Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-837/2022 21.09.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair işə Masallı şəhəri, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən icra edilməmiş öhdəliyə görə 369.204,43 manat məbləğində əsas borc və 1.755.795 manat məbləğində cərimə, 1.853 manat ödənilmiş dövlət rüsumu, cəmi 2.126.852,43 (iki milyon yüz iyirmi altı min səkkiz yüz əlli iki manat 43 qəpik) manat alınıb iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2020-ci il tarixli, 15088 nömrəli pretenziya məktubunun surətindən görünür ki, Cavabdehndən metal satışı, vaqon təmiri və yük daşıma xidmətlərinə görə 2020-ci il 01 iyul tarixinə cəmi 204.382,08 manat məbləğində borcun 10 (on) gün ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2.126.852,43 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsini xahiş etmiş, lakin cavabdehə mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün ünvanlanmış məktubda 204.382,08 manat məbləğində borcun ödənilməsini tələb etmişdir ki, bu da iddiaçının məhkəməyə müraciət etdiyi zaman iddia ərizəsində qeyd etdiyi mübahisənin (2.126.852,43 manat məbləğində borcun ödənilməsinin) qabaqcadan məhkəmədən kənar həll edilməsi üçün qanunla müəyyən edilmiş qaydaya əməl etmədiyini göstərir. Bununla yanaşı, iddiaçı 2.126.852,43 manat məbləğində borcun ödənilməsi tələbinə dair pretenziya məktubunu məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən qeyd edir ki, kommersiya mübahisələri üzrə pretenziya qaydasına riayət edilməsi barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Belə ki, mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi dedikdə pretenziya məktubunun mübahisəyə uyğun formada qarşı tərəfə verilməsi kimi başa düşülür. Burada əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması və müdafiəsini təşkil etməsinə imkan yaradılmasıdır. Məhkəmə, eyni zamanda iddiaçının nəzərinə çatdırır ki, hazırki iş üzrə iddia ərizəsinə əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2021-003053 saylı, xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, mediasiya prosesi xx.xx.2020-ci il tarixinə yaranmış 204.382,08 manat məbləğində borc öhdəliyinin ödənilməsi tələbindən irəli gələn kommersiya mübahisəsi üzrə keçirilmişdir. Halbuki, iddia ərizəsində 2.126.852,43 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi məhkəmədən xahiş edilmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, mediasiya prosesi qanunvericiliyin tələbinə uyğun olaraq keçirilməmişdir. Belə ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu, 260-cı, 264-cü, 265-ci, 267-ci, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 1.453 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-837/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-837/2022
21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver