Məhkəmə qərarları › İş №e-2-2(121)-749/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-749/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-749/2025 11.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-dən 21786,61 manat əsas borc məbləği, hər gecikdirilmiş gün üçün 0,1 % həcmində olmaqla 6535,98 manat cərimə pulu, əsas borcun gecikdirilməsinə görə illik 5 % hesablanmaqla 1089,33 gecikdirmə faizi olmaqla ümumiliklə 29411,92 manat məbləğin, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 179 manat dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 320 manatın tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh ASC arasında 19 fevral 2024-cü il tarixli, 77AMP/2024 nömrəli Alqı-satqı Müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” hazırki Müqavilənin şərtlərinə uyğun olaraq, elektron mallarını (bundan sonra müqavilədə “Mal” adlandırılacaq) Alıcının mülkiyyətinə verməyi, “Alıcı” isə həmin malı qəbul etməyi və malın dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan “X4”da göstərilir. Müqavilənin 3.2.1-ci bəndində qeyd olunmuşdur ki, “Alıcı” malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. Tərəflər arasında imzalanmış “X2” və “Təhvil-Təslim Aktı”na əsasən mallar “Satıcı” tərəfindən “Alıcı”ya təhvil verilmiş və “Alıcı” tərəfindən aşağıda qeyd edilən məbləğ ödənilməmişdir: 1 ) xx.xx.2024 tarixli, EBDZ seriyalı, 706557 nömrəli seriyalı elektron qaimə faktura üzrə 21786,61 manat. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, 21786,61 manat dəyərində əsas borc məbləği “Alıcı” tərəfindən “Satıcı”ya bu günədək ödənilməmiş və “Alıcı” tərəfindən tərəflər arasında imzalanmış müqavilə üzrə öhdəliklər pozulmuşdur. Müqavilənin 6.5-ci bəndinə görə ödəniş hər gecikdirilmiş gün 0,1 % həcmində cərimə ödəməyi Alıcı öhdəsinə götürür. Cavabdehə xx.xx.2024-cü il tarixində pretenziya məktubu göndərilsə də cavabdeh pretenziya məktubunun ona çatdığı gündən 10 (on) iş günü ərzində öhdəliyini tam icra etməmişdir. Beləliklə, "xxxx" ASC-nin İddiaçı MMC-yə 21786,61 manat əsas borc məbləği, hər gecikdirilmiş gün üçün 0,1 % həcmində olmaqla 6535,98 manat cərimə pulu, əsas borcun gecikdirilməsinə görə illik 5 % hesablanmaqla 1089,33 gecikdirmə faizi olmaqla ümumiliklə 29411,92 manat borc məbləği yaranmışdır.

Tərəflərin izahatları:

3. Əvvəlki məhkəmə iclasında iclasında iştirak edən İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

7. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Qeyd olunanlara əsasən məhkəmə işə iddiaçının cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

9. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

10. İddiaçı MMC - “Satıcı” ilə Cavabdeh ASC - “Alıcı” arasında bağlanmış xx.xx.2024cü il tarixli, 77 AMP/2024 nömrəli alqı-satqı müqaviləsinin: -1.1-ci yarımbəndinə əsasən, Müqavilə “Satıcı” ilə “Alıcı” arasında, atipik-çərçivə alqı-satqı müqaviləsi olmaqla. “Alıcı”nın müqavilə müddətinin istənilən zaman kəsiyindəki sifarişi əsasında “Satıcı”nın satılanın sahiblik və mülkiyyətini “Alıcı”ya ötürməyi “Alıcı”nın isə bunun qarşılığında pul ödəməyi öhdəsinə götürdüyü münasibətləri tənzimləyir. -2.1-ci yarımbəndinə əsasən, Malın qiyməti X1 və ya “Satıcı”nın qiymət siyahısı (price list) ilə müəyyən edilir və o həmişə müəyyən miqdar puldur. - 3.1.1-ci yarımbəndinə əsasən, satılanı “Alıcı”nın sahibliyinə və mülkiyyətinə ötürmək öhdəliyi- “Satıcı” sifarişin icrası vaxtında və yerində malları “Alıcı”ya təhvil üçün hazır hala gətirməlidir. Mallar “Alıcı”ya təhvil üçün hazır hala gətirildikdə “Satıcı” öhdəliyini icra etmiş sayılır. -3.2.1-ci yarımbəndinə əsasən, “Alıcı”müqavilədə müəyyən olunmuş qaydada malın qiymətini ödəməlidir. Bu öhdəlik “Alıcı”nın əsas öhdəliyidir. -4.2-ci yarımbəndinə əsasən, “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə hesabfakturanı və ya elektron qannə-fakturanı və (tərtib olunubsa) təhvil-təslim aktını da “Alıcı”ya təqdim etməlidir. -4.3-cü yarımbəndinə əsasən, Malın təhvil verilməsi hesab-faktura/elektron qaimə-faktura və (tərtib olunubsa) təhvil-təslim aktı ilə həyata keçirilir. Həmin sənədlərdən “birinə “Alıcı” (təmsilçisi) tərəfindən imza çəkildikdə və ya elektron qaiməfaktura təsdiq edildikdə (həmçinin elektron informasiya sistemi vasitəsi ilə avtomatlaşdırılmış qaydada təsdiq olunduqda) mal təhvil verilmiş hesab edilir. -6.5-ci yarımbəndinə əsasən, Müqavilə üzrə razılaşdırılmış ödəniş nəzərədə tutulan müddət ərzində “Alıcı”tərəfindən ödənilmədiyi halda “Satıcı” hər gecikdirilmiş gün üçün 0.1% miqdarında cərimə tələb elmək hüququna malikdir.

11. İş materiallarında olan 706557 nömrəli, xx.xx.2024-cü il tarixli (32318,43 manat),102094 nömrəli, xx.xx.2024-cü il tarixli (1911,6 manat),102092 nömrəli, xx.xx.2024-cü il tarixli (566,4 manat) və 102092 nömrəli, xx.xx.2024-cü il tarixli (745,76 manat), “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaiməfakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 35542,19 manat məbləğində malları təqdim edilmişdir.

12. İş materiallarında olan İddiaçı və Cavabdeh ASC tərəfindən təsdiqlənmiş AE094- 24 nömrəli xx.xx.2024-cü il tarixli və AE119-24 nömrəli xx.xx.2024-cü il tarixli “Təhvil- Təslim aktlar”ından görünür ki, həmin akta sadalanan mallar məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

13. İş materiallarında olan 77 AMP/2024 nömrəli alqı-satqı müqaviləsinə əlavə 1-də qeyd edilən xx.xx.2024-cü il tarixli “X1”ndan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 35106,06 (ƏDV daxil) manat məbləğində inşaat materialları bu Protokol imzalandığı tarixdən etibarən 5 iş günü ərzində verilməli, malların dəyərinin 30%-i təhvildən öncə avans olaraq satıcı tərəfindən təqdim olunmuş hesab-faktura əsasında köçürmə yolu ilə nağdsız hesablaşma qaydasında satıcının müvafiq bank hesabına ödənilməlidir.

14. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 8925,27 manat və xx.xx.2024-cü il tarixdə 2732 manat məbləğində ödənişlər edilmişdir.

15. İş materiallarında olan Maliyyə Arayışından görünür ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 77 AMP/2024 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ASC-nin həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixə 21786,61 manat əsas borc, 6535,98 manat cərimə və əsas borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla gecikdirmə faizi 1089,33 manat təşkil edir.

16. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış 16 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh ASC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 10 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh ASC məlumatlandırılmışdır.

17. “X3 Haqqında” xx.xx.2024-cü il tarixli, EM-1937VK-18401/24 №-li Müqavilədən və qəbzdən görünür ki, iddiaçı hüquqi yardımla bağlı Vəkil 320 manat ödəniş etmişdir.

18. **********82 nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 179 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarındakı mövqeyinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

22. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

24. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh ASC arasında etibarlı şəkildə bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi İddiaçı MMC hazırki iş üzrə cavabdeh ilə aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, müqavilənin predmeti olan malları Cavabdeh ASC-nin mülkiyyətinə verməyi Cavabdeh ASC isə həmin malı qəbul etməyi və malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

25. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

26. Bundan başqa, iş materiallarında olan alqı-satqı müqaviləsi, elektron qaimələr, təhvil-təslim aktları, X1 və Maliyyə Arayışından cavabdehin iddiaçıya olan borcunun və digər sənədlərdən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən alqı-satqı müqaviləsi üzrə Cavabdeh ASC-yə təhvil verilmiş mallara görə cavabdehə olan əsas borcu 21786,61 manat təşkil edir.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir.

28. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermiş, lakin cavabdeh aldığı malların dəyərini tam olaraq ödədiyini təsdiq edən mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası əsas borca münasibətdə qanuni və əsaslıdır.

29. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.5-ci bəndinə əsasən, cavabdeh müqavilədə göstərilən müddətdə ödənilməsi gecikdirildikdə hər gecikdirilmiş gün üçün 0.1% miqdarında cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh ASC tərəfindən öhdəlik götürdüyü müddətdə ödənişin və ya taranın geri qaytarılması gecikdirildiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.

30. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.

31. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 6535,98 manat məbləğində cərimənin tutulması hissəsində mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 800 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.

32. Məhkəmə, həmçinin iddianın “əsas borcun gecikdirilməsinə görə illik 5 faiz olmaqla hesablanmış 1089,33 manat məbləğində faiz borcunun ödənilməsi” hissəsində də hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır.

33. Belə ki, məhkəmə Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı mövqeyinə əsaslanaraq qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərildiyindən və cavabdeh həmin tarixdən sonra 5 ay ərzində, iddia ərizəsi məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixədək iddiaçıya olan pul borcunun ödənilməsini gecikdirdiyindən, o, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bu baxımdan, 21786,61 manat məbləğində əsas borcun bir illik faiz məbləği 1089,33 manat (21786,61/100x5=1089,33), 1089,33 manat məbləğin 5 ay üçün faiz məbləği isə 453,88 manat (1089,33/12x5 ay=453,88) təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli və cavabdehdən illik beş faizlə hesablanmış 453,88 manat gecikdirmə faizi tutuaraq iddiaçıya verilməlidir.

Məhkəmə xərcləri:

34. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 159,12 manatı cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 19,88 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

35. Məhkəmə, iddiaçının hüquqi yardımla bağlı ödədiyi 320 manat xərci ağlabatan hesab edərək qeyd edir ki, həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən 21786,61 manat əsas borc, 800 manat cərimə və illik beş faizlə hesablanmış 453,88 manat gecikdirmə faizi olmaqla cəmi 23040,49 (iyirmi üç min qırx manat, qırx doqquz qəpik) manat borc, vəkilə hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumuna görə 159,12 (bir yüz əlli doqquz manat, on iki qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Ödənilmiş qalan 19,88 (on doqquz manat, səksən səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar