnin direktor müavini H.S,İbrahimovun, baş aqronom E.E.Astanovun, sahə aqronomu E.R.Hüseyııovun ərazi nümayəndəsi D.R.Hüseynovun və onun iştirakı ilə 16 avqust 2021ci ildə əkdiyim pambıq sahəsinə baxış keçirilmiş və "AKT” tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, Araz çayında su səviyyəsinin aşağı olması səbəbindən 1- ci vegitasiya suvarılması aparılmamışdır. Bu halı iddiaçı təşkilatın nümayəndələri də akt tərtib edərək təsdiq ediblər. O Kənd Təsərrüfatı Nazirliyinə və Meliorasiya və X9 Səhmdar Cəmiyyətinə və İqtisadiyyat Nazirliyinin Kiçik və X6 Agentliyinə və həmçinin digər dövlət orqanlarına ərizə ilə müraciət edərək, pambıq əkdiyim ərazinin suvarılmasında ona kömək edilməsini xahiş etmişdir. Lakin ərizələrinin heç bir müsbət nəticəsi olmamışdır. Eyni zamanda hamıya bəlli olan haldır ki, kənd təsərrüfatı, xüsusilə pambıqçılıq, üzümçülük, taxılçılıq və s. kimi daha çox zəhmət və əmək tələb edən sahə ilə məşğul olan istənilən şəxs bilir və bilməlidir ki, yüksək keyfiyyətli məhsul əldə etmək məqsədilə, istər ziyanvericilərdən qorunma, istərsə də, məhsulun bol və keyfiyyətli olması üçün tədbirlər əvvəlcədən görülməlidir. Təsadüfi deyildir ki, aralarında bağlanmış müqavilə üzrə də "xxxx" MMC-nin Saatlı Pİ və EZ tərəfindən, istehsalçı olaraq ona pambıq istehsalı üçün kənd təsərrüfatı texnikaları, mineral gübrə, pestisid və toxumla təmin olunmasına və pambıq sahəsinin su təchizatının yaxşılaşdırılmasına aidiyyəti qurumlarla birlikdə köməklik göstərməyi öz öhdəsinə götürmüşdür. O "X4 Kompleksi” MMC ilə aralarında xx.xx.2021-ci il tarixdə 031 saylı xam pambığın alqı-satqı müqaviləsi müqaviləsinə əsasən olan borcundan 14.221,38 manat hissəsini ödəmişdir. Ona görədə cərimə tərbiq ediləndə bu hal nəzərə alınmalıdır. O borcdan yayınmır, lakin öz iradəsindən asılı olmayan səbəblərdən borclu qalmışdır. Su problemi ölkə miqyaslı problemdir. Bu hal nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 izahat verərək iddiaçı şirkətin müqavilə üzrə suyun verilməsi öhdəliyini daşımadığını bildirərək iddanın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddiaçı tərəfindən 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 031 saylı xam pambığın alqı-satqı müqavilələsinə əsasən ona ümumilikdə 91.012,20 manat məbləğində avans vəsaitlərin verildiyini, aqrotexniki xidmətlərin göstərildiyini, həmin borcun 14.221,38 manat hissəsini ödədiyini bildirdi. Bundan əlavə, cavabdeh izahatında suyun verilməməsi səbəbindən borclu qaldığını qeyd etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X4 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, “2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” 031 saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh öhdəsində olan 75.00 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam-pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Üzləşmə Aktı”ndan görünür ki, xx.xx.2021-ci il tarixə fermer Cavabdeh "xxxx" MMC-nin X5 və Emalı Zavoduna 90.997,20 manat borcunun olması müəyyən edilmişdir. Həmin üzləşmə aktı Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Üzləşmə Aktı”ndan görünür ki, xx.xx.2022-ci il tarixə fermer Cavabdeh "xxxx" MMC-nin X5 və Emalı Zavoduna 76.790,82 manat borcunun olması müəyyən edilmişdir. Həmin üzləşmə aktı Cavabdeh tərəfindən imzalanmışdır. İşdə olan “X4 Kompleksi” MMC tərəfindən tərtib edilmiş maliyyə arayışında qeyd edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilələrə əsasən, 2021 mövsümü üzrə ümumilikdə 76.790 manat avans borcu qalmışdır. İş materiallarında olan “X4 Kompleksi” MMC-nin Cavabdeh ünvanladığı pretenziya məktubundan görünür ki, təhvil götürülmüş avans vəsaitlərin dəyərinə görə 76.790 manat məbləğində borcunun olması və borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 304,44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, “X4 Kompleksi” MMC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya dair xərci ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində “X4 Kompleksi” MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, “2021-ci il mövsümü üzrə xam-pambığın alqısatqısına dair” 031 saylı müqavilənin bağlandığını bildirdi. Həmçinin, o, müqavilənin Cavabdeh ilə bağlandığını bildirsə də işlərə özünün nəzarət etdiyini bildirdi. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tələbin hüquqi əsasını “X4 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, “2021-ci il xam-pambığın alqı-satqısına dair” 031 saylı müqavilə təşkil edir. xx.xx.2021-ci il tarixli, 031 saylı müqaviləyə əsasən istehsalçı mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdliyi 75 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib “Alıcı”nın mülkiyyətinə verməyi və tədarük edilən xam pambığın dəyərini “Tədarükçü” vasitəsi ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. Bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən Cavabdeh işlərin görülməsi üçün ümumilikdə 91,012,20 manat məbləğində avans ayrılmışdır. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya yaranmış borcdan 14.221,38 manat ödəməklə nəticədə müqavilə üzrə cəmi 76.790 manat borcu qalmışdır. Göründüyü kimi tərəflər arasında xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmış, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Qeyd olunan Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında sonuncu dəfə xx.xx.2022-ci il tarixli üzləşmə aktı imzalanmışdır. Həmin akta əsasən xx.xx.2022-ci il tarixə fermer Cavabdeh "xxxx" MMC-nin X5 və Emalı Zavoduna 76.790 manat borcunun olması müəyyən edilmişdir. Həmin üzləşmə aktı Cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, cavabdeh iddiaçıya olan 76.790 manat borcunu xx.xx.2022-ci il tarixli üzləşmə aktı ilə də etiraf etmişdir. Bundan əlavə, Cavabdeh həm xx.xx.2024-cü il tarixində, həm də hazırki məhkəmə iclasında verdiyi izahatlarında iddiaçı tərəfindən 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 031 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən ona ümumilikdə 91.012,20 manat məbləğində avans vəsaitlərin verildiyini, aqrotexniki xidmətlərin göstərildiyini, həmin borcun 14.221,38 manat hissəsinin ödənildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqavilələsinin bağlanılması və həmin müqavilə üzrə 76.790 manat borcun mövcudluğu işin mübahisəsiz hallarıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia əsas borca münasibətdə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə, suyun verilməməsi ilə bağlı cavabdehin etirazında qeyd etdiyi halları araşdıraraq müəyyən etdi ki, suyun verilməsi ilə bağlı “X4 Kompleksi” MMCnin öhdəlik daşıması nə tərəflər arasında bağlanmış müqavilə şərtlərində, nə də ki, işdə olan sənədlərlə öz təsdiqini tapmır. Halbuki, cavabdeh üzləşmə aktını imzalayaraq 76.790 manat borcunun olduğunu təsdiq etmişdir. Sonradan üzləşmə aktının cavabdeh tərəfindən mübahisələndirildiyi işdə olan sənədlərlə müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin etirazında göstərdiyi hallar iddianın rədd edilməsinə əsas deyildir. Məhkəmə, iddianın xx.xx.2021-ci il tarixli, 031 saylı alqı-satqı müqavilələsinə əsasən cavabdehin öhdəliklərini yerinə yetirmədiyindən 1-ci növ xam-pambığın hər tonuna qiyməti 650 manat nəzərə alınmaqla 20%-i həcmində 15.358 manat cərimənin cavabdehdən tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 031 saylı müqavilənin 5.2ci bəndinə əsasən, “Fermer” (cavabdeh) üzərinə götürdüyü öhdəlikdən az miqdarda xampambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam pambığın dəyərinin 20%-i həcmində (xam pambığın 1-ci növ qiyməti ilə) cərimə ödənilməsini öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə hazırkı iş üzrə borcun 76.790 manat təşkil etməsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 750 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə, həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən və iddia qismən təmin edildiyindən məhkəmə xərcinə daxil olan 304,44 manat dövlət rüsumunun 200 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 76.790 manat əsas borc, 750 manat cərimə borcu, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat və 200 manat dövlət rüsumu olmaqla, ümumilikdə 77.800 (yetmiş yeddi min səkkiz yüz) manat məbləğində pul tutularaq iddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia 14.608 manat cərimə borcunun və 104,44 manat dövlət rüsumunun cavabdehdən tutulması hissələrində təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-705/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-705/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver