Məhkəmə qərarları › İş №e-2-2(121)-735/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-735/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-735/2021 23.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ("xxxx" MMC-nin hüquqi varisi) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1.192 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.01.2018-ci il tarixli, 0059 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Saatlı rayonu, Soltanabad kəndi ərazisində 10,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 1.192 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən, götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 700 manat məbləğində icarə, 492 manat məbləğində aqrotexniki xidmətlərə görə ödənilən vəsait nəzərə alınmaqla, ümumilikdə 1.192 manat məbləğində avans verilmiş, işlər görülmüş, xidmətlər göstərilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq xam pambıq təhvil verməmiş, görülmüş işlərə, göstərilmiş xidmətlərə və ödənilmiş avans vəsaiti geri qaytarmamış, bununla da, iddiaçıya 1.192 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması kassa məxaric orderi, qaimə faktura və xidmələrin göstərilməsinə dair qaimələr ilə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, borcu qismən qəbul etdiyini və iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nizamnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC “X1” MMC-nin hüquqi varisidir. İş materiallarında olan “X1” MMC ilə Cavabdeh (istehsalçı) arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli, 0059 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan/icarəyə götürdüyü Saatlı rayonu, Soltanabad kəndində yerləşən 10 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X1” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəmə öhdəliyi götürülmüşdür. İş materiallarında olan 000896 saylı, 27.02.2018-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh icarə haqqı vəsaiti ödəmək üçün 700 manat avans verilmişdir. İş materiallarında olan pambıqçılıq təsərrüfatlarında yerinə yetirilən işlərin dəyəri barədə 01 dekabr 2017-ci il tarixdən 06.09.2018-ci il tarixləri əhatə edən üzləşmə aktından görünür ki, "xxxx" ASC-nin və İddiaçı MMC-nin nümayəndələrinin iştirakı ilə akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda qeyd olunur ki, Cavabdeh üçün 492 manat dəyərində şum işləri görülmüşdür. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 29.10.2019-cu il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli, 0059 saylı alqı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC-yə olan 1.1922 manat borcunun ödənilməsinin təmin edilməsi Cavabdeh təklif edilmiş, əks təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan 14.04.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə müəyyən etdi ki, “X1” MMC ilə Cavabdeh (istehsalçı) arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli, 0059 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan icarəyə götürdüyü Saatlı rayonu, Soltanabad kəndində yerləşən 10 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X1” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəmə öhdəliyi götürülmüşdür. İddiaçı tərəfindən bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh işlərin görülməsi üçün 700 manat məbləğində avans ayrılmışdır. Həmçinin iddiaçı tərəfindən cavabdeh üçün 492 manat məbləğində aqrotexniki xidmətlər göstərildiyi bildirilir və ondan cəmi 1.192 manat pul tələb edilir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 11 yanvar 2018-ci il tarixli, 0059 saylı alqı-satqı müqaviləsi təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında iştirak edən Cavabdeh kassa məxaric orderindəki imzanın ona məxsus olduğunu, həmçinin iddiaçı tərəfindən onun üçün 300 manat məbləğində şum işləri görüldüyünü bildirmişdir. İddia ərizəsindən göründüyü kimi cavabdehdən tələb olunan 1.192 manat pul məbləği 2 hissədən ibarətdir: 700 manat məbləğində icarə haqqı ödəmək üçün verilmiş avans və 492 manat məbləğində aqrotexniki xidmətlərin göstərilməsi. İddiaçı tərəfindən cavabdehə 700 manat məbləğində icarə haqqı ödəmək üçün avansın verilməsi iş materiallarında olan kassa məxaric orderi və cavabdehin izahatı ilə sübut olunduğundan məhkəmə hesab edir ki, bu hissədə iddia əsaslıdır və təmin edilməlidir. 492 manat məbləğində aqrotexniki xidmətlərin göstərilməsinə müasibətdə isə məhkəmə hesab edir ki, iddia qismən, yəni 300 manat hissəsində təmin edilməli, qalan 192 manatın tutulması hissəsində isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan pambıqçılıq təsərrüfatlarında yerinə yetirilən işlərin dəyəri barədə 01 dekabr 2017-ci il tarixdən 06.09.2018-ci il tarixləri əhatə edən üzləşmə aktında Cavabdeh üçün 492 manat dəyərində şum işləri görüldüyü qeyd olunsa da, həmin akt cavabdehin iştirakı və imzası olmadan, "xxxx" ASC-nin və İddiaçı MMC-nin nümayəndələrinin iştirakı ilə akt tərtib olunmuşdur. Belə olan halda isə, məhkəmə hesab edir ki, həmin üzləşmə aktı cavabdeh üçün məhz 492 manat dəyərində şum işləri görüldüyünü təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Lakin bununla belə, cavabdeh öz izahatında iddiaçı tərəfindən onun üçün 300 manat həcmində şum işləri görüldüyünü bildirdiyindən, məhkəmə hesab edir ki, bu hissədə cavabdehdən iddiaçının xeyrinə 300 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 1.000 manat (700 manat avans ödənilmiş icarə haqqı və 300 manat görülmüş şum işlərinin əvəzi) borc Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 5 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, 25 manat dövlət rüsumu isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.000 manat pul və ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 1.025 (bir min iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar