Məhkəmə qərarları › İş №e-2-2(121)-846/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-846/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-846/2025 08.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinin kommersiya məhkəməsində icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7650.00 (yeddi min altı yüz əlli) manat və 97 (doxsan yeddi) manat dövlət rüsumu, ümumilikdə 7747.00 (yeddi min yeddi yüz qırx altı) manat pul tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 07 dekabr 2022-ci il tarixində cavabdehlərlə razılaşma müqaviləsi imzalayaraq, ticarət sahəsində malların alınması, satılması və zəruri işlərin görülməsi üçün 30.000 manat məbləğində pul vəsaiti vermişdir. Razılaşma müqaviləsinin 2.2-ci bəndində göstərilir ki, ticarət məqsədi üçün verilən pul vəsaiti sərf olunan sahədə müəyyən gəlir verməsə onun dərhal qaytarılması (1 ay əvvəl xəbər verməyi istisna olmaqla) tələb oluna bilməz. 23 may 2023-cü il tarixində xx.xx.2022ci il tarixli 3M-3691 saylı müqaviləyə əlavə razılaşma müqaviləsi imzalayaraq, müqavilənin 2-ci bəndinə əsasən ticarətə qoyulan 30.000 manat pul vəsaitindən qaytarılan 22350 manat pul vəsaiti çıxıldıqdan sonra qalıq 7650 manat pul vəsaiti müqavilə bağlandığı gündən 1 ay müddətinə notariusun depozit vasitəsi ilə iddiaçıya qaytarılması göstərilmişdir. Lakin göstərilən müddətin keçməsinə baxmayaraq 7650 manat pul vəsaiti bu günə kimi cavabdehlər tərəfindən iddiaçıya qaytarılmamışdır. 10 iyul 2024-ci il tarixində cavabdehlərin ünvanına Pretenziya yazılaraq poçt vasitəsi ilə göndərilmişdir. Borclu olduqları 7650 manat pul vəsaitinin 10 gün müddətinə qaytarılmasını xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(073)-2608\2024 nömrəli qərardadı ilə mülki işin mahiyyəti üzrə baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fərdi sahibkarlar arasında yaranmış kommersiya mübahisəsidir və səlahiyyətli məhkəməyə aid olduğundan, hazırki mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. İşdə olan Vergi ödəyicisinin uçota alınması haqqında elektron sorğu məlumatından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində VÖEN ********** nömrə ilə hüquqi şəxs kimi qeydiyyata alınmış "xxxx" MMC-nin təsisçisidir. İşdə olan Vergi ödəyicisinin uçota alınması haqqında elektron sorğu məlumatından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Vergilər Nazirliyində VÖEN ********** nömrə ilə fiziki şəxs kimi qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mübahisə üzrə işə kommersiya məhkəməsi tərəfindən baxılmasına dair Cəlilabad Rayon Məhkəməsinin gəldiyi nəticə qüvvədə olan normativ-hüquqi aktların tələblərinə və işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsinə dair mövcud vahid məhkəmə təcrübəsinə uyğun deyildir. Məhkəmə, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə Cəlilabad Rayon Məhkəməsinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, hazırki tələbə tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə dair meyarların birgə təhlili nəzərə alınmaqla ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, “2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.” Məhkəmə, mübahisənin kommersiya məhkəmələrinin baxış predmetinə aid olmasını müəyyən edən meyarlara nəzərən baxılan işin hallarına qiymət verərək hesab edir ki, mübahisənin predmeti və mübahisə tərəfləri arasında yaranmış hüquq münasibətlərinin xarakteri baxılan işin kommersiya mübahisələrinə dair iş kimi kommersiya məhkəmələrində baxılmasına imkan verir. Belə ki, işdən görünür ki, mübahisənin predmetini iddiaçı ilə cavabdehlər arasında birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən yaranan münasibətlər üzrə cavabdehlərin öz üzərlərinə düşən öhdəliklərini yerinə yetirməmələri nəticəsində iddiaçının pozulmuş subyektiv hüququnun müdafiəsi təşkil edir. Belə ki, iddia ərizəsinin məzmununa, işdə olan sənədlərə əsasən müəyyən olunan işin faktiki hallarının təhlili bu nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında onların əsil niyyətlərini və iradələrini ehtiva edən birgə biznes fəaliyyəti ilə bağlı öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçının tələbi, qeyd olunan fəaliyyətlə əlaqədar cavabdehlərin ondan aldıqları borc pulun geri qaytarılmamasından irəli gələn mülki-hüquqi tələbdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının tələbi kommersiya mübahisəsinin predmetinə uyğun tələbdir və həmin tələb üzrə işə kommersiya məhkəmələrində baxıla bilər. Məhkəmə, mübahisənin kommersiya xarakterdə olmasını müəyyən edən digər meyarla, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri ilə bağlı qeyd edir ki, işin hallarından göründüyü kimi, tərəflər öz aralarında ticarət əlaqələri qurmaq barədə iradələrini qarşılıqlı şəkildə razılaşdırmaqla mülki hüquq münasibətlərinə daxil olmuşlar. Bununla da, tərəflərin öz aralarında hüquq münasibətləri yaradarkən əsas məqsədlərinin birgə sahibkarlıq fəaliyyəti həyata keçirərək gəlir əldə etmək olduğu müəyyən edilir. Beləliklə, sadalananlara əsasən bu qənaətə gəlmək olur ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri tərəflərin birgə həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır və buna görə də, həmin münasibətlərdən yaranan mübahisələrə kommersiya məhkəmələri tərəfindən baxıla bilər. Məhkəmə, baxılan işdə tərəflər arasında yaranmış mübahisənin predmetinin və hüquq mnüasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğunu müəyyən etməklə yanaşı hesab edir ki, kommersiya mübahisələri üzrə qanunla tələb olunan subyekt tərkibinə dair tələblər baxılan işdə mövcud olmadığına, daha dəqiq ifadə ilə fiziki şəxsin kommersiya mübahisəsi subyekti hesab edilə bilinməsi üçün zəruri tələblər baxılan iş üzrə iddiaçıda olmadığına görə, işə kommersiya məhkəməsində baxıla bilməz. Məhkəmə qeyd edir ki, iş üzrə cavabdehlərdən Cavabdeh2 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi ödəyicisi qismində müvafiq qeydiyyata alınması və fəaliyyətinin sahibkarlıqla əlaqəli olması mübahisəsizdir. Lakin, İddiaçı və digər Cavabdeh1 Dövlət Vergi Xidmətinin “vergi ödəyiciləri üzrə axtarış” sisteminə əsasən vergi ödəyicisi, yəni sahibkarlıq subyeki olmadıqlarıı müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” qərarına əsasən, fiziki şəxslərin iştirakçıları olduqları mülki mübahisələrə kommersiya məhkəmələrində baxıla bilməsinin əsas qaydası həmin şəxslərin fərdi sahibkar statusuna malik olmaları, yəni sahibkarlıq subyektləri hesab edilmələrindən ibarətdir. Bu qaydadan istisna kimi adı çəkilən Plenum qərarında iki hal müəyyən edilmişdir. Sözügedən qərarın 26-cı bəndində göstərilmişdir ki, “Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.” Məhkəmə qeyd edir ki, mübahisəyə kommersiya məhkəmələrində baxılması üçün ilk növbədə tərəflərin hər ikisinin sahibkarlıq subyekti olması zəruri şərtdir və bu şərtdən istisnaları yuxarıda qeyd olunan Plenum qərarının 26-cı bəndində göstərilən hallar təşkil edir. Bu tələb öz hüquqi həllini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli, 10 nömrəli qərarının 27-ci bəndində belə tapmışdır ki, “Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.” Şərh olunanları baxılan işin hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, vergi ödəyicisi, yəni sahibkarlıq subyekti olmadığı halda baxılan iş üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları müəyyən edildiyinə görə iş üzrə İddiaçı və digər Cavabdeh1 həmin fəaliyyəti qanunsuz hesab edilməlidir. Belə ki, yuxarıda şərh olunduğu kimi hazırki mübahisənin iş üzrə tərəflərin birgə həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığı mübahisəsizdir və iddiaçı ərizəsində də tələb etdiyi pul məbləğini cavabdehlərlə birgə ticarət fəaliyyətinin həyata keçirilməsi və həmin əməkdaşlıqdan gəlir əldə etməkdən ötrü verdiyini vurğulamışdır. Məhkəmə, İddiaçı "xxxx" MMC-nin təsisçisi olması faktının mübahisəyə kommersiya məhkəməsində baxılmasını şərtləndirməsi ilə bağlı gəlinən nəticə ilə əlaqədar ilk növbədə fiziki şəxslə onun təsisçisi olduğu hüquqi şəxsin mülki və ya digər hüquq münasibətlərinin ayrı-ayrı müstəqil subyektləri olduqlarını xatırladaraq qeyd edir ki, əvvəla iddia tələbi "xxxx" MMC tərəfindən deyil, fiziki şəxs İddiaçı tərəfindən qaldırılmışdır və iş üzrə iddiaçı qismində fiziki şəxs İddiaçı çıxış edir. İddia ərizəsinin məzmunundan və məhkəmə iclaslarında verilmiş izahatlarından da görünür ki, İddiaçı cavabdehlərlə hüquq münasibətlərinə özünün daxil olduğunu bildirmişdir, təsisçisi olduğu hüquqi şəxsin həmin münasibətlərin iştirakçısı olması barədə hər hansı bir vurğu etməmişdir, həmçinin hazırki mərhələyə qədərki məhkəmə prosesində iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi baş verməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iş üzrə İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında borc və ya birgə ticarət fəaliyyəti ilə əlaqədar münasibətlər xx.xx.2022-ci il tarixindən başlamışdır. Belə ki, tərəflər arasında razılaşma müqaviləsi ilk olaraq xx.xx.2022-ci il tarixdə imzalanmışdır, sonradan xx.xx.2023-cü il tarixində xx.xx.2022-ci il tarixli 3M-3691 saylı müqaviləyə əlavə razılaşma müqaviləsi bağlanmışdır. X1 Xidmətinin “vergi ödəyiciləri üzrə axtarış” sisteminə əsasən müəyyən olunur ki, İddiaçı təsisçisi olduğu "xxxx" MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində VÖEN ********** nömrə ilə hüquqi şəxs kimi xx.xx.2023-cü tarixdə qeydiyyata alınmışdır. Bununla da müəyyən etmək mümkündür ki, borc və ya birgə ticarət fəaliyyəti ilə əlaqədar baxılan iş üzrə tərəflər arasında münasibətlər yarandığı zaman "xxxx" MMC kommersiya hüquqi şəxsi kimi mövcud olmamışdır. Yuxarıda şərh olunanları yekunlaşdıraraq məhkəmə hesab edir ki, iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyəti qanunsuzdur və bu qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə heç bir halda kommersiya mübahisəsi kimi qəbul edilə bilməyəcəyinə görə, mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxıla bilməz. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırılması olaraq aşağıdakıları qeyd edir: “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1-ci maddəsinə görə, ... fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları...yer üzrə vergi orqanlarında uçota alınır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Beləliklə, sadalananlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsində göstərilir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının və qanunverciliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından, məhkəmə hesab edir ki, hazırki mübahisəyə Cəlilabad Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25, 26, 32, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işin məhkəmə aidiyyətinə dair fikir ayrılığının həll edilməsi məqsədi ilə iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar