Məhkəmə qərarları › İş №e-2-2(121)-827/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-827/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-827/2024 06.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 195963,11 ABŞ dolları məbləğində əsas vəsaitin və ödənilmiş 623,14 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı”), "xxxx" QSC-nin törəmə cəmiyyəti olmaqla, dəmiryolu nəqliyyatı ilə beynəlxalq və yerli yükdaşımaları sahəsində fəaliyyət göstərən və müvafiq qaydada hər il əldə olunmuş mənfəətdən dövlət büdcəsinə dividend ödəyən bir dövlət şirkətidir. Öz fəaliyyət çərçivəsində İddiaçı MMC hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (bundan sonra “Cavabdeh”) ilə xidmətlərin göstərilməsi haqqında 23- ADY-AZE-021a nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə (bundan sonra “Müqavilə”) imzalayaraq mülki-hüquqi münasibətlərə daxil olmuşdur. Müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh dəmiryolu daşınmaları ilə bağlı verdiyi sifarişlər əsasında nəqliyyat-ekspedisiya xidməti göstərilmişdir, lakin Kərimov X1 1.1, 2.2.4, 8.1, 8.7-ci bəndlərinin tələblərini pozaraq İddiaçı MMC tərəfindən göstərilmiş xidmətlər müqabilində zəruri ödənişləri həyata keçirməmişdir. Bununla belə, cari tarixə Cavabdehin İddiaçı qarşısında 195963,11 ABŞ dolları məbləğində pul öhdəliyi mövcuddur. Sözügedən borc məbləği xx.xx.2023xx.xx.2023-cü il tarixli dövrü əhatə edən xx.xx.2023-cü il tarixli Üzləşmə aktı ilə öz təsdiqini tapır. Cavabdeh bu borcla bağlı həmin tarixdən etibarən hər hansı ödəniş etməmişdir. Cavabdeh İddiaçıya müxtəlif vədlərlə müraciət edərək borcun ödənilməsi üçün ona vaxt tanınmasını istəmişdir. Cavabdehə ödənişin edilməsi üçün yetərincə vaxtın tanınmasına və məsələ ilə bağlı “e-mehkeme” portalı üzərindən xx.xx.2023-cü il tarixli pretenziya məktubunun yollanmasına və daha sonra pretenziya məktubu ilə bağlı məlumatın elektron poçt vasitəsi ilə Cavabdehə çatdırlmasına baxmayaraq, Cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamışdır. Bundan əlavə, Cavabdeh ümumiyyətlə İddiaçının heç bir sorğusuna və telefon zənglərinə cavab verməyərək İddiaçı ilə öz əlaqəsini kəsmişdir. Cavabdeh vəkili və nümayəndəsi X2 0906.2024-cü il tarixdə elektron qaydada məhkəməyə təqdim etdiyi etirazda bildimişdir ki, iddiaçı iddia ərizəsində qeyd eləyib ki, guya İddiaçı MMC hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (bundan sonra “Cavabdeh”) ilə xidmətlərin göstərilməsi haqqında 23- ADY-AZE-021a nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə (bundan sonra “Müqavilə”) imzalayaraq mülki-hüquqi münasibətlərə daxil olmuşdur. Müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh dəmiryolu daşınmaları ilə bağlı verdiyi sifarişlər əsasında nəqliyyat ekspedisiya xidməti göstərilmişdir, lakin Kərimov X1 1.1, 2.2.4, 8.1, 8.7-ci bəndlərinin tələblərini pozaraq İddiaçı MMC tərəfindən göstərilmiş xidmətlər müqabilində zəruri ödənişləri həyata keçirilməmişdir. Bununla belə, cari tarixə cavabdehin iddiaçı qarşısında 195963,11 (yüz doxsan beş min doqquz yüz altmış üç dollar, 11 sent) ABŞ dolları məbləğində pul öhdəliyi mövcuddur. Sözügedən borc məbləği xx.xx.2023 - xx.xx.2023-cü il tarixli dövrü əhatə edən xx.xx.2023-cü il tarixli Üzləşmə aktı ilə öz təsdiqini tapır. Cavabdeh bu borcla bağlı həmin tarixdən etibarən hər hansı ödəniş etməmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçının qeyd elədiyi müqavilədə cavabdehin imzası yoxdur, o, müqaviləni heç vaxt görməmiş, oradakı məbləğ 195963,11 dollar necə müəyyən olub xəbəri də yoxdur. Göründüyü kimi, iddiaçının iddia tələbi qanunsuz və əsassızdır, fərziyyələrə əsaslanmaqla iddia verilmişdir. Belə ki, iddia tələbində 195.963,11 ABŞ dolları məbləğində borc tələb olunsa da, həmin borcun mövcud olması barədə iddiaçı məhkəməyə hər hansı bir tutarlı sübut təqdim edə bilməmişdir. İddiaçı borc tələbinə dair məhkəməyə iddia verərkən tərəflər arasında bağlanmış müqaviləyə istinad etmişdir ki, həmin müqavilə natamamdır, yəni belə bir müqavilə ümumiyyətlə bağlanmamışdır. Əgər tərəflər arasında müqavilə mövcud olsaydı onda görülən işlər, göstərilən xidmətlərin dəyərinin müəyyən edilməsi haqqında tərəflər arasında akt mövcud deyildir. Cavabdehə iddiaçı tərəfindən zənglər gəlirdi ki, o məbləği ödəməlidir, ödəməsə onlar böyük bir MMC-dir və məhkəmədə onların xeyrinə qərar veriləcək, cavabdehə isə bildirmişdir ki, məhkəməyə verin və məhkəmə ədalətli, düzgün qərar verəcək. Yuxarıda qeyd edilənləri, Mülki Məcəllənin müvafiq maddələrini və qanunun digər tələblərini rəhbər tutaraq iddia tələbinə etiraz edilir və məhkəmədən heç bir subut olmadığından, iddianın təmin olunmaması barədə qətnamə çıxarılması xahiş olunur. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh şifahi izahatında iddiaçıya təxminən 65-67000 ABŞ dolları məbləğində borcu olduğunu qəbul etdiyini, qalan borc məbləğinin əsassız hesablandığını, iddiaçı tərəfindən həyata keçirilən daşımalara görə ona invoys və elektron qaimələr göndərildiyini, hansı qaimələri təsdiq etmişdirsə onlara dair ödənişləri etdiyini, təsdiq etmədiyi qaimələr üzrə daşıma həyata keçirilmədiyini və buna görə də ödəniş etmədiyini, növbəti iclasda bəzi elektron qaimələri təsdiq etməməsinə dair sübutları məhkəməyə təqdim edəcəyini bildirmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, baxış iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, iştirak etdikləri məhkəmə iclaslarında tərəflərin verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23-ADY-AZE-021a nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilənin: 1.1-ci bəndinə əsasən, icraçı Sifarişçinin yazılı sifarişinə əsasən aşağıdakı xidmətləri (bundan sonra “Xidmətlər” adlandırılacaq) yerinə yetirməyi və ya onların Sifarişçi adından yerinə yetirməsini təşkil etməyi, Sifarişçi isə həmin xidmətlər müqabilində İcraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürür. Hər bir xidmət üzrə xüsusi şərtlər və qiymətlər Müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır. 1.Sifarişçiyə məxsus çən vaqonlarının yuylub-buxarlanması, deqazasiya və təmizlənməsi;

2. Sifarişçinin mülkiyyətində və ya icarəsində olan istənilən növ vaqonların əsaslı, depo və cari təmirinin həyata keçirilməsi; 3.İcraçının mülkiyyətində (icarədə) olan dəmir yol vaqonlarının istifadəyə verilməsi; 4.Yüklərin aşırılması xidməti; 5.Ekspedisiya xidmətləri (tələb olunan marşrut və ya marşrut hissələri üzrə); 6.Tərəflərin razılığı ilə digər əməliyyatlar. 2.2.4-cü bəndinə əsasən, Sifarişçi İcraçı tərəfindən bu Müqavilə üzrə xidmətlərin göstərilməsi üçün təqdim edilən hesablara əsasən qabaqcadan 100% həcmində ödəniş etməlidir. 5.1-ci bəndinə əsasən, İcraçı Sifarişçinin sifarişi ilə ona mülkiyyətində (icarədə) olan dəmir yol vaqonlarını (bundan sonra “Vaqonlar”) istifadəyə verməyi, Sifarişçi isə bunun müqabilində razılaşdırılmış haqq ödəməyi öhdəsinə götürür. 5.2-ci bəndinə əsasən, vaqonların verilmə müddəti, daşınan yüklərin nomenklaturası, vaqonların sayı, yükləmə və təyinat stansiyaları Sifarişçi tərəfindən sifarişdə göstərilir. Sifariş İcraçının OCTOS proqramı vasitəsi ilə tərtib olunur və hazırki Müqavilənin tərkib hissəsi hesab edilir. 5.3-cü bəndinə əsasən, yükdaşımaya başlanma tarixinə azı 10 (on) təqvim günü qalmış, Sifarişçi İcraçıya İcraçının OCTOS proqramı vasitəsi ilə sifarişi təqdim etməlidir. Sifarişçi, İcraçının tələbi əsasında yükdaşımaya azı 5 (beş) təqvim günü qalmış, bu daşınmaya QU-12 forması aktını rəsmiləşdirməlidir. 7.4-cü bəndinə əsasən, Sifarişçi tərəfindən sifariş edilmiş yük daşınma əməliyyatının başladılması üçün Sifarişçi İcraçıya aşağıdakı sənədləri təqdim etməlidir:

1. Yükün daşınması üçün yükün qəbul (təhvil) yerini, son təyinat məntəqəsini, növünü, çəkisini, həcmini, xüsusiyyətlərini və s. məlumatları özündə əks etdirən Sifarişçinin OCTOS proqramı üzərindən verdiyi sifarişi; 8.1-ci bəndinə əsasən, Sifarişçi göstərilən xidmətlərin (görülən işlərin) dəyərini müvafiq qiymətlər əsasında ödəyir. 8.2-ci bəndinə əsasən, bu Müqavilə üzrə göstərilən xidmətlərin dəyəri Sifaişçi tərəfindən OCTOS proqramı vasitəsi ilə yerləşdirdiyi sifariş əsasında hazırlanmış hesab əsasında müəyyən edilir. 9.1-ci bəndinə əsasən, İcraçı Xidmətləri yalnız Sifarişçinin müvafiq formada etdiyi sifarişlər əsasında təqdim edir. 9.2-ci bəndinə əsasən, Xidmətin qəbulu Tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı Üzləşmə aktı əsasında həyata keçirilir. İcraçı tərəfindən qarşı tərəfə Üzləşmə aktı hər növbəti ay ərzində, əgər hər hansı səbəbdən onun Sifarişçiyə təqdimi qeyd edilən vaxtda mümkünsüz deyilsə, təqdim edilir. Sifarişçiyə təqdim edilən üzləşmə aktı 5 (beş) gün ərzində imzalanmalı və ya İcraçıya əsaslandırılmış imtina ilə geri qaytarılmalıdır. Əgər Üzləşmə aktının imzalanması Sifarişçi tərəfindən gecikdirilərsə və qeyd edilən vaxt ərzində imzalanmazsa, Ekspeditorun təqdim etdiyi qiymətlər və digər məlumatlar əsaslı və qəbul edilmiş sayılacaq. Adı çəkilən Aktda icra olunmuş işlərlə bağlı yaranmış maliyyə öhdəlikləri (debet, kredit), kodlar, vaqon nömrələri, dəmir yol qaimə nömrələri, göndərmə və qəbuletmə stansiyası, yükün təsviri və kodu, brutto çəki, vaqon tipi və mənsubiyyətinin qeyd olunması zəruridir. 9.3-cü bəndinə əsasən, Üzləşmə aktı İcraçının bu Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etdiyini və Sifarişçinin göstərilmiş xidmətlər ilə razı olduğunu və onları qəbul etdiyini təsdiq edir. 10.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı və tərəflərin möhürləri ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə 1 (bir) həftə qalmış Tərəflər bir-birinə müqaviləyə xitam vermək niyyətləri barədə yazılı məlumat vermədikdə, müqavilə eyni şərtlərlə hər növbəti 1 (bir) il müddətinə uzadılmış hesab olunur. İş materiallarında olan sifariş formalarının surtlərindən görünür ki, Cavabdeh tərəfindən 2023-cü ilin mart, aprel, may, iyun və iyul ayları ərzində dəmir yolu vasitəsi ilə yüklərin daşınması barədə sifarişlər verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaiməfakturalar və hesab-fakturalardan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23-ADY-AZE-021a nömrəli müqaviləyə əsasən İddiaçı MMC tərəfindən 2023-cü ilin mart ayından sentyabr ayına kimi olan dövrdə həyata keçirilmiş beynəlxalq daşıma xidmətlərinin ümumi dəyəri 209192,81 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli EBDG seriyalı 772629 saylı elektron qaimə-faktura və İNV-AZE 2303-0039 nömrəli hesabfakturaya əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23-ADY-AZE-021a nömrəli müqavilə üzrə Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin hesabına 13229,68 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan e-mail yazışmalarına dair məlumatlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh mailto:raminkerimov808@gmail.comElektron ünvan elektron poçt ünvanına 2023-cü ilin mart, aprel, may, iyun və iyul ayları üzrə göstərilmiş daşıma xidmətlərinə dair üzləşmə aktları göndərilmişdir. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, 23-ADY-AZE-021a nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdə 22490,50 manat ödəniş etmişdir, onun İddiaçı MMC-nə 333137,30 manat borcu vardır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23- ADY-AZE-021a nömrəli xidmət müqaviləsi üzrə yaranmış borcun 10 təqvim günü ərzində İddiaçı MMC-nə ödənilməsinin təmin edilməsi xahiş edilmiş, əks təqdirdə gecikdirilmiş gün üçün 0.5% həddində cərimə hesablayaraq məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (yük daşınması müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı üzərinə düşən öhdəliyi icra edərək cavabdehiin sifariş etdiyi yükü təyinat yerinə daşıyaraq cavabdehə təhvil verdiyini, lakin cavabdehin daşımanın dəyərini tam şəkildə ödəmədiyini, nəticədə cavabdehin ödənilməmiş 195963,11 ABŞ dolları məbləğində borcunun qaldığını iddia edir. Cavabdeh iddiaçıya təxminən 65-67000 ABŞ dolları məbləğində borcu olduğunu qəbul etdiyini, qalan borc məbləğinin əsassız hesablandığını, iddiaçı tərəfindən həyata keçirilən daşımalara görə ona invoys və elektron qaimələr göndərildiyini, hansı qaimələri təsdiq etmişdirsə onlara dair ödənişləri etdiyini, təsdiq etmədiyi qaimələr üzrə daşıma həyata keçirilmədiyini və buna görə də ödəniş etmədiyini əlavə olaraq xx.xx.2023-cü il tarixli, 23-ADY-AZE-021a nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilənin onun tərəfindən imzalanmadığını bildirir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını yük daşınması müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 46-cı fəslinin 2-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850-ci maddəsində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə yük daşınması müqaviləsinə dair maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli EBDG seriyalı 772629 saylı elektron qaimə-faktura və İNV-AZE 2303-0039 nömrəli hesab-fakturaya əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23-ADY-AZE-021a nömrəli müqavilə üzrə Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin hesabına 13229,68 ABŞ dolları məbləğində pul vəsaitinin köçürülməsi, cavabdehin etirafına əsasən onun iddiaçıya təxminən 65-67000 ABŞ dolları məbləğində borcunun olması, iş materiallarında olan email yazışmalarına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh elektron poçt ünvanına 2023-cü ilin mart, aprel, may, iyun və iyul ayları üzrə göstərilmiş daşıma xidmətlərinə dair üzləşmə aktlarının göndərilməsi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halları belədir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərini icra edərək cavabdehin sifarişlərinə əsasən 2023cü ilin mart – iyul ayları ərzində yük daşınması xidmətini həyata keçirdiyini və həmin daşımaların ümumi dəyərinin 209192,81 ABŞ dolları təşkil etdiyini, cavabdehin həyata keçirilən daşımalar üzrə cəmi 13229,68 ABŞ dolları məbləğində xidmət haqqı ödədiyini, nəticədə cavabdehin ödənilməmiş 195963,11 ABŞ dolları məbləğində borcunun qaldığını bildirir, cavabdeh isə həmin halları mübahisələndirərək xidmətlərin göstərilməsi haqqında müqavilənin onun tərəfindən imzalanmadığını, buna görə də tərəflər arasında yük daşınmasına dair müqavilə öhdəlikləri üzrə hüquq münasibətlərinin yaranmadığını iddia edir, buna baxmayaraq ona göstərilmiş daşıma xidmətinə görə iddiaçıya 65-67000 ABŞ dolları məbləğində borcunun qaldığını etiraf edir. İddiaçı, cavabdehin yük daşınması xidməti üzrə öhdəliyini icra etməyərək göstərilən xidmətin dəyərini ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında imzalanmış xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə, yük daşınması haqqında cavabdeh tərəfindən verilmiş sifariş formalarına, yükün təyinat yerinə daşınmasına dair sənədlərə, cavabdehə göndərilmiş invoys və elektron qaimə-fakturalara, yenə cavabdehin e-mail ünvanında göndərilmiş üzləşmə aktlarına, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Cavabdeh isə öz etirazının əsası kimi müqavilədə olan imzanın ona məxsus olmamasına, ona göndərilmiş elektron qaimə fakturaların bəzilərini təsdiq etməməsinə, göstərilən xidmətlərin dəyərinin müəyyən edilməsi haqqında tərəflər arasında aktın mövcud olmamasına, həmçinin iddiaçı tərəfindən göndərilmiş üzləşmə aktlarının onun tərəfindən təsdiq edilməməsinə istinad edir. Məhkəmə, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin onun tərəfindən imzalanmamasına və buna görə də tərəflər arasında yük daşınmasına dair müqavilə öhdəlikləri üzrə hüquq münasibətlərinin yaranmadığına dair cavabdehin iddiasına münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə, ilk növbədə qeyd edir ki, sözügedən müqavilədə olan imzanın cavabdehə məxsus olub-olmaması barədə məsələnin araşdırılması məqsədi ilə müvafiq ekspertiza təyin edilməsi barədə cavabdehin nümayəndəsinin vəsatətinin təmin edilərək iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsinə baxmayaraq, cavabdeh öz hərəkətləri ilə ekspertizanın keçirilməsinə mane olmuşdur. Buna görə də, ekspert tərəfindən qərardad icra olunmadan məhkəməyə qaytarılmışdır. Belə olan halda, ekspertiza təyin edilən faktın, yəni imzanın cavabdehə məxsus olmaması barədə iddianın rədd edilmiş hesab edilməsi üçün qanuni əsas yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Digər tərəfdən məhkəmə hesab edir ki, tərəflər arasında yük daşınması üzrə öhdəlik hüquq münasibətlərinin mövcud olması baxılan iş üzrə müəyyən edilmiş hallarla və işdə olan təkzibedilməz dəlilllərlə öz təsdiqini tapmışdır. Belə ki, əvvəla xx.xx.2023-cü il tarixli EBDG seriyalı 772629 saylı elektron qaiməfaktura və İNV-AZE 2303-0039 nömrəli hesab-fakturaya əsasən Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin hesabına 13229,68 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi üçün əsas İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23-ADY-AZE-021a nömrəli müqavilə olmuşdur. Yəni, Cavabdeh mübahisələndirdiyi müqavilə üzrə öhdəliyini icra edərək iddiaçının hesabına pul vəsaiti köçürmüşdür. Digər tərəfdən, cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə də tərəflər arasında belə münasibətin yaranması faktı etiraf edilmişdir. Belə ki, cavabdeh izahatında yük daşınması xidmətinə görə iddiaçıya təxminən 65-67000 ABŞ dolları məbləğində borcu olduğunu, iddiaçı tərəfindən həyata keçirilən daşımalara görə təsdiq etdiyi invoys və elektron qaimələrə görə iddiaçıya ödənişlər etdiyini etiraf etmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda yük daşınması üzrə hüquq münasibətlərinin yaranması üçün tərəflər arasında yazılı müqavilənin tərtib olunması zəruri deyildir. Belə ki, mülki qanunvericilikdə yük daşınması müqaviləsinin bağlanmış hesab edilməsi üçün yazılı formaya əməl edilməsi zəruri şərt kimi nəzərdə tutulmamışdır. Şərh olunanlara nəzərə alaraq məhkəmə hesab edir ki, hətta sözügedən müqavilədə olan imzanın cavabdehə məxsus olmaması halında belə tərəflər arasında yük daşınması müqaviləsi üzrə öhdəlik hüquq münasibətlərinin yaranmasını müəyyən etmək olar. Məhkəmə, ona göndərilmiş elektron qaimə fakturaların bəzilərini təsdiq etməməsinə və buna görə də təsdiq etmədiyi qaimələr üzrə ödəniş etməyə borclu olmamasına dair cavabdehin dəlilinə tənqidi yanaşaraq qeyd edir ki, işin hallarına əsasən tərəflər arasında təşəkkül tapmış münasibətlərin xarakterindən müəyyən edilir ki, həyata keçirilmiş yük daşımalarına görə ödənişlər məhz iddiaçı tərəfindən cavabdehə göndərilmiş invoys və elektron qaimə-fakturalara əsasən həyata keçirilmişdir. Belə ki, mübahisəsiz şəkildə sübut olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23-ADY- AZE-021a nömrəli müqavilə üzrə Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin hesabına 13229,68 ABŞ dolları məbləğində pul xx.xx.2023-cü il tarixli EBDG seriyalı 772629 saylı elektron qaimə-faktura və İNV-AZE 2303-0039 nömrəli hesabfakturaya əsasən köçürülmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında hansı qaimələri təsdiq etmişdirsə onlara dair ödənişləri etdiyini, təsdiq etmədiyi qaimələr üzrə ödəniş etmədiyini, növbəti iclasda bəzi elektron qaimələri təsdiq etməməsinə dair sübutları məhkəməyə təqdim edəcəyini bildirsə də, növbəti məhkəmə iclasında iştirak etməmişdir, həmçinin həmin sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehin etirazında istinad etdiyi hallardan digərlərini təşkil edən, göstərilən xidmətlərin dəyərinin müəyyən edilməsi haqqında tərəflər arasında aktın mövcud olmaması, həmçinin iddiaçı tərəfindən göndərilmiş üzləşmə aktlarının onun tərəfindən təsdiq edilməməsi barədə dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda göstərildiyi kimi tərəflər arasında xidmətin göstərilməsi və həmin xidmətin dəyəri ilə bağlı məsələlər tərəflər arasında yaranmış təcrübəyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə göndərilən invoys və elektron qaimə-fakturaya əsasən müəyyən olunur. Üzləşmə aktı ilə bağlı münasibətlərə gəlincə isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 9.2 və 9.3-cü bəndlərinə əsasən tərəflər razılaşmışlar ki, xidmətin qəbulu Tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı Üzləşmə aktı əsasında həyata keçirilir. İcraçı tərəfindən qarşı tərəfə Üzləşmə aktı hər növbəti ay ərzində təqdim edilir. Sifarişçiyə təqdim edilən üzləşmə aktı 5 (beş) gün ərzində imzalanmalı və ya İcraçıya əsaslandırılmış imtina ilə geri qaytarılmalıdır. Əgər Üzləşmə aktının imzalanması Sifarişçi tərəfindən gecikdirilərsə və qeyd edilən vaxt ərzində imzalanmazsa, Ekspeditorun təqdim etdiyi qiymətlər və digər məlumatlar əsaslı və qəbul edilmiş sayılacaq. Üzləşmə aktı İcraçının bu Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etdiyini və Sifarişçinin göstərilmiş xidmətlər ilə razı olduğunu və onları qəbul etdiyini təsdiq edir. Yenə işin mübahisəsiz hallarında biri odur ki, iş materiallarında olan e-mail yazışmalarına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh elektron poçt ünvanına 2023-cü ilin mart, aprel, may, iyun və iyul ayları üzrə göstərilmiş daşıma xidmətlərinə dair üzləşmə aktları göndərilmişdir. Belə olan halda, həmin üzləşmə aktları ilə razılaşılmaması halında müqavilədə nəzərdə tutulduğu kimi əsaslandırılmış imtina ilə geri qaytarılmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, adı çəkilən Üzləşmə aktları müqavilə şərtlərinə əsasən iddiaçının həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etdiyini və cavabdehin göstərilmiş xidmətlər ilə razı olduğunu və onları qəbul etdiyinin təsdiqi olaraq mətəbər sübut vasitəsi kimi qəbul edilməlidir. Məhkəmə, üzləşmə aktının hüquqi mahiyyətinə aydınlıq gətirilməsi məqsədi ilə qeyd edir ki, həmin sənəd mahiyyət etibarı ilə özündə borcun etirafına dair iradə ifadəsini ehtiva edir. Qeyd edilməlidir ki, üzləşmə aktı əqddir və mülki qanunvericilikdə əqdlər üçün nəzərdə tutulmuş bütün məcburi göstərişlər və normativ tələblər üzləşmə aktına da şamil edilir. Mülki qanunvericilikdə əqdlərin etibarlılığı ilə əlaqədar nəzərdə tutulan subyekt, məzmun, sərbəst və həqiqi iradə ifadələrinin bəyanı və onların bir-birinə uyğunluğu kimi əsas tələblər üzləşmə aktının da etibarlı şəkildə bağlanmış hesab edilməsi üçün zəruri tələblərdir. Lakin qeyd edilməlidir ki, üzləşmə aktının digər əqdlərdən əsas fərqləndirici əlaməti, onun özlüyündə yeni və müstəqil mülki hüquq və vəzifələr yaratması xüsusiyyətindən çox, həmin aktı imzalayanlar arasında artıq mövcud olan mülki hüquq münasibətlərindən yaranan öhdəliyin etirafı xarakterində olmasıdır. Qeyd edilən xüsusiyyətlərindən çıxış edərək söyləmək olar ki, üzləşmə aktının etibarlı hesab edilməsi üçün bütün əqdlər üçün zəruri olan etibarlılıq şərtləri ilə yanaşı, həmin aktın tərtib edilməsinə səbəb olan həqiqi münasibətlərin müəyyən edilməsi, onların xarakterinin aydınlaşdırılması vacibdir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin bağladıqları yük daşıma müqaviləsinin şərtlərinə görə tərəflər arasında mütəmadi olaraq qarşılıqlı öhdəliklərə dair üzləşmənin aparılması və bu barədə üzləşmə aktının tərtib edilərək cavabdehə göndərilməsi razılaşdırılmışdır. İşdə olan üzləşmə aktları cavabdeh tərəfindən o əsasla mübahisələndirilir ki, həmin aktlar onun tərəfindən təsdiq edilməmişdir. Yuxarıda şərh olunduğu kimi, cavabdehin həmin arqumentinin əsassız olduğu işin halları ilə müəyyən olunur. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, üzləşmə aktları ilə müəyyən edilən xüsusatlar işin mübahisəsiz hallarından biri kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan yük daşınması xidmətinin göstərilməsi ilə əlaqədar yaranmış borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Buna görə də, iddiaçının yük daşıması müqaviləsi üzrə pul tələbi əsaslı hesab edilərək təmin olunmalıdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı üzərinə düşən öhdəliyi icra edərək cavabdehə məxsus yükü təyinat yerinə daşıyaraq təhvil vermişdir, lakin cavabdeh daşımanın dəyərini təşkil edən 195963,11 ABŞ dolları məbləğində daşıma haqqını iddiaçıya ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 850.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Mülki Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 623,14 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, yük daşınması müqaviləsi üzrə yaranmış borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5).

Nəticə hissəsi:

Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia ərizəsi təmin edilsin. Cavabdeh 195963,11 ABŞ dolları məbləğində pul (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) və ödənilmiş 623,14 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar