Məhkəmə qərarları › İş №e-2-2(121)-828/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-828/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-828/2020 16.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı-nin cavabdeh “xxxx” MMC-yə qarşı – pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı – 425 524,90 avro məbləğində pul vəsaiti və bu iddia ərizəsi üzrə iddiaçının hüquqi xidmətlərə görə çəkdiyi xərclərin məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bu iddia ərizəsinin predmetini iddiaçı tərəfindən cavabdehə qida məhsullarının qablaşdırılmasında istifadə olunan malları təqdim etməsi və həmin malların dəyərini cavabdeh bu günədək ödəməməsi nəticəsində yaranmış borca istinadən, iddiaçıya ödənilməli olan 425,524.90 avro təşkil edir. Tetra Pak, transmilli şirkət olaraq, 1950-ci illərin əvvəllərindən fəaliyyət göstərir və qida məhsullarının emalı və onların qablarının istehsalı ilə məşğuldur. Hal-hazırda, satışın həcminə görə dünyada qida məhsulları üçün qab istehsal edən ən iri şirkətdir və 2017-ci il üçün olan məlumata əsasən, 24 000-dən artıq işçisi vardır. Tetra Pak şirkəti, dünyanın 160 ölkəsində fəaliyyət göstərir, o cümlədən X2, İddiaçı adı altında. Cavabdeh isə ölkənin ən iri süd məhsulları istehsalçılarından biridir. İddiaçı ilə cavabdeh arasında uzun müddət ərzində ticarət əlaqələri mövcuddur. Bu müddət ərzində iddiaçı, cavabdeh tərəfindən istehsal etdiyi qida məhsullarının qablaşdırılmasında istifadə etdiyi malları ona təqdim etmişdir ki, həmin təqdim edilmiş mallara görə yaranmış borcun məbləği hal-hazırda 425,524.90 avro təşkil edir və bu günədək ödəməmişdir. Borcun mövcud olması, cavabdeh tərəfindən təsdiq və qəbul edilmişdir. Belə ki, iddiaçı tərəfindən ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubu imzalamaqla, cavabdeh bu borcu qəbul və təsdiq etmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixində pretenziya məktubu göndərilmişdir. Lakin bu günədək, sözügedən pretenziya məktubu cavabdeh tərəfindən cavablandırılmamış və bununla da, həmin məktubda qeyd olunmuş borcun ödənilməsi ilə bağlı tələb onun tərəfindən yerinə yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı və cavabdeh arasında yazılı müqavilə olmasa da, onlar aralarında müvafiq hüquq və öhdəliklərin əmələ gəlməsinə əsas olan müqavilə münasibətlərin olmamasına heç də dəlalət etmir. Belə ki, Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, müqavilə şifahi və yazılı formada bağlanıla bilər. Şifahi bağlana bilən müqavilə o halda bağlanmış sayılır ki, şəxsin iradəsi onun rəftarında məlum olsun (Mülki Məcəllə, maddə 329.3). Qida məhsullarının qablaşdırılmasında istifadə olunan malların alğısatqısına dair müqavilə üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə hər hansı forma müəyyən edilməmişdir. Yəni, bu cür müqavilələrin formasının müəyyən edilməsi, qanunvericiliklə müqavilə tərəflərinin seçiminə buraxılmışdır ki, bu da, mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipinə uyğun gəlir. Bu məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarında da öz münasibətini belə bildirmişdir: Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası, X1 malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiyasına qoşulmuşdur. BTM Konvensiyasına əsasən: Alğı-satqı müqaviləsinin yazılı formada bağlanılması və ya təsdiq olunması və ya forma ilə bağlı hər hansı digər tələbə tabe tutulması tələb olunmur. O, şahid ifadələri də daxil olmaqla, istənilən vasitələrlə sübut oluna bilər. Beləliklə, iddiaçı və cavabdeh öz aralarında müvafiq hüquq və öhdəliklərin əmələ gəlməsinə əsas məhz şifahi müqavilə formasını seçmişdir. Belə şifahi müqavilənin mövcudluğunu (yəni tərəflərin iradəsinin ifadə etməsini) sübut edən isə cavabdeh tərəfindən borcun qəbul edilməsi məktubudur. Borcun qəbul edilməsi məktubu cavabdeh tərəfindən malların sifariş verilməsini, iddiaçı tərəfindən həmin malların cavabdehə təqdim edilməsini və sonuncu tərəfindən malların dəyərinin ödənilməməsinə dəlalət edir. Borcun etirafı ilə bağlı yerli məhkəmə təcrübəsi geniş olmadığından, xarici ölkələrin təcrübəsinə müraciət etmək olar. Belə ki, “Rusiya Federasiyasının Mülki Məcəlləsinin iddia müddəti ilə bağlı normalarının tətbiqinə dair bəzi məsələlərlə bağlı” X6 Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli 43 nömrəli Qərarına əsasən, qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktı, borcun etiraf edilməsini sübut edir. Nəticə etibarı ilə, borcun qəbul edilməsi məktubu, cavabdeh tərəfindən məhz borcun etiraf edilməsi kimi qiymətləndirilməlidir. Bu da öz növbəsində, iddiaçı və cavabdeh arasında şifahi müqavilənin olmasını sübut edir. Cavabdeh tərəfindən qeyd olunmuş pretenziya məktubunun alınması və onun tərəfindən həmin məktubun cavablandırılmaması və borcun ödənilməməsi, cavabdehin vicdansız hərəkət etməsinə dəlalət edir. Mülki Məcəlləyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bu prinsip, BMT Konvensiyasında da öz əksini tapmışdır. Göstərilən hüquqi əsaslandırmadan belə nəticələrə gəlmək olar: iddiaçı və cavabdeh arasında şifahi müqavilə mövcuddur; iddiaçı malları cavabdehə təqdim etmişdir; cavabdeh malların dəyərini, yəni 425,524.90 avro məbləğini iddiaçıya ödəməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi əvvəlki məhkəmə iclasında iştirak edərək, iddiaya etiraz etmiş, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” MMC sonuncu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, daxili auditorları maliyyə hesablarını yoxlayır və xx.xx.2017-ci il tarixinə onlara olan borcun təsdiq edilməsini istəyirlər. Qeyd olunmuş 446 557,79 avro məbləğinin öz mühasibatlıq sənədləri əsasında yoxlanılması və fərqi bu məktubun arxa səhifəsində qeyd edilməsi xahiş olunmuşdur. Sonra məktubun aşağı hissəsində imza atmaqla və möhür vurmaqla, məktubu mailto:girish.raghavan@tetrapak.comElektron ünvan 1 elektron poçt ünvanına və ya bu məktubun alt hissəsində göstərilmiş ünvana göndərilməsi bildirilmişdir. Həmin məktubun alt hissəsindən görünür ki, “göstərilmiş tarixə olan yuxarıda qeyd olunmuş məbləğ düzdür. (Düz deyilsə, düz rəqəmi burda: 425 524,9 (əl ilə yazılmış) qeyd edin və fərqi səhifənin arxasında göstərin)” kimi qeyd olunmuş və səlahiyyətli şəxsin imzası ilə imzalanmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. İşə əlavə olan xx.xx.2015-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, X10 San.Tic.Ltd.Şti üzrə ünmayəndə, menecer Kamal Məmmədov, “xxxx” MMC-nin direktoru Eldar Fərəcov və baş mühasib Murad Əbilovun iştirakı ilə 2015-ci il tarixinə tərəflər arasında malların alınması, satılması və pul ödənişlərinin qarşılıqlı üzləşdirilməsi aparılmış, üzləşmə nəticəsində “xxxx” MMC-nin 452 562,39 avro borcunun olması müəyyən edilmişdir. Həmin akt Eldar Fərəcov və Murad Əbilov tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunan “X14” ASC tərəfindən verilmiş “debet haqqında bildiriş”dən görünür ki, cavabdeh “xxxx” MMC tərəfindən İddiaçı-yə xx.xx.2018-ci il tarixdə 2000 avro məbləğində ödəniş edilmişdir. İşdə olan “LocalSwiftAcks” adlanan qəbzdən görünür ki, cavabdeh “xxxx” MMC tərəfindən İddiaçı-yə xx.xx.2019-cu il tarixdə 2000 avro məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “xxxx” MMC-nin 2016-cı ildən hazırki tarixədək qanuni təmsilçilik funksiyasına malik direktorları bu şəxslər olmuşlar: Cəmiyyətin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli qərarına əsasən xx.xx.2019-cu il tarixədək X3; ümumi yığıncağın xx.xx.2019-cu il tarixli qərarına əsasən xx.xx.2020-ci il tarixədək Tahirov Rövşən Asif oğlu; ümumi yığıncağın xx.xx.2020-ci il tarixli qərarına əsasən xx.xx.2020-ci il tarixdən hal-hazıradək X7. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2020-ci il tarixli məktubundan və ona əlavə edilmiş bəzi invoyslar üzrə tərtib olunmuş gömrük bəyənnamələrindən Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən çıxarışlardan (gömrük bəyannamələri üzrə ümumi məlumatdan) görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr ərzində 214 634,72 ABŞ dolları dəyərində mal(lar) göndərilmişdir. İş materiallarına əlavə olunan çoxsaylı e-mail yazışmalarından aydın olur ki, e-mail yazışmaları əsasən həmin vaxt İddiaçı-də menecer vəzifəsində işləmiş Kamal Məmmədovla “xxxx” MMC-nin baş icraçı direktoru olmuş Elvin İsmixanov, hüquq məsləhətçisi Ramil Cahangirov, baş mühasib Murad Əbilov, alış meneceri Mais Rəhimov arasında aparılmışdır. Yazışmalardan aydın olur ki, sifarişlər Mais Rəhimov tərəfindən verilmişdir. Murad Əbilovun xx.xx.2015-ci il tarixdə Kamal Məmmədova e-mail vasitsəsi ilə göndərdiyi məktubdan görünür ki, mutabakat ekte (yəni, üzləşmə aktı) göndərilmişdir (qoşmada xx.xx.2015-ci il tarixli üzləşmə aktı əlavə edilmişdir). X4 xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə Ramil Cahangirova e-mail vasitsəsi ilə göndərdiyi məktubların məzmunundan aydın olur ki, üzləşdirmə aktı məktubla İddiaçı tərəfindən mühasibatlıq şöbəsinə göndərilmiş, əgər onlar tərəfdə balansda fərq olarsa, fərqin qeyd edilməsi, imza və möhür ilə təsdiq edilməsi xahiş olunmuşdur. Bundan başqa, Elvin İsmixanovun xx.xx.2019-cu il tarixdə Kamal Məmmədova email vasitsəsi ilə göndərdiyi məktubdan görünür ki, əlavə ödəniş sənədləri görə bilər (qoşmada cavabdeh “xxxx” MMC tərəfindən İddiaçı-yə xx.xx.2019-cu il tarixdə 2000 avro məbləğində ödəniş edilməsini təsdiq edən “LocalSwiftAcks” adlanan qəbz əlavə edilmişdir). İş materiallarına əlavə edilən cavabdehin nümayəndəsinin xx.xx.2020-ci il tarixli iddia tələbinə etirazından görünür ki, iddia ərizəsinə “borcun etirafı” adlı kağızın daha aydın görünən nüsxəsi əlavə olunmuşdur. Məhz bu heç bir sübuti əhəmiyyət kəsb etməyən kağız parçası iddia predmetinin əsasını təşkil etməkdədir. Həmin kağız parçasının aşağıda göstərilən hissəsindən açıq-aydın görünür ki, 425,524.9 rəqəmləri arasında 4 və 9 rəqəmləri düzəliş olunmuş şəkildədir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, kağız parçasında olan rəqəmlər həqiqəti əks etdirmir, “sübut” kimi təqdim olunan kağızın özü belə saxtalaşdırılmışdır. Digər tərəfdən hazırkı mülki işə əlavə olunmuş həmin bu kağız parçasının tərcümə edilmiş variantının məzmunundan görünür ki, bu kağız parçası güya imzalanıb möhürlənmiş və Elektron ünvan 2 e-mail vasitəsi ilə geri qaytarılmışdır. Yəni bu xüsusat birbaşa ona dəlalət edir ki, iddiaçıda bu kağız parçasının orijinalı mövcud deyil. Bununla yanaşı məlum olmayan şəxsin “imza”sı və “xxxx” MMC-nin “möhürü”nün yerləşmə yerinə baxıla görünər ki, onlar “Authorized Signature / Company Stamp” mətni ilə çox yaxın olsa da onunla kəsişmir. Bu xüsusat isə belə qənaətə gəlməyə imkan verir ki, istənilən bir sənəddən “imza” və “xxxx” MMCyə aid “möhür” əksini skaner vasitəsi ilə götürüb bu sənədə əlavə etmək olar. Göründüyü kimi, kompyuter proqramları üzrə xüsusi biliklər olmadan və xüsusi proqramlardan istifadə etmədən də, o, mütəxəssis olmaya-olmaya iddiaçının “sübut” kimi təqdim etdiyi kağız parçasına oxşar bir digər kağız parçası tərtib edə bilmişdir. Daha uğurlu və inandırıcı saxtalaşdırmanın isə bu sahənin “mütəxəssisləri” tərəfindən xüsusi proqramlar vasitəsi ilə edilməsi mümkündür. Eyni zamanda, iddiaçının iddiasının hüquqi əsasını kağız parçası təşkil etdiyi halda o, həmin kağız parçasının əslini və ya qanunla müəyyən olunmuş qaydada təsdiqlənmiş surətini sübut qismində təqdim etməmiş, sadəcə rəngli kserosurətini əlavə etmişdir. Bilavasitə iddia tələbinin məzmununa münasibətdə qeyd olunmalıdır ki, ilk növbədə hər hansı bir şirkətlər arasında mal mübadiləsi, alqı-satqı və sair qarşılıqlı öhdəliklərə dair müqavilələr mövcud olmalıdır. Belə bir müqavilə mövcud deyilsə heç bir icra edilməmiş öhdəlikdən söhbət gedə bilməz. Digər tərəfdən müqavilənin mövcudluğu belə özü-özlüyündə sonrakı öhdəliyi yerinə yetirməli olan tərəfin borclu olduğu qənaətinə gəlməyə əsas vermir. Belə ki, ilkin öhdəliyin yerinə yetirilməməsi sonrakı öhdəliyin yerinə yetirilməməsi üçün əsasdır. Misal üçün alqı-satqı münasibətlərində ilkin olaraq malı satan malı təqdim etməli, yalnız bundan sonra malı alanın malın dəyərini ödəmək öhdəliyi yaranır. Hazırkı halda isə, iddiaçı tərəf iddia etdiyi borcun yaranma səbəbinə dair hər hansı bir mötəbər sübut təqdim etməmiş, hətta iddiasında belə bir sübutu göstərməmiş, əvəzində sırf söz yığınından ibarət iddia ilə çıxış etmişdir. Son olaraq qeyd olunmalıdır ki, hər hansı bir borcun etirafı qeyri-müəyyən məzmunlu kağız parçası ilə sübuta yetirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsində “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”dən söhbət gedir. İddiaçı tərəfdən irəli sürülən iddia tələbinin əsasını təşkil etməkdə olan kağız parçası isə saxta olmaqla yanaşı, Mülki Məcəllənin 882-ci maddəsinin tələblərinə açıq aşkar şəkildə uyğun gəlmir. İş materiallarına əlavə edilən cavabdehin nümayəndəsinin “iddia müddətinin tətbiqinə dair” ərizəsindən görünür ki, iddiaçı tərəfindən təqdim olunan gömrük sənədlərinin məzmunu ilə, ümumiyyətlə iddia tələbi ilə razılaşmırlar. Ətraflı münasibətlərini yazılı etirazlarında göstərmişlər. Eyni zamanda, bildirilər ki, iddiaçı tərəfin tqədim etdiyi gömrük sənədlərinin özündə belə 2015 və 2017-ci il tarixlərə təsadüf etdiyindən, açıq aydın görünür ki, iddiaçı hətta iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbinin əsassız olması ilə yanaşı iddia müddətinin tətbiqi əsası ilə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadə verərək göstərdi ki, 2001-ci ildən 2018-ci ilə qədər İddiaçı-nin Dubay ofisində işləmişdir. 2018-ci ildən etibarən İddiaçı-nin Moskva ofisində işləyir. “xxxx” MMC bu günə qədər sifarişlərinin ödənişlərini etməmişdir. “xxxx” MMC söz vermişdir ki, aylıq ödəniş olunacaq, lakin ödəniş olunmamışdır. İşlədiyi müddətdə tərəflər arasında malların geri qaytarılması halı olmamış, göndərilən mallar təhvil alınmışdır. Lakin, bildiyi qədəri ilə tərəflər arasında müqavilə olmamış, elektron qaydada şifariş olunmuşdur. “xxxx” MMC İddiaçı-nin mallarını sifariş verib almışdır. Mais müəllim akkreditə olmuş insan idi və sifarişləri onların portalında yerləşdirirdi. Elvin İsmixanov “xxxx” MMC-nin şirkətin CEO-su yəni, baş icraçı direktoru olmuşdur. Mal onlar tərəfindən qəbul olunmuşdur. Təxminən 425000-430000 avro arası borc olmuşdur. Borcun 425.500 avro olmasını təsdiq edən yazışmanı Dubay ofisindən onun e-maili vasitəsi ilə göndərilimişdir. Üzləşmə aktı “xxxx” MMC tərəfindən onlara göndərilmişdir. “Mutabakat ekte” sözünün tərcüməsi üzləşma aktı deməkdir. Sənəddə göstərilən imza, yəni 425 524,9 avro məbləğində borcun təsdiq edilməsini özündə əks etdirən imza Elvin İsmixanovun imzasıdır. Sonuncu dəfə “xxxx” MMC-nin hüquq məsləhətçisi Ramil Cahangirovla yazışılmışdır. Onun tərəfindən Ramil Cahangirova göndərilmiş e-mail yazışmasında göstərilmişdir ki, “Ramil bəy, xahiş edirəm üzləşdirmə aktı məktubla İddiaçı tərəfindən mühasibatlıq şöbəsinə göndərilmiş, əgər sizin tərəfdə balansınızda fərq olarsa, fərqi qeyd edin, imza və möhür ilə təsdiq edin”. Malların hamısının sifarişləri Mail Rəhimov tərəfindən verilmiş və Lənkərana göndərilmişdir. Mal satış olaraq avro ilə gəlmişdir. Çatdırılma “Tır” maşınları ilə Azərbaycana gətirilmişdir. Axrıncı dəfə cavabdeh tərəfindən iddiaçıya 2019-cu ildə 2000 avro ödəniş olunmuşdur. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında yazılı şəkildə bağlanmış hər hansı bir müqavilə olmasa da, uzun müddət ərzində ticarət əlaqələri mövcud olmuşdur. Belə ki, bu müddət ərzində iddiaçı email yazışmaları vasitəsi ilə edilmiş sifarişlər əsasında, cavabdeh tərəfindən istehsal etdiyi qida məhsullarının qablaşdırılmasında istifadə etdiyi malları ona təqdim etmişdir. Təqdim edilmiş mallara görə yaranmış borcun məbləği 425,524.90 avro təşkil etmişdir. Cavabdeh “xxxx” MMC tərəfindən İddiaçı-yə xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə hər biri 2000 avro məbləğində olmaqla, cəmi 4000 avro məbləğində ödənişlər edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış şifahi müqavilə(lər) əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdənmüəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğ(lər)in qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin, məhkəmə iclasında cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə hər biri 2000 avro məbləğində olmaqla, cəmi 4000 avro məbləğində ödənişlər edilməsi müəyyən edildiyindən, iddia bu hissədə qismən təmin edilməklə 421 524,90 avro məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edirəm ki, tərəflər arasında debitorkreditor hüquq münasibətləri xarici valyuta ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə həmçinin iddia tələbinin “iddia ərizəsi üzrə iddiaçının hüquqi xidmətlərə görə çəkdiyi xərclərin məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilən Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi qeyri-müəyyən olduğundan, o cümlədən iddia ərizəsi üzrə iddiaçının hüquqi xidmətlərə görə çəkdiyi xərclərin məbləğinə dair sübut təqdim edilmədiyindən, iddia tələbinin göstərilən hissəsi rədd edilməldir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan hüquqi xidmətlərə görə çəkdiyi xərc iddiaçıya aid edilməli və buna görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda cavabdeh tərəfin iddiaya etirazının dəlillərini araşdıraraq, hesab edir ki, iddiaya etirazın dəlilləri əsassızdır. Ona görə ki, tərəflər arasında şifahi şəkildə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı mal(lar)ı cavabdehə verməklə müqavilə öhdəliyini icra etmiş, bununla da iddiaçı tərəfindən nisyə alqı-satqı müqaviləsinin qanunla müəyyən olunmuş şərtlərinə riayət olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, müqavilə tərəflərinin iradəsinin həqiqi ifadəsinə görə e-mail yazışmaları vasitəsi ilə edilmiş sifarişlər əsasında, cavabdeh tərəfindən istehsal edilən qida məhsullarının qablaşdırılmasında istifadə edilən malların ona təqdim etməsinə dair razılığa gəlmişlər. Buna görə də, həmin malların cavabdehə verilməsi ilə iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi baş tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Qeyd edilən Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Göstərilən Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə hesab edir ki, müqavilə bağlamağa məcbur edilməsi qanunvericiliklə yol verilmədiyindən, nisyə alqı-satqı müqaviləsinin bağlanması üçün isə ayrıca şəkildəmütləq qaydada yazılı müqavilənin bağlanmasına zərurət olmadığından, cavabdeh tərəfin etirazının dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd edilən Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, fiziki və hüquqi şəxslər öz aralarında azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bildiklərindən, o cümlədən, müqavilə bağlamağa məcburetməyə qanunvericiliklə yol verilmədiyindən, cavabdeh tərəfin etirazının dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilən Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Məhkəmə, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla hesab edir ki, cavabdeh tərəfin dəlilləri əsassız olduğundan, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, qeyd edilən müqavilə borcla bağlı müqavilə olduğundan, müqavilə tələbləri üzrə iddia müddəti şamil edilməlidir. Lakin, 425 524,9 avro məbləğində borcun təsdiq edilməsini özündə əks etdirən iddiaçının cavabdehə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, həmin məktubun alt hissəsində məbləğin 425 524,9 avro olması cavabdeh tərəf tərəfindən düzəliş edilərək, səlahiyyətli şəxsin imzası ilə imzalanmışdır. Bundan əlavə, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə hər biri 2000 avro məbləğində olmaqla, cəmi 4000 avro məbləğində ödənişlər edilmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 2000 avro ödədiyindən, o cümlədən, iddiaçının xx.xx.2017-ci il tarixli məktubunda borcun 425 524,9 avro olması ilə bağlı düzəliş edilərək, borcun olması etiraf etdiyindən, bunula da, borcun etirafı ilə əlaqədar hərəkətlər edildiyindən iddia müddətinin axımı kəsilmişdir. Belə ki, qeyd edilən müqavilə üzrə iddia müddətinin axımı qeyd edilən tarixlərdən yenidən başlandığından iddia müddəti iddiaçı tərəfinən ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidənbaşlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisə tərəfi olan cavabdehin nümayəndəsi iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiadan imtina edilə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ödəniş gününə qüvvədə olan məzənnə ilə 421 524,90 avro məbləğində Azərbaycan Respublikası manatı “xxxx” MMC-dən alınaraq İddiaçı-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar