Məhkəmə qərarları › İş №e-2-2(121)-84/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-84/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-84/2022 19.01.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə, Cavabdehlər Cavabdeh və X2 iştirakları ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və X3 qarşı pul tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 77.079,13 manat debitor borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “MAC TRADE" MMC (VÖEN: ********** şirkəti ilə bir tərəfdən və Cavabdeh (VÖEN: **********, ş/v.: AZE № AA*******, FİN: xxxxxxx, Qeydiyyatı: AZ4201, Lənkəran şəhəri,X5 küçəsi, ev 78/10, mənzil 23., Təvəllüdü: xx.xx.1985-ci il.,əlaqə nömrəsi: **********) şəxsində digər tərəfdən, aralarında əldə olunmuş razılığa əsasən, dəyərini ödəmək şərtilə iddiaçı “MAC TRADE" MMC-dən istehlak məhsullarını qəbul etmişdir. Lakin əvəzi olaraq, iddiaçıya etməli olduğu ödənişi gecikdirərək öz öhdəliklərini lazımınca icra etməmişdir. Bununla da cavabdehin iddiaçı "xxxx" MMC qarşısında 77.079.13 AZN (yetmiş yeddi min yetmiş doqquz manat on üç qəpik) məbləğində ümumi debitor borcu yaranmışdır. Beləki, qeyd olunmuş təhvil-qəbul qaimələrindən müəyyən edilir ki, cavabdeh öz anbardarı Elşən Zaliyev vasitəsilə İddiaçı MMC şirkətindən istehlak məhsullarını faktiki qəbul etmişdir və bununla da cavabdehin hər 3 (üç) obyekti üzrə iddiaçı qarşısında toplam 77.079,13 AZN debitor borcu vardır: (1) 19.03.2021-ci il tarixli SF00589 saylı təhvil qəbul sənədindən FLY.0013 kodlu obyektinə 5860.50 AZN istehlak məhsulu verilmişdir və həmin obyekt üzrə əvvəlki borcu 14961.53 AZN olmaqla cavabdehin son(yekun) borcu 20822.03 AZN göstərilmişdir, (2) 19.03.2021ci il tarixli SF00591 saylı təhvil qəbul sənədindən FLY.0032 kodlu obyektinə 2208.00AZN istehlak məhsulu verilmişdir və həmin obyekt üzrə əvvəlki borcu 13644.00 AZN olmaqla cavabdehin son(yekun) borcu 15852.00 AZN göstərilmişdir, (3) FLY.0011 kodlu obyektinə 6322.00 AZN istehlak məhsulu verilmişdir və həmin obyekt üzrə əvvəlki borcu 34578.10 AZN olmaqla cavabdehin son(yekun) borcu 40675.10 AZN göstərilmişdir. Tərəflərin qarşılıqlı münasibətlərinin olması faktını nəzərə alınaraq iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə cavabdehə borcun könüllü ödənilməsi təklifi irəli sürülmüşdür. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə əlaqə saxlanılaraq danışıqların aparılmasına baxmayaraq, mövcud borcun qaytarılmasında heç bir irəliləyiş olmamışdır və borc məbləği ödənilməmişdir. Eyni zamanda bildiririk ki, cavabdehlərin rəsmi qeydiyyatda olduğu sonuncu yaşayış ünvanı üzrə müvafiq olaraq sifarişli, xəbərnaməli poçt göndərişilə ("xxxx" MMC tərəfindən - identifikatoru SS682870325AZ) müvafiq olaraq pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. İddiaçı tərəfindən məsələnin məhkəmədən kənar həll olunması və cavabdeh tərəfindən borcun ödənilməsi üçün bütün cəhdləri heç bir nəticə verməmişdir. Bu səbəbdən də borcun və vurulmuş zərərin əvəzinin, məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi zəruridir. Sonradan iddiaçı “iddianın dəyişdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, 77.079.13 manat dəyərində debitor borcun və 30 manat məhkəmə xərcinin cavabdehlər Cavabdeh və X1 müştərək tutularaq iddiaçı “MAC TRADE" MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında verdiyi izahatında 19.03.2021-ci il tarixli SF00589 saylı, 19.03.2021-ci il tarixli SF00591 saylı və 27.03.2021ci il tarixli qaimə məlumatlarında qeyd olunmuş malların İddiaçı MMC-yə məxsus olduğunu, həmin qaimə məlumatlarına əsasən Cavabdeh ümumilikdə 77.079.13 manat məbləğində borcunun olduğunu qeyd edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında X2 onun uzaq qohumu olduğunu, mallar anbara gələndə çox zaman malları özü qəbul etdiyini, özü olmadığı müddətdə isə inandığı adam olduğu üçün 10-15 manat pul müqabilində X4 malları qəbul edərək ona məxsus anbara qoyduğunu, iddia tələbini qəbul etmədiyini, ona İddiaçı MMC tərəfindən mal verilmədiyini bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasında izahat verərək Cavabdeh qohumu olduğunu, Cavabdeh anbarda olmadığı müddətlərdə malları onun adından qəbul etdiyini, İddiaçı MMC tərəfindən 19.03.2021-ci il tarixli SF00589 saylı, 19.03.2021-ci il tarixli SF00591 saylı və 27.03.2021-ci il tarixli qaimə məlumatlarına əsasən göndərilən malları imzalayıb təhvil aldığını, təhvil aldığı malları Cavabdeh anbarında yerləşdirdiyini bildirərək qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19.03.2021-ci il tarixli, SF00589 saylı, qaimə məlumatından görünür ki, İddiaçı MMC tərəfindən 5.860,50 manat dəyərində mallar E.Zaliyevə təqdim edilmiş və sonuncu qaiməni imzalayaraq həmin malları təhvil almışdır. Həmin qaimə məlumatından görünür ki, Cavabdeh İddiaçı MMC –yə əvvəlki borcu 14.961,53 manat, 5.860,50 manat dəyərində mallar təhvil verildikdən sonra isə onun son borcu 20.822,03 manat təşkil etmişdir. İş materiallarında olan 19.03.2021-ci il tarixli, SF00591 saylı, qaimə məlumatından görünür ki, İddiaçı MMC tərəfindən 2.208 manat dəyərində mallar E.Zaliyevə təqdim edilmiş və sonuncu qaiməni imzalayaraq həmin malları təhvil almışdır. Həmin qaimə məlumatından görünür ki, Cavabdeh İddiaçı MMC–yə əvvəlki borcu 13.644 manat, 2.208 manat dəyərində mallar təhvil verildikdən sonra isə onun son borcu 15.852 manat təşkil etmişdir. İş materiallarında olan 27.03.2021-ci il tarixli, SF00790 saylı, qaimə məlumatından görünür ki, İddiaçı MMC tərəfindən 225 manat endirim edilməklə 6.097 manat dəyərində mallar E.Zaliyevə təqdim edilmiş və sonuncu qaiməni imzalayaraq həmin malları təhvil almışdır. Həmin qaimə məlumatından görünür ki, Cavabdeh İddiaçı MMC–yə əvvəlki borcu 34.578,10 manat, 6.097 manat dəyərində mallar təhvil verildikdən sonra isə onun son borcu 40.675,10 manat təşkil etmişdir. İş materiallarında olan, İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 06.07.2021ci il tarixli pretenziyadan görünür ki, tərəflər arasında əldə olunmuş razılıq nəticəsində təhvil verilmiş mallara görə 77.079,13 manat məbləğində borcun olduğu bildirilmiş və həmin borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinə etirazında iddiaçının sübutlara, faktlara əsaslanmayan, həmçinin əmək müqaviləsi əsasında bölgə müdiri işlədiyi "xxxx" MMC (VÖEN:**********) ilə heç bir iş birliyi olmayan İddiaçı MMC (VÖEN: **********) arasında əlaqə, hüquqi varis və sairə kimi hüquqi aydınlıq gətirməyən iddiaçı, qanunvericiliyin hansı maddəsinə əsasən Cavabdeh, cavabdeh kimi tanımaqla bərabər barəsində pul tələbi iddiası ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. İddia tələbinə etiraz olaraq, iddiaçı – İddiaçı MMC-nin Cavabdeh qarşı 77.079,13 manat məbləğində pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılması qeyd edilmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, poils leytenantı Orucəli Mürşüdzadə tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23 avqust 2021-ci il tarixli qərarından görünür ki, 2021-ci ilin yanvar-fevral aylarında Bakı şəhəri, Böyükşor qəsəbəsində Qanuni nümayəndə direktor olduğu İddiaçı MMC şirkəti fəaliyyətə başlamışdır. Fəaliyyətə başladıqdan sonra fiziki şəxs Cavabdeh (alıcı) ilə şifahi şəkildə razılaşaraq 77.079,13 AZN dəyərində istehlak məhsullarını 1 ay sonra pulunu vermək şərtilə ona satmışdırlar. İddiaçı MMC şirkəti ilə Cavabdeh arasında heç bir müqavilə bağlanmamış, şifahi razılıq olmuşdur. Təhqiqat araşdırmasının nəticəsi olaraq Abşeron rayonu, Gənclər şəhərciyi, blok 63, mənzil 44-də yaşayan Qanuni nümayəndə ərizəsi əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan 14.07.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı tərəfindən müxtəlif çeşiddə spirtli içkilər cavabdehə göndərilmiş, 19.03.2021-ci il tarixli SF00589 saylı, 19.03.2021-ci il tarixli SF00591 saylı və 27.03.2021-ci il tarixli SF00790 saylı qaimə məlumatlarına əsasən İddiaçı MMC tərəfindən göndərilən mallar Cavabdeh qohumu, eyni zamanda anbardarı X4 tərəfindən imzalanıb təhvil alınmış, təhvil alınmış mallar Cavabdeh anbarında yerləşdirilmişdir. Bundan əlavə, X2 Cavabdeh qohumu olduğu və Cavabdeh anbarda olmadığı müddətdə göndərilən malların X4 tərəfindən qəbul edildiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Cavabdeh anbardarı X4 qaimə məlumatlarını imzalamaqla Cavabdeh 77.079,13 manat məbləğində borcunun olduğunu da təsdiq etmişdir. Məhkəmə, eyni zamanda qeyd edir ki, 19.03.2021-ci il tarixli SF00589 saylı, 19.03.2021-ci il tarixli SF00591 saylı və 27.03.2021-ci il tarixli SF00790 saylı qaimə məlumatlarına əsasən ümumi borc 77.349,13 manat təşkil edir. Borcun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, məhkəmə hesab edir ki, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə bildirir ki, şifahi alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən şifahi müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, iddiaçıya şifahi müqavilə üzrə cəmi 77.079,13 manat borcu qalmışdır. Belə ki, iddia tələbi Cavabdeh münasibətdə əsaslıdır. Odur ki, iddianın həmin hissəsi Cavabdeh münasibətdə təmin edilməlidir. Alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər Mülki Məcəllənin 29-cu fəslinin normaları ilə tənzimlənir. Həmin fəslin normalarında alqı-satqı müqaviləsinin forması qanunverici tərəfindən müəyyənləşdirilməmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, alqı-satqı müqaviləsi şifahi formada da bağlana bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə digər cavabdeh X3 münasibətdə qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması əsas şərtlərdən biridir. İlkin olaraq qanunsuz hərəkət və ya hərəkətsizliklə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Hazırki halda iddiaçı, cavabdeh X2 hüquqi şəxsə ziyan vurduğunu iddia etsə də, həmin halların mövcudluğunu əsaslandıra bilməmiş, iddiaçıya ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Buna görə də X3 münasibətdə iddia tələbi əsassızdır. Beləliklə, sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəflər arasında olan şifahi razılaşma əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə qeyd olunan şifahi razılaşma əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia qismən təmin edilərək, 77.079,13 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Hazırki iddia tələbi üzrə Cavabdeh borclu olması Lənkəran ŞRPŞ-də təhqiqat araşdırması zamanı da müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 77.079,13 (yetmiş yeddi min yetmiş doqquz manat on üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 77.109,13 (yetmiş yeddi min yüz doqquz manat on üç qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar