Məhkəmə qərarları › İş №e-2-2(121)-798/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-798/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-798/2024 30.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – borcun ödənilməsi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – 29.425 manat əsas borc, 8.827,75 manat dəbbə pulu, mediasiya və dövlət rüsumuna görə ödənən 205 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixində İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh arasında 17/2017 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya aldığı malların pulunu 60 gün ərzində ödəməli idi. Cavabdehin xx.xx.2022-ci il tarixində axırıncı malı almışdır və hal-hazırki dövrə qədər aldığı malın pulunu ödəməmişdir. Hal-hazırda cavabdehin iddiaçıya olan borcu 29.425 manat təşkil edir. Alıcı müqavilənin 5.2.6.-cı bəndinə əsasən aldığı malın dəyərini 60 gün müddətində ödəmədiyi təqdirdə gecikdirilmiş hər gün üçün aldığı malın dəyərinin 0.1% miqdarında dəbbə pulu ödəməlidir. Bu məbləğ eyni zamanda əldən çıxmış fayda hesab edilir. Alıcı aldığı malın dəyərini 300 gün gecikdirmişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə borcun ödənməsi və alqı-satqı müqaviləsinin şərtlərini kobut şəkildə pozduğuna görə şifahi və yazılı xəbərdarlıq etmişdır. Lakin edilən xəbərdarlıqlara məhəl qoymayan cavabdeh bugünə qədər aldığı malın dəyərini ödəməmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmaqla 29.425 manat əsas borc, 8.827,75 manat dəbbə pulu, dövlət rüsumuna görə ödənən 205 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən, yəni 29424,77 manat borcun ondan tutulması hissəsində qəbul edərək, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 17/2017 saylı, xx.xx.2017-ci il tarixli diler satış müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.2-2.4-cü bəndlərinə əsasən, müqavilənin predmeti İnşaat sistemləri qrupunda dilerliyin verilməsidir. Sikanın İnşaat sistemləri, Beton və Sənaye qrupu qeydə alınmış müştəri qruplarına birbaşa və ya digər vasitəçşilərin köməyi ilə satış işlərini həyatta keçirmək hüququna malikdir. Bazarda fəaliyyət göstərən Diler/icraçı diler/diler və/və ya potensial müştərilərin Sika satış təşkilatı daxilində hansı şöbə tərəfindən qiymətləndiriləcəyi Sika tərəfindən müəyyən edilir. Müqavilənin 4.1-ci bəndinə əsasən, hazırki müqavilə ilə Dilerə Sikanı rəsmi təmsil etmə hüququ verilməmişdir. Diler, Sikanın adından və onun hesabına heç bir fəaliyyət göstərə bilməyəcək və riskləri öz üzərinə götürməklə, müqavilənin predmetinə daxil olan malları öz adına və hesabına satacaqdır. İş materiallarında olan sənədlərdən (elektron qaimələrdən və üzləşmə aktının surətindən) görünür ki, cavabdehin iddiaçıya 29.424,77 manat məbləğində borcu qalmışdır. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdehə 29.425 manat borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, iddianı qismən, yəni 29424,77 manat borcun ondan tutulması hissəsində qəbul edərək, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış diler satış müqaviləsinə (konsessiya müqaviləsinə) əsasən cavabdeh müqavilənin predmetinə daxil olan malları öz adına və öz hesabına satmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdehin 29.424,77 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış diler satış müqaviləsi (konsessiya müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləryi yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 800.1-ci maddəsinə əsasən, konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: 800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; 800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq; 800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh mal(lar)ı öz adından və öz hesabına başqasına satmaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal(lar)ı öz adından və öz hesabına başqasına satmasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın 8.827,75 manat məbləğində dəbbə pulunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulunun 8.827,75 manat məbləğində deyil, 618 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, mediasiya xərci iddia ərizəsində göstərilsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən tələb edilmədiyindən, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş 205 manat dövlət rüsumunun 180,13 manatı (yəni, 30.042,77 manata münasibətdə) cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 29424,77 manat əsas borc, 618 manat dəbbə pulu olmaqla, cəmi 30042,77 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. 180,13 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar