Məhkəmə qərarları › İş №e-2-2(121)-741/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-741/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-741/2025 22.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və cavabdeh Lerik rayon İcra Hakimiyyəti başçısının Noda kənd İnzibati Ərazi nümayəndəliyinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Lerik rayon İcra Hakimiyyəti başçısının Noda kənd İnzibati Ərazi nümayəndəliyinə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Lerik rayon İcra Hakimiyyəti başçısının Noda kənd İnzibati Ərazi nümayəndəliyinə qarşı pul tələbinə dair sadələşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc 724,55 manat, cərimə sanksiyası olaraq 72,45 manat pulun (cəmi 797,00 manat ) və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Lerik rayonu İH-nin Noda kənd İƏD üzrə nümayəndəliyindən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Lerik rayonu İcra Hakimiyyəti başçısının Noda kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi arasında ərzaq məhsullarının satın alınması barədə 2020-ci il 15 sentyabr tarixli SA-98 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı ASC (İcraçı) müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə Lerik rayonu İH-nin Noda kənd İƏD üzrə nümayəndəliyinin (Sifarişçinin) təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə Sifarişçini təmin etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Lerik rayonu İH-nin Noda kənd İƏD üzrə nümayəndəliyi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının İcraçıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. Lakin, Lerik rayonu İH-nin Noda kənd İƏD üzrə nümayəndəliyi müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra etməmiş və İddiaçı ASC-yə aldığı ərzaq məhsulları üzrə ödənişi həyata keçirməmişdir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən Müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği 29251 (iyirmi doqquz min iki yüz əlli bir manat ) manat təşkil edir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən Sifarişçi Əlavədə qeyd edilmiş ərzaq məhsullarına görə ödənişi növbəti ayın 10-dək İcraçının Müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. 2020-ci il 15 sentyabr tarixli SA-98 saylı müqavilə üzrə öhdəliyimizin tam icra olunmasına baxmayaraq alınmış ərzaq məhsullarının pulu ödənilməmişdir. Belə ki, 2020-ci il 15 sentyabr tarixli SA-98 saylı müqavilə üzrə 7489,91 (yeddi min dörd yüz səksən doqquz manat 91 qəpik) (ƏDV daxil) dəyərində ərzaq məhsulları Lerik rayonu İH-nin Noda kənd İƏD üzrə nümayəndəliyinə təhvil verilmişdir. Lakin, Lerik rayonu İH-nin Noda kənd İƏD üzrə nümayəndəliyi tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş 724,55 (yeddi yüz iyirmi dörd manat 55 qəpik) manat dəyərində ərzaq məhsullarının dəyəri Cəmiyyətə ödənilməmişdir. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Lakin, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilə üzrə ümumilikdə 724,55 (yeddi yüz iyirmi dörd manat 55 qəpik) manat təşkil edir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən Sifarişçi üzrlü səbəb olmadan Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda və ya təqdim olunan ərzaq məhsullarının qəbulunu gecikdirdikdə, İcraçı hər gecikdirilmiş gün üçün Müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edə bilər. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən Cərimələrin məbləğinin yuxarı həddi Müqavilənin qiymətinin 10 (on) faizindən çox olmamalıdır. Cavabdeh tərəfindən Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələr aparmadığından iddiaçının hər gecikdirilmiş gün üçün Müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq etmək hüququ yaranmışdır. Ərzaq məhsullarının satın alınması barədə 2020-ci il 15 sentyabr tarixli SA-98 saylı müqavilə 2021-ci ilin 31 dekabr tarixinədək qüvvədə olmuşdur. 2 il 3 ay ərzində cavabdeh tərəfindən öhdəlik icra olunmadığından, həmin müqavilənin 9.2 və 9.3-cü bəndlərinə əsasən cavabdehə 72,45 (yetmiş iki manat 45 qəpik) dəyərində cərimə sanksiyası tətbiq edilməlidir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-4083/2024 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Lerik rayon İcra Hakimiyyəti başçısının Noda kənd İnzibati Ərazi nümayəndəliyinə qarşı pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh Lerik rayon İcra Hakimiyyəti başçısının Noda kənd İnzibati Ərazi nümayəndəliyi xx.xx.2024-cü il tarixdə elektron qaydada məhkəməyə təqdim etdiyi iddia tələbinə qarşı münasibətdə bildirmişdir ki, Noda kənd körpələr evi-uşaq bağçası və Günəşli kənd uşaq baxçasının ərzaq təminatını təmin etməkdən ötrü ərzaq məhsullarının dəyərinə görə 01 yanvar 2022-ci il tarixinə Aqrar Tədarük və Təchizat ASC-yə 724.55 manat borc yaranmışdır. Borcun məbləğləri və tarixləri, xx.xx.2021-ci il tarixində 66.91, xx.xx.2021-ci il tarixində 66.91, xx.xx.2021-ci il tarixində 517.12, xx.xx.2021-ci il tarixdə 73,60, cəmi: 724,55 manat olmuşdur. Borcun ödənməsi üçün nümayəndəlik tərəfindən 23 saylı, indiki 22 saylı Regional Xəzinədarlıq idarəsinə lazım olan sənədlər göndərilmişdir. Lakin qəbul edilməmişdir. Göndərilmiş sənədlərə 22 saylı Regional Xəzinədarlıq idarəsindən imtina cavabı aşağıdakı kimi olmuşdur. xx.xx.2021-ci il tarixində göndərilmiş X6 sənədinə 22 saylı regional Xəzinədarlıq idarəsi tərəfindən, Maliyyə Nazirliyinin göstərişinə əsasən xx.xx.2021-ci il tarixindən əmək haqqı, pensiya, müavinət, təqaüd və kommunal xərclər istisna olmaqla digər ödənişlərin aparılması dayandırılıb cavabı verildi. xx.xx.2021-ci il tarixində göndərilmiş Mal iş və Xidmətlərin alışı sənədinə 22 saylı Regional Xəzinədarlıq idarəsi tərəfindən 724.55 manat ərzaq xərci Maliyyə Nazirliyinin verdiyi göstərişə əsasən xərc icra olunmadı cavabı verildi. Noda ƏİN sifarişçi təşkilatdır. Vəsaiti buraxan təşkilat isə 22 saylı Lənkəran regional maliyyə idarəsidir. Həmin vaxda nümayəndəlik E/qaimələr vasitəsiylə 724.55 manatın ödənilməsini sifariş verməsəydi onda günahkar olardı. Lakin 2021-ci ildə E/Qaimələr vasitəsilə 724.55 manatın ödənilməsini 22 saylı Lənkəran regional maliyyə idarəsi dayandırmışdır. Ona görə də, Noda ƏİN-nin Aqrar Tədarük və Təchizat ASC-yə olan 724,55 AZN borcu növbəti, yəni 2022-ci ilə keçmişdir. Lakin baxçalar 01.01 2022-ci il tarixdən İcra Hakimiyyətinin balansından alınaraq Təhsil Nazirliyinin balansına təhvil verildi. Maliyyə Nazirıiyi tərəfindən ərzaq məhsulları alınması üçün ayrılmış 221600 maddəsi nümayəndəliyin büdcə xərclər smetasından çıxarılaraq Təhsil Nazirliyinin smetasına verildi və buna görə də Noda ƏİN-nin borcu Tədarük və Təchizat ASC-nə ödənilmədi. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Lerik rayon İcra Hakimiyyəti başçısının Noda kənd İnzibati Ərazi nümayəndəliyinin nümayəndəsi X3 izahatında iddia ərizəsində tələb olunan məbləğdə borcun mövcud olduğunu, lakin həmin borcun ödənilməsi üçün vəsaitin maliyyə idarəsi tərəfindən ayrılmadığını, buna görə də borcu ödəyə bilmədiklərini bildirdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2016-cı il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Lerik rayon İcra Hakimiyyəti başçısının Noda kənd İnzibati Ərazi nümayəndəliyi ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2005-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Lerik rayon İcra Hakimiyyəti başçısının Noda kənd İnzibati Ərazi nümayəndəliyi arasında bağlanmış 2020ci il 15 sentyabr tarixli SA-98 saylı müqavilənin 1.1-ci bəndinə əsasən, İcraçı bu Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə Sifarişçinin təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə Sifarişçini təmin etməyi öz öhdəsinə götürür. İş materiallarında olan elektron qaimələrin surətlərindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Lerik rayon İcra Hakimiyyəti başçısının Noda kənd İnzibati Ərazi nümayəndəliyinə ümumilikdə 724,54 dəyərində ərzaq məhsulları təhvil verilmişdir. İş materiallarında olan “Maliyyə arayışı”ndan görünür ki, Lerik rayon İcra Hakimiyyəti başçısının Noda kənd İnzibati Ərazi nümayəndəliyinin əsas məbləğ üzrə borcu 673,88 manat, ƏDV borcu 50,67 manat təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Lerik rayon İcra Hakimiyyəti başçısının Noda kənd İnzibati Ərazi nümayəndəliyi arasında xx.xx.2022-ci il tarixdə imzalanmış “Qarşılıqlı hesablaşma aktı”ndan görünür ki, tərəflər həmin aktı imzalamaqla Lerik rayon İcra Hakimiyyəti başçısının Noda kənd İnzibati Ərazi nümayəndəliyinin xx.xx.2021-ci il tarixinə olan borcunun məbləğinin 724,55 manat olduğunu təsdiq etmişlər. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Lerik rayon İcra Hakimiyyəti başçısının Noda kənd İnzibati Ərazi nümayəndəliyi arasında bağlanmış 2020-ci il 15 sentyabr tarixli SA-98 nömrəli müqaviləyə əsasən yaranmış 724,55 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Lerik rayon İcra Hakimiyyəti başçısının Noda kənd İnzibati Ərazi nümayəndəliyinə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları belədir ki, iddiaçı tədarük etdiyi ərzaq məhsullarını cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təhvil vermək, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul məbləğini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malı cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alqı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulan alqı-satqı müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Beləliklə məhkəmə müəyyən edir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış alqısatqı müqaviləsindən (əşyaların nisyə satışından) irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini tam icra etdiyini, cavabdehin isə öhdəliyini lazımınca icra etmədiyini iddia edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alqısatqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçının müqavilənin obyekti olan malları cavabdehə təhvil verməsi işin mübahisəsiz hallarını təşkil edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, malların təhvil verilməsinə dair aktlara, cavabdehə aralarında imzalanmış qarşılıqlı hesablaşma aktına, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. İşdə olan “Qarşılıqlı hesablaşma aktı”ndan görünür ki, cavabdeh həmin aktı imzalamaqla iddiaçıya 724,55 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni və üzləşmə aktını, malların təhvil aktılarını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 724,55 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 724,55 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğısatqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində də əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyəcəyi təqdirdə iddiaçıya cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə cavabdeh tərəfindən malların dəyərinin ödənilməməsi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Lerik rayon İcra Hakimiyyəti başçısının Noda kənd İnzibati Ərazi nümayəndəliyinə qarşı pul tələbi əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh Lerik rayon İcra Hakimiyyəti başçısının Noda kənd İnzibati Ərazi nümayəndəliyindən 724,55 manat məbləğində əsas borc, 72,45 manat məbləğində cərimə borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 827 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar