Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-75/2023 11.04.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi və s. tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1.487,62 manat məbləğində borcun və ilkin mediasiya sessiyasında ödənilən 60 manatın (34,87 manat dövlət rüsumu aid etməklə) cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 mart 2017-ci il 24 nömrəli alğı-satqı müqaviləsinə əsasən Kürdəmir rayonu Ərəbqubalı kəndi ərazisində yerləşən 15.00 sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 9180.28 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 849.00 manat məbləğində çiyid, 640.00 manat məbləğində azot, 361.28 manat məbləğində dərman, 450.00 manat məbləğində dərman çiləmə, 180.00 manat məbləğində səpin, 510.00 manat məbləğində kultivasiya, 600.00 manat məbləğində 1- ci yığım, 810.00 manat məbləğində 2-ci yığım, 4780.00 manat məbləğində avans olaraq verilən nağd vəsait nəzərə alınmaqla, ümumilikdə 9180.28 manat avans verilmiş, işlər görülmüş, xidmət göstərilmişdir. Lakin, “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsum başa çatsa da 7692.66 manat məbləğində xam-pambıq təhvil vermiş, bununla iddiaçıya 1487.62 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, ödəmə tapşırıqları, mühasibat arayışı və digər sənədlər ilə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı”ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdeh iddiaya dair etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 24 nömrəli alqı-satqı müqaviləsi üzrə Kürdəmir rayonunun Ərəbqubalı kəndində yerləşən 15 ha torpaq sahəsində pambıq məhsulu yetişdirərək iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Lakin iddia ərizəsi ilə tanış olarkən iddia ərizəsində göstərilən halların həqiqətə uyğun olmadığını görmüşdür. Belə ki, o, etirazında ona artıq pul hesablandığını, lakin ərizədə göstərilən məbləğ istisna olmaqla bəzi sənədlərə imza etdiyini qeyd etmişdir. İddiaçı təşkilat onun imzasını saxtalaşdıraraq ona artıq pul hesablamışdır. İmza etdiyi sənədə görə onun heç bir borcu yoxdur. Etirazını təsdiq etmək üçün xətt nümunələrinin götürülüb xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. O da qeyd olunur ki, iddiaçı təşkilat əkin sahəsi üçün pulu ona çöldən çölə vermişdir. Göstərilənləri nəzərə alıb iddia ərizəsinin rədd edilməsi və xəttşünaslıq ekspertizasının təyin edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını və iddia müddətinin tətbiqi barədə ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 mart 2017-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC-nin Kürdəmir filialı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan və ya icarəyə götürdüyü 15 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “Filiala” təhvil verməyi, “Filial” isə “Fermerin” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan sənədlərdən (aktlar, kassa məxaric orderi, qaimə faktura) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh işlərin görülməsi üçün 9.180,28 manat məbləğində avans ayrılmış, xidmətlər göstərilmişdir. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 21 avqust 2019-cu il tarixli, 01/710 saylı pretenziya məktubundan görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 27 mart 2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh məxsus 15 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar işlərin görülməsi nəticəsində yaranan borcun ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə borcun ödənilməsi tələbi ilə qanuna müvafiq tədbirlər görülməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-524/2020 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh iddiaçının xeyrinə 1.487,62 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə mülki iş baxılmamış saxlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MT-00145 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan 27 yanvar 2023-cü il tarixli iddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, cavabdeh İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh (istehsalçı) arasında bağlanmış 27 mart 2017-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ özünəməxsus olan və ya icarəyə götürdüyü 15 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən Cavabdeh işlərin görülməsi üçün 9.180,28 manat məbləğində vəsait xərclənmişdir. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, ümumi öhdəlikdən cəmi 7.692,66 manat ödəniş etməklə, ümumilikdə 1.487,62 manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 27 mart 2017-ci il tarixli müqavilə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə sadalanan xüsusatlara əsasən hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan avans almaq və iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda torpaq sahəsində pambıq əkmək və hər hektardan məhsul əldə etməklə pambıq istehsal edib iddiaçıya satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış 27 mart 2017-ci il tarixli müqaviləyə əsasən 1.487,62 manat borcun olduğu iş materialları ilə tam sübuta yetirilir. Cavabdeh tərəfindən qeyd olunan borcun tam və ya qismən ödənilməsi və iddiaçı tərəfindən işlərin görülməsini təkzib edən hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 1.487,62 manat borcun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən cavabdehin etirazında qeyd etdiyi halların araşdırılması məqsədi ilə aktlar, müqavilə və digər zəruri sənədlər tələb olunmuş, iddiaçı tərəfindən sənədlər məhkəməyə təqdim olunsa da, cavabdeh məhkəmənin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində keçirilən hazırlıq iclaslarında, o cümlədən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində keçirilən məhkəmənin baxış iclaslarında iştirak etməmişdir. Məhkəmə cavabdehin etirazında qeyd etdiyi dəlilləri əsassız hesab edir. Belə ki, 27 mart 2017-ci il tarixli müqavilə, aktlar, kassa məxaric orderləri və qaimə fakturalar onun tərəfindən imzalanmış, mübahisəli sənədlərdəki imzanın onun tərəfindən icra edilməsinin müəyyən edilməsi üçün sərbəst imza və xətt nümunələri verilməsi üçün o, məhkəmə iclaslarına gəlməmiş, ümumiyyətlə iddia tələbini təkzib edə biləcək heç bir tutarlı sübut və dəlil təqdim etməmişdir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Məhkəmə eyni zamanda mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı hazırki tələbə uyğun, yəni 1.487,62 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixində keçirilən iclasında həm iddiaçının nümayəndəsi, həm də cavabdeh iştirak etmişdir. Həmin iclasda iddiaçının nümayəndəsi izahat verərək cavabdehlə razılığa gəldiklərini, mübahisəni məhkəmədən kənar həll etdiklərini bildirərək iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Nəticədə Kürdəmir Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(041)-524/2020 saylı qərardadı ilə sözügedən mülki iş baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Yuxarıda qeyd olunan normadan göründüyü kimi iddia müddətinin axımının kəsilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1). müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi; 2). borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Məhkəmə qeyd edir ki, iddia müddətinin axımının kəsilməsi dedikdə müddətin kəsilməsinə səbəb olmuş hallar baş verənədək ötmüş zaman kəsiyi hesaba alınmır və müddət yenidən axmağa başlayır. İddia müddətinin axımının kəsilməsi iddiaçının və ya cavabdehin iradəvi xarakterli hərəkətləri ilə (iddia irəli sürülməsi, borclunun borcu etiraf etməsi) bağlı olur. Eyni zamanda, qeyd olunmalıdır ki, Azərbaycan Respublikasl Mülki Məcəlləsinin 374.2-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımının kəsilməsi əsasları imperativ xarakter daşıyır və genişləndirici qaydada təfsir edilə bilməz. Müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi dedikdə, maddi və prosessual hüquq normaları ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi başa düşülür. Yəni, iddiaçı iddianın verilməsi ilə bağlı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl etməlidir. Belə olduğu təqdirdə iddia müəyyənləşdirilmiş qaydada irəli sürülmüş hesab ediləcəkdir. Əgər iddia ərizəsinin qəbulundan imtina edildikdə və ya geri qaytarıldıqda o zaman Mülki Məcəllənin 381-ci maddəsində göstərilən nəticələr baş verəcəkdir. İşdən göründüyü kimi İddiaçı iddiası müəyyənləşdirilmiş qaydada irəli sürülmüş, iddia ərizəsi Kürdəmir Rayon Məhkəməsi tərəfindən imtina olunmamış və ya geri qaytarılmamışdır. Sözügedən ərizə icraata götürülərək sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir. Bundan əlavə, Kürdəmir Rayon Məhkəməsində keçirilən iclasda iştirak edən Cavabdeh iddia tələbinin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə qanunvericiliyin normalarına əsasən hesab edir ki, iddia müddətinin axımı 18 iyun 2020-ci il tarixində kəsilmiş və ötmüş zaman kəsiyi hesaba alınmamaqla iddia müddəti yenidən axmağa başlamışdır. Sonradan, yəni 24 oktyabr 2022-ci il tarixində İddiaçı Cavabdeh qarşı 1.487,62 manat məbləğində borcun və 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia, iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Məhkəmə, iddia tələbinin “60 manat məbləğində mediasiya xərcinin tutulması barədə” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, qeyd olunan qanunvericilik aktı normasına əsasən hesab edir ki, iddia tələbi bu hissədə təmin edilərək cavabdehdən 60 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 34,87 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.487,62 manat əsas borc və 60 manat mediasiya xərci olmaqla, ümumilikdə 1.547,62 (bir min beş yüz qırx yeddi manat, altmış iki qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. 34,87 (otuz dörd manat səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-75/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-75/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver