Məhkəmə qərarları › İş №e-2-2(121)-743/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-743/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-743/2024 13.06.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GL488 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X3 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd toxumsəpən 24-lü seriya №1415 saz və işlək vəziyyətdə geri qaytarılması və 772.88 AZN (yeddi yüz yetmiş iki manat səksən səkkiz qəpik) manat gecikdirilmiş əsas borcun, 1286.93 (bir min iki yüz səksən altı manat doxsan üç qəpik) cərimə borcunun və 40.60 manat (qırx manat altmış qəpik ) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “Global Leasinq ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GL488 saylı Lizinq müqaviləsi əsasən ödəniş tapşığına uyğun olaraq 24 (iyirmi dörd) ay müddətinə ödəmə şərti ilə 4088 (dörd min səksən səkkiz) manat kredit məbləğində kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Qeyd olunan avandanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 8240 manat (səkkiz min iki yüz qırx manat) təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasə cavadeh tərəfindən 1840.12 manat (bir min səkkiz yüz qırx manat on iki qəpik) ilkin ödəniş və 40.88 (qırx manat səksən səkkiz qəpik) manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. Nəticədə, xx.xx.2024-cü il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 772.88AZN (yeddi yüz yetmiş ikimanat səksən səkkiz qəpik) gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə 1286.93 (bir min iki yüzsəksən altımanat doxsan üç qəpik) manat cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə, müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanınnda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixində xs1103/24 nömrəli pretenziya məktubu rəsmi qaydada göndərilsə də cavabdeh müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh iddiaçı Global Lizinq ASC qarşısında lizinq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 772.88 AZN (yeddi yüz yetmiş ikimanat səksən səkkiz qəpik ) manat gecikdirilmiş əsas borcu, 1286.93 (bir min iki yüzsəksən altımanat doxsan üç qəpik) gecikdirilmiş günlərə hesablanmış cərimə borcu yaransa da cavabdeh həmin öhdəlikləri icra etməkdən yayınır. Eyni zamanda xx.xx.2024-cü il tarixə cavabdeh 3315.12 manat (üç min üç yüz on beş manat on iki qəpik) manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GL488 nömrəli Lizinq müqaviləsi əsasən ödəniş tapşığına uyğun olaraq 24 ay müddətinə ödəmə şərti ilə 4088 manat kredit məbləğində kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı QSC qarşısında xx.xx.2020-ci il tarixli GL488 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 1286,93 manat cərimə borcu və 772,88 manat əsas borc öhdəliyi vardır. İş materiallarında olan İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh tərəfindən öhdəliklər icra edilməyəcəyi təqdirdə lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Qeyd olunan Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh xx.xx.2020-ci il tarixli GL488 nömrəli lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini ödəməli olmasına, o cümlədən lizinqə verilmiş texnikaların qaytarılmasına dair öhdəliyi olduğundan, lakin cavabdeh müqavilə üzrə vəzifələrini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğinin ödənilməsini və texnikaların geri qaytarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi xx.xx.2020-ci il tarixli GL488 nömrəli lizinq müqaviləsi üzrə əsas borcun tutulması və texnikaların geri qaytarılması hissəsində əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddianın lizinq müqaviləsinə xitam verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, tərəflər arasında bağlanılmış lizinq müqaviləsinin 19.2-ci bəndinə əsasən defolt hallarının baş verməsi zamanı lizinq verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Həmin müqavilənin 19.6.3-cü bəndinə əsasən lizinq alan tərəfindən lizinq ödənişlərinin ən azı 2 (iki) ay ardıcıl olaraq ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi defolt halı hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl müqaviləyə xitam verilməsi tələbini cavabdehə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış lizinq müqaviləsinə xitam verilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, işin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh lizinq müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 1286,93 manat cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 100 manat cərimə borcu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyinə görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GL488 nömrəli lizinq müqaviləsi ləğv edilsin və lizinq predmeti olan 1 ədəd Toxumsəpən 24-lü Seriya № 1415 saz vəziyyətdə iddiaçıya geri qaytarılsın. Cavabdeh 772,88 manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə borcu və ödənilmiş 40,60 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar