Məhkəmə qərarları › İş №e-2-2(121)-741/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-741/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-741/2023 13.06.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 4.598,66 (dörd min beş yüz doxsan səkkiz manat altmış altı qəpik) manat borc və 60 manat mediasiya rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 311.22.16 saylı xam pambığın alqı-satqısına dair müqaviləyə əsasən, cavabdeh 8.63 hektar sahədə pambıq bitkisini əkməyi və istehsal etdiyi xam pambığı iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən ümumilikdə 10144.87 (on bir min bir yüz qırx dörd manat səksən yeddi qəpik) manat dəyərində mal satılmış, xidmət göstərilmiş və avans pul ödənilmişdir.Nəticədə cavabdehin cəmiyyətə 10144.87 (on bir min bir yüz qırx dörd manat səksən yeddi qəpik) manat borcu yaranmışdır. Cavabdeh tərəfindən isə cəmiyyətə 5.546,21( beş min beş yüz qırx altı manat iyirmi bir qəpik) manat dəyərində xam pambıq təhvil verilmişdir. Təhvil verilmiş 5.546,21 manat məbləğində cavabdehin borcu azaldılmışdır. Son olaraq cavabdehin cəmiyyətə 4.598,66 (dörd min beş yüz doxsan səkkiz manat altımış altı qəpik) manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin borclu olması təhvil-təslim aktlarında və ödəniş tapşırıqlarında öz əksini tapmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi üçün pretenziya məktubu göndərilmişdir, lakin cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Borc mediasiya qaydasında tələb edilmiş lakin mediasiyada da heç bir razılıq əldə edilməmişdir. Bununla da, cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 425.1 və 385.1 maddələrinin tələblərini pozmuşdur. Buna görə də borcun məhkəmə qaydasında tələb edilməsi mümkün hesab edilmişdir. Cavabdeh iddia tələbinə dair yazılı etirazla məhkəməyə müraciət edərək etirazında bildirmişdir ki, o, iddiaçı ilə uzun illərdir ki, müqavilə bağlayaraq şəkər çuğunduru əkmişdir. Hər il bağlanmış müqavilə əsasında iddiaçının verdiyi avans, toxum, dava-dərman və texnika hesabına çuğundur əkmişdir. Cavabdeh onu hər il vaxtlı-vaxtında texnika ilə təmin etmiş və vaxtında öz texnikaları və yük maşınları ilə becərilmiş şəkər çuğundurunu yığaraq aparmışdır. Aralarında heç zaman anlaşılmazlıq və mübahisə olmamışdır. Belə ki, çuğundur əkilib becərilməsi üçün hər cür vasitələri və ixtisaslaşdırılmış texnikaları olmuşdur. 2022-ci ildə iddaçı tərəf ona bildirmişdir ki, bu ildən etibarən pambıq da əkəcəklər. Uzun illər onlarla problemsiz işlədiyini nəzərə alaraq pambığı da onlar vasitəsilə əkmək istəmişdir. Odur ki, iddiaçı ilə onun arasında 2022-ci təsərrüfat ilində 8,87 ha sahədə pambıq əkilməsi barədə xx.xx.2022-ci il tarixli 311.22.16 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən o, 8,87 ha torpaq sahəsində alıcının, yəni iddiaçının verdiyi avans, çiyid, dava-dərman, texnika vasitəsilə pambıq əkməli, pambığı becərərək ona satmalı idi. Lakin bilməmişdir ki, iddiaçı pambıq əkmək üçün müqavilə bağlasa da onun pambığın əkilib, becərilib, yığılması üçün ixtisaslaşdırılmış texnikaları olmamışdır. O, bunu müqavilə bağlanıb, pambıq əkiləndən sonra bilmişdir. Dəfələrlə lazımi aqrotexniki qulluq göstərilməsi üçün texnika istəməsinə baxmayaraq vaxtlı-vaxtında texnika göndərilməmişdir. Sonradan bilmişdir ki, ddiaçıdan texnika istəyəndə iddiaçı da özünün müqavilə bağladığı “MTK Beyləqan” filialı adlanan pambıq qəbulu məntəqəsindən texnika istəmiş, onlar isə öz əkdikləri pambığın becərilməsindən sonra texnika boş olanda texnika verə biləcəklərini bildirmişdirlər. O, məcbur olub becərmə dövründə özü, öz pulu ilə texnika tapıb işini gördürməli olmuşdur Bütün bu çətinliklərə baxmayaraq sahəsini yüksək keyfiyyətlə becərmişdir və bol məhsul almışdır. Lakin cavabdehin günahı ucbatından hazır məhsulu sahədən yığa bilməmişdir. Belə ki, o, pambığı Haramı adlanan ərazidə əkmişdir. Həmin ərazi Aran zonasının ən isti hava şəraiti olan ərazisidir. Hava digər yerlərə nisbətən bu ərazidə isti olduğundan pambıq digər zonalara nisbətən daha tez yetişib yığıma hazır olur. Cavabdehin öz texnikası olmadığından Beyləqan rayonunda 2022-ci ilin sentyabr ayının 24-da yığım başlasa da cavabdeh onu pambıq yığan kombaynla təmin edə bilməmişdir. Ona görə də hazır pambıq yığım vaxtı gecikdiyinə görə pambıq kolundan yerə tökülməyə başlamışdır. 2022-ci ilin sentyabr ayından noyabr ayına kimi o, hər gün cavabdeh tərəfə pambıqyığan kombayn göndərilməsi üçün zəng etmişdir. Zəngləri özünə məxsus 050 ***-**-** nömrəli telefondan cavabdeh tərəfə məxsus 050 265-10-36, 050 ***- **-** nömrəli telefonlara etmişdir. Hər dəfə pambığın tökülüb tələf olduğunu bildirmişdir. Telefon danışıqları məhkəmə qərarı ilə çıxarılarsa dedikləri öz təsdiqini tapar. Bütün sahələrdə sentyabr-oktyabr aylarında pambığın birinci üzü, oktyabr ayının axırları və noyabr aylarında isə ikinci üzü yığılır. Birinci üz yığım müddətində cavabdeh öz öhdəliyini yerinə yetirərək onu pambıqyığan kombaynla təmin edə bilməmişdir. İkinci üz yığımın sonlarında artıq kombaynların ikinci üz pambıq yığmağa belə sahələri qaymayanda 2022ci ilin noyabr ayının 2-də iddiaçı ona kombayn göndərmişdir. Onda da pambığı daşımaq üçün setkalı lafeti olan traktor göndərə bilmədiyi üçün kombayn bir neçə bunker yığıb sahənin kənarında yerə tökdükdən sonra lafet olmadığı üçün çıxıb getmişdir. Kombayn bir də onun sahəsinə 2022-ci ilin noyabr ayının 19-da gəlmişdir. Həmin vaxt isə pambığın əksəriyyəti koldan ayrılaraq yerə tökülmüşdür. Cavabdehin günahı ucbatından onun il böyu əziyyət çəkib yetişdirdiyi pambıq məhsulu torpağa tökülüb məhv olmuşdur. Öz hesabına il boyu becərmədə texnika tapıb işlətdiyinə görə 4000 manat ziyana düşmüşdür. Cavabdeh vaxtında pambıqyığan kombayn göndərsəydi bütün xərcləri, o cümlədən öz cibindən çəkdiyi 4000 manat xərci də ödəyəndən sonra 5-6 min manat qazanc əldə edə bilərdi. Cavabdehin günahı ucbatından 5-6 min manat qazancını və çəkdiyi 4000 manat xərcini itirmişdir. Aralarında bağlanmış müqavilənin 2.2 maddəsinin bəndlərinə əsasən alıcı yəni, cavabdeh onu avansla, dava-dərmanla və ixtisaslaşdırılmış texnika ilə təmin etməli idi. Lakin cavabdehin ixtisaslaşdırılmış texnikası olmadığından onu vaxtlı-vaxtında texnika ilə təmin edə bilməmiş, yəni öz öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh pambıq becərib yığmaq üçün öz texnikasının olmamasını billə-bilə müqavilə bağlamış və nəticədə onu öz oyununa qurban etmişdir. “MTK Beyləqan” filialında 2022-ci ildə pambıq yığımı sentyabr ayının 20-də başlanmışdır və məntəqəyə sentyabr ayının 24-də təhvil verilmişdir. Bütün mütəxəssislər bilir ki, sentyabr ayının 20-də yetişmiş pambıq noyabr ayının 19-na kimi, yəni 2 ay kolun üstündə qala bilməz. Ona görə də cavabdehin öz öhdəliyini yerinə yetirməməsi səbəbindən hazır məhsul kollardan tökülərək məhv olmuşdur. Pambıq yığan maşınlar yalnız pambıq əkini ilə məşğul olan pambıq qəbulu məntəqə və zavodlarına məxsusdur. Ona görə onun öz hesabına kombayn gətirməyi qeyri-mümkün idi. Cavabdeh əgər pambıq əkini ilə məşğul olmaq istəyirdisə ilk əvvəl ixtisaslaşdırılmış texnikaları, o cümlədən kombaynları almalı idi. Belə bir texnikaları olmadan pambıq əkini sifarişi vermək cavabdehin böyük günahıdır. Belə hərəkət etdiyinə görə o həm özünü, həm də onun sifarişi ilə pambıq əkən onun kimiləri ziyana salmışdır. Əslində o onların ziyanlarını ödəmək məcburiyyətindədir. Lakin uzun illər cavabdehlə problemsiz işlədiyinə görə onun səhvini başa düşmüşdür və ziyanının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməmişdir. cavabdeh də öz səhvini başa düşərək bunu etməməli idi. İzahatına əkilmiş pambıq sahəsinə dair video çəkilişləri əlavə edir. Eyni zamanda izahatına pambıq qəbulu qəbzlərini də əlavə edir. Qəbzlərdən də göründüyü kimi pambığın az bir hissəsi noyabr ayının 2-də, qalan hissəsi isə noyabr ayının 19-20-də yığılmışdır. Odur ki, Haramı zonasında əkilmiş, sentyabr ayının 20-də yığıma hazır olan pambığın noyabr ayının 19-na kimi yığılmaması məhsulun böyük əksəriyyətinin tökülərək məhv olmasına, yalnız son dövrlərdə ağarmış, ikinci yığım məhsulu olan pambığın kolun üzərində qalmasını aydınlaşdırmaq, eyni zamanda xüsusi ixtisaslaşdırılmış texnikası olmayan subyektin pambıq əkini üçün müqavilə bağlayaraq sifariş verməsinin iqtisadi cəhətdən səmərəli olmaması məsələsini araşdırmaq üçün mütəxəssislərdən ekspert rəyi alınmasına qərar verilməsini xahiş etmişdir. Mütəxəssis rəyi alınarsa bilinər ki, iddiaçının günahı ucbatından, yəni onun pambıqyığan texnika ilə təmin edə bilmədiyinə görə məhsul tökülərək məhv olmuşdur. Odur ki, iddiaçının müqavilə şərtlərini təmin etmədiyinə görə problemin yaranmasını nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, etirazda göstərilənlər həqiqətə uyğun deyildir. Belə ki, nümayəndəsi olduğu cəmiyyət cavabdehi vaxtında texnika ilə təmin etmişdir. Ümumilikdə 3 dəfə lazımi texnika cavabdehin sahəsinə tərəflərindən göndərilmişdir, lakin sentyabr ayında cavabdehin öz səhlənkarlığı səbəbindən sahəni su basdığına görə texnika sahəyə girə bilməmişdir. Sonrakı səfərlərdə isə göndərdikləri texnikalar sahədə olan pambığı yığaraq təhvil məntəqəsinə çatdırmışlar. Lazımi miqdarda pambığın becərilməməsi və təhvil verilməməsi cavabdehin təqsiri nəticəsində baş vermişdir. Buna görə də iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə təqdim etdiyi iddia tələbinə qarşı etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (müqavilədə “Alıcı”) və Cavabdeh (müqavilədə “Satıcı”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 311.22.16 nömrəli “2021-2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə”nin: 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti 2021-2022-ci il mövsümü üzrə xampambığın istehsalı və alqı-satqısı sahəsində tərəflərin öhdəlikləri üzrə hüquq və vəzifələrinin tənzimlənməsindən ibarətdir; 2.1.2-ci bəndinə əsasən, Satıcı 8,87 ha sahədə pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlükdə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xampambığın yığılması və tədarükünə dair təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və Alıcıda saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə Alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2022-ci il tarixdən gec olmayaraq təhvil verir; 2.1.4-cü bəndinə əsasən Satıcının Alıcıdan aldığı avans məbləği (hər hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı Alıcıya təhvil verdiyi xam-pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə o halda Satıcı həmin yaranan fərqi ödəməyə borcludur. Avans bu müqavilə üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərin Alıcı tərəfindən Satıcıya təqdim olunması nəticəsində Satıcının Alıcı qarşısında yaranan borc öhdəliyi kimi nəzərdə tutulur; 2.1.5-ci bəndinə əsasən, Satıcı bütün aqrotexniki tədbirlərin tam və vaxtında aparılmasını öhdəsinə götürür; 2.1.9-cu bəndinə əsasən, Satıcı xam-pambığın əl üsulu ilə yığılmasında və təhvil verilməsində ancaq pambıq parçadan hazırlanmış fartuk və bardalardan istifadə edir. satıcının istəyi ilə Alıcı Satıcının istəyi ilə hazırki müqavilənin ayrılmaz hissəsini təşkil edən “Qiymətlərin razılaşdırma protokolunda” müəyyən olunmuş qiymətlərdə avans olaraq bardan və fartukla təmin edə bilər. Satıcı Alıcıdan aldığı bardanı və fartuku, yaxud onların dəyərini tədarük mövsümü üzrə sonuncu xam-pambığın təhvil verildiyi gün alıcıya geri qaytarmalıdır; 2.1.10-cu bəndinə əsasən, Satıcı pambıq sahəsini maşınla yığdıracağı halda səpini və digər aqrotexniki işləri pambığın maşınla yığımı tələblərinə cavab verən texnika və aqreqatlarla aparmalı və sahəni yığım üçün hazır vəziyyətə gətirməlidir; 2.2.1-ci bəndinə əsasən, Alıcı Satıcının gətirdiyi xam-pambığı mövcud standartların tələblərinə uyğun olmaqla vaxtında qəbul edir və oıuın kondisiya kütləsinin dəyərini müqavilədə müəyyən edilmiş qaydada Satıcıya ödənilməsini təmin edir; 2.2.2-ci bəndinə əsasən, aqrotexniki normaların tələblərinə uyğun olaraq Alıcı tərəfindən Satıcıya avans kimi toxumluq çiyid, habelə mümkün olan halda zəhərli kimyəvi preparatlar, gübrələr və nağd pul vəsaiti verilə bilər, həmçinin hazırki müqavilənin ayrılmaz hissəsini təşkil edən “Qiymətlərin razılaşdırma protokolunda” müəyyən olunmuş qaydada şum, mala, səpin, kultivasiya, pambığın maşınla yığılması və sair aqrotexniki işləri apara bilər və bu cür xidmətlərin aparılması barədə tərəflərin və ya nümayəndələrinin imzası ilə təsdiq olunmuş müvafiq akt tərtib olunur; 2.2.4-cü bəndinə əsasən, Alıcı avans olaraq ödənilən pul vəsaiti və xam-pambığın dəyərini satıcının müvafiq bank hesabına ödənilməsini təmin edir; 4.2-ci bəndinə əsasən, Satıcı müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0,1% həcmində Alıcıya cərimə ödəyir. Əsas borc dedikdə bu müqavilə ilə bağlı Alıcı tərəfindən Satıcı qarşısında bu müqavilə üzrə tədarük mövsümü bitənədək ödənilməyən avans məbləği nəzərdə tutulur; 6.1-ci bəndinə əsasən, Satıcı istehsal etdiyi xam-pambığı Alıcı ilə razılaşdırılmış qəbul məntəqəsinə təhvil verməlidir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli, AS100000615 saylı “Ödəniş tapşırığına” əsasən 1.774 manat, xx.xx.2022-ci il tarixli AS10001524 saylı “Ödəniş tapşırığına” əsasən 172,40 manat, xx.xx.2022-ci il tarixli AS10002161 saylı “Ödəniş tapşırığına” əsasən 863 manat, xx.xx.2022-ci il tarixli AS10002771 saylı “Ödəniş tapşırığına” əsasən 172,60 manat, xx.xx.2022-ci il tarixli AS10002772saylı “Ödəniş tapşırığına” əsasən 345,20 manat, xx.xx.2022-ci il tarixli AS10002210 saylı “Ödəniş tapşırığına” əsasən 690.40 manat, xx.xx.2022-ci il tarixli AS10002992 saylı “Ödəniş tapşırığına” əsasən 172,60 manat məbləğ "xxxx" MMC tərəfindən Cavabdeh hesabına köçürülmüşdür. İşə əlavə edilmiş görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktlarından görünür ki, “Azərbaycan Şəkər İstehsalat” Birliyi tərəfindən xx.xx.2022-ci il tarixli, 311.22.16 nömrəli müqaviləyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdə 310,68 manat dəyərində mala çəkmə, 124,45 manat dəyərində çiyid səpini, xx.xx.2022-ci il tarixdə 120,82 manat dəyərində dərman səpini, 138,08 manat dəyərində kultivasiya, xx.xx.2022-ci il tarixdə 120,82 manat dəyərində dərman səpini və 138.09 manat dəyərində kultivasiya, xx.xx.2022-ci il tarixdə 276,16 manat dəyərində kultivasiya, xx.xx.2022-ci il tarixdə 98 manat dəyərində dərman səpini, xx.xx.2022-ci il tarixdə 98 manat dəyərində dərman səpini həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş malların fiziki şəxslərə təhvili-qəbulu qəbzlərindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə 1.1187,20 manat dəyərində “Bəyaz altın” adlı pambıq toxumu, xx.xx.2022-ci il tarixdə 115,96 manat dəyərində “Nestar”, 57,96 manat dəyərində “Algamek”, 63 manat dəyərində “Qumat”, 168,32 manat dəyərində “Emarebeno”, 800 manat dəyərində “UREA 46.24” adlı gübrə, xx.xx.2022-ci il tarixdə 126,24 manat dəyərində “Emorebeno”, 400 manat dəyərində “UREA 46.24” adlı gübrə, xx.xx.2022-ci il tarixdə 588 manat dəyərində “Coragen”, xx.xx.2022-ci il tarixdə 102,90 manat dəyərində doruk ultura adlı məhsullar təhvil verilmişdir. İş materiallarında olan pambıq qəbulu qəbzlərindən görünür ki, seriya GJU364668 nömrəli, xx.xx.2022-ci il tarixli pambıq qəbulu qəbzinə əsasən, 2.275,32 manat dəyərində olan 2.844,15 kondisiya çəkili xam pambıq, seriya GJU364692 nömrəli, xx.xx.2022-ci il tarixli pambıq qəbulu qəbzinə əsasən 1.173,62 manat dəyərində olan 1.467,03 kondisiya çəkili xam pambıq, 1.299,86 manat dəyərində olan 1.624,83 kondisiya çəkili xam pambıq, seriya GJU364690 nömrəli, xx.xx.2022-ci il tarixli pambıq qəbulu qəbzinə əsasən 797,40 manat dəyərində olan 996,75 kondisiya çəkili xam pambıq Cavabdeh tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir, pambığı “MKT-Beyləqan” filialı qəbul etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 399/22 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh Adişirin oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 311.22.16 saylı “Xam pambığın alqı-satqısı”na dair müqaviləyə əsasən, 4.598,66 manat məbləğdə borcun 10 gün ərzində cəmiyyətə ödənilməsi tələb olunmuş, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.2023-cü il tarixli, M.Ş.C/1/00092 saylı arayışın surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş və keçirilmiş sessiyadan sonra prosesin davam etdirilə bilməməsinə dair arayış tərtib olunmuş və xx.xx.2023-cü il tarixli, MŞC/1/00092 saylı mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan “elektron qaimə”nin surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat vəsait ödəmişdir. Beləliklə, məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 311.22.16 nömrəli “2021-2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısı”na dair müqaviləyə əsasən cavabdeh 8,87 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlükdə müqavilədə qeyd olunmuş qiymətlərlə iddiaçının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2022-ci il tarixdən gec olmayaraq təhvil verməyi öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 10.144,87 manat dəyərində nağd pul vəsaiti verilmiş, mal göndərilmiş və xidmət göstərilmişdir. Cavabdeh tərəfindən isə 5.546,21 manat dəyərində olan xam pambıq iddiaçıya təhvil verilmişdir, nəticədə iddiaçı tərəfindən verilmiş avansın məbləğindən cavabdehin 4.598,66 manat məbləğində borcu yaranmışdır. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, mal-materialın və nağd pul vəsaitinin verilməsinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya təhvil verilməsinə nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqısatqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir. Məhkəmə hesab edir ki, iddianın maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normaları təşkil edir. Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Məhkəmə, cavabdehin lazımi miqdarda məhsul verilməməsini iddiaçının müqavilə şərtlərini pozaraq onu pambıqyığan texnika ilə təmin edə bilməməsi ilə əsaslandırmasına dair dəlilinə tənqidi yanaşaraq qeyd edir ki, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından və pambıq qəbulu qəbzlərindən görünür ki, iddiaçı müqavilə şərtlərinə əməl edərək 2022-ci ilin sentyabr və noyabr aylarında üç dəfə olmaqla cavabdehə məxsus sahədən pambığın yığılması üçün müvafiq texnika göndərmişdir. 2022-ci ilin 02 noyabr və 19 noyabr tarixlərində pambığın yığılması həyata keçirilsə də, sentyabr ayının sonlarında sahəni su basdığına görə göndərilən texnikanın sahəyə daxil olması və pambığın yığılması mümkün olmamışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında sonuncu qeyd olunan faktı təsdiq etmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 2.1.10cu bəndində cavabdeh, pambıq sahəsini maşınla yığdıracağı halda səpini və digər aqrotexniki işləri pambığın maşınla yığımı tələblərinə cavab verən texnika və aqreqatla aparmaq və sahəni yığım üçün hazır vəziyyətə gətirməli olması ilə bağlı öz üzərinə öhdəlik götürmüşdür. Bundan əlavə məhkəmə qeyd edir ki, xam-pambığın yalnız texnika vasitəsi ilə deyil, əl üsulu ilə də yığılması mümkündür və tərəflər arasında bağlanmış müqavilə şərtlərindən görünür ki, xam-pambığın əl üsulu ilə yığılması imkanı da müqavilədə nəzərdə tutulmuşdur. Belə ki, müqavilədə xam pambığın əl üsulu ilə yığılmasında və təhvil verilməsində ancaq pambıq parçadan hazırlanmış fartuk və bardalardan istifadə edilməsi qeyd olunmuş, müqavilənin ayrılmaz hissəsini təşkil edən “Qiymətlərin razılaşdırma protokolunda” isə Alıcı (iddiaçı) tərəfindən Satıcıya (cavabdehə) göstərilən aqrotexniki xidmətlərin içərisində əl yığımı üçün əmək haqqı ödənişinin avans olaraq verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin sahəni yığım üçün hazır vəziyyətə gətirməsi ilə bağlı öhdəliyi olduğuna görə, sahəni su basması və ya digər şəkildə yığımın mümkün olmaması riski onun üzərinə düşmüşdür. Bundan başqa cavabdeh hazır məhsulun yığılmasının təmin edilməsi üçün yalnız bir neçə dəfə iddiaçının nümayəndəsinə telefonla zəng etməklə kifayətlənmiş, pambığın digər vasitələrlə, o cümlədən əl üsulu ilə yığılmasına yönəlik cəhdlər etməmişdir. Halbuki, pambığın tələb olunan miqdarda təhvil verilməməsi riski cavabdehin risk dairəsinə daxil olan öhdəlikdir. Cavabdeh isə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur ki, tərəflər arasında xam pambığın alqı-satqısına dair bağlanmış müqavilə üzrə iddiaçı öhdəliyini icra edərək cavabdehə avans olaraq ümumilikdə 10.144,87 manat dəyərində nağd pul vəsaiti vermiş, mal göndərmiş və xidmət göstərmişdir. Cavabdeh tərəfindən isə 5.546,21 manat dəyərində olan xam pambıq iddiaçıya təhvil verilmiş, iddiaçı trəfindən verilmiş avansın məbləğindən 4.598,66 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Tələb olunan borc məbləği cavabdehin risk dairəsinə daxil olan öhdəliyin pozulması nəticəsində yarandığına görə, iddiaçının həmin borcu tələb etməsi haqlı və qanunidir. Buna görə də həmin borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddiaçı 65,99 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 4.598,66 manat məbləğində əsas borc, 60 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ olmaqla, ümumilikdə 4.658,66 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 65,99 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar