Məhkəmə qərarları › İş №e-2-2(121)-804/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-804/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-804/2025 04.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X10, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələb:

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, əsas borca görə 5266,89 manat hesablanmış cəriməyə görə 2112,02 manat və ödənilmiş dövlət rüsumuna görə 93,80 manat olmaqla, cəmi 7472,71 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Ağcabədi” filialı və cavabdeh arasında bağlanmış 23 285 135 saylı, 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 4,20 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 5266,89 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. Müqavilənin 2.1.4cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 5266,89 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xampambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 2112,02 manat təşkil edir.

Tərəflərin izahatları:

3. İddiaçı MMC-nin nümayəndəsi X18 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və məhkəmənin suallarına cavabında əlavə olaraq bildirdi ki, cavabdehin mövqeyi ilə razı deyil, çünki tərəflər arasındakı müqavilədə fors major hal kimi sel keçməsi nəzərdə tutulub, cavabdeh isə əsassız olaraq dolu düşməsinə istinad edir. İş materiallarına əavə edilmiş xx.xx.2023-cü il tarixli aktda adları qeyd olunan şəxslər İddiaçı MMC-nin əməkdaşlarıdır. Cavabdeh pambıq sahəsinin təbii fəlakətlərdən sığortalanması ilə əlaqədar olaraq hadisənin baş verdiyi xx.xx.2023-cü il tarixdən öncə iddiaçıya müraciət etmiş, lakin hansı səbədən sığorta müqaviləsinin hadisədən sonra bağlanması ilə bağlı şirkət tərəfindən ona məlumat verilmədiyi üçün bu barədə bir söz deyə bilmir. Qeyd olunanlara əsasən o, hesab edir ki, iddia tələbi əsaslıdır. Ona örə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən işlər görülsə də əkdiyi sahəyə dolu düşdüyündən, əkdiyi pambıq sahəsi məhv olmuş, bununla bağlı iddiaçı tərəfindən həmin yerə baxış keçirilib akt tərtib edilmişdir. O isə öz daxili imkanları hesabına əlavə xərclər çəksə də bitkilərdə oyanış olmamışdır. İddiaçı tərəfindən ona bildirilmişdir ki, baş vermiş hadisə Fors major hal olduğundan, dəymiş ziyanın sığorta şirkətinin qarşılayacaq, lakin Sığorta şirkəti tərəfindən ona hər hansı bir vəsait ödənilməmişdir. Sonradan məlum olmuşdur ki, iddiaçı tərəf sığorta şirkətinə hadisə baş verdikdən sonra müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

5. İddiaçı “MKT-Ağcabədi” filialı ilə (müqavilədə “Alıcı”) və Cavabdeh arasında bağlanmış 23 285 135 saylı, xx.xx.2022-ci il tarixli 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair Müqavilənin: - 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti 2023-cü il mövsümü üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərin Alıcı tərəfindən Satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, Satıcı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlükdə Alıcıya təhvil verilib satılması və Alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin Satıcıya ödənilməsindən ibarətdir; -2.1.2-ci bəndinə əsasən, “Satıcı” 4,20 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütövlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam pambığın yığılması və tədarükünə dair təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıq təmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və Alıcıda saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd qiymətlərlə Alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2023-cü il tarixindən gec olmayaraq təhvil verilir; -2.1.4-cü bəndinə əsasən, Satıcının Alıcıdan aldığı avans məbləği (hər hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı Alıcıya təhvil verdiyi xam pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə o halda Satıcı həmin yaranan fərqi ödəməyə borcludur. Avans bu müqavilə üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotxniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərin Alıcı tərəfindən Satıcıya təqdim olunması nəticəsində Satısının Alıcı qarşısında yaranan borc öhdəliyi nəzərdə tutulur; -2.1.5-ci bəndinə əsasən, Satıcı bütün aqrotexniki tədbirlərin tam və vaxtında aparılmasını öhdəsinə götürür; -4.2-ci bəndinə əsasən, Satıcı müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0.1% həcmdə Alıcıya cərimə ödəyir. 5.1-ci bəndinə əsasən, Fors major şəraitində (hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən asılı olmayan ümumi sel, daşqın, zəlzələ) müqaviləyə əsasən götürülən öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün ola bilər. 5.2-ci bəndinə əsasən, Fors major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri fors major şəraitdədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə, fors major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir.

6. İddiaçı “MKT-İmişli” filialı ilə X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23 285 135 saylı, 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqaviləyə əlavə olaraq, tərəflər arasında qiymətlərin razılaşdırma protokolu imzalanmışdır.

7. İş materiallarında olan iş aktları və qaimələr üzrə İddiaçı “MKT-Ağcabədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23 285 135 saylı müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən Cavabdehnın sahəsinə müvafiq xidmətlər göstərilmişdir.

8. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan (2436 manat), xidmət aktlarından (1129,2 manat), qaimələrdən (957,2 manat) və çıxarışdan görünür ki, İddiaçı “MKT-Ağcabədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23 376 001 saylı müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən Cavabdeh avans olaraq ümumilikdə 5266,89 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, bütün bunların qarşılığında cavabdeh tərəfindən qalıq borc 5266,89 manat təşkil etmişdir.

9. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, İddiaçı tərəfindən 23 285 135 nömrəli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə Cavabdeh 5266,89 manat məbləğində əsas, 2112,02 manat məbləğində cərimə hesablanmışdır.

10. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı “MKT-Ağcabədi” filialına ünvanlanmış ərizədən görünür ki, o, bu ərizə ilə görüləcək aqrotexniki xidmətlərin, o cümlədən müvafiq pestisit və aqrokimyəvi maddələrlə dərmanlama işlərinin dəyərinin gələcəkdə ödənilməsini öhdəmə götürüyünü, eyni zamanda, pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydalarına dair təlimata riayət edilməsini, sığorta hadisəsi nəticəsində aqrar sığortanın predmeti olan kənd təsərrüfatı məhsullarının (xam-pambıq) risklərdən qorunması məqsədi ilə aqrar sığorta müqaviləsinin bağlanmasını xahiş etdiyini, Aqrar sığorta müqaviləsi üzrə tərəfinizdən ödənilmiş 81.98 manat məbləğində sığorta haqqını gələcəkdə xam-pambığın alqı-satqısı üzrə təhvil verəcəyini, məhsulun dəyəri hesabına əvəzləşdirilməsini, Aqrar sığortanın tənzimlənməsi ilə bağlı Aqrar Sığorta Fondunun İdarə Heyətinin 2021-ci il 30 dekabr tarixli 26/21 nömrəli qərarı ilə təsdiq edilmiş “Pambıq bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri” ilə tanış olduğunu, şərtləri ilə razı olduğunu və riayət edilməsini öhdəsinə götürdüyünü və sifariş ərizəsinin sığorta müqaviləsi olmadığını və sığorta müqaviləsi sənədlər müvafiq sığorta qaydalarına uyğun olduqdan sonra bağlanılacağını bildirmişdir.

11. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-14- 20/2-590/2025 saylı, “xx.xx.2023-cü il tarixində Ağcabədi rayonu ərazisi üçün hava şəraiti haqqında” arayışından görünür ki, hava dağınıq buludlu (4/4), meteroloji görünüş məsafəsi 4-20 km, havanın orta temperaturu 24,4 °C, maksimal temperaturu 31 7 °C olmuşdur. Cənub istiqaməti küləyi maksimal sürəti 8 m/san olmuşdur. Müşahidə məlumatlarına əsasən xx.xx.2023-cü il tarixində günün ikinci yarısından başlayaraq Ağcabədi rayonu və ətraf ərazilərdə hava şəraiti qeyri-sabit keçmiş, şimşək çaxmış, arabir leysan xarakterli intensiv yağış yağmışdır. Düşən yağıntının miqdarı 18,0 mm olmuşdur. Saat 15:10-15:30 radələrində isə dolu hadisəsi qeydə alınmışdır. Sinoptik hava xəritələrinin təhlilinə əsasən iyunun 18-də Şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin təsiri ilə qərb ərazilərdə, həmçinin Ağcabədi rayonunda leysan xarakterli yağış və ildırım-dolu prossesi üçün ideal sinoptik şərait formalaşmışdır. Türk Metcapplus proqnoz sisteminin tərkib hissəsi olan ECMVVF rəqəmsal hava proqnozu modelinin proqnostik məlumatlarına əsasən xx.xx.2023-cü il tarixində Ağcabədi rayonunda yağış və dolu prosessi gözlənilirdi. Hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi haqqında №11 xəbərdarlıq tərtib olunmuş və əlaqədar təşkilatlara göndərilmişdir.

12. İş materiallarında olan “xx.xx.2023-cü il tarixində Ağcabədi rayonu ərazisi üçün hava şəraiti haqqında” arayışda göstərilmişdir ki, Ağcabədi rayonunda hidrometeoroloji müşahidə şəbəkəsi olmadığı üçün ona qonşu oian rayonlarda yerləşən hidrometeoroloji stansiyanın müşahidə məlumatlarına əsasən 18 iyun tarixində günün ikinci yarısından başlayaraq hava şəraiti qeyri-sabit keçmiş, şimşək çaxmış, arabir leysan xarakteri, yağış yağmış, düşən yağıntının miqdarı 18 mm olmuşdur. Qərb küləyinin, maksimal sürəti bəzi qərb rayonlarında arabir 20-24 m/s-dək güclənmişdir. Saat 15:10 radələrində Ağdam rayonu Çəmənli, Sarıcalı kəndlərinə diamein 30- 35 mm olan dolu düşmüşdür. Qeyd: Müşahidə olunmuş ildırım-dolu prosesinin intensivliyini nəzərə alaraq qeyd edə bilərik ki, Ağcabədi rayonunda dolu düşməsi, yağıntıların daha güclü olması istisna olunmur. Radar: Ağstafa inzibati rayonu ərazisində yerləşən atmosferdə 250 km-lik nava müşahidəsi apara bilən meteoroloji MRL.-5 radiolokatorundan alınmış məlumata görə xx.xx.2022-ci il tarixində saat 15:10 radələrindən etibarən 15:40 radələrinədək Ağcabədi rayonu və yaxın ətraf ərazilərdə (Boyat, Hacılar, Qaraxanlı, Şərəfxanlı. İmamqulubəyli, Hindarx kəndləri əraziləri) mütəmadi olaraq qeyri-sabit hava şəraiti müşahidə olunmuş, leysan xarakterli yağış yağmışdır. Yağıntıların arabir intensivləşərək şimşəklə müşayiət olunması qeydə alınmışdır. xx.xx.2023-cü il tarixində Ağcabədi rayonunun qeyd olunan ərazilərində dolu qeydə alınmışdır. xx.xx.2023-cü il tarixində Ağcabədi rayonu və ona qonşu olan rayonlar üçün verilmiş xəbərdarlıq iyunun 18-i gündüzdən 21-i gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, yağıntıların arabir intensiv və güclü olacağı, şimşək çaxacağı aciu düşəcəyi, qərb küləyinin bəzi yerlərdə arabir 2.0-25 m/s-dək güclənəcəyi, paylama sululuğun artacağı və bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi haqqında №11 xəbərdarlıq verilmişdir.

13. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, akt tərtibatında iştirak edən komisiyya üzvləri: X2 DAİM-in bitkiçilik sektorunun müdiri, X3 rayon BMFM-nin baş aqronomu, X7 MKT Ağcabədi filialının direktoru, X12 MKT İK MMC nin region üzrə aqronomu, X13 MKT İK MMC-nin region üzrə aqronomu, X20 MKT İK MMC-nin zona aqronomu, X8 MKT İK MMC-nin zona aqronomu, X9 MKT Ağcabədi filialının PİNŞ-nin rəisi, X17 MKT Ağcabədi fililnın tələbə aqronomun iştirakları ilə həmin aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən 18 iyun 2023-cü il tarixdə saat 15:00 radələrihdə Ağcabədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazisinə güclü dolu yağışı yağması nəticəsində MKT İK MMC-nin Ağcabədi filialı ilə müqavilə əsasında pambıq əkmiş fermerlərin əkin sahələrinə ziyan dəyməsi ilə əlaqədar olaraq həmin sahələrə baxış keçirilmişdir və müəyyən olunmuşdur ki, yuxarıda adları qeyd olunan kəndlər üzrə 51 sayda geozonada 74.44 ha sahədə 26 fermer pambıq əkmişdir. Sahələrdə İ kompleks becərmə aparmış İ vegetasiya suvarmasına hazırlıq aparılmışdır. Baxış zamanı müəyyən edillmişdir ki, yuxarıda qeyd olunan 74.44 ha pambıq əkin sahəsindən 42 ha pambıq bitkisi tamamilə məhv olmuş yəni bütün bar orqanları tökülmüş yalnız torpaq səthindən 5-6 sm gövdə çubuğu qalmışdır. 20.76 ha ciddi ziyan dəymiş yəni generativ orqan tökülmüş özünü bərpa etmək ehtimalı var. Qalan 11.68 ha isə sahənin müəyyən hissəsində bitkilərin yarpaqları, bar orqanlarının düşməsi, boy nöqtəsinin qırılması müşahidə olunmuşdur ki, buda qismən ziyanlıqdır. Burada aqrotexniki tədbirlər ardıcıl davam edərsə pambıq kolları özünü gecikmə ilə bərpa edəcəkdir. Yuxanda qeyd olunanlara baxış zamanı akta əlavə olunması üçün sahələrin foto şəkilləri çəkildi. Eyni zamanda sahələrinə ziyan dəymiş fermerlərin adlı siyahısı akta əlavə olunur. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər.

14. İş materiallarında olan Ağcabədi rayonu Qaraxanlı və Boyat kəndlərində dolu yağması nəticəsində ziyan dəymiş fermerlərin siyahısından görünür ki, Cavabdeh 4,20 ha sahədə ziyan dəymişdir.

15. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC-nin “MKT-Ağcabədi” filialı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə X5 xəbərdarlıq edilmişdir.

16. **********75 nömrəli qəbzən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 93,80 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.

448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 556.1-ci maddəsinə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 15.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

19. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

20. Məhkəmə iş üzrə tərəfləri dinləyib, toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir.

21. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı “MKT-Ağcabədi” filialı ilə (müqavilədə “Alıcı”) və Cavabdeh arasında bağlanmış 23 285 135 saylı, xx.xx.2022-ci il tarixli 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərin Alıcı tərəfindən cavabdehə təqdim etməyi, cavabdeh isə, 4,20 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür.

22. Məhkəmə qeyd edir ki, tələb olunan pul məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür

23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 5266,89 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməsi mümkün olmamış, nəticədə onun iddiaçıya müqavilə üzrə cəmi 5266,89 manat əsas borcu qalmışdır.

24. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddianın faktiki hüquqi əsasını cavabdehin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi, cavabdehin şifahi etirazının əsasını isə öhdəliklərinin icra edilməməsinin tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəlməsi təşkil edir.

25. Məhkəmə qeyd edir ki, cavabdehin etirazının qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 556.1-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Maddənin məzmunundan göründüyü kimi qanunverici icranın mümkün olmaması əsası ilə öhdəliyə xitam verilməsi üçün iki əsas şərt müəyyən etmişdir. Birincisi, öhdəliyin icrası mümkünsüz olmalıdır və ikincisi, icra edilmənin mümkünsüzlüyü tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəlməlidir.

26. Məhkəmə, öhdəlik hüququnun yuxarıda sadalanan normalarının tələblərinin ümumi təfsirini apararaq qeyd edir ki, mülki hüquqda öhdəlik hüquq münasibətləri üzrə borclunun mülki məsuliyyətinin yaranması üçün ilk növbədə onun təqsirliliyinin müəyyən edilməsi zəruri şərtdir. Borclunun risk dairəsinə daxil olan öhdəliklərin dairəsini müəyyən edərkən nəzərə alınmalıdır ki, həmin risklər borclunun sərbəst iradəsi və aydın şüuru ilə əhatə oluna və idarə oluna bilən hallarla əlaqəli olmalıdır. Təxmin edilə bilən, nəticəsi ciddi ehtimallara əsasən proqnozlaşdırıla bilən və ya ümumən şəxsin subyektiv qiymətləndirməsinə tabe ola bilən hallar heç bir halda borclunun cavabdeh olmadığı hallar kimi şərh edilə bilməz.

27. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-14-20/2-590/2025 saylı, “xx.xx.2023-cü il tarixində Ağcabədi rayonu ərazisi üçün hava şəraiti haqqında” arayışından cavabdehə məxsus pambıq sahəsi güclü yağış yağması və ya dolunun düşməsi nəticəsində məhv olmuş, bu isə, cavabdehin iddiaçı qarşısında öhdəliklərinin icrasını ondan asılı olmayan səbəblərdən qeyri-mümkün etmişdir.

28. Məhkəmə həmçinin qeyd edir ki, hava şəraitinin kəskin pizləşməsi nəticəsində güclü yağış yağması və ya dolunun düşməsi fövqəladə təbiət hadisəsi kimi qiymətləndirilməlidir. Bu xüsusiyyətlərinə görə həmin hadisələr hüquqi mənada qarşısıalınmaz qüvvə kimi xarakterizə edilir. Belə hadisənin baş verməsi isə borclunun öz öhdəliyini icra etməsini mümkünsüz edir. Bu hal, yəni icranın mümkünsüzlüyü isə mülki qanunvericilikdə öhdəliyin xitamının əsaslarından biri kimi nəzərdə tutulmuşdur.

29. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir.

30. Məhkəmə, eyni zamanda hesab edir ki, iddia tələbi əsas borca münasibətdə əsassız hesab edildiyindən, AR Mülki Məcəlləsinin 462.2-ci maddəsinə əsasən hesablanmış cəriməyə münasibətdə də, əsassız hesab edilərək rədd edilməlidir.

Məhkəmə xərcləri:

31. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 93,80 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir..

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar