Məhkəmə qərarları › İş №e-2-2(121)-799/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-799/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-799/2023 23.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı “X7 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “X7 Kompleksi” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X7 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 11897,68 manat, hesablanmış cərimə borcuna görə 2379,54 manat, əldən çıxmış faydaya görə 1952 manat, dövlət rüsumuna görə 138,69 manat olmaqla cəmi 16367,91 manat pulun cavabdehdən alınaraq “X7 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı qismində (iddiaçı) “X7 Kompleksi” MMC, tədarükçü qismində “X7 Kompleksi” MMC-nin “X9 və Tədarükü” məntəqəsi və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 279 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan 10 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə 11897,68 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh xam pambıq istehsal edildikdən sonra iddiaçıya (alıcıya) təhvil verməmişdir. Beləliklə, cavabdeh tərəfindən 2022-ci il mövsümü üzrə xx.xx.2020-ci il tarixli, 279 saylı müqavilənin 2.1.1, 2.1.5, 2.1.7, 3.1, 5.2-ci bəndlərini pozaraq istehsal edilən xam pambığı iddiaçıya (alıcıya) təhvil verməmiş, həmçinin götürdüyü avans müqabilində borcunu ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 11897,68 manat borcu qalmışdır. Bu səbəbdən də hazırkı tələblə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı “X7 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbinin məzmununa uyğun izahat verərək iddanın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X7 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, “2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” 279 saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh öhdəsində olan 10 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam-pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh şəxsi vəsiqəsindən görünür ki, ona ümumilikdə 11.897,68 manat məbləğində aqrotexniki xidmətlər göstərilmişdir. İş materiallarında olan 25 sentyabr 2022-ci il tarixli “Üzləşmə Aktı”ndan görünür ki, 09 yanvar 2022-ci il tarixli, 279 nömrəli birgə fəaliyyət və məhsulun alqı-satqısı haqqında müqavilə üzrə 25 sentyabr 2022-ci il tarixə fermer Cavabdeh "xxxx" MMC-nin X9 və Tədarükü Məntəqəsinə 11897,68 manat borcu olması müəyyən edilmişdir. Lakin, qeyd edilən “Üzləşmə Aktı” X2 tərəfindən imzalanmamışdır. İşə əlavə olunan X10 İnkişaf Mərkəzinin xx.xx.2022-ci il tarixli vətəndaşların şikayətlərinə baxılması haqqında aktdan görünür ki, fermer Cavabdeh məxsus 10 ha pambıq sahəsinə su verilmədiyi üçün pambıq sahəsinin müxtəlif yerlərində bitkinin inkişafı dayanmışdır. Fermer suvarma sistemləri idarəsinin sahəni su ilə təmin etmədiyini bildirmiş, nəticə olaraq ümumi sahəyə ciddi ziyan dəymişdir. İş materiallarında olan X10 İnkişaf Mərkəzinin və "xxxx" MMC-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh "xxxx" MMCnin İmişli Pİ və TM-si ilə 10 ha sahədə müqavilə əsasında əkib-becərdiyi pambıq sahəsinə baxış keçirilmiş və məhsuldarlıq qiymətləndirilmişdir. Sahədə ortalama 25.5 sentner xam pambıq müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin və “İmişli Pİ və TM”-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, fermer Cavabdeh özünəməxsus pambıq sahəsindən xam pambığı əl yığımı ilə yığaraq qonşusunun həyətyanı sahəsinə toplamışdır. xx.xx.2022-ci il tarixində filialın direktoru Azadov Fərahim, baş aqronom Məmmədov Əkbər və ərazi aqronomu Namazov Ramin fermerin sahəsinə baxış keçirmişdir. 15-xx.xx.2022-ci il tarixlərində təxminən 6-7 ton xam pambıq əl yığımı vasitəsilə yığılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq istehsal etdiyi xam pambığı filiala təhvil verməli idi. Filialın məsul şəxsləri sahədən uzaqlaşdıqdan sonra hər biri 2 qoşqulu olmaqla **-AB-*** və **-AB-*** nömrə nişanlı texnikalarla həmin pambığın İmişli rayonu, Xəlfəli kəndində yerləşən məntəqəyə aparıldığı müəyyən olunmuşdur. İşdə olan “X7 Kompleksi” MMC tərəfindən tərtib edilmiş maliyyə arayışında qeyd edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış müqaviləyə əsasən, əldə edilməsi gözlənilən 9.566 kq. xam pambığın emal edilməsi və satışından qazanılacaq 1.952 manat xalis mənfəət xam pambığın verilməməsi səbəbindən əldən çıxmışdır. İş materiallarında olan “X7 Kompleksi” MMC-nin Cavabdeh ünvanladığı 27 sentyabr 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, 279 saylı xampambığın alqı-satqı müqaviləsinə əsasən 11.897,68 manat məbləğində borcu olması və borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 138,69 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin 23 avqust 2023-cü il tarixində keçirilən iclasında X3 izahatında qeyd etmişdir ki, o “X7 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində aqronom vəzifəsində işləyir. Cavabdeh bir gün qabaqcadan ona zəng edib suyun olacağını bildirmiş, baraza çəkməyini xahiş etmişdir. O da Cavabdeh sahəsinə gedib baraza çəkdirdikdən sonra cavabdehə zəng edib bildirmişdir ki, torpaq suvarmaya hazır vəziyyətdədir. Lakin növbəti gün su idarəsi tərəfindən su verilmədiyindən pambığın yarpaqları saralmağa başlamışdır. Cavabdeh əkdiyi torpaq sahəsindən az məhsul əldə etmişdir. X3 izahatında pambıq yığını vaxtı qonşusunun ona zəng vuraraq Cavabdeh pambığı başqa şirkətə satdığını bildirmişdir. O da bu barədə polisə məlumat vermişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, “X7 Kompleksi” MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 279 saylı 2022-ci il mövsümü üzrə xam-pambığın alqısatqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi 10 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib "xxxx"nın mülkiyyətinə verməyi, MMC isə bu müqavilə üzrə “Fermer”ə (istehsalçıya) avans vəsaitlər verməyi və tədarük edilən xam pambığın dəyərini “Tədarükçü” vasitəsi ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. Bağlanmış xx.xx.2022-ci il tarixli, 279 saylı müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən Cavabdeh işlərin görülməsi üçün 11.897,68 manat məbləğində avans ayrılmışdır. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə cəmi 11.897,68 manat borcu qalmışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdeh 10 avqust 2023-cü il tarixində keçirilən məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən ona 11.897,68 manat məbləğində avans vəsaitlərin verildiyini, lakin iddiaçı tərəfindən su verilmədiyindən məhsulun ziyan olduğunu bildirmişdir. Məhkəmə suyun iddiaçı tərəfindən verilməməsi ilə bağlı cavabdehin izahatında qeyd etdiyi halları araşdıraraq müəyyən etdi ki, suyun verilməsi ilə bağlı “X7 Kompleksi” MMCnin öhdəlik daşıması nə tərəflər arasında bağlanmış müqavilə şərtlərində, nə məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi ilə, nə də ki, işdə olan sənədlərlə təsdiqini tapmır. Eyni zamanda qeyd olunmalıdır ki, işdə olan X10 İnkişaf Mərkəzinin xx.xx.2022-ci il tarixli vətəndaşların şikayətlərinə baxılması haqqında aktında da fermerin, yəni cavabdehin suvarma sistemləri idarəsinin sahəni su ilə təmin etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin iddiaçı tərəfindən suyun verilmədiyi ilə bağlı etirazı əsassızdır və təmin edilə bilməz. Məhkəmə hesab edir ki, Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 279 saylı alqı-satqı müqaviləsi üzrə 11.897,68 manat borcunun olması iş materialları ilə sübut olunduğundan iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, “2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” 279 saylı müqavilə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş və tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 279 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehin 11.897,68 manat məbləğində borcunun olduğu iş materialları ilə tam sübuta yetirilir. Bununla belə, iddiaçı tərəfindən avans vəsaitlərin verildiyini təkzib edən, o cümlədən qeyd olunan borcun tam və ya qismən ödənilməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər-hansı mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 11.897,68 manat borcun “X7 Kompleksi” MMC-nin xeyrinə tutulmasına dair iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddianın xx.xx.2022-ci il tarixli, 279 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehin öhdəliklərini yerinə yetirmədiyindən 1-ci növ xam-pambığın hər tonuna qiyməti 650 manat nəzərə alınmaqla 20%-i həcmində 2.379,54 manat cərimənin cavabdehdən tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 279 saylı müqavilənin 5.2ci bəndinə əsasən, “Fermer” (cavabdeh) üzərinə götürdüyü öhdəlikdən az miqdarda xampambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam pambığın dəyərinin 20%-i həcmində (xam pambığın 1-ci növ qiyməti ilə) cərimə ödənilməsini öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə hazırkı iş üzrə borcun 11.897,68 manat təşkil etməsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 237 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə, iddianın “əldən çıxmış faydaya görə 1.952 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsassızdır. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə həmçinin, qeyd edir ki, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli plenumunun qərarında qeyd edilmişdir ki, Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlamasını, onu qaytarmaqdan boyun qaçırmasını, onun ödənilməsini digər şəkildə gecikdirməsini və ya pul vəsaitini əsassız əldə etməsini və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etməsini sübut etməlidir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 138,68 manat dövlət rüsumunun 12,28 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 126,40 manat pul vəsaiti isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 279 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 11.897,68 manat borc, üzərinə düşən öhdəliyi icra etmədiyinə görə 237 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126,40 manat, ümumilikdə 12.261,08 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı “X7 Kompleksi” MMC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11.897,68 manat borc, 240 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126,40 manat olmaqla, ümumilikdə 12.264,08 (on iki min iki yüz altmış dörd manat, səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X7 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar