Məhkəmə qərarları › İş №e-2-2(121)-737/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-737/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-737/2021 17.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (“xxxx” MMC-nin hüquqi varisi) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 499,51 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “ xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 11.01.2018-ci il tarixli 0052 nömrəli alğı-satqı müqaviləsinə əsasən Saatlı rayonu, Qara Nuru kəndi ərazisində 23,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçı”ya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 11.664,40 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 203,00 manat məbləğində çöp doğrama, 600,00 manat məbləğində şum, 306,00 manat məbləğində ağır diskli mala, 112,00 manat məbləğində gübrə ilə kultivasiya, 356,40 manat məbləğində kultivasiya, 60,00 manat məbləğində səpin, 189,00 manat məbləğində zəhər səpini, pambığın kombaynla yığımına 700,00 manat, 1.440,00 manat məbləğində azot, 483,00 manat məbləğində terra, 5.700,00 manat məbləğində avans olaraq ödənilmiş vəsait, 1.052,00 manat məbləğində toxum, 463,00 manat pambığın əl yığımına görə qabaqcadan ödənilmiş vəsait nəzərə alınmaqla, ümumilikdə 11.664,40 manat məbləğində avans verilmiş, işlər görülmüş, xidmətlər göstərilmişdir. Lakin, “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsum başa çatsa da 11.164,89 manat məbləğində 17.441 kq xam-pambıq təhvil vermiş, “İddiaçı”ya 499,51 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması kassa məxaric orderi ilə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı”ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsini dinləyib, hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 yanvar 2018-ci il tarixli, 0052 saylı alq-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünə məxsus olan icarəyə götürdüyü Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 23 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X3” MMCyə təhvil verməyi, MMC isə məhsulu qəbul edib onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC (“X3” MMC) tərəfindən Cavabdeh işlərin görülməsi üçün avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür. İş materiallarında olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC “X3” MMC-nin hüquqi varisidir. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 01 noyabr 2019-cu il tarixli, 01/878 saylı pretenziya məktubundan görünür ki, “xxxx” MMC və Cavabdeh arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli, 0052 saylı alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh məxsus 23 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar işlərin görülməsi nəticəsində yaranan 480,40 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan 17 aprel 2020-ci il tarixli üzləşmə aktından görünür ki, “X3” MMC ilə Cavabdeh və digər şəxslərin iştirakı ilə akt tərtib olunmuş və imzalanmışdır. Tərtib olunmuş aktda qeyd olunur ki, Cavabdeh “xxxx” (İddiaçı) MMC-yə təhvil verdiyi xampambığın dəyəri 11.164,89 manat təşkil edir. Yekun nəticə olaraq Cavabdeh “xxxx” (İddiaçı) MMC-yə 499,51 manat borcu qalmışdır. İş materiallarında olan 26.11.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə müəyyən etdi ki, “X3” MMC ilə Cavabdeh (istehsalçı) arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli, 0052 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ özünə məxsus olan/icarəyə götürdüyü Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 23 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X3” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Bağlanmış 11 yanvar 2018-ci il tarixli, 0052 saylı müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən Cavabdeh işlərin görülməsi üçün 11.164,89 manat məbləğində avans ayrılmışdır. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə cəmi 499,51 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 11 yanvar 2018-ci il tarixli, 0052 saylı alqı-satqı müqaviləsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış 11 yanvar 2018-ci il tarixli, 0052 saylı alqı-satqı müqaviləsinə əsasən 499,51 manat borcun olduğu iş materialları ilə tam sübuta yetirilir. Qeyd olunan borcun ödənilməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 499,51 manat məbləğində borcun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 499,51 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat olmaqla, ümumilikdə 519,51 (beş yüz on doqquz manat, əlli bir qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar