Məhkəmə qərarları › İş №e-2-2(121)-78/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-78/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-78/2023 16.01.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı – borc tələbi barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı – 96381,95 manat məbləğində əsas borcun, 407 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 20191015/ATL/015 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra müxtəlif tarixlərdə cavabdeh tərəfindən sifarişlər olunmuş və iddiaçı tərəfindən mallar satış məqsədi ilə cavabdehə elektron vergi hesab-faktura əsasında təhvil verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış “xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri aralıqlarında alqısatqı əsasında qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktı”na əsasən, cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixinə 100488,35 manat borcu yaranmışdır. Daha sonra cavabdeh tərəfindən ödənişlər olmuş və bu günə qalıq borcu 96381,95 manat təşkil edir. Müqavilənin 3.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər Əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəniləcək cəmi məbləğin 100%-i əvvəlcədən ödəniş (avans) şəklində, müqavilə və ya onun əlavələri imzalandıqdan sonra 15 gün ərzində köçürmə yolu ilə “satıcı”nın hesabına ödənilməlidir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir. Mallar təhvil verildiyi andan etibarən cavabdehin iddiaçı qarşısında borcu yaranmışdır. Lakin həmin borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Bundan başqa, müqavilənin 3.2-ci maddəsində qeyd olunmuşdur ki, bu müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində “satıcı”ya əvvəlcədən ödənişin (avans) gecikdirilməsi halında, həmin müddət bitdikdən sonra cəmi məbləğin 100%-i ödənilənədək “alıcı” “satıcı”ya hər gecikdirilən gün üçün cəmi məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. Müqavilə şərtlərini pozduğuna görə cavabdehin iddiaçıya ödəməli olduğu pul məbləği 96381,95 manatdır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunun tələbinə uğyun olaraq, ilkin mediasiya sessiyasında iştirak etmək üçün mediasiya şurasına müraciət olunmuşdur. Bununla bağlı mediator tərəfindən MŞB/2-01591 saylı xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim edilmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 73409,47 manat əsas borcun, 362450,91 manat cərimənin, 407 manat mediasiya xərcinin, 319 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qismən müdafiə edərək, cavabdeh tərəfindən əsas borcdan ödəniş olunduğu, hal-hazırda cavabdehin 55262,75 manat əsas borcu və 362450,91 manat cərimə borcunun qaldığını bildirdi. Buna görə də, iddianın qismən təmin edilərək, 55262,75 manat əsas borcun, 362450,91 manat cərimənin, 407 manat mediasiya xərcinin, 319 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qismən, yəni 55262,75 manat əsas borc hissəsində qəbul etdiyini, iddianın qalan hissəsinə etiraz etdiyini bildirdi. Buna görə də, məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunan sənədlərdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 20191015/ATL/015 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən müqavilənin predmeti, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavə(lər)də (Qiymət və X1, Sifarişnamə, Təklif, Spesifikasiya, Akt və sair) qeyd olunan əşya(lar)ın (bundan sonra “Mal(lar)”) Satıcı tərəfindən alıcıya satılmasından, Alıcı tərəfindən isə bu Müqavilə və Əlavə(lər) ilə nəzərdə tutulmuş qaydada və məbləğdə Mal(lar)ın dəyərinin Satıcıya ödənilməsindən ibarətdir. Mal(lar)ın alqı-satqısı tərəflər arasında Əlavə(lər)in imzalanması və möhürlənməsi ilə razılaşdırılır və belə Əlavələr Müqavilənin ayrılmaz tərtkib hissəsi hesab edilir. Əlavələrin bu və ya digər adla adlandırılması onların mahiyyətini dəyişmir və hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindikdən sonra tərəflər arasında göstərilən Mallar barədə tam razılaşmanı təşkil edir və bütün əvvəlki müzakirələri, layihələri, sənədləşmələri və razılaşmanı təşkil edir və bütün əvvəlki müzakirələri, layihələri, sənədləşmələri və razılaşmaları əvəz edir və onlara nisbətən üstün hüquqi qüvvəyə malikdirlər. Hər bir Malın adı, miqdarı, ölçüləri, qiyməti və digər texniki göstəriciləri Əlavə ilə müəyyən olunur. İş materiallarına əlavə olunan elektron qaimələrin surətindən görünür ki, iddiaçı tərəfindən EBBL seriyalı, 696819 nömrəli, xx.xx.2021-ci tarixli e-Qaimə ilə 7649,35 manat, EBBL seriyalı, 974784 nömrəli, xx.xx.2021-ci tarixli e-Qaimə ilə 2737,6 manat, EBBL seriyalı, 968965 nömrəli, xx.xx.2021-ci tarixli e-Qaimə ilə 5457,5 manat, EBBM seriyalı, 567162 nömrəli, xx.xx.2021-ci tarixli e-Qaimə ilə 5994,4 manat, EBBM seriyalı, 642891 nömrəli, xx.xx.2021-ci tarixli e-Qaimə ilə 2570,04 manat, EBBM seriyalı, 913883 nömrəli, xx.xx.2021-ci tarixli e-Qaimə ilə 1362,9 manat, EBBN seriyalı, 420851 nömrəli, xx.xx.2021-ci tarixli e-Qaimə ilə 809,95 manat, EBBN seriyalı, 522626 nömrəli, xx.xx.2021-ci tarixli e-Qaimə ilə 24622,82 manat, EBBO seriyalı, 355710 nömrəli, xx.xx.2021-ci tarixli e-Qaimə ilə 5192 manat, EBBO seriyalı, 362192 nömrəli, xx.xx.2021-ci tarixli e-Qaimə ilə 23230,66 manat, EBBP seriyalı, 951568 nömrəli, xx.xx.2022-ci tarixli e-Qaimə ilə 173,32 manat, EBBS seriyalı, 666520 nömrəli, xx.xx.2022-ci tarixli e-Qaimə ilə 3858,6 manat, EBBT seriyalı, 629766 nömrəli, xx.xx.2022-ci tarixli e-Qaimə ilə 852,43 manat, EBBU seriyalı, 743820 nömrəli, xx.xx.2022-ci tarixli e-Qaimə ilə 6056,54 manat, EBBX seriyalı, 747179 nömrəli, xx.xx.2022-ci tarixli e- Qaimə ilə 4106,4 manat, EBBX seriyalı, 918173 nömrəli, xx.xx.2022-ci tarixli e-Qaimə ilə 6230,4 manat, EBCB seriyalı, 370548 nömrəli, xx.xx.2022-ci tarixli e-Qaimə ilə 1102,12 manatlıq mal(lar) cavabdehə göndərilmişdir. İş materiallarında olan üzləşmə aktının surətindən görünür ki, cavabdehin qalıq borcu 100488,35 manat məbləğində təşkil edir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2022-cu il tarixli pretenziya məktubu göndərmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin qeyd edilən müqavilə üzrə 55262,75 manat məbləğində əsas, 362450,991 manat məbləğində cərimə borcu qalmışdır. Beləliklə, işin materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə malların satılmasını öz üzərinə götürmüş, cavabdeh isə malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik yerinə yetirilməmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqavilə(lər)si bağlanmış, cavabdeh isə müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin, iddiaçı tərəfindən sonradan ödəniş edildiyindən, iddia bu hissədə qismən təmin edilərək, 55262,75 manat məbləğində əsas borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia tələbi “əsas borcun tutulması” hissəaində həmçinin ona görə qismən təmin edilməlidir ki, iddia tələbi cavabdehin özü tərəfindən həmin hissələrdə etiraf edilərək, iddia tələbi qeyd edilən hissədə qismən qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, iddia qismən qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 362450,91 manat məbləğində deyil, 36200 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 407 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddia bu hissədə də qismən təmin edilərək cavabdehdən 400 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın 319 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddia bu hissədə də qismən təmin edilməklə 300 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 55262,75 manat məbləğində əsas borc, 36200 manat məbləğində cərimə, 400 manat məbləğində mediyasiya xərci, 300 manat məbləğində dövlət rüsumu, cəmi 92162,75 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar