Məhkəmə qərarları › İş №e-2-2(121)-819/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-819/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-819/2025 22.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2022-cü il tarixli, S97/22 saylı Təchizat Müqaviləsi əsasında 4344,41 manat əsas, 6216,85 manat dəbbə pulu və 121 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 10682,26 manat cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-cü il tarixdə “X6 Company” MMC ilə cavabdeh arasında S97/22 saylı “Təchizat” müqaviləsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “X6 Company” MMC, yəni “Satıcı” bu müqavilədə nəzərdə tutulmuş malları “Alıcı”ya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalarıəsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq,alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 4344,41 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni"xxxx" MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə“Tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verdi əlavə olaraq məhkəməyə ərizə ilə müraciət edərək, bildirdi ki, iddia ərizəsində cavabdehə verilən ümumi malın məbləğinin 4694,41 göstərilməsi, cavabdehə verilən mallara dair elektron – qaimənin texniki səhvliklə təkrar göndərilməsi ilə əlaqədar olmuşdur. Belə ki, elektron qaimə səhvən 2 dəfə göstərilmiş, lakin cavabdeh tərəfindən həmin elektron-qaimə ləğv edilmədiyinə görə, iddiaçının sistemində borc məbləği müvafiq qaimələrə görə artıq göstərilir. Buna görə də, məhkəməyə təqdim edilən maliyyə arayışında da borc məbləği sistem tərəfindən artıq göstərilir və ona müdaxilə etmək mümkün deyil. Cavabdehə verilmiş malın ümumi məbləği 3210,19 manat olmuş və həmin məbləğdən cavabdeh tərəfindən 350 manat ödəniş olmuşdur. Nəticədə cavabdehin 2860,19 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbi üzrə yekun məhkəmə aktının çıxarılmasını xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddiaçıdan 3210,19 manat məbləğində mal almış və aldığı mallara görə ödəniş etdikdən sonra iddiaçıya 1689 manat borcu qalmışdır. Eyni zamanda bildirdi ki, ödənişlər özü tərəfindən iddiaçının işçisinə edilmişdir. Lakin ödənişlər edilməsi barədə əlində mötəbər sübutlar olmadığında məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsini xahiş etdi.

İddia ərizəsinə etiraz:

5. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

6. İddiaçı MMC (Təchizatçı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, S97/22 nömrəli “Təchizat Müqaviləsi”nin: - 1.1-ci bəndinə əsasən “Təchizatçı” “Alıcı”ya “mal” satır. “Alıcı” isə həmin “Mal”ı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada “Mal”ın dəyərini “Təchizatçı”ya ödəyir. Bu müqavilə çərçivəsində “Mal” termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. -1.2-ci bəndinə əsasən, Marların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər “Maflara əlavə edilən qaimələrlə və hesab fakturalarla “Tərəflərin razılaşdığı və hazırkı “Müqavilə”nin ayrılmaz hissəsi sayılan “Əlavələrdə əks olunur. -2.1-ci bəndinə əsasən, Malların təchizatı bu “Müqavilə”nin bütün müddəti ərzində bu “Müqavilə”yə “Əlavə”lər və onun ayrılmaz hissəsi olan “Spesifıkasiya”lar əsasında ayrı-ayrı partiyalarda hissə-hissə həyata keçirilir. -2.4-cü bəndinə əsasən, Mallar “Təchizatçı” və ya onun cəlb etdiyi daşıyıcı tərəfindən “Alıcı”nın müvafiq lisenziyaya malik olduğu bilavasitə “Alıcı"nın anbarına (mağazaya, digər binalara) çatdırılır. “Mal”ların “Alıcı”ya faktiki təhvil verildiyi və “Mal”lar üçün əlavə hesabfakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur, həmin andan etibarən “Mal”lara qulluq yükü və “Mal”ların təsadüfən itirilməsi riski “Alıcı”nın üzərinə düşür. - 4.1-ci bəndinə əsasən, Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Təchizatçı" qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Təchizatçı"nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı. “Alıcı” satılan “Mal’ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesabfakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Təchizatçı"nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. -4.2-ci yarımbəndinə əsasən, “Alıcı” realizasiya tarixindən etibarən hər 30 (otuz) təqvim günündən bir, lakin istənilən halda növbəti hesabat tarixinin 20-dən gec olmayaraq, satılan/satılmamış “Mal”ların qalıqları barədə məlumatı “Təchizatçı"ya təqdim etməyi öhdəsinə götürür. “Alıcı” tərəfindən bu cür məlumatların təqdim edilməməsi, satılmayan malllar olduğu halda belə “Təchizatçı” qarşısında “Mal"lar üçün tam ödəniş, öhdəliyi yaradır. Bununla belə təchiz olunmuş “Mal”lara görə tam həcmdə ödəniş tələbinə əsasən “Alıcı” “Təchizatçı” tərəfindən təqdim edilmiş yazılı tələb alındığı andan 3 (üç) iş günündən gec olmayaraq ödəniş etməyə borcludur. -5.1-ci yarımbəndinə əsasən, “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Təchizatçı"ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. 4.2.-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda “Alıcı” razılaşır ki, “Təchizatçı” təhvil verilmiş bütün “Mal”lara görə penya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, “Alıcı” Razılaşır ki, “Təchizatçı” bütün çatdırılmış “Mal”ın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi “Alıcı”nı bu “Müqavilə” üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir.

7. İş materiallarında olan EBCM 301004 nömrəli, xx.xx.2022-ci il tarixli (184,65 manat), EBCN 957053 nömrəli, xx.xx.2023-cü il tarixli (176,4 manat), EBCN 964023 nömrəli xx.xx.2023-cü il tarixli (146,92 manat), EBCO 143925 nömrəli, xx.xx.2023-cü il tarixli (62,88 manat), EBDB 261307 nömrəli, xx.xx.2023-cü il tarixli (104,56 manat), EBDİ 167682 nömrəli, xx.xx.2023-cü il tarixli (157,44 manat),EBDJ 611428 nömrəli, xx.xx.2023cü il tarixli (236 manat), EBDL 536766 nömrəli, xx.xx.2023-cü il tarixli (347,04 manat), EBDN 899806 nömrəli, xx.xx.2023-cü il tarixli (1484,22 manat), EBDN 899400 nömrəli, xx.xx.2023-cü il tarixli (1484,22 manat) və 0000-005269 nömrəli, xx.xx.2023-cü il tarixli (310,08 manat), malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalardan və cavabdehin sifariş etdiyi malların siyahısından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 4694,41 manat məbləğində sipirtli içki vasitələri təqdim edilmişdir.

8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 865 nömrəli “X4”nın surətindən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh 4694,41 manat məbləğində sipirtli içki vasitələri təhvil verilmiş, Cavabdeh isə həmin malların ümumi dəyərindən 350 manat ödəməklə İddiaçı MMC-yə 4344,41 manat məbləğində borcu qalmışdır.

9. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, S97/22 nömrəli “Təchizat” müqaviləsinə əsasən Cavabdeh həmin müqavilə üzrə 4344,41 manat əsas borc və 6215,85 manat cərimə olmaqla, ümumilikdə 10561,26 manat borcu vardır.

10. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış Təchizat müqaviləsi üzrə yaranmış 4344,41 manat borcun xx.xx.2024-cü il tarixədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır.

11. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində cavabdehə verilən ümumi malın məbləğinin 4694,41 manat olaraqgöstərilməsi, cavabdehə verilən mallara dair elektron – qaimənin texniki səhvliklə təkrar göndərilməsi ilə əlaqədar olmuşdur. Cavabdehə verilmiş malın ümumi məbləği 3210,19 manat olmuş və həmin məbləğdən cavabdeh tərəfindən 350 manat ödəniş olmuşdur. Nəticədə cavabdehin 2860,19 manat borcu qalmışdır.

b) Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 837.1-ci maddəsinə əsasən konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə iddiaçın nümayəndəsini və cavabdehin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

16. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə “Təchizat Müqaviləsi” kimi adlandırılsa da, tərəflər arasında faktiki olaraq alqısatqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi “X6 Company” MMC, yəni “Təchizatçı” “Alıcı”ya “mal” satmağı, “Alıcı” isə həmin “Mal”ı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada “Mal”ın dəyərini “Təchizatçı”ya ödəməyi öhdəsinə götürmüşdür.

17. Məhkəmə, həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə etibarlıdır və etibarsız hesab olunması üçün qanunda nəzərdə tutulan əsaslar yoxdur. “Alqı-satqı Müqaviləsi”nin “Təchizat müqaviləsi” kimi göstərilməsinə gəldikdə isə, nəzərə alınmalıdır ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC cavabdeh ilə aralarında bağlanmış müqavilədən irəli gələn üzərinə düşən öhdəlikləri icra edərək ümumilikdə 4694,41 manat dəyərində malları alıcıya təhvil verdiyini bildirsə də, işdə olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan, cavabdehin sifariş etdiyi malların siyahısından və iddiaçının nümayəndəsinin izahatından müəyyən olunur ki, sistemdə baş vermiş texniki səhvliklə əlaqədar 1484,22 manat məbləğində elekton-qaimə sistemə iki dəfə yüklənmişdir. Belə ki, işin araşdırılan hallarından müəyyən edildi ki, cavabdehə ümumuilikdə 3210,19 manat məbləğində mal təhvil verilmiş, cavabdeh tərəfindən isə 350 manat məbləğində ödəniş edilmişdir. Nəticədə cavabdehin iddiaçıya 2860,19 manat məbləğində borcu qalmışdır. Beləliklə Cavabdeh tərəfindən öhdəliklər tam icra edilməmiş, qəbul edilmiş malların dəyəri tam ödənilməmişdir.

19. Məhkəmə qeyd edir ki, tələb olunan pul məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh iddia ərizəsinə qarşı etiraz verməmiş, həmçinin məhkəmə iclasında iddiaçıya müəyyən ödənişlər etməsini və 1689 manat borcunun qaldığını bildirsə də, müvafiq məbləğdə ödənişlər etdiyni təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir.

20. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ümumilikdə 2860,19 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən iddia tələbi əsas borca münasibətdə qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir.

21. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən müqavilədə göstərilən müddətdə ödənilməsi gecikdirildikdə, iddiaçının gecikdirilən hər gün üçün cərimə hesablamaq hüququ vardır. İşin halları ilə Cavabdeh tərəfindən öhdəlik götürdüyü müddətdə ödənişin gecikdirildiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.

22. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.

23. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 6216,85 manat məbləğində cərimənin tutulması hissəsində mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 140 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.

24. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2860,19 manat məbləğində əsas borc və 140 manat məbləğində cərimə tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

Məhkəmə xərcləri:

25. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumuna görə 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 71 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

Nəticə

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh 2860,19 manat əsas borc, 140 manat cərimə olmaqla, cəmi 3000,19 (üç min manat, on doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin İddia qalan hissədə təmin edilməsin Ödənilmiş qalan 71 (yetmiş bir) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar