Məhkəmə qərarları › İş №e-2-2(121)-732/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-732/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-732/2025 23.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış xx.xx.2016-cı il tarixli, 2026-GL/16 nömrəli müqavilə üzrə 1762 manat gecikdirilmiş borc və hesablanmış 1971,37 manat cərimə borcu, eləcə də xx.xx.2018-ci il tarixli, 1539-L/18 nömrəli müqavilə üzrə 1968 manat gecikdirilmiş borc və hesablanmış 2440,27 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 (beş yüz) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 2026-GL/16 nömrəli və xx.xx.2018-ci il tarixli, 1539-L/18 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) lizinq obyektini lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2016-cı il tarixli, 2026-GL/16 nömrəli müqavilə üzrə 1762 manat gecikdirilmiş borc və hesablanmış 1971,37 manat cərimə borcu, eləcə də xx.xx.2018-ci il tarixli, 1539-L/18 nömrəli müqavilə üzrə 1 968 manat gecikdirilmiş borc və hesablanmış 2440,27 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısındaməsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq ala müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinqalandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında iddia ərizəsini hər iki müqavilə üzrə əsas borc hissəsində qəbul etdiyini, cərimə borcu hissəsində isə qəbul etmədiyini bildirərək, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, bütün sübutların məhkəməyə elektron qaydada təqdim edildiyini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.

6. Qeyd olunanları nəzərə alaraq məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.

İddia ərizəsinə etiraz:

7. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

8. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında 2026-GL/16 nömrəli, xx.xx.2016-cı il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə Müqavilənin: - 1.1-ci bəndindən görünür ki, Lizinq verən ümumi məbləği 7850 manat olan və Spesifikasiyasında (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir; - 1.2-ci bəndindən görünür ki, Lizin alan texnikaların dəyərini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

9. xx.xx.2014-cü il tarixli aktdan və 2026-GL/16 nömrəli, xx.xx.2016-cı il tarixli müqavilənin Spesifikasiyasından (Əlavə № 1-dən) görünür ki, "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikaları – 1 ədəd “MTZ-892” Traktor Belarus” markalı, 1 ədəd “AG-14-4” markalı dörd gövdəli kotan, 1 ədəd “PLCKUP Baler 1457S markalı Ot, küləş presləyən mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə cavabdehin istifadəsinə verilmişdir. a

10. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında 1539-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə Müqavilənin: - 1.1-ci bəndindən görünür ki, Lizinq verən ümumi məbləği 10450 manat olan və aşağıda göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir; - 1.2-ci bəndindən görünür ki, Lizinq alan Texnikaların dəyərindən bu Müqavilənin 1.1ci bəndində göstərilən 3135 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafıkinə (Əlavə №1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür, Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır.

11. xx.xx.2018-ci il tarixli aktdan görünür ki, "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikası – 1 ədəd “AG-TS 24” markalı Taxılsəpən gübrəspənlə mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə cavabdehin istifadəsinə verilmişdir.

12. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 2026-GL/16 nömrəli, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh həmin müqavilə üzrə 1762 manat gecikdirilmiş əsas borc, 1971,37 manat cərimə borcu və 1539-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən həmin müqavilə üzrə 1968 manat gecikdirilmiş əsas borc, 2440,27 manat cərimə borcu vardır.

13. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə bağlanmış müqavilələrə əsasən borc yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.

14. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, cavabdeh əsas borca münasibətdə iddianı qəbul etmişdir.

15. İş materiallarından görünür ki, Sifarişci” Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə “icraçı” “AZERLEX Group" MMC arasında “Məhkəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili” barədə 1 nömrəli, 27 may 2021-ci il tarixli Saziş bağlanmışdır. İddiaçıya hüquqi yardım göstərilməsinə görə “XİRDALAN SEHER VEKİL BUROSU”nun hesabına 500 manat pul vəsaiti ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 1137 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.

17. "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 2026-GL/16 nömrəli, xx.xx.2016-cı il tarixli və 1539-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür.

18. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməmiş, ona görə də cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 2026- GL/16 nömrəli, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 1762 manat gecikdirilmiş borcu və hesablanmış 1971,37 manat cərimə və 1539-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1968 manat gecikdirilmiş borcu və hesablanmış 2440,27 manat cərimə borcu müqavilələr üzrə ödənilməmiş qalmışdır.

19. Tərəflər arasında bağlanmış müqavilənin etibarlı olması, cavabdehin kənd təsərrüfatı texnikalarını sahibkarlıq fəaliyyətini həya keçirmək məqsədilə lizinqə götürməsi işin mübahisəsiz halını təşkil edir.

c) Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə cavabdehin izahatını dinləyərək və iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

24. İş materialları və sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tətəflər arasında lizinq müqaviləsindən irəli gələn münasibətlər mövcud olduğundan, hazırki mübahisə mülki qanunvericiliyin liziq münasibətlərini tənzimləyən normalarının müddəaları əsasında həll edilməlidir. Belə ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında etibarlı şəkildə bağlanılmış 2026-GL/16 nömrəli, xx.xx.2016-cı il tarixli və 1539-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür.

25. Məhkəmə, həmçinin qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh isə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmiş, əksinə işin məhkəmə icraatı dövründə məhkəməyə təqdim etdiyi ərizədə iddiaçı ilə aralarında bağlanmış hər iki müqavilə üzrə gecikdirilmiş əsas borc məbləğinə dair hissədə iddianı qəbul etdiyini bildirməklə borcunu etiraf edən hərəkətlər etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh 2026-GL/16 nömrəli, xx.xx.2016-cı il tarixli və 1539-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli lizinq müqavilələri əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr ilə müəyyən edilmiş pul məbləğini ödəməli olmasına dair öhdəliyi yerinə yetirməli olduğundan, lakin cavabdeh pul məbləğini ödəməli olmasına dair öhdəliyini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

26. Məhkəmə, iddianın 2026-GL/16 nömrəli, xx.xx.2016-cı il tarixli müqavilə üzrə hesablanmış 1971,37 manat cərimənin və 1539-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilə üzrə hesablanmış 2440,27 manat cərimənin tutulması hissələrinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər və iddiaçının qeyd olunan tələbi tərəflər arasında bağlanılmış 2026-GL/16 nömrəli, xx.xx.2016-cı il tarixli və 1539-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli lizinq müqavilələrindən irəli gəlir. Yəni, həmin müqavilələrin 4.2-ci bəndlərinə əsasən cavabdeh ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, iddiaçı cavabdehdən gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödəməyi tələb edə bilər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Ona görə də, məhkəmə tərəflərin əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, 2026- GL/16 nömrəli, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 80 manat və 1539-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilə üzrə isə 90 manat manat müəyyən edilməlidir.

Məhkəmə xərcləri:

27. Məhkəmə, iddiaçının hüquqi yardımla bağlı ödədiyi 500 manat xərci ağlabatan hesab edərək qeyd edir ki, həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən 59 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticə

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh 2026-GL/16 nömrəli, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 1762 manat əsas borc, 80 manat cərimə, 1539-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1968 manat əsas borc, 90 manat cərimə olmaqla, ümumilikdə cəmi 3900 (üç min doqquz yüz) manat borc və hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 59 (əlli doqquz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar