Məhkəmə qərarları › İş №e-2-2(121)-83/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-83/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-83/2024 17.01.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Niftiyev Vüsal Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 nümayəndəsi və vəkili, həmçinin Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrisinə qarşı - pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – cavabdehlərdən əsas borc qismində 132.067,65 manatın, dövlət rüsumu və mediasiya xərcləri qismində 422 manatın, 1.000 manat hüquqi yardım ödənişinin, ümumilikdə 133.489,65 manatın tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında iş fəaliyyəti olmuş, bunun nəticəsində cavabdehlərin iddiaçıya 132.067,65 manat borcu yaranmışdır. Belə ki, xx.xx.2022 tarixli və xx.xx.2022 tarixli hesabatlara əsasən, iddiaçı tərəfindən cavabdehlərə məxsus anbara 132.067,65 manat dəyərində mal təhvil verilmişdir. İddiaçı və cavabdehlər fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olur və hər birinin adına VÖEN mövcuddur. Lakin cavabdehlər tərəfindən göstərlən məbləğ iddiaçıya ödənilməmişdir. Tərəflər arasında mediasiya sessiyası keçirilmişdir. İddiaçıya olan borc məbləğindən (132.067,65 manat) əlavə, 422 manat mediasiya xərcləri və dövlət rüsumu, hüquqi yardım üçün 1.000 manat pul vəsaiti iddiaçı tərəfindən xərclənmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərdi ki, o, hazırki iş üzrə cavabdeh ol bilməz. Belə ki, o, iddiaçı ilə əmək müqaviləsi bağlayaraq iddiaçı ilə əmək münasibətlərində olmuş, iddiaçı ilə aralarında hər hansı bir mübahisə varsa, əmək münasibətləri daxilində həll olunmalı və bu münasibətlər kommersiya məhkəmələrinin yox, birinci instansiya məhkəməsində baxılacaq mülki işlərin dairəsinə daxildir. İddiaçının iddia etdiyi müddətdə o, vergi ödəyicisi olmamış, iddiaçı ilə əmək münasibətlərinə xitam verildikdən sonra vergi orqanında sahibkar kimi qeydiyyatdan keçmişdir. O, İddiaçı və Cavabdeh2 öz aralarında akt tərtib etmişlər ki, göstərilən mallar və hesabda olan pul vəsaiti həqiqətən mövcuddur. İddiaçı hesabında olan pulu ona köçürməmiş və köçürməyi ona həvalə etməmişdir. Onlar akta ona görə imza etmişlər ki, həmin aktda göstərilən məbləğ həqiqətən iddiaçının hesabındadır. Belə ki, qeyd edilən aktı imza etməklə onlar göstərilən məbləğin iddiaçının hesabında olmasını təsdiq etmişlər. O, iddiaçıdan mal almamış və ona hesabda olan pul vəsaiti köçürülməmişdir. Mövcud olan malları siyahıya alaraq, həmin malların orada olmasını öz imzaları ilə təsdiq etmişlər. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmədə iddiaya etiraz edərək, izahatında göstərdi ki, o, İddiaçı və Cavabdeh1 öz aralarında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində aktlar tərtib etmişlər. Lakin, həmin aktlar anbar qalığının müəyyən edilməsi ilə əlaqədar olmuşdur. Belə ki, o, iddiaçıya məxsus anbarı icarəyə götürmüşdür. Həmin anbarda həm iddiaçıya məxsus, həm də ona məxsus mallar mövcuddur. xx.xx.2022-ci il tarixli aktın sol tərəf hissəsində “Yekun” məbəğ kimi göstərilən “31803,97” manat məbləğ iddiaçıya məxsus anbar qalığını və digər xərcləri, sağ tərəf hissəsində “Yekun” məbəğ kimi göstərilən “60720” manat məbləğ isə ona məxsus anbar qalığını və digər xərcləri müəyyən edir. Yəni, onun iddiaçı ilə heç bir sahibkarlıq əlaqəsi yoxdur. Çünki, o, "xxxx" MMC ilə aralarında bağlanmış distribütor müqaviləsinə əsasən müxtəlif yem məhsullarının və digər malların topdan satışını və paylaşdırılmasını təşkil etmişdir. Hazırda da, onunla "xxxx" MMC arasında məhkəmə mübahisəsi vardır. Bu barədə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1897/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi də mövcuddur. İşə əlavə olunan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlarda olan imzalar onun və Cavabdeh1 tərəfindən icra edilmiş olsalar da, xx.xx.2022-ci il tarixli qəbzdə olan “Təhvil aldılar” yazısı və xx.xx.2022-ci il tarixli qəbzdə olan “Təhvil aldı” sözləri və “Unyty borc – 39543,69” qeydi onlar tərəfindən yazılmamışdır. 39543,69 manat məbləğində olan “Uniti borcu” "xxxx" MMC-yə olan borc məbləğidir. Belə ki, "xxxx" MMCnin ona qarşı iddiasında da təxminən həmin məbləğdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili, həmçinin Cavabdeh2 vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 məhkəmədə iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehlərin, cavabdehin nümayəndələri və vəkillərinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunan sənədlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli qəbz əsasında 91.607,26 manat dəyərində mallar qəbzə imza olunmaqla və üzərində İddiaçı qeyd edilən möhür vurulmaqla təhvil verilmiş, həmin mallar Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbzə “Təhvil aldılar” yazısının altından imza edilməklə, eyni zamanda üzərində Cavabdeh2 qeyd edilən möhür vurulmaqla təhvil alınmışdır. İşdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli qəbz əsasında 92.523,96 manat dəyərində mallar qəbzə imza edilməklə və üzərində İddiaçı qeyd edilən möhür vurulmaqla təhvil verilmiş, həmin mallar Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbzə “Təhvil aldı” sözlərinin qarşısında imza olunmaqla, eyni zamanda üzərində Cavabdeh2 qeyd edilən möhür vurulmaqla təhvil alınmışdır. Həmin qəbzin üzərində əlavə olaraq “Unyty borc – 39543,69” qeyd edilmişdir. İş materiallarında olan İddiaçı (işəgötürən) ilə Cavabdeh1 (işçi) arasındakı əmək münasibətlərini özündə əks etdirən xxxxxxx000701 saylı “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, qeyd edilən bildiriş xx.xx.2023cü il tarixində sistemə daxil edilmişdir. Həmin bildirişin dəyişiklik edilməmişdən əvvəlki sistemə daxil edilmə tarixi isə xx.xx.2022-ci il olaraq qeyd edilmişdir. Eyni zamanda, həmin bildiriş ilə müəyyən edilir ki, işçi ilə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmaqla həmin tarixdən “operator” vəzifəsinə işə başlaması göstərilmişdir. Bildirişin çap edildiyi tarixə statusu “Xitam edilib” kimi, bildirişin imzalandığı tarixin “xx.xx.2023-cü il”, çap tarixinin isə “xx.xx.2023-cü il” olması qeyd olunmuşdur. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış vergi ödəyicisinin məlumatlarından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə vergi orqanından qeydiyyatdan keçmiş və ona ********** nömrəli vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. Sözügedən VÖEN-in statusu “aktiv” göstərilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış vergi ödəyicisinin məlumatlarından görünür ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixdə vergi orqanından qeydiyyatdan keçmiş və ona ********** nömrəli vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. Sözügedən VÖEN-in statusu “fəaliyyətini müvəqqəti dayandırılmış” göstərilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixli pretenziya məktubları göndərilmişdir. İş materiallarına əlavə edilən Vəkil2 iddia ərizəsinə etirazından görünür ki, kommersiya mübahisəsi üzrə cavabdeh kimi qoyulmuş şəxslər qanunvericiliyin tələbinə görə cavabdeh ola bilməzlər. Belə ki, Cavabdeh1 iddiaçı ilə əmək müqaviləsi bağlayaraq onunla əmək münasibətlərində olmuş, iddiaçı ilə cavabdeh arasında hər hansı bir mübahisə varsa, əmək münasibətləri daxilində həll olunmalı və bu münasibətlər kommersiya məhkəmələrinin yox, birinci instansiya məhkəməsində baxılacaq mülki işlərin dairəsinə daxildir. İddiaçının iddia etdiyi müddətdə Cavabdeh1 vergi ödəyicisi olmayıb, o iddiaçı ilə əmək münasibətlərinə xitam verildikdən sonra vergi orqanında sahibkar kimi qeydiyyatdan keçmişdir. Digər Cavabdeh2 ilə iddiaçı arasında hər hansı bir işin görülməsi və malların verilməsi və ya saxlanılması ilə bağlı hər hansı bir müqavilə olmamış, onun anbarda qalan malların qalığı barədə olan hər hansı akta imza etməsi kommersiya mübahisəsi üçün əsas ola bilməz. Belə ki, həmin vaxt Cavabdeh2 müstəqil sahibkar kimi "xxxx" MMC-dən elektron qaimə ilə mal sifariş vermiş, həmin malların qalığı ilə bağlı halhazırda Şirvan Kommersiya Məhkəməsində kommersiya mübahisəsi üzrə iş vardır. İşdən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1897/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 27031,25 manat borc, 150 manat mediasiya xərci və 2,65 manat dövlət rüsumunun Cavabdeh2 alınaraq "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 160 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Beləliklə, işin materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında müxtəlif yem məhsullarının və digər malların nisyə alqı-satqısı sahəsində münasibətlər yaranmış, cavabdehlər öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən pul vəsaitini cavabdehlərdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdehlər isə mal(lar) almas(lar)ına dair hüquq(ların)undan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir(lər). Buna görə də iddianın həmin (əsas borcun) hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə cavabdehlərin iddiaya etirazlarının dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, iş materiallarından görünür ki, hazırki iş məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmaqla, iş üzrə 3 dəfə, yəni xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində məhkəmə hazırlıq iclasları təyin edilmişdir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərə təyin edilmiş məhkəmə hazırlıq iclasları Cavabdeh1 nümayəndəsi və vəkili, həmçinin Cavabdeh2 vəkili Vəkil2 ərizələri (halbuki, ərizələrdə hər hansı bir üzürlü səbəb göstərilməmişdir) əsasında təxirə salınmışdır. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh1 nümayəndəsi və vəkili, həmçinin Cavabdeh2 vəkili Vəkil2 və Cavabdeh2 iştirak etməsələr də, Cavabdeh1 nümayəndəsi və vəkili, həmçinin Cavabdeh2 vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə ərizə ilə (vəsatətlə) məhkəməyə müraciət edərək, mübahisənin məhkəmə baxışına təyin edilməsindən imtina edilərək işin aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə aid olduğundan, ərizə (vəsatət) işin baxılmasını yubatmaq məqsədilə verildiyindən, məhkəmənin e-2-2(121)-2139/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyd edilən ərizə (vəsatət) rədd edilmişdir. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh1, həmçinin onun nümayəndəsi və vəkili Vəkil3 iştirak edərək, hər hansı bir vəsatətləri olmamış, həmçinin xx.xx.2022-ci il tarixli qəbzdə olan “Təhvil aldılar” yazısı və xx.xx.2022ci il tarixli qəbzdə olan “Təhvil aldı” sözləri və “Unyty borc – 39543,69” qeydin onlar tərəfindən yazılmaması ilə bağlı hər hansı bir fikir bildirməmişlər və işin məhkəmə baxışına təyin edilməsinə etiraz etməmişlər. Göründüyü kimi, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatətlə məhkəmə hazırlıq iclaslarında müraciət etmələri üçün cavabdehlərin və onların vəkillərinin kifayət qədər vaxtları və imkanları olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 167.1 və 167.1.9-cu maddələrinə əsasən, 167.1. hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.9. tərəflərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edir, habelə prosesdə iştirak etmək üçün mütəxəssis və tərcüməçi cəlb edilməsi məsələsini həll edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iş üzrə məhkəməxəttşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatət məhkəmə hazırlıq iclasında verilmədiyindən, habelə vəsatət işin baxılmasını yubatmaq məqsədilə verildiyindən, cavabdeh tərəfin vəkilinin vəsatəti məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 184.4-cü maddəsinə əsasən, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Həmin Məcəllənin 184.5-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin vəsatətləri əsaslandırılmalıdır. Hakim işin baxılmasını yubatmaq məqsədilə verilmiş vəsatətləri rədd edir. Digər tərəfdən, cavabdehlər qeyd edilən qəbzlərin başqa məqsədlə imzalamalarına dair də hər hansı bir mötəbər sübut təqdim etməmişlər. Belə ki, həmin qəbz(lər)i imzaladıqları zamanı qəbz(lər)də öz xəttləri ilə imzalamalarının səbəbini göstərə bilərdilər. Yəni, xx.xx.2022-ci il tarixli qəbzdə olan “Təhvil aldılar” yazısı və xx.xx.2022-ci il tarixli qəbzdə olan “Təhvil aldı” sözləri və “Unyty borc – 39543,69” qeydin onlar tərəfindən yazılmaması müəyyən olunsa belə, bu hal cavabdehlərin iddiaçıya qeyd olunan qəbzdə borcunun olmamasını göstərmir. Odur ki, məhkəmə cavabdehlərin göstərilən dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə “39543,69 manat məbləğində olan “Uniti borcu”nun "xxxx" MMC-yə olan borc məbləği olması, "xxxx" MMC-nin ona qarşı iddiasında da təxminən həmin məbləğ olması”na dair Cavabdeh2 iddiaya etirazının dəlillərini araşdıraraq, hesab edir ki, qeyd edilən dəlillər də əsassızdır. Belə ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1897/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən də aydın olur ki, "xxxx" MMC tərəfindən Cavabdeh2 qarşı iddia qaldırılmasına əsas olmuş elektron qaimələr 2023-cü il tarixdə göndərilmişdir. Yəni hazırki iş üzrə iddianın qaldırılmasına əsas olmuş xx.xx.2022-ci il tarixli qəbzdən sonra olmuşdur. Belə olan halda cavabdehin göstərilən dəlillərini məhkəmə ağılabatan mühakimə hesab etmir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 1000 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hüquqi yardımla bağlı 1000 manat məbləğində pul vəsaiti ödəməsini təsdiq edən sənədi məhkəməyə təqdim etmədiyindən və məhkəmə araşdırılması zamanı iddiaçının belə bir xərcinin çıxması müəyyən edilmədiyindən, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin iddianın mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərci ödəmişdir. Odur ki, mediasiya xərci cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğundan, iddia tələbi bu hissədə də təmin edilərək cavabdehlərdən 400 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın dövlət rüsumunun ödənilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya, dövlət rüsumunun ödənilməyən hissəsi isə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia qismən təmin edilməli olduğundan, iddiaçı dövlət rüsumunu ödəməkdən qismən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 423,07 manat məbləğində dövlət rüsumunun 398,07 manatı cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 132067,65 manat məbləğində əsas borc, 400 manat məbləğində mediasiya xərci və 22 manat məbləğində dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 398,07 manat məbləğində dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar