Məhkəmə qərarları › İş №e-2-2(121)-799/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-799/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-799/2025 07.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X6 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı əsas borca görə 1.083,51 manat, hesablanmış cəriməyə görə 434,49 manat və ödənilmiş dövlət rüsumuna görə 35,18 manat olmaqla, cəmi 1.553,18 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Ağcabədi” filialı və cavabdeh arasında bağlanmış 23 285 280 saylı 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 1,20 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 1.083,51 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. Müqavilənin 2.1.4cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 1.083,51 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xampambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2ci bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 434,49 manat təşkil edir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-799/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi X13 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 23 285 280 saylı, xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh işlərin görülməsi üçün avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür. İşə əlavə edilən maliyyə arayışının surətindən görünür ki, cavabdehin 1.083,51 manat əsas borcu və 434,49 manat cərimə borcu vardır. İş materialında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziyanın surətindən görünür ki, cavabdehə ödənilməmiş 1.083,51 manat borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırdığını, ona görə də məhkəmə iclaslarında iştirakının qeyri-mümkün olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Cavabdeh və İddiaçı MMC arasında e-2-2(113)-8683/2024 saylı işə baxılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli e- 2-2(113)-8683/2024 saylı qərardadı ilə iddia ərizəsi MPM-in 149-cu maddəsinə riayət edilməməsi əsası ilə geri qaytarıldığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin Hidrometerologiya proqnozlar bürosunun direktoru və Hidrometeroloji tədbirlər mərkəzinin direktoru tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixində Ağcabədi rayonu ərazisi üçün hava şəraiti haqqında arayışın surətindən görünür ki, 18 iyun tarixində günün ikinci yarısından başlayaraq hava qeyri-sabit keçmiş, şimşək çaxmış, arabir leysan xarakterli yağış yağmış, yağıtının miqdarı 18 mm olmuşdur. Qərb küləyinin maksimal sürəti bəzi qərb rayonlarında arabir 20-24 m/sdək güclənmişdir. Saat 15:10 radələrində Ağdam rayonu Çəmənli, Sarıcalı kəndlərinə diametri 30-35 mm olan dolu düşmüşdür. Qeyd: Müşahidə olunmuş ildırım-dolu prosesinin intensivliyini nəzərə alaraq qeyd etmişlər ki, Ağcabədi rayonunda dolu düşməsi, yağıntıların daha güclü olması istisna olunmur. Radar. Ağstafa inzibati rayonu ərazisində yerləşən atmosferdə 250 km-lik hava müşahidəsi apara bilən meteoroloji MRL-5 radiolokatorundan alınmış məlumata görə xx.xx.2022-ci il tarixində saat 15:10 radələrindən etibarən 15:40 radələrinədək Ağcabədi rayonu və yaxın ətraf ərazilərdə (Boyat, Hacılar, Qaraxanlı, Şərəfxanlı, İmamqulubəyli, Hindarx kəndləri əraziləri) mütəmadi olaraq qeyri-sabit hava şəraiti müşahidə olunmuş, leysan xarakterli yağış yağmışdır. Yağıntıların arabir intensivləşərək şimşəklə müşayiət olunması qeydə alınmışdır. xx.xx.2023-cü il tarixində Ağcabədi rayonunun qeyd olunan ərazilərində dolu qeydə alınmışdır. xx.xx.2023-cü il tarixində Ağcabədi rayonu və ona qonşu olan rayonlar üçün verilmiş xəbərdarlıq iyunun 18-i gündüzdən 21-i gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, yağıntıların arabir intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, qərb küləyinin bəzi-yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi, çaylarda sululuğun artacağı və bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi haqqında № 11 xəbərdarlıq verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, akt tərtibatında iştirak edən komisiyya üzvləri: X1 DAİM-in bitkiçilik sektorunun müdiri, X2 rayon BMFM-nin baş aqronomu, X3 MKT Ağcabədi filialının direktoru, X8 MKT İK MMC nin region üzrə aqronomu, X9 MKT İK MMC-nin region üzrə aqronomu, X15 MKT İK MMC-nin zona aqronomu, X4 MKT İK MMC-nin zona aqronomu, X5 MKT Ağcabədi filialının PİNŞ-nin rəisi, X12 MKT Ağcabədi fililnın tələbə aqronomun iştirakları ilə həmin aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Ağcabədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazisinə güclü dolu yağışı yağması nəticəsində MKT İK MMC-nin Ağcabədi filialı ilə müqavilə əsasında pambıq əkmiş fermerlərin əkin sahələrinə ziyan dəyməsi ilə əlaqədar olaraq həmin sahələrə baxış keçirilmişdir və müəyyən olunmuşdur ki, yuxarıda adları qeyd olunan kəndlər üzrə 51 sayda geozonada 74.44 ha sahədə 26 fermer pambıq əkmişdir. Sahələrdə İ kompleks becərmə aparmış İ vegetasiya suvarmasına hazırlıq aparılmışdır. Baxış zamanı müəyyən edildi ki, yuxarıda qeyd olunan 74.44 ha pambıq əkin sahəsindən 42 ha pambıq bitkisi tamamilə məhv olmuş yəni bütün bar orqanları tökülmüş yalnız torpaq səthindən 5-6 sm gövdə çubuğu qalmışdır. 20.76 ha ciddi ziyan dəymiş yəni generativ orqan tökülmüş özünü bərpa etmək ehtimalı var. Qalan 11.68 ha isə sahənin müəyyən hissəsində bitkilərin yarpaqları, bar orqanlarının düşməsi, boy nöqtəsinin qırılması müşahidə olunmuşdur ki, buda qismən ziyanlıqdır. Burada aqrotexniki tədbirlər ardıcıl davam edərsə pambıq kolları özünü gecikmə ilə bərpa edəcəkdir. Yuxanda qeyd olunanlara baxış zamanı akta əlavə olunması üçün sahələrin foto şəkilləri çəkildi. Eyni zamanda sahələrinə ziyan dəymiş fermerlərin adlı siyahısı akta əlavə olunur. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Ağcabədi rayonu Qaraxanlı və Boyat kəndlərində dolu yağması nəticəsində ziyan dəymiş fermerlərin siyahısından görünür ki, Cavabdeh 1,20 ha sahədə ziyan dəymişdir. Beləliklə işin müəyyən edilmiş hallarına əsasən məhkəmə müəyyən edir ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xam-pambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin (avansın) qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın isə razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqısatqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini müəyyən etdikdən sonra iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olubolmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında etibarlı şəkildə bağlanılmış xam pambığın alqı-satqısına dair müqavilədən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə avans verilməsini öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə aqrotexniki xidmətlər, mal-material, nağd vəsaiti və s. şəklində avans verilmişdir. Cavabdeh isə müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam yerinə yetirməmişdir və nəticədə onun iddiaçıya verilən avansın məbləğindən ödənilməmiş borcu yaranmışdır. Bununla da müəyyən olunur ki, iddiaçının hazırki tələb irəli sürməsi üçün formal olaraq subyektiv hüququ vardır. Məhkəmə, işin hallarına əsasən cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsini müəyyən etməklə yanaşı, onun öhdəliklərin lazımi şəkildə icra edilməməsində təqsirinin olmaması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Məhkəmə, öhdəlik hüququnun yuxarıda sadalanan normalarının tələblərinin ümumi təfsirini apararaq qeyd edir ki, mülki hüquqda öhdəlik hüquq münasibətləri üzrə borclunun mülki məsuliyyətinin yaranması üçün ilk növbədə onun təqsirliliyinin müəyyən edilməsi zəruri şərtdir. Borclunun risk dairəsinə daxil olan öhdəliklərin dairəsini müəyyən edərkən nəzərə alınmalıdır ki, həmin risklər borclunun sərbəst iradəsi və aydın şüuru ilə əhatə oluna və idarə oluna bilən hallarla əlaqəli olmalıdır. Təxmin edilə bilən, nəticəsi ciddi ehtimallara əsasən proqnozlaşdırıla bilən və ya ümumən şəxsin subyektiv qiymətləndirməsinə tabe ola bilən hallar heç bir halda borclunun cavabdeh olmadığı hallar kimi şərh edilə bilməz. Məhkəmə qeyd edir ki, hava şəraitinin kəskin pizləşməsi nəticəsində güclü yağış yağması və ya dolunun düşməsi fövqəladə təbiət hadisəsi kimi qiymətləndirilməlidir. Bu xüsusiyyətlərinə görə həmin hadisələr hüquqi mənada qarşısıalınmaz qüvvə kimi xarakterizə edilir. Belə hadisənin baş verməsi isə borclunun öz öhdəliyini icra etməsini mümkünsüz edir. Bu hal, yəni icranın mümkünsüzlüyü isə mülki qanunvericilikdə öhdəliyin xitamının əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə, baxılan işin müəyyən edilmiş hallarına əsasən bu qənaətə gəlir ki, iş üzrə cavabdehin alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini lazımi şəkildə icra etməməsi onun cavabdeh olmadığı hallardan irəli gəlmişdir. Buna görə də, borcludan öhdəliyinin icrasını tələb etməkdə iddiaçı haqlı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 556.1-ci maddəsinə əsasən, icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi barəsində iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar