Məhkəmə qərarları › İş №e-2-2(121)-791/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-791/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-791/2024 23.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “İddiaçı”nın xeyrinə 258.75 manat dəyərində borcun, 20 manat məbləğində mediasiya xərcinin və ödənilmiş 10 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (Hüquqi varisİddiaçıMMC) iləCavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 10 saylı alğı-satqı müqaviləsinə əsasən ünvan 1i ərazisində 2.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 1233.99 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında; 6,92 manat məbləğində şum, 29.41 manat məbləğində ağır diskli mala, 20,76 manat məbləğində çiyid səpini, 28.80 manat məbləğində kultivasiya, 39.20 manat məbləğində gübrəilə kultivasiya, 61,90 manat məbləğində dərman səpini, 167.39 manat məbləğində gübrə/dərman, 210.40 manat məbləğində çiyid, avans verilmiş 668.71 manat məbləğində suvarma, becərmə, əl yığımı cəmi: 1233.99 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 975.24 manat məbləğində 1973.79 kq xam-pambıq təhvil vermiş, bununla da İddiaçıya 258.75 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı”ya olan borcunu tam ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması hər iki tərəfin imzası ilə təsdiq edilən üzləşmə aktı, kassa məxaric orderləri, pambıq qəbulu qəbzi və digər sənədlərlə təsdiq edilir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-791/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs sahibkarlıq subyekti haqqında məlumatdan görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2012-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan P-Aqro” MMC-nin "xxxx" MMC-nin direktoru X4 ilə ünvan 1 sakini Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 10 nömrəli alqi-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünə məxsus olan/icarəyə götürdüyü (torpağa mülkiyyət, istifadə ve ya icarə hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş surəti bu müqaviləyə əlavə olunur) ünvan 1ində yerləşən 2 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə "xxxx" MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə İstehsalçıya ödəməyi öhdəsinə götürür. 2.4-cü bəndinə əsasən, istehsalçı aşağıdakıları öhdəsinə götürür: a. hər hektardan ən azı 22 sentner yüksək keyfiyyətli xam pambıq istehsal edir. b. bu müqavilənin 1-ci bəndində göstərilən sahədə yetişdirdiyi pambığı 30 noyabr 2018-ci il tarixindən gec olmamaq şərti ilə son məhsuladək yığıb yalnız "xxxx" MMC-yə təhvil verir. c. "xxxx" MMC-nin dəstəyi ilə "xxxx" ASC-nin rayon aqroservis bölmələrindən güzəştli şərtlərlə icarəyə götürdüyü kənd təsərrüfatı texnikasının icarə haqqını, nisyə aldığı mineral gübrənin, həmçinin X5 vəsaiti hesabına alınarq ona nisyə verilmiş toxumun dəyərini müəyyən olunmuş müddətlərdə tam şəkildə ödəyir, əks təqdirdə təhvil verdiyi pambığa görə ona ayrılan subsidiyanın həmin borcların ödənilməsinə yönəldilməsini təmin edir; ç. pambıq istehsalı üçün "xxxx" MMC-dən aldığı borcun qaytarılmasına təminat kimi mülkiyyətçisi olduğu torpağı və ya digər daşınmaz əmlakı qanunvericiliklə müəyyən edilmiş qaydada girov qoyur (girov qoyulan əmlakın real bazar qiyməti "xxxx" MMC-nin verdiyi borcun məbləğindən az olmamalıdır) ; e. "xxxx" MMC tərəfindən ona borc kimi verilən vəsaitdən yalnız bu müqavilə üzrə nəzərdə tutulan pambığın istehsalı üçün istifadə edir, xərclərin təyinatı barədə MMC-yə mövsüm ərzində mütəmadi olaraq hesabat verir və MMC-dən aldığı borcu tam həcmdə 1 dekabr 2017-ci il tarixədək ödəyir. İş materiallarında olan “Üzləşmə aktı”ndan görünür ki, həmin aktla Cavabdeh İddiaçı MMC-nə 258,75 manat borcunun olması təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 121710 nömrəli, xx.xx.2017-ci il tarixli 121850 nömrəli və xx.xx.2017-ci il tarixli 121929 nömrəli “pambıq qəbulu” qəbzlərinin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-nə 975,24 manat dəyərində xam-pambıq təhvil vermişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən pambığın becərilməsi ilə bağlı Cavabdeh ödənilmiş 258,75 manat borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun "xxxx" MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı "xxxx" MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “arayış”ın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının hesabına 20 manat vəsait ödəmişdir. Məhkəmə, işin qeyd olunan faktiki hallarına əsasən müəyyən edir ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. Həmin razılığa əsasən iddiaçı cavabdehə ümumilkdə 1233,99 manat avans verməsinə baxmayaraq, bunun müqabilində cavabdehin 975,24 manat dəyərində xam pambıq təhvil verdiyini, qalan 258,75 manat borc məbləğini (ötən illərdən qalan borc məbləği daxil olmaqla) isə qaytarmadığını iddia edir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterini aşkara çıxararaq ona hüquqi qiymət verməyi, bununla da iddia tələbinin maddi hüquqi əsasını müəyyən etməyi zəruri sayır. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı xam pambığın alğısatqısına dair razılığa gəldiklərini nəzərə alaraq pambığın əkilməsi üçün cavabdehə avans olaraq müvafiq xidmətlər göstərmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından, eləcə də işin mübahisə olunmayan faktiki hallarına əsasən gəlinən qənaətdən belə nəticə çıxarmaq olur ki, iddiaçı tərəfindən avans olaraq cavabdehə göstərilmiş xidmətlərin təyinatı alınan əşyanın qabaqcadan qismən ödənilməsindən ibarət olmuşdur. Məhkəmə, şərh olunanları nəzərə alaraq tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır və həmin münasibətlər struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin təyinatı cavabdehin ona məxsus olan sahədən məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Buna görə də məhkəmə hesab edir ki, işin müəyyən edilən faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin alğı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Bu səbəbdən, tərəflər arasında yaranmış hüquq münasibəti, onların müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alğı-satqı müqaviləsi kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olub-olmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında bağlanılmış xam pambığın alğı-satqısına dair müqavilədən irəli gəlir. Həmin razılaşmanın şərtlərinə görə iddiaçı xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması məqsədi ilə cavabdehə xidmətlər göstərilməsi şəklində avans verilməsini öhdəsinə götürmüşdür. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı tərəfindən avans olaraq cavabdehə 1233,99 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmişdir. Cavabdeh isə razılaşma üzrə öz üzərinə düşən öhdəliyi tam yerinə yetriməmiş, cəmi 975,24 manat dəyərində olan 1973,79 kq xam pambıq təhvil vermiş və nəticədə onun iddiaçıya 258,75 manat məbləğində borcu yaranmışdır. Cavabdehin ödənilməmiş avans borcunun qalması işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə qeyd edir ki, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tələb olunan borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə müəyyən olunur ki, iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdeh tərəfindən pozulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, iddianın maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normaları təşkil edir. Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İddiaçının cavabdehə verdiyi avansın qaytarılmasına dair tələbi həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında xam pambığın alğı-satqısına dair konsensual müqavilə bağlanılmışdır. İddiaçı müqavilə üzrə öhdəliyini icra edərək cavabdehə avans olaraq 1034,84 manat dəyərində işlər görmüş, xidmətlər göstərmişdir, lakin cavabdeh razılaşmaya əsasən üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin aldığı avans vəsaitə görə iddiaçıya cəmi 258,75 manat borcu yaranmışdır. Buna görə də həmin borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin iddianın 20 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, Cavabdeh öhdəlik hüquq münasibətlərindən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, eləcə də 20 manat dövlət rüsumu qalığı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddiaçı 30 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənildiyinə görə, iddia tələbi təmin olunduğu üçün qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli 10 nömrəli müqavilə üzrə 258,75 manat məbləğində borc, 20 manat məbləğində ödənilmiş mediasiya xərci və ödənilmiş 10 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 288,75 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 20 manat məbləğində dövlət rüsumu qalığı cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar