Məhkəmə qərarları › İş №e-2-2(121)-811/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-811/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-811/2023 14.07.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 9205,72 manat, hesablanmış cərimə borcuna görə 1841,15 manat, əldən çıxmış faydaya görə 1855 manat və dövlət rüsumuna görə 128,71 manat olmaqla, cəmi 13030,58 manat pulun cavabdehdən alınaraq “X2 Kompleksi” MMC-yə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı qismində (İddiaçı) “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-nin “X3 və Tədarükü” məntəqəsi və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 305 saylı “xam-pambığın alqı-satqı müqaviləsi”nə əsasən cavabdeh öhdəsində olan 9,50 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə 9205,72 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh xam pambıq istehsal edildikdən sonra iddiaçıya təhvil verməmişdir. Beləliklə, cavabdeh 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 305 saylı müqavilənin 2.1.1, 2.1.5, 2.1.7, 3.1, 5.2-ci bəndlərini pozaraq istehsal edilən xam pambığı iddiaçıya (Alıcıya) təhvil verməmiş, həmçinin götürdüyü avans müqabilində borcunu ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 9205,72 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xampambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 1841,15 manat təşkil edir. Həmçinin, cavabdeh müqavilənin tələblərini pozaraq xam pambığı iddiaçıya vermədiyindən iddiaçı əldə edəcəyi 1855 manat faydadan məhrum olmuşdur. Yuxarıda göstərilənlər üzləşdirmə aktı, borcla bağlı maliyyə arayışı və əldən çıxmış faydayla bağlı maliyyə arayışı ilə öz təsdiqini tapır. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilə öhdəliyini yerinə yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə hec bir təşəbbüs göstərilməmişdir. Bununla yanaşı məhkəməyə müraciət etməmişdən öncə mediasiyaya müraciət edilmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etmədiyindən mediasiya prosesindən də heç bir nəticə əldə olunmamışdır. Beləliklə cavabdeh, müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 385.1, 425.1, 442, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qismən qəbul etdiyini, iddiaçıya 7269,85 manat dəyərində xam pambıq təhvil verdiyini, lakin iddiaçı tərəfindən təhvil verdiyi pambığın dəyərinin iddia ərizəsində nəzərə alınmadığını, pambıq sahəsinə düşən xəstəlik nəticəsində nəzərdə tutulan miqdarda pambıq tədarük edə bilmədiyini bildirdi və iddianın qismən, təhvil verdiyi xam pambığın dəyəri nəzərə alınmaqla təmin edilməsini xahiş etdi. İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 305 nömrəli “2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” müqavilənin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, bu müqavilənin şərtləri daxilində “Fermer” mülkiyyətində, istifadəsində və ya icarəsində olan 9,50 ha torpaq sahəsində (icarəyə və ya istifadəyə götürülən torpaq sahələri barədə müqavilə və sair hüquqmüəyyənedici sənədlər bu müqaviləyə əlavə olunur) pambıq əkib “Alıcı”ya satmağı, “Alıcı” isə “Fermer”in istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə “Fermer”ə ödəməyi öhdəsinə götürür; 2.1.1-ci bəndinə əsasən, “Fermer” mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi 9.50 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkir və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib “Alıcı”nın mülkiyyətinə verir; 2.1.2-ci bəndinə əsasən, pambıq əkiləcək torpağın şum edilməsindən başlayaraq pambığın yığılmasınadək bütün aqrotexniki tədbirlərin optimal müddətlərdə və keyfiyyətlə aparılmasını təmin edir; 2.1.3-cü bəndinə əsasən, müqavilənin 2.1.2-ci bəndində göstərilən işlərin vaxtında və qusursuz yerinə yetirilməsi üçün aqrotexniki ardıcıllığa uyğun olaraq “Alıcı”dan avans vəsaitlər – (nəğdsiz qaydada pul vəsaiti, toxumluq çiyid, gübrələr, zəhərli-kimyəvi preparatlar və s.) alınması, həmçinin texnikalarla (şum, mala, disk, arx, kultivasiya, dərmanlama və s.) işlər görülməsi barədə müraciət edir; 2.1.7-ci bəndinə əsasən, “Alıcı”ya məxsus texnikalarla görülmüş şum, mala, disk, arx, kultivasiya, dərmanlama və s. göstərilən xidmətlərin, toxumluq çiyidin, zəhərli kimyəvi preparatların, gübrənin və s. dəyərini, həmçinin nəğdsiz qaydada götürülən vəsaitin məbləğini istehsal etdiyi xam-pambıqla müqavilədə göstərilmiş tarixədək tam ödəyir; 5.2-ci bəndinə əsasən, “Fermer” üzərinə götürdüyü öhdəlikdən az miqdarda xampambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xampambığın dəyərinin 20%-i həcmində (xam-pambığın 1-ci növ qiyməti ilə) cərimə ödəyir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Üzləşmə aktı”ndan görünür ki, həmin aktla xx.xx.2022-ci il tarixinə fermer Cavabdeh "xxxx" MMC-nin X3 və Tədarükü Məntəqəsinə 9.205,72 manat borcu olması müəyyən edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında imzalanmış müqaviləyə əsasən, əldə edilməsi gözlənilən 9.087 kq xam pambığın emal edilməsi və satışından qazanılacaq 1.855 manat xalis mənfəət xam pambığın verilməməsi səbəbindən əldən çıxmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İmişli DAİM-in, "xxxx" MMC-nin və cavabdehin iştirakları ilə akt tərtib edilmişdir ondan ötrü ki, həqiqətən cavabdehə məxsus olan 9,5 ha pambıq sahəsinə liqus həşəratı tərəfindən ciddi ziyan vurulmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin İmişli PİTM-nun direktoru F.Azadov tərəfindən təsdiq edilmiş arayışın surətindən görünür ki, 2022-ci il mövsümü üzrə fermer Cavabdeh ümumilikdə 10.661,22 manat məbləğində avans verilmişdir, fermer Cavabdeh tərəfindən 7.269,85 manat "xxxx" MMC-nin xeyrinə avans borc ödənişi edilmiş, qalıq avans borcu 3.391,37 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin pambıq qəbulu məntəqəsinin səlahiyyətli şəxsi tərəfindən təsdiq edilmiş 268741 nömrəli, xx.xx.2022-ci il tarixli pambıq qəbulu qəbzinə əsasən 1.465,43 manat, 268742 nömrəli, xx.xx.2022-ci il tarixli pambıq qəbulu qəbzinə əsasən 2.646,32 manat, 268740 nömrəli, xx.xx.2022-ci il tarixli pambıq qəbulu qəbzinə əsasən 668,69 manat, 268829 nömrəli, xx.xx.2022-ci il tarixli pambıq qəbulu qəbzinə əsasən 2.489,41 manat məbləğində xam pambıq Cavabdeh tərəfindən "xxxx" MMC-nin pambıq qəbulu məntəqəsində təhvil verilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 9.205,72 manat məbləğində borcun 3 iş gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq “X2 Kompleksi” MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsinə əsasən xx.xx.2022-ci il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “arayış”ın surətindən görünür ki, iddiaçı “X2 Kompleksi” MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. Beləliklə işin müəyyən edilmiş hallarına əsasən aşkar olunur ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin (avansın) qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın isə razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir. Məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini müəyyən etdikdən sonra iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olubolmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında etibarlı şəkildə bağlanılmış xam pambığın alqı-satqısına dair müqavilədən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə avans verilməsini öhdəsinə götürmüşdür. İşdə olan üzləşmə aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 9.205,72 manat məbləğində aqrotexniki xidmətlər, malmaterial, nağd vəsaiti və s. şəklində avans verilmişdir. Qeyd olunan məbləğdə avans verilməsini cavabdeh də məhkəmədə verdiyi izahatında etiraf etmişdir. Cavabdeh isə müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam yerinə yetirməmişdir və nəticədə onun iddiaçıya verilən avansın məbləğindən ödənilməmiş borcu yaranmışdır. Cavabdehin ödənilməmiş avans borcunun qalması işdə olan sənədlərlə və cavabdehin etirafı ilə təsdiq olunur. Bununla da, Cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı “X2 Kompleksi” MMC-nin Cavabdeh qarşı, tərəflər arasında bağlanmış müqavilə üzrə pul tələbinə dair tələbi hüquqi və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İddiaçının cavabdehə verdiyi avansın qaytarılmayan hissəsinin tutulmasına dair icra tələbi həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə, yuxarıda şərh olunanlara əsasən iddiaçının hazırki tələbi cavabdehə qarşı irəli sürməsi üçün subyektiv hüququnun yaranmasını, eləcə də tələbin qanuni və əsaslı olmasını müəyyən etməklə yanaşı hesab edir ki, iddia ərizəsində tələb olunan əsas borcun məbləği işin hallarına uyğun deyildir. Belə ki, iddiaçı cavabdehin 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 305 saylı müqavilənin şərtlərini pozaraq istehsal edilən xam pambığı iddiaçıya təhvil vermədiyini və götürdüyü avans müqabilində borcunu ödəmədiyini, nəticədə cavabdehin iddiaçıya 9205,72 manat məbləğində borcunun yarandığını iddia edir. İddiasının əsası kimi iddiaçı tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli “Üzləşmə aktı”na istinad edir. Lakin, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaçının İmişli rayon nümayəndəsi tərəfindən verilmiş arayışda 2022-ci il mövsümü üzrə fermer Cavabdeh ümumilikdə 10.661,22 manat məbləğində avans verildiyi, Cavabdeh tərəfindən 7.269,85 manat "xxxx" MMC-nin xeyrinə avans borc ödənişi edildiyi və qalıq avans borcunun 3.391,37 manat təşkil etdiyi qeyd olunmuşdur. Bununla yanaşı cavabdeh tərəfindən təqdim olunmuş pambıq qəbulu qəbzlərinə əsasən müəyyən olunur ki, Cavabdeh tərəfindən "xxxx" MMCnin pambıq qəbulu məntəqəsinə 21 və 24 noyabr 2022-ci il tarixlərində ümumilikdə 7.269,85 manat dəyərində xam pambıq təhvil verilmişdir. Beləliklə işdə olan sənədlərə əsasən işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək cavabdehə 9205,72 manat məbləğində avans vermiş, lakin bunun qarşılığında cavabdeh 7.269,85 manat dəyərində xam-pambığı iddiaçıya təhvil vermişdir. Nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 1.935,87 manat məbləğində borcu qalmışdır. Buna görə də həmin məbləğdə borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə, iddia tələbini hesablanmış cərimənin və əldən çıxmış fayda şəklində zərərin ödənilməsinə dair hissədə əsassız hesab edərək qeyd edir ki, əvvəla iddia tələbi əsas borcun miqdarına aid hissədə qismən əsaslı hesab edildiyinə görə, iddia ərizəsində qeyd olunan məbləğdə əsas borca münasibətdə hesablanmış cərimə və əldən çıxmış fayda şəklində zərərin də tələb olunan həcmdə olması sübuta yetirilmir. Digər tərəfdən işdə olan müvafiq icra hakimiyyəti orqanının, həmçinin iddiaçının nümayəndələri tərəfindən təsdiq edilmiş aktla da müəyyən olunur ki, cavabdehin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirə bilməməsi ona məxsus olan pambıq sahəsinə ziyanvericilər tərəfindən ciddi ziyan vurulması ilə əlaqədar olmuşdur. Məhkəmə, iddia tələbinin cavabdehdən müqavilə şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etməməsinə görə cərimə tutulması hissəsi ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə görə, cavabdeh üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam-pambıq təhvil verərsə, onda təhvil verilməyən xam-pambığın dəyərinin 20% miqdarında cərimə ödəyir. Müqavilənin bu şərti həmin müqavilənin 1.1-ci və 2.1.1-ci bəndlərində nəzərdə tutulan cavabdehin öhdəliyinə dair şərtlərlə birgə şərh olunduqda görünür ki, cavabdeh 9,50 ha sahədə pambıq əkmək və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edərək iddiaçıya təhvil vermək öhdəliyini pozduğu halda, təhvil verə bilmədiyi xam pambığın dəyərinin (birinci növ pambığın dəyəri ilə hesablanmaqla) 20% miqdarında iddiaçıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin bu şərtini əsas tutaraq cavabdehdən təhvil verə bilmədiyi məhsula görə cərimə ödənilməsini tələb edir. Məhkəmə, cərimə tələbinin əsaslılığı ilə bağlı məsələyə qiymət verərkən ilk növbədə tərəflər arasında razılaşdırılmış cərimənin hüquqi təbiətinə aydınlıq gətirilməsini vacib hesab edir. Mülki qanunvericilikdə dəbbə (cərimə, penya) həm öhdəliyi icra etməməyə görə mülki məsuliyyət sanksiyası, həm də öhdəliyin lazımınca icra edilməsinin təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Birinci halda, yəni mülki məsuliyyət tədbiri kimi nəzərdə tutulan dəbbə pulu (cərimə, penya) öhdəlik münasibətinin bir tərəfinə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyinə görə digər tərəfin məruz qaldığı zərərin kompensasiya edilməsi məqsədi ilə tətbiq edilən mülki hüquq sanksiyası funksiyasını, təminat üsulu kimi nəzərdə tutulan digər halda isə dəbbə pulu (cərimə, penya) öhdəliyin lazımınca icra edilməsinə borclunun kreditor qarşısında əlavə öhdəliyi funksiyasını yerinə yetirir. Mülki hüquq sanksiyası olaraq nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsinin başlıca şərtləri, öhdəliyin lazımınca icra edilməməsi nəticəsində tələb hüququ yaranan tərəfə zərər vurulması (1-ci şərt) və öhdəliyi lazımınca icra etməyən tərəfin təqsirinin müəyyən edilməsidir (2-ci şərt). Bu iki şərtin mövcud olduğu təqdirdə mülki məsuliyyət tədbiri qismində dəbbənin (cərimə, penya) tətbiq edilməsi üçün əsas yaranır. Öhdəliyin təmin üsulu kimi nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsi üçün isə tələb hüququ yaranan tərəfin zərərə məruz qalması mühüm şərt deyildir. Burada əsas olan borclunun öhdəliyini icra etmədiyi, lazımınca icra etmədiyi və ya icranı gecikdirməsi faktının və dəbbə pulu ödənilməsi barədə müqavilə şərtinin olmasının kreditor tərəfindən sübut edilməsidir. Dəbbə pulunun anlayışını verən Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Dəbbə puluna verilən leqal tərifdən müəyyən olunur ki, dəbbə pulunun ödənilməsi tələbi borclu tərəfindən öhdəliyin pozulması ilə yaranır. Bunun üçün əlavə olaraq kreditora zərər vurulması faktının baş verməsi tələb olunmur. Qeyd olunanları hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilədə qeyd olunan cərimə öhdəliyi, cavabdehin üzərinə götürdüyü hər hektardan 30 sentnerdən az olmamaqla 9,50 ha sahədən xam pambıq tədarük edərək iddiaçıya təhvil vermək öhdəliyinin lazımınca icra olunmasının təmin edilməsi üsulu kimi nəzərdə tutulmuşdur. Buna görə də, cərimə ödənilməsi üçün iddiaçının öhdəliyin pozulması nəticəsində zərərə məruz qalmasını sübut etmək vəzifəsi yaranmır. Lakin, məhkəmə cərimə tələbinin əsaslılığı ilə bağlı məsələnin həllində xüsusi əhəmiyyəti olan bir məsələyə də qiymət verməyi zəruri hesab edir. Bu, öhdəliyin pozulmasında cavabdehin məsuliyyətinin müəyyən edilməsinə dair xüsusatdır. Adı çəkilən xüsusatla bağlı məhkəmə qeyd edir ki, işin hallarından cavabdehin üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etməməsində təqsirinin olması müəyyən edilmir. Belə ki, məhz cavabdehin təqsiri (qəsd və ya ehtiyatsızlıqdan) nəticəsində 9,50 ha sahənin hər hektarından ən az 30 sentner məhsul əldə edilməməsi ilə bağlı iş materiallarında sübut yoxdur. İşdə olan aktla da müqavilə bağlanılan ildə ziyanvericililərin vurduqları zərər nəticəsində məhsuldarlığın aşağı olduğu müəyyən olunmuşdur. Digər səbəblərdən (nəzərdə tutulandan az sahədə əkin aparılması, əkin aparılmış sahəyə lazımi qulluq edilməməsi, məhsulun vaxtında yığılmaması, yığılmış məhsulun başqa alıcıya satılması və s.) cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsində təqsirli olması müəyyən edilmir. İş materiallarında olan sənədlərdən də görünür ki, cavabdeh ona məxsus olan sahənin ziyanvericilər tərəfindən zərərə məruz qalmasına baxmayaraq müqavilə üzrə vəzifələrini yerinə yetirməyə davam etmiş və aldığı avansın böyük hissəsini qarşılayan xam pambıq tədqrük edərək iddiaçıya təhvil vermişdir. Bu xüsusat da cavabdehin son ana qədər müqavilə üzrə öhdəliklərini yerinə yetirməyə cəhd etməsinə dəlalət edir. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, öhdəliyin pozulması cavabdehin cavabdeh olmadığı hallardan irəli gəldiyi və cavabdehin öhdəliyin lazımınca icra edilməsində təqsiri müəyyən olunmadığına görə iddiaçının cərimə (dəbbə) pulunun ödənilməsi barədə tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə və 448.2-ci maddəsinin birinci cümləsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.4-cü maddsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumu məbləğinin cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, işdə olan ********** nömrəli qəbzin surətindən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 129,71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi qismən təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 129,71 manat dövlət rüsumu tam şəkilldə cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.935,87 manat məbləğində borc və ödənilmiş 128,71 manat dövlət rüsumu olmaqla, cəmi 2.064,58 manat məbləğində pul tutularaq iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar