Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-76/2024 18.01.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Niftiyev Vüsal Nəbi oğlunun katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı – cavabdehdən 4.422,75 manat, 500 manat zərər, vəkilə xidmət haqqı olaraq ödənilmiş 560 manat pulu və ümumilikdə 5.292,75 manat pulun, iş üzrə ödənilmiş 65 manat mediasiya xərcinin, 35 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC xx.xx.1996-cı il tarixdən kənd təsərrüfatı sahəsində dərman pereparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəyaliyyəti ilə məşğul olur. İddiaçı QSC kənd təsərrüfatı sahəsində istifadə olunan dərman pereparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. İddiaçı 2021-ci ilin mart ayından may ayınadək müxtəlif vaxtlarda cavabdehə kənd təsərrüfatı üçün lazım olan dərman pereparatlarını satmışdır. Cavabdehə ümumilikdə 6.322,74 manat dəyərində məhsul vermişdir. Həmin məbləğdən cavabdehə cəmi 1.899,99 manat ödəmiş və 4.422,75 manat borclu qalmışdır. Dəfələrlə cavabdehə iddiaçıya olan 4.422,75 manat borcun ödənilməsi bildirilsə də, cavabdeh bu günə qədər iddiaçıya olan borcunu ödəməmişdir. Borcun ödənilməsi ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən iddiaçı tərəfindən Lənkəran 1 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. Mediasiya ilkin iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, cavabdeh mediasiya iclasında iştirak etməmiş və mediator X2 tərəfindən xx.xx.2023-cü il tarixli İlkin mediasiya iclasında iştirak edilməməsi barədə MŞL/MT014/2023-00384 saylı arayış təqdim edilmişdir. Mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən 65 manat haqq ödənilmişdir. İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunan sənədlərdən görünür ki, İddiaçı QSC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 1/21-058AZ saylı, xx.xx.2021-ci il tarixli “Bitki mühafizə vasitələrinin satışına dair” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, bu müqavilənin şərtlərinə əsasən satıcı müqavilənin əlavəsi hesab edilən və alıcı tərəfindən rəsmiləşdirilən 1 saylı əlavədə göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırdıqdan sonra təhvil alıb dəyərini müvafiq əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan EBAZ seriyalı, 484035 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə 136 manat məbləğində mal(lar) təqdim edilmişdir. İş materiallarında olan EBAZ seriyalı, 484804 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə 867 manat məbləğində mal(lar) təqdim edilmişdir. İş materiallarında olan EBBB seriyalı, 683477 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə 1.139,32 manat məbləğində mal(lar) təqdim edilmişdir. İş materiallarında olan EBBB seriyalı, 683481 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə 4.180,42 manat məbləğində mal(lar) təqdim edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərmişdir. Beləliklə, işin materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə malların satılmasını öz üzərinə götürmüş, cavabdeh isə malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik yerinə yetirilməmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqavilə(lər)si bağlanmış, cavabdeh isə müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. İddia bu hissədə həmçinin ona görə təmin edilməlidir ki, Cavabdeh MMC xx.xx.2023-cü il tarixində “müəssisənin müflis edilməsi ilə bağlı” ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin müflis elan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Müəssisənin əsas fəaliyyət istiqaməti kənd təsərüffatı məhsullarının istehsalı olmuşdur. Fəaliyyəti dövranda ölkə iqtisadiyyatına öz töhvəsini verən Cəmiyyət dünyada baş almış “Koronovirus” pandemiyası dövründə iqtisadi təzyiqlərə tab gətirə bilməmişdir. “Koronavirus (COVİD-19) pandemiyasımn və bundan irəli gələrək bazarlarda baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə açıq aydın mənfi təsiri olmuşdur. Cəmiyyətin biznes əlaqələri olduğu müəssisələrinin gəlirləri kəskin azaldığı üçün "xxxx" MMC-dən aldıqları məhsulların dəyərini ödəyə bilməmişdirlər. Bundan əlavə hava şəraitində baş vermiş iqlim dəyişiklikləri əkilmiş məhsulun proqnozlaşdırıldığı kimi becərtmək imkanın məhdudlaşdırmışdır. Bununla bağlı olaraq "xxxx" MMC-nin gəlirləri kəskin azalmışdır. Müəssisə kreditorlar qarşısında öz öhdəliklərini icra edə bilmir. Belə ki, müəssisənin halhazırda "xxxx" ASC-nin (hüquqi ünvan: AZ 1005, Yusif Məmmədəliyev küçəsi, 13, Bakı şəhəri, Azərbaycan) qarşısında 47.698,04 manat və "xxxx" MMC-nin qarşısında 7.445 manat, İddiaçı QSC-nin qarşısında 4.422,75 qəpik olmaqla ümumilikdə 59.565,79 manat ödənilməmiş öhdəliyi vardır. Bundan əlavə fiziki şəxs X1 (ünvan: Masallı rayonu Qasımlı kəndi) Cavabdeh MMC qarşısında 50.000 manat məbləğində ödənilməmiş öhdəliyi vardır. Müəssisə müflis vəziyyətdə olduğu üçün bu öhdəlikləri icra etmək iqtidarında dedidir. Ona görə də Cavabdeh MMC-nin məhkəmə qərarı əsasında müflis elan edilməsi zərurəti yaranmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(121)-2517/2023 saylı qərardadıilə ərizəçi Cavabdeh MMC-nin müəssisənin müflis elan edilməsinə dair ərizəsinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə iddianın “500 manat məbləğində zərərin alınması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “vəkilə xidmət haqqı olaraq ödənilmiş 560 xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hüquqi yardımla bağlı 560 manat məbləğində pul vəsaiti ödəməsini təsdiq edən sənədi məhkəməyə təqdim etmədiyindən və məhkəmə araşdırılması zamanı iddiaçının belə bir xərcinin çıxması müəyyən edilmədiyindən, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin iddianın 65 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəmişdir. Odur ki, mediasiya xərci də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli olduğundan, bu hissədə də qismən təmin edilərək cavabdeh(lər)dən 60 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın dövlət rüsumunun tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia bu hissədə qismən təmin edilməklə məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, həmçinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən qismən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 72,92 manat dövlət rüsumunun 30 manatı (belə ki, iddiaçı tərəfindən 35 manat deyil, 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir) cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməli, 40 manatı isəcavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 4422,75 manat məbləğində əsas borc, 60 manat məbləğində mediasiya xərci və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 40 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-76/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-76/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver