Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-795/2025 01.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Balayeva Sevinc Natiq qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X8, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələb:
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərəkəsas borca görə 4331,52 manat, hesablanmış cəriməyə görə 1736,94 manat və ödənilmiş dövlət rüsumuna görə 80,68 manat olmaqla, cəmi 6149,14 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Beyləqan” filialı və cavabdeh arasında bağlanmış 23 *** **** saylı 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 1 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 6826,22 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. Müqavilənin 2.1.4cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 4331,52 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xampambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 1736,94 manat təşkil edir.
Tərəflərin izahatları:
3. İddiaçı MMC-nin nümayəndəsi X10 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi. O, verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdeh tərəfindən təqdim edilmiş aktda qeyd olunan yağan yağışlar nəticəsində cavabdehə məxsus pampıq sahəsinin məhv olması halını fors major hal hesab etmir. Sığorta şirkəti də, sığorta ödənişi etməkdən imtina etmişdir. Həmin sığorta müqaviləsi üç tərəfli olmuş, lakin hadisədən öncə yaxud sonra bağlanması ilə bağlı onda məlumat yoxdur. Göstərilənləri nəzərə alaraq o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən işlər görülsə də, əkdiyi sahədə güclü yağışlar nəticəsində qurunt suları torpağın üzərinə çıxmış, nəticədə isə əkdiyi pambıq sahəsi məhv olmuş, bununla bağlı iddiaçı tərəfindən həmin yerə baxış keçirilib akt tərtib edilmişdir. O, sığorta ödənişi etmişdir. Lakin, sığorta şirkəti sığorta ödənişi etməkdən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
5. İddiaçı “MKT-Beyləqan” filialı ilə (“Alıcı”) və Cavabdeh (“satıcı”) arasında bağlanmış 23 *** **** saylı, xx.xx.2023-cü il tarixli 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair Müqavilənin: - 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti 2023-cü il mövsümü üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərin Alıcı tərəfindən Satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, Satıcı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlükdə Alıcıya təhvil verilib satılması və Alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin Satıcıya ödənilməsindən ibarətdir; -2.1.2-ci bəndinə əsasən, “Satıcı” 1,00 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütövlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam pambığın yığılması və tədarükünə dair təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıq təmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və Alıcıda saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd qiymətlərlə Alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2023-cü il tarixindən gec olmayaraq təhvil verilir; -2.1.4-cü bəndinə əsasən, Satıcının Alıcıdan aldığı avans məbləği (hər hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı Alıcıya təhvil verdiyi xam pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə o halda Satıcı həmin yaranan fərqi ödəməyə borcludur. Avans bu müqavilə üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotxniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərin Alıcı tərəfindən Satıcıya təqdim olunması nəticəsində Satısının Alıcı qarşısında yaranan borc öhdəliyi nəzərdə tutulur; -2.1.5-ci bəndinə əsasən, Satıcı bütün aqrotexniki tədbirlərin tam və vaxtında aparılmasını öhdəsinə götürür; -4.2-ci bəndinə əsasən, Satıcı müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0.1% həcmdə Alıcıya cərimə ödəyir. -5.1-ci bəndinə əsasən, Fors major şəraitində (hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən asılı olmayan ümumi sel, daşqın, zəlzələ) müqaviləyə əsasən götürülən öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün ola bilər. -5.2-ci bəndinə əsasən, Fors major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri fors major şəraitdədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə, fors major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir. -6.5-ci bəndinə əsasən pampıq sahəsinin təbii fəlakətlərdən sığortalanması üzrə məsuliyyət satıcının üzərinə düşür.
6. İddiaçı “MKT-İmişli” filialı ilə X5 arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 23 *** **** saylı, 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqaviləyə əlavə olaraq, tərəflər arasında qiymətlərin razılaşdırma protokolu imzalanmışdır.
7. İş materiallarında olan iş aktları və qaimələr üzrə İddiaçı “MKT-Ağcabədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23 *** **** saylı müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən Cavabdehnın sahəsinə müvafiq xidmətlər göstərilmişdir.
8. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan (2434,50 manat), xidmət aktlarından (1263,46 manat), qaimələrdən (2688,18 manat) və çıxarışdan görünür ki, İddiaçı “MKT-Beyləqan” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23 *** **** saylı müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən Cavabdeh avans olaraq ümumilikdə 6826,22 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, cavabdehin qalıq borc 4331,52 manat təşkil etmişdir.
9. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, İddiaçı tərəfindən 23 *** **** nömrəli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə Cavabdeh 4331,52 manat məbləğində əsas, 1736,94 manat məbləğində cərimə hesablanmışdır.
10. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, akt tərtibatında iştirak edən komisiyya üzvləri: Beyləqan DAİM-in aparıcı məsləhətçisi X2, MKT-İK-MMC-nin Beyləqan filialının istehsalat şöbəsinin müdiri X6 iştirakları ilə həmin aktı tərtib etmişlər ondan ötrü ki, aparılmış araşdırılmadan məlum olmuşdur ki, Beyləqan rayonu, Allahyarlı kənd sakini Cavabdeh 8 hektar sahədə MKT-İK-MMC ilə müqavilə bağlayaraq şirkətin nümayəndələrinin iştriakı ilə əraziyə baxış keçirilmiş və pambıq səpini aparılmışdır. Bundan 7 hektarı Allahyarlı Bələdiyyəsindən icarəyə götürdüyü torpaq sahəsində 1.0 hektarı isə mülkiyyətində olan torpaq sahəsində əkilmişdir. Bütün aqrotexniki qaydalara əməl olunmasına baxmayaraq 1.0 hektarda normal bitiş alınmış 7 hektarda isə bitiş alınmamışdır. May ayının 3-də və 14-də yağan güclü yağışlar nəticəsində qurunt suları torpağın üzərinə çıxmış və sahəyə səpilmiş çiyid toxumalarını və cücərtiləri məhv etmişdir. Sahədə qurunt suları çəkilmədiyindən yenidən həmin sahədə təkrar çiyid səpini aparılması məqsədə uyğun deyildir. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər.
11. İş materiallarında olan Aqrar Sığorta Fondunun “sığorta ödənişinin verilməsindən imtina edilməsi haqqında” sənədin surətindən görünür ki, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə BS-**********-AS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanan pambıq sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Fond tərəfindən siğorta ödənişlərinin verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılır ki, hadisə barədə məlumat verildikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabineti 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli qərarı ilə təsdiq edilmiş, “Aqrar Sığorta qaydaları”nın (bundan sonra-qaydalar) 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün idarəedici qrum tərəfindən müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən tərtib edilmiş rəyə əsasən zərər dəymiş əraziyə baxış keçirilmiş. Cavabdeh məxsus sahələr Sığorta təminatı verilən risklər üzrə zərər dəyməsi müəyyən edilməmişdir. Qaydaların 1.5.1-ci yarımbəndinə əsasən sığorta müqaviləsinə görə Fond tərəfindən Sığorta ödənişinin birbaşa sığorta ilə və ya digər faydalanan şəxslə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsi qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbarı sığorta qanunlarına və ya sığorta şəhadətnaməsinin sığorta risklərin bölməsinə əsasən sığorta hadisəsi hesab edilməməsi hallarında sığorta ödənişinin verilməsindən imtina edilir. Qaydalarının 1.22.1-ci yarımbəndinin 1-ci abzasına əsasən baş vermiş hadisə sığorta müqaviləsinə və bu qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə fond sığorta ödənişinin verilməsindən imtina edə bilər. Yuxarda qeyd olunanlara əsasən, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə BS- **********-AS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanan pambıq sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Fond tərəfindən siğorta ödənişlərinin verilməsindən imtina edilmişdir.
12. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC-nin “MKT-Ağcabədi” filialı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə X4 xəbərdarlıq edilmişdir.
13. **********28 nömrəli qəbzən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 80,68 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. -404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 556.1-ci maddəsinə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 15.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
16. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
c) Məhkəmənin mövqeyi:
17. Məhkəmə iş üzrə tərəfləri dinləyib, toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir.
18. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı “MKT-Beyləqan” filialı ilə (müqavilədə “Alıcı”) və Cavabdeh arasında bağlanmış 23 *** **** saylı, xx.xx.2023-cü il tarixli 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərin Alıcı tərəfindən cavabdehə təqdim etməyi, cavabdeh isə, 1,0 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür.
19. Məhkəmə qeyd edir ki, tələb olunan pul məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür
20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 6826,22 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməsi mümkün olmamış, nəticədə onun iddiaçıya müqavilə üzrə cəmi 4331,52 manat əsas borcu qalmışdır.
21. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddianın faktiki hüquqi əsasını cavabdehin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi, cavabdehin şifahi etirazının əsasını isə öhdəliklərinin icra edilməməsinin tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəlməsi təşkil edir.
22. Məhkəmə qeyd edir ki, cavabdehin etirazının qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 556.1-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Maddənin məzmunundan göründüyü kimi qanunverici icranın mümkün olmaması əsası ilə öhdəliyə xitam verilməsi üçün iki əsas şərt müəyyən etmişdir. Birincisi, öhdəliyin icrası mümkünsüz olmalıdır və ikincisi, icra edilmənin mümkünsüzlüyü tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəlməlidir.
23. Məhkəmə, öhdəlik hüququnun yuxarıda sadalanan normalarının tələblərinin ümumi təfsirini apararaq qeyd edir ki, mülki hüquqda öhdəlik hüquq münasibətləri üzrə borclunun mülki məsuliyyətinin yaranması üçün ilk növbədə onun təqsirliliyinin müəyyən edilməsi zəruri şərtdir. Borclunun risk dairəsinə daxil olan öhdəliklərin dairəsini müəyyən edərkən nəzərə alınmalıdır ki, həmin risklər borclunun sərbəst iradəsi və aydın şüuru ilə əhatə oluna və idarə oluna bilən hallarla əlaqəli olmalıdır. Təxmin edilə bilən, nəticəsi ciddi ehtimallara əsasən proqnozlaşdırıla bilən və ya ümumən şəxsin subyektiv qiymətləndirməsinə tabe ola bilən hallar heç bir halda borclunun cavabdeh olmadığı hallar kimi şərh edilə bilməz.
24. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, cavabdehə məxsus pambıq sahəsi yağan güclü yağışlar nəticəsində qurunt suları torpağın üzərinə çıxmış və sahəyə səpilmiş çiyid toxumalarını və cücərtiləri məhv etmiş, bu isə, cavabdehin iddiaçı qarşısında öhdəliklərinin icrasını ondan asılı olmayan səbəblərdən qeyri-mümkün etmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı cavabehdən sonuncu ilə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin icrasını tələb etməkdə haqlı olmamışdır.
25. Məhkəmə, həmçinin qeyd edir ki, hava şəraitinin kəskin pisləşməsi nəticəsində güclü yağış yağması və ya dolunun düşməsi fövqəladə təbiət hadisəsi kimi qiymətləndirilməlidir. Bu xüsusiyyətlərinə görə həmin hadisələr hüquqi mənada qarşısıalınmaz qüvvə kimi xarakterizə edilir. Belə hadisənin baş verməsi isə borclunun öz öhdəliyini icra etməsini mümkünsüz edir. Bu hal, yəni icranın mümkünsüzlüyü isə mülki qanunvericilikdə (MM 556. Maddə) öhdəliyin xitamının əsaslarından biri kimi, həmçinin tərəflər arasında bağlanmış müqavilənin 5-ci bəndində fors major hal olaraq nəzərdə tutulmuşdur.
26. Məhkəmə, iddiaçının nümayəndəsinin Aqrar Sığorta Fondunun sığorta ödənişindən imtinasına istinad edərək, xx.xx.2023-cü il tarixli aktda əks olunan hadisəni fors-major hal hesab etməməsi ilə bağlı dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə tərəflərin hüquq və vəzifələri, həmçinin tərəflərin həmin müqavilədən irəli gələn öhdəliklərindən azad edilməsi halları və öhdəliyin icrasını qeyri-mümkün edən hallar nəzərdə tutulmuşdur. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilənin 6.5-ci bəndinə müvafiq olaraq pampıq sahəsinin təbii fəlakətlərdən sığortalanması üzrə məsuliyyətindən irəli gələn lazımi addımları atmışdır. Lakin, Aqrar Sığorta Fondunun sığorta ödənişindən imtina etmiş və imtinanı Cavabdeh məxsus sahədə Sığorta təminatı verilən risklər üzrə zərər dəyməsinin müəyyən edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Sığortaçı ilə sığortalı və faydalanan şəxs arasında arasında bağlanmış müqavilə həmin müqavilənin tərəfləri üçün hüquq və vəzifələr müəyyən edir. Sığorta müqaviləsi üzrə Sığortaçının baş vermiş hadisəni sığorta hadisəsi kimi qiymətləndirməsi və yaxud belə hadisə kimi qiymətləndirməməsi müvafiq sığorta müqaviləsinin şərtlərindən asılıdır. Belə olan halda, iddiaçı tərəfin özünün işçilərinin iştirakı ilə tərtib edilmiş aktda əks olunan faktı nəzərə almadan, “sığorta ödənişindən imtina”nı əsas götürməsi cavabdeh ilə aralarında bağlanmış müqavilənin şərtləri ilə uzlaşmır.
27. Bundan başqa, müqavilənin 6.5-ci bəndində pampıq sahəsinin təbii fəlakətlərdən sığortalanması üzrə məsuliyyətin “Satıcı”nın üzərinə qoyulması, Mülki Məcəllənin 556-cı maddəsinin, həmçinin müqavilənin 5-ci bəndinin tətbiqini istisna edən müddəa olaraq təfsir edilə bilməz. Ona görə ki, əksi yanaşma İcra mümkün olmadığına görə öhdəliyin xitamını nəzərdə tutan Mülki Məcəllənin 556-cı maddəsinə zidd olmaqla yanaşı, müqavilədə 5-ci bəndin nəzərdə tutulmasını mənasız edərdi. Bu isə, müqavilə tərəflərin həqiqi iradə ifadəsinə arzuladıqları hüquqi nəticələrə uyğun gəlmir. Təsadüfi deyildir ki, mülki qanunvericiliyin tələbinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
28. Məhkəmə izah edir ki, icra mümkünsüzlüyünə səbəb olan hadisənin baş verdiyi hallarda, cavabdehin müqavilənin 6.5-ci bəndinə müvafiq olaraq pampıq sahəsini təqsirli olaraq təbii fəlakətlərdən sığortalamaması müəyyən olunarsa, bu hal, iddiaçıya dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ verə bilər. Lakin, Mülki Məcəllənin 556-cı maddəsinin tətbiqini istisna etməz. Ona görə ki, qeyd olunan maddə imperativ normadır.
26. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir.
27. Məhkəmə, eyni zamanda hesab edir ki, iddia tələbi əsas borca münasibətdə əsassız hesab edildiyindən, AR Mülki Məcəlləsinin 462.2-ci maddəsinə əsasən hesablanmış cəriməyə münasibətdə də, əsassız hesab edilərək rədd edilməlidir.
Məhkəmə xərcləri:
28. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 80,68 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir..
Hakim Rəmzi Nəbiyev