Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-836/2022 06.07.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və s. tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.278,15 manat borcun və ilkin mediasiya sessiyasında ödənilən 60 manatın 52,79 manat məbləğində olan hissəsinin dövlət rüsumuna görə ödənilən vəsait kimi nəzərə alınması, 7,21 manatın, ümumilikdə 60 manatın cavabehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdehsaq oğlu arasında bağlanmış xx.xx.2019-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Biləsuvar rayonu ərazisində 12,01 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan9610,12 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərinimüqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 470,00 manat məbləğində şum, 85,00 manat məbləğində ağır mala, 102,00 manat məbləğində ziq-zaq mala, 154,00 manat məbləğində mala, 132,00 manat məbləğində çiyid səpini, 182,00 manat məbləğində kultivasiya, 50,00 manat məbləğində dərman səpini, 220,00 manat məbləğində pambığınmaşınla yığımı, 4310,00 manat məbləğində qabaqcadan ödənilən avans vəsait, 1626,69 manat məbləğində gübrə, 1322,40 manat məbləğində dərman, 410,64 manat məbləğində lifliçiyid, 545,39 manat məbləğində pambığın əl yığımına görə ödənilən avans vəsait nəzərə alınmaqla, ümumilikdə 9610,12 manat məbləğində işlər görülmüş, avans vəsait ödənilmişdir. Lakin, “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsum başa çatsa 6697,36 kq 4353,28 manat məbləğində xam-pambıq təhvil verilmiş, 1978,69 manat məbləğində ödəmə nəzərə alınmaqla, iddiaçıya 3278,14 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş üzrə sənədlərə əlavə edilmiş işlərin görülməsinə dair akt, qaimə faktura, ödəniş tapşırıqları vəüzləşmı aktı ilə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı”ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 oktyabr 2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC-nin Biləsuvar filialı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan və ya icarəyə götürdüyü 12.01 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “Filiala” təhvil verməyi, “Filial” isə “Fermerin” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan sənədlərdən (ödəniş tapşırıqları, aktlar, qaimə faktura) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh işlərin görülməsi üçün 9.610,12 manat məbləğində avans ayrılmış, xidmətlər göstərilmişdir. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 22 iyul 2020-ci il tarixli, 001/40 saylı pretenziya məktubundan görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 05 oktyabr 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh məxsus 12.01 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar işlərin görülməsi nəticəsində yaranan borcun ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə borcun ödənilməsi tələbi ilə qanuna müvafiq tədbirlər görülməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 270 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının alqı-satqı müqaviləsi üzrə Cavabdeh işlərin görülməsi üçün avansın ayrılması, xidmətlərin göstərilməsi və sonuncunun ödəniş tapşırıqlarına əsasən pul vəsaitini alması, o cümlədən, qaimə-fakturalara və aktlara əsasən işləri təhvil alması işin mübahisəsiz halını təşkil edir. Məhkəmə eyni zamanda müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh (istehsalçı) arasında bağlanmış 05 oktyabr 2019-cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ özünəməxsus olan və ya icarəyə götürdüyü 12.01 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış 05 oktyabr 2019-cu il tarixli müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən Cavabdeh işlərin görülməsi üçün 9.610,12 manat məbləğində vəsait xərclənmişdir. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə cəmi 4.353,28 manat məbləğində xam pambıq təhvil verilmiş, 1978,69 manat ödəmə edilməklə, cəmi 3.278,15 manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 05 oktyabr 2019-cu il tarixli müqavilə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə qeyd edir ki, cavabdeh 11 may 2022-ci il tarixində keçirilən məhkəmənin hazırlıq iclasında iddiaya münasibət bildirərərkən iddiaçı tərəfindən 9.610,20 manat məbləğində işlərin görüldüyünü, lakin iddiaçı tərəfindən suyun verilməməsi səbəbindən borcunun yarandığını bildirmişdir. Məhkəmə cavabdehin izahatına münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən iddiaçının cavabdehi su ilə təmin etmək kimi bir öhdəliyi olmamışdır. Belə ki, tərəflər arasında bağlanılmış 05 oktyabr 2019-cu il tarixli müqavilənin 2.2.5-ci bəndinə əsasən “Fermer” (cavabdeh) pambıq əkilən sahədə pambığın itkilərdən qorunması üçün tədbirlər görür. Həmin müqavilənin 2.2.7-ci bəndinə əsasən “Fermer” (cavabdeh) pambıq sahəsinin suvarılmasını, eləcə də tələb olunan digər aqrotexniki tədbirlərin aparılmasını və pestisidlərin verilməsini vaxtında həyata keçirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı tərəfindən suyun verilməməsi səbəbindən borcunun yarandığına dair şifahi etirazı əsassızdır. Məhkəmə sadalanan xüsusatlara əsasən hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan avans almaq və iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda torpaq sahəsində pambıq əkmək və hər hektardan məhsul əldə etməklə pambıq istehsal edib iddiaçıya satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış 05 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən 3.278,15 manat borcun olduğu iş materialları ilə tam sübuta yetirilir. Cavabdeh tərəfindən qeyd olunan borcun ödənilməsi və iddiaçı tərəfindən işlərin görülməsini təkzib edən hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 3.278,15 manat borcun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. Məhkəmə, eyni zamanda iddia tələbinin “60 manat məbləğində mediasiya xərcinin tutulması barədə” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, qeyd olunan qanunvericilik aktı normasına əsasən hesab edir ki, iddia tələbi bu hissədə təmin edilərək cavabdehdən 60 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3.278,15 manat borc və 60 manat mediasiya xərci olmaqla, ümumilikdə 3.338,15 (üç min üç yüz otuz səkkiz manat, on beş qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-836/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-836/2022
06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver