Məhkəmə qərarları › İş №e-2-2(121)-85/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-85/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-85/2021 28.01.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdehlər Cavabdeh1 Firmasına və “xxxx” MMC-yə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şirkəti Cavabdehlər Cavabdeh1 Firmasına və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X5 ve Ticaret A.Ş.”, “xxxx” MMC və Cavabdeh1xxxx“X1”nə əsasən “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” Layihəsinin icrası ilə əlaqədar “Alke – İnşaatçı&Neftchi – Cavabdeh1” Birgə Müəssisəsinin fəaliyyəti nəticəsində əldə olunmuş ümumi xalis qazanc və mənfəətin “X5 ve Ticaret A.Ş.”- nin payına uyğun hissəsi olan 7.562.940,97 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Höküməti və X2 birgə maliyyələşdirdiyi “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin genişləndirilməsi və yenidən qurulması” Layihəsi beynəlxalq müsabiqəli tenderə çıxarılmış və bu tenderdə birgə iştirak məqsədilə “X5 ve Ticaret A.Ş.”, “xxxx” MMC və Cavabdeh1 Firması arasında xx xxxx 2017-ci il tarixdə “X1” imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə, yuxarıda göstərilən layihənin icrası ilə əlaqədar sifarişçi “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanacaq müqavilədə nəzərdə tutulmuş işlərin birgə icrası məqsədilə “Alke – İnşaatçı&Neftchi – Cavabdeh1” Birgə Müəssisəsi adı altında fəaliyyət göstərəcək müştərək müəssisə təsis edilmiş və tərəflərin hər birinin xalis qazanc, mənfəət, habelə zərər və öhdəliklərdə pay nisbəti "X6 ve Ticaret A.Ş” üçün 40 % faiz, “xxxx” MMC üçün 30 % və Cavabdeh1 Firması üçün 30 % müəyyən edilmişdir. X1nin 3-cü bəndinə əsasən, layihənin icrası ilə əlaqədar işlərin yerinə yetirilməsi ilə bağlı bütün məsələlərin və sualların həllini asanlaşdırmaq üçün inzibati komitənin yaradılması və tərəflərin hər birinin öz səlahiyyətli nümayəndələrinin həmin komitəyə təyin edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda müqavilənin 29 və 30-cu bəndlərinə əsasən, “xxxx" MMC-nin direktoru X4 Müəssisənin adından və bütün sənədləri imzalamaq üçün səlahiyyətli nümayəndə kimi təyin olunmuş və bütün ödənişlərin birgə müəssisənin səlahiyyətli nümayəndəsi “xxxx” MMC-nin bank hesabı vasitəsilə həyata keçiriləcəyinə dair razılıq əldə olunmuşdur. Layihə çərçivəsində keçirilmiş tenderdə qalib gəlmiş “Alke – İnşaatçı&Neftchi – Cavabdeh1” Birgə Müəssisəsi ilə sifarişçi “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında x xxxx 2017-ci il tarixdə “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinə” dair 107.808.797,78 manat dəyərində podrat müqaviləsi bağlanmışdır. Tərəflərin x xxxx 2019cu il tarixdə imzaladığı “Müqaviləyə 1 №-li Düzəliş”ə əsasən Podrat müqaviləsinin dəyəri artırılaraq 126.049.016 manat təşkil etmişdir. Lakin “X1”nin imzalandığı və inzibati komitənin yarandığı tarixdən keçən dövr ərzində həmin Komitənin iclası keçirilməmiş və “X5 ve Ticaret A.Ş.”-nin nümayəndəsinin inzibati komitənin fəaliyyətində iştirakı müqavilənin digər iştirakçıları olan “xxxx” MMC və Cavabdeh1 Firması tərəfindən təmin edilməmişdir. Bu isə belə bir nəticəyə gəlmək üçün əsas verir ki, onlarla “X1”ni bağlamaqda cavabdehlər “xxxx” MMC və Cavabdeh1 Firmasının əsas məqsədi beynəlxalq layihənin icrası ilə bağlı birgə fəaliyyət göstərmək deyil, sadəcə olaraq “X5 ve Ticaret A.Ş.”-nin bu sahədə peşəkarlığının, təcrübəsinin, idarəetmə səriştəsinin, etibarlığının və işgüzar nüfuzunun yüksək səviyyədə olmasından istifadə edərək beynəlxalq müsabiqəli tenderdə qalib gəlmək olmuşdur. Belə ki, “X5 ve Ticaret A.Ş.” ilə birgə müəssisə yaratmadan və onun adından və işgüzar nüfuzundan istifadə etmədən cavabdehlər “xxxx” MMC-nin və Cavabdeh1 Firmasının bu cür beynəlxalq müsabiqəli tenderdə qalib gəlməsi qeyri-mümkün olacaqdı. Bütün bunlara baxmayaraq, tərəflərin imzaladığı “X1”nin şərtlərinə müvafiq olaraq, müqavilənin digər iştirakçıları ilə bərabər “X5 ve Ticaret A.Ş.”-nin də Birgə Müəssisənin fəaliyyəti nəticəsində əldə olunmuş xalis qazanc və mənfəətdən öz payına uyğun ödəniş tələb etmək hüququna malikdir. Hesab edirlər ki, “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” Layihəsinin icrası ilə əlaqədar “Alke – İnşaatçı&Neftchi – Cavabdeh1” Birgə Müəssisəsinin fəaliyyəti nəticəsində əldə olunmuş ümumi xalis qazanc və mənfəətin “X5 ve Ticaret A.Ş.”- nin payına (40%) uyğun hissəsi 7.562.940,97 manat təşkil edir. Cavabdehlərlə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün edilmiş cəhdlər müsbət nəticə verməmişdir. Borc ödənilmədiyindən iddiaçı qeyd edilən borcun cavabdehlərdən tutulması ilə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclsında iştirak edən Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclsında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin iddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmədə təmsil olunduqları nümayəndələrinin səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasının təxirə salınması xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəfləri dinləyib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2017-ci il tarixli Birgə Müəssisə haqqında razılaşmadan görünür ki, İddiaçı Şirkəti, Cavabdeh1 Firması və “xxxx” MMC aralarında “xxxx” ASC tərəfindən verilən “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinin tikintisi üçün birgə müəssinin yaradılması barədə müqavilə bağlamışdırlar. Həmin müqavilənin preambulasında qeyd olunur ki, bununla birgə müəssisələr “xxxx” ASC tərəfindən verilən “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsinin tikintisi üçün qiymət təklifi və müqavilə imzalamışdır və bununla tərəflər tikinti layihəsi çərçivəsində görülməli olan işlərdə və həyata keçirilməli olan xidmətlərdə olan maraqların və bundan əldə etdikləri gəlirlərin və icra prosesində ortaya çıxan itkilərə görə öhdəliklərin yazılı şəkildə razılaşma ilə müəyyən edilməsini istəyirlər və buna görə sözügedən tərəflər digər məqsədlər istisna olmaqla yalnız yuxarıda qeyd edilən tikinti layihəsinin icrası və tamamlanması məqsədi ilə özlərini Birgə Müəssisələr kimi təqdim edir. Bu razılaşma yalnız layihənin tikintisinin tamamlanması üçün lazım olan işlərin, xidmətlərin, materialların, avadanlığın və ləvazimatların icrası və həyata keçirilməsinə xidmət edir və tərəflər sözügedən tikinti müqaviləsindən başqa müqavilələr üçün öhdəlik götürmək və ya qiymət təklifi vermək üçün daimi bir tərəfdaşlıq razılaşmasına və ya birgə müəssisə haqqında razılaşmaya daxil olmur. Bu razılaşmada əks olunan heç bir fikir, müqavilənin tərəfləri arasında sözügedən tikinti müqaviləsinin şərt və müddəalarına müvafiq olaraq razılaşdırılan əməkdaşlıq xaricində, tərəflərin öz müstəqil mənfəətləri üçün müstəqil işgüzar fəaliyyətlərinin həyata keçirilməsi sahəsində hüquq və səlahiyyətlərinin məhdudlaşdırılması kimi təfsir edilə bilməz. Müqavilənin 1-ci bəndinə əsasən, Birgə müəssisə tərəfindən tərəfindən icra edilməli olan işlər müqavilə və yuxarıda qeyd edilən layihə ilə əlaqədar dəyişiklik qərarları və ya əlavə razılaşmalardan ibarətdir və “Alke-İnşaatçı&Neftçi-Cavabdeh1” Birgə Müəssisəsi adı ilə fəaliyyət göstərən Birgə Müəssisə tərəfindən icra olunacaqdır. Müqavilənin 2-ci bəndinə əsasən, tərəflərdən hər birinin Birgə Müəssisədə bölünməz maraqları vardır və tərəflər növbəti cümlədə adının qarşısında qeyd edilən faizə mütənasib lazım olan bütün dövriyyə kapitalını ödəyir və xalis mənfəət və gəlirlərlə iştirak edir və itki və öhdəlikləri paylaşır. Əlavə olaraq, tərəflərin burada və müqavilədəki maraqları, müqavilənin icrası ilə əlaqədar əldə edilən əmlak və avadanlıqlara (burada verilənlər istisna olmaqla) münasibətdə və müqavilənin icrası ilə əlaqədar əldə edilən vəsaitlərə və müqavilə ilə əlaqədar bütün öhdəliklər, xərclər və məsrəflərə münasibətdə maraqları aşağıdakı nisbətdədir: İddiaçı Şirkəti (Türkiyə) Birgə Müəssisə aparıcı tərəfdaş üçün 40%, “xxxx” MMC (Azərbaycan) 30% və Cavabdeh1 firması 30%. Müqavilənin 3-cü bəndinə əsasən, tərəflər müqavilənin icrası ilə əlaqədar bütün məsələlərin və proseslərin idarəsini asanlaşdırmaq məqsədi ilə İnzibati Komitə təşkil edilir və tərəflərdən hər biri, belə məsələlərdə, Birgə Müəssisə ilə əlaqədar olan proseslərdə öz adında tam səlahiyyət ilə fəaliyyət göstərmək üçün və Birgə Müəssisə ilə bağlı və müqavilənin icrası ilə əlaqədar bütün məsələlərdə belə təmsilçiləri təyin edən müvafiq tərəflərin adından hərəkət etmək üçün nümayəndələrini təyin etməlidirlər. Müqavilənin 6-cı bəndinə əsasən, Birgə Müəssisənin işinin icrası üçün İnzibati Komitənin üzvlərinin yığıncaqları ağlabatan bildiriş ilə lazım olan və arzu edilən hallarda İnzibati Komitənin bir üzvü və ya hər-hansı bir Birgə Müəssisə tərəfindən çağırıla bilər. Müqavilənin 8-ci bəndinə əsasən, İnzibati Komitə tərəfindən tələb edilərsə, müqavilənin icrası üçün Birgə Müəssisələr öz müvafiq təşkilatlarının bu qismini və işçi heyətini təmin etməlidir və hər bir Birgə Müəssisə əlavə olaraq qəbul edir ki, o, Birgə Müəssisə üçün müqavilənin ağlabatan icrası üçün mümkün həddə öz müvafiq təşkilatlarının bilik, bacarıq və təcrübələrini təmin etməlidir. Mümkün qədər İnzibati Komitə, yuxarıda göstərilənlərin hamısını Birgə Müəssisənin hər bir üzvü tərəfindən bərabər nisbətdə təmin edir. Müqavilənin 14-cü bəndinə əsasən, Birgə müəssisə üçün ayrıca uçot kitabçaları müqavilə ilə əlaqədar bütün hesabların daxil olması üçün İnzibati Komitənin təyin etdiyi metodlara uyğun olaraq İnzibati Komitənin müəyyənləşdirə biləcəyi işçilər və idarələrdə saxlanılır və mühafizə edilir. Müqavilənin icrası ilə əlaqəli bütün müsahibə kitabları, qeydlər, vauçerlər, müqavilələr və hər-hansı bir məlumatlar hər zaman Birgə Müəssisə tərəfindən yoxlanılmalıdır. İnzibati Komitə müştərək müəssisənin işlərinə və müqavilənin icrasına dair bütün məsələlərdə uçot metodlarını təyin edir. Birgə Müəssisənin mühasibat kitabları vaxtaşırı İnzibati Komitə tərəfindən seçilmiş müstəqil auditor yoxlanıla bilər. Bu cür auditin xərci Birgə Müəssisənin vəsaitləri hesabına ödənilir. Müqavilənin hər-hansı bir tərəfinin tələbi ilə dövrü audit, faktiki maya dəyəri ilə hər bir maddə üçün smetada qurulan xərclər arasındakı müqayisə ehtiva edir. Müqavilənin tamamlanmasından sonra tam və yekun auditdə və doğru və dəqiq uçotlarda bütün müqavilə və Birgə Müəssisə ilə əlaqədar xərclər və bütün hesablar, vauçerlər, qeydlər və məlumatlar əksini taplamlıdır. Qanunvericiliyə və tərəflərin göstərişinə əsasən, belə qeydlər müqavilənin tamamlanmasına və Birgə Müəssisənin ləğvinə qədər saxlanmalıdır. Qeydlər tərəflərin vaxtaşırı razılaşdıqları yer və məkanlarda saxlanılmalı və onların xərclərin tərəflər arasında bərabər bölüşdürülməlidir. Belə auditin xərcləri layihənin tikinti xərclərinin bir hissəsi kimi hesab olunur. Müqavilənin 20-ci bəndinə əsasən, Birgə Müəssisələr arasındakı münasibətlər bu Razılaşmanın şərtlərinə müvafiq olaraq, Müqavilənin icrası ilə məhdudlaşır. Müqavilənin 23-cü bəndinə əsasən, Birgə Müəssisə olmayan iddiaçı tərəfindən Birgə Müəssisənin fəaliyyəti və ya idarəsi ilə əlaqədar ortaya çıxan və bir və ya bir neçə Birgə Müəssisəyə qarşı qaldırılan iddialar Komitənin üzvlərinin yekdil razılığı ilə həll olunur, bir şərtlə ki, müflis olan Birgə Müəssisənin və ya digər Birgə Müəssisə qarşısında öhdəlikdən imtina edən Birgə Müəssisənin razılığı tələb edilməyəcəkdir. Müqavilənin 26-cı bəndinə əsasən, bu razılaşmanın müddəalarına əsasən göndərilməli olan bütün bildirişlər Birgə Müəssisənin ilk səhifədə qeyd edilən ünvanına poçt ilə yazılı bildiriş şəklində göndərilir. Müqavilənin 29-cu və 30-cu bəndlərinə əsasən, “xxxx” MMC-nin direktoru X4 Müəssisənin adından bütün sənədləri imzalamaq üçün səlahiyyətləndirilmiş təmsilçi olaraq təyin edilmişdir. Bütün ödənişlər Birgə Müəssisənin səlahiyyətləndirilmiş təmsilçisi “xxxx” MMC-nin bank hesabına edilir. İş materiallarında olan İddiaçı Şirkəti, Cavabdeh1 Firması və “xxxx” MMC tərəfindən “xxxx” ASC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli niyyət məktubunda qeyd olunmuşdur ki, “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” Layihəsi ilə bağlı, müqavilənin verilməsi halında ortaq bir təşkilat kimi, ortaq bir müəssisə halında (“Birgə Müəssisə”) ortaq şəkildə öhdəlik götürürlər və işləri ayrı-ayrılıqda yerinə yetirir və imzalanacaq müqaviləni icra edirlər. İş materiallarında olan Xidmətlərin göstərilməsi haqqında xx xxxx 2017-ci il tarixli müqavilədən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti (Sahibkar) ilə Alke- İnşaatçı&Neftçi-Cavabdeh1” Birgə Müəssisəsi (İcraçı) arasında Xırdalan şəhərinin Su Təchizatı və Kanalizasiya sistemlərinin genişləndirilməsi və reabilitasiyası haqqında müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən, icraçı tərəfindən ƏDV-nin daxil olduğu 107.808.797,78 manat məbləğində qiymət təklifini qəbul etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 5/619-1 nömrəli müqaviləyə xx.xx.2019cu il tarixli, 1 saylı Əlavədən görünür ki, həmin müqaviləyə əlavə ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti (Sahibkar) ilə Alke-İnşaatçı&Neftçi-Cavabdeh1” Birgə Müəssisəsi (İcraçı) arasında Xırdalan şəhərinin Su Təchizatı və Kanalizasiya sistemlərinin genişləndirilməsi və reabilitasiyası haqqında bağlanmış xx xxxx 2017-ci il tarixli müqaviləyə əlavələr edilmişdir. Edilmiş əlavələrə əsasən, müqavilənin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış, müqavilənin müddəti 18% ƏDV daxil 126.049.016 manat həcmində müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti (Sahibkar) ilə Alke- İnşaatçı&Neftçi-Cavabdeh1” Birgə Müəssisəsi (İcraçı) arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 5/619-1 saylı müqaviləyə 2 saylı düzəlişdə qeyd olunur ki, sifarişçi və podratçı “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində xx.xx.2017-ci il tarixində 5/619-1 saylı “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikilməsi” üzrə 107.808.797,78 manat dəyərində podrat müqaviləsi imzalamışlar. xx.xx.2019-cu il tarixdə 1 saylı düzəliş imzalanaraq müqavilənin müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinə qədər uzadılmış və müqavilə məbləği ƏDV daxil olmaqla 18.240.218,22 manat artırılaraq ƏDV daxil 126.049.016 manat təşkil etmişdir. Azərbaycan Respublikası və X3 arasında imzalanmış “Kredit Sazişi”nin və tikinti-quraşdırma işlərinin müddətlərinin xx.xx.2019-cu il tarixdə başa çatmasını, işlərin başa çatdırlıması ilə bağlı yaranan çətinlikləri və qeyd olunanlarla bağlı podratçı təşkilatın müraciətini nəzərə alaraq, müqaviləyə müvafiq düzəlişlərin edilməsinə zərurət yaranmışdır. Tərəflər aşağıda qeyd olunanlarla bağlı razılığa gəlmişdirlər: 1.1) Müqavilə çərçivəsində tikinti-quraşdırma işlərinin icra müddəti ərzində yekunlaşdırılması məqsədilə podratçıya müqavilə məbləğindən 10.000.000 manat dəyərində ödəniş həyata keçirilsin. 1.2) Qeyd olunan ödənişlə bağlı podratçı tərəfindən təmin edilən icra zəmanətinin məbləğinin artırılması ilə əlaqədar olaraq, müqavilənin “Xüsusi şərtləri”nin 4.2-ci bəndi aşağıdakı redaksiyada verilsin: İcra zəmanəti bank qarantiyası formasında 22.604.901,60 manat məbləğində və qəbul edilən müqavilə məbləğinin valyutasına uyğun olacaqdır. İş materiallarında olan İddiaçı Şirkətinin xx.xx.2020-ci il tarixli, 07/2020 saylı məktubdan görünür ki, İddiaçı Şirkəti tərəfindən “xxxx” MMC-yə və Cavabdeh1 firmasına məktub ünvanlanaraq “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya tikintisi” Layihəsinin icrası ilə əlaqədar Alke-İnşaatçı&Neftçi-Cavabdeh1” Birgə Müəssisəsinin fəaliyyəti nəticəsində əldə olunmuş ümumi xalis qazanc və mənfəətdən (18.907.352,4 manat) İddiaçı Şirkətinin payına (40%) uyğun 7.562.940,97 manat məbləğində pul vəsaitinin İddiaçı Şirkəti hesabına ödənilməsi “xxxx” MMC-yə və Cavabdeh1 firmasına təklif olunmuş, əks təqdirdə mübahisənin həlii və pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət olunacağı barədə “xxxx” MMC və Cavabdeh1xxxx“X1”nin imzalandığı və İnzibati Komitənin yarandığı tarixdən keçən dövr ərzində həmin Komitənin iclası keçirilməmiş və İddiaçı Şirkətinin nümayəndəsinin İnzibati Komitənin fəaliyyətində iştirakı müqavilənin digər iştirakçıları olan “xxxx” MMC və Cavabdeh1 firması tərəfindən təmin edilməmişdir. İş materiallarında olan Cavabdeh1 firması tərəfindən İddiaçı Şirkətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 09/08 saylı məktubda qeyd olunur ki, İddiaçı Şirkəti Birgə Müəssisə sazişinin tərəfi olsa da, eləcə Birgə Müəssisənin lider tərəfi və nümayəndəsi seçilsə də, “xxxx” ASC-nin “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin genişləndirilməsi və yenidən qurulması” adı verilən bir layihənin tətbiqi üçün “xxxx” ASC ilə birgə müəssisə olan “Alke-İnşaatçı&Neftçi-Cavabdeh1” Birgə Müəssisəsi arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 5/619 saylı müqavilənin icrasında, o cümlədən qeyd olunan müqavilə üzrə müəyyən olunmuş işlərin yerinə yetirilməsi və tamamlanmasında nə birgə müəssisə tərəfləri ilə birgə, nə də ayrılıqda iştirak etməmişdir. Eyni zamanda Birgə Müəssisə tərəflərinin müqavilə üzrə öhdəliklərin icrasında birgə hərəkət etməli olduqları ilə bağlı əlavə olaraq qeyd edilməlidir ki, “xxxx” ASC ilə birgə müəssisə olan “Alke- İnşaatçı&Neftçi-Cavabdeh1” Birgə Müəssisəsi arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 5/619 saylı müqavilənin hissə 3-Müqavilənin şərtləri və müqavilə formalarının 1.14-cü bəndinin tələbinə görə əgər podratçı müştərək müəssisə, konsorsium, iki və daha artıq şəxsdən ibarət olan hüquqi şəxsdirsə bütün bu şəxslər sifarişçi qarşısında müqavilənin icrası üçün birgə məsuliyyət daşımalıdır. Göründüyü istər niyyət məktubu, Birgə Müəssisə sazişi, xx.xx.2017-ci il tarixli, 5/619 saylı müqavilə şərtlərinə görə, istərsə də qanunvericiliyin normalarının tələblərinə əsasən hazırki müqavilənin tərəfi olan şəxslər müqavilə üzrə üzərlərinə düşən öhdəliyi birgə yerinə yetirməlidirlər. Lakin İddiaçı Şirkətinin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi, eləcə də əsas müqavilənin yerinə yetirilməsi və işlərin tamamlanmasında iştirak etməməməsi səbəbi ilə hazırki müqavilə üzrə kompensasiya almaq və hər-hansı pul və ya digər ödənişlərin tələb etmək hüququ yaranmamışdır. Qanunvericilik normasının tələbindən də müəyyən olunur ki, bir tərəfin digər tərəfdən hər-hansı ödəniş tələb etməsi üçün onun xeyrinə hər-hansı hərəkət etməlidir. İddiaçı Şirkəti müqavilə üzrə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, yəni müqavilənin icrası və işlərin tamamlanması ilə əlaqədar heç bir hərəkət etmədiyi üçün, o cümlədən Cavabdeh1 firmasının xeyrinə ümumiyyətlə hər-hansı hərəkət etmədiyi üçün Cavabdeh1 firmasından İddiaçı Şirkətinin xeyrinə hər-hansı kompensasiya və ya pulun ödənilməsini tələb etmək hüququ yoxdur. Birgə müəssisə sazişinin 6-cı bəndinin tələbinə əsasən “Birgə Müəssisənin işinə dair İnzibati Komitə üzvlərinin iclasları, istər Birgə Müəssisəsi, istərsə də idarə heyətinin hər-hansı bir üzvü tərəfindən əsaslı bildiriş olduqda zəruri və ya arzu olunan vaxt və yerə çağırıla bilər. Müqavilə üzrə müəyyən olunmuş layihə işlərinin yekunlaşmasından sonra İddiaçı Şirkəti tərəfindən belə bir müraciətin edilməsi və guya onun hüquqlarının pozulmasının qeyd edilməsi əsassız və qəbuledilməzdir. Məhz bu səbəbdən də, onlarda heç bir işdə iştirak etməyən İddiaçı Şirkətinin əsassız varlanmaq istəyinin olması şübhəsini yaradır. İş materiallarında olan xx xxxxxxxx 2017-ci il tarixli, X/M 011 saylı müqavilədən görünür ki, “xxxx” MMC (Podratçı) ilə “xxxx” MMC (İcraçı) arasında müqavilə bağlanmış, bağlanmış müqavilənin predmetini “Podratçı” layihə üzrə su və kanalizasiya xətlərinin çəkilişi xidmətlərinin göstərilməsini sifariş verib “İcraçıya” razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Podratçı”nın müəyyən etdiyi qaydada işlərin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, xx/xx-2019 saylı subpodrat müqaviləsindən görünür ki, “xxxx” MMC (Podratçı) ilə “xxxx” MMC (Subpodratçı) arasında subpodrat müqaviləsi bağlanmış, bağlanmış müqavilənin predmetini subotpodratçının Xırdalan şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində çəkilmiş su və kanalizasiya xətlərinin keçdiyi trassalar boyunca olan xəndəklərin üzərinə asfalt vurulması işlərinin yerinə yetirməsini götürməsi olmuşdur. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, SİM/015 saylı xidmət müqaviləsindən görünür ki, “xxxx” MMC (Podratçı) ilə “xxxx” QSC (məsləhəçi) arasında xidmət müqaviləsi bağlanmış, bağlanmış müqavilənin predmetini məsləhətçi və məsləhətçinin xidmətlərin icrası üçün təyin etdiyi yüksək səriştəli mütəxəssislərin podratçıya bu müqavilə üzrə məsləhət xidmətlərinim göstərilməsi, podratçı isə göstərilən xidmətlərin dəyərini bu müqaviləyə əlavə edilən “Qiymətlərin razılaşdırılma protokolu”na əsasən ödəməsi təşkil etmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, xx/xx-2019-1 saylı subpodrat müqaviləsindən görünür ki, “xxxx” MMC (Podratçı) ilə “xxxx” MMC (Subpodratçı) arasında subpodrat müqaviləsi bağlanmış, bağlanmış müqavilənin predmetini subotpodratçının Xırdalan şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində çəkilmiş su xətlərinin çəkilişi və abadlıq işlərinin yerinə yetirilməsini öhdəsinə götürməsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Şirkəti, Cavabdeh1 Firması və “xxxx” MMC aralarında “xxxx” ASC tərəfindən verilən “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinin icrası üçün birgə müəssinin yaradılması barədə xx xxxx 2017-ci il tarixli müqavilə bağlamışdırlar. “xxxx” Açıq Səhmdar Cəmiyyəti (Sahibkar) ilə “Alke-İnşaatçı&Neftçi-Cavabdeh1” Birgə Müəssisəsi (İcraçı) arasında Xırdalan şəhərinin Su Təchizatı və Kanalizasiya sistemlərinin genişləndirilməsi və reabilitasiyası haqqında Xidmətlərin göstərilməsi hqqında xx xxxx 2017-ci il tarixli müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin dəyəri 107.808.797,78 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixdə həmin müqaviləyə əlavələr edilərək, müqavilənin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış, müqavilənin dəyəri 18% ƏDV daxil 126.049.016,0 manat həcmində müəyyən edilmişdir. İddiaçı Şirkəti “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” Layihəsinin icrası ilə əlaqədar “Alke – İnşaatçı&Neftchi – Cavabdeh1” Birgə Müəssisəsinin fəaliyyəti nəticəsində əldə olunmuş ümumi xalis qazanc və mənfəətin “X5 ve Ticaret A.Ş.”- nin payına (40%) uyğun hissəsini təşkil edən 7.562.940,97 manat məbləğində pulun ödənilməsini cavabdehlərdən tələb etsə də, cavabdehlər borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdehlər tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri İddiaçı Şirkəti, Cavabdeh1 Firması və “xxxx” MMC arasında birgə müəssisənin yaradılması barədə xx xxxx 2017-ci il tarixli və “xxxx” ASC ilə “Alke-İnşaatçı&Neftçi-Cavabdeh1” Birgə Müəssisəsi arasında Xırdalan şəhərinin Su Təchizatı və Kanalizasiya sistemlərinin genişləndirilməsi və reabilitasiyası haqqında Xidmətlərin göstərilməsi haqqında xx xxxx 2017-ci il tarixli müqavilələrdən (əlavələrlə birlikdə) irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, nüqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən. borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Həmin Məcəllənin 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 441.3-cü maddəsinə əsasən, əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, “Alke – İnşaatçı&Neftchi – Cavabdeh1” Birgə Müəssisəsi sözügedən 3 müəssisə arasında “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinin tikintisi məqsədilə yaradılmışdır. Həmin müqaviləyə əsasən, sözügedən layihə birgə icra edilməli və yekunda mənfəətin 40% hissəsi İddiaçı Şirkətinə, 30% hissəsi “xxxx” MMC-yə, 30% hissəsi isə Cavabdeh1 firmasına ödənilməli idi. Layihənin birgə icra ediləcəyi (işlərin görüləcəyi, xidmətlərin göstəriləcəyi və s.) həm xx xxxx 2017-ci il tarixli Birgə Müəssisə haqqında razılaşmada, həm də tərəflərin “xxxx” ASCyə ünvanladığı xx.xx.2016-cı il tarixli niyyət məktubunda öz əksini tapmışdır. Lakin iş materiallarından “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinin icrası ilə əlaqədar İddiaçı Şirkəti tərəfindən öz öhəliklərinin icra edilməsi, yəni hər-hansı həcmdə işlərin görülməsi, xidmətlərin göstərilməsi və s. müəyyən edilməmişdir. Bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Əksinə, xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndələri izahat verərək, müqaviləyə əsasən, görülməli işlərin 40%-nin onlara aid olduğunu, lakin “Birgə Müəssisə”nin fəlaiyyətində iştirak etmədiklərini, bağlanılmış müqavilə üzrə “X5 ve Ticaret” Şirkəti tərəfindən heç bir iş görülmədiyini, işlərin görülməsinə nə zaman başlanması barədə məlumatlarının olmadığını bildirmişlər. Qeyd olunanlara və qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən məhkəmə hesab edir ki, “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinin tikintisi ilə bağlı “X5 ve Ticaret” Şirkəti tərəfindən hər hansı işi icra etmədiyindən (xidmətlər göstərilmədiyindən və s.) müqavilə üzrə əldə olunmuş mənfəətin 40%-nin onun tərəfindən tələb edilməsi əsassızdır. İş materiallarından göründüyü kimi, “X5 ve Ticaret” Şirkəti tərəfindən işlər görülmədiyi üçün, müqavilə üzrə işlərin görülməsi (xidmətlərin göstərilməsi və s.) məqsədilə digər hüquqi şəxslərlə xidmət və subpodrat müqavilələri bağlanılmışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Birgə Müəssisə haqqında razılaşmanın xx xxxx 2017-ci il tarixdə, Xırdalan şəhərinin Su Təchizatı və Kanalizasiya sistemlərinin genişləndirilməsi və reabilitasiyası haqqında müqavilənin isə xx xxxx 2017-ci il tarixdə bağlanılmasına baxmayaraq, “X5 ve Ticaret” Şirkəti tərəfindən hazırki iş üzrə cavabdehlərə yalnız xx.xx.2020-ci il tarixdə, yəni müqvilənin icrası müddəti (xx.xx.2019-cu il) bitdikdən xeyli sonra 07/2020 saylı məktub göndərilərək, keçən dövr ərzində İnzibati Komitənin iclasının keçirilmədiyini və İddiaçı Şirkətinin nümayəndəsinin İnzibati Komitənin fəaliyyətində iştirakı Müqavilənin digər iştirakçıları olan “xxxx” MMC və Cavabdeh1 firması tərəfindən təmin edilmədiyini bildirmişdir. Halbuki, İnzibati Komitənin iclasının keçirilməsinə, İddiaçı Şirkətinin nümayəndəsinin İnzibati Komitənin fəaliyyətində iştirakına şərait yaradılmasına, iclasların keçirilməsi ilə bağlı müqavilə üzrə digər tərəflərə məlumat verilməsinə, ümumiyyətlə müqavilənin icrasına və digər hallara dair İddiaçı Şirkəti tərəfindən təşəbbüs də göstərməmiş, bununla bağlı aidiyyəti şəxslərə rəsmi müraciət də etməmişdir. Belə ki, Birgə Müəssisə haqqında razılaşmanın 6-cı bəndinə əsasən, Birgə Müəssisənin işinin icrası üçün İnzibati Komitənin üzvlərinin yığıncaqları ağlabatan bildiriş ilə lazım olan və arzu edilən hallarda İnzibati Komitənin bir üzvü və ya hər-hansı bir Birgə Müəssisə tərəfindən çağırıla bilər. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdehlər Cavabdeh1 Firmasına və “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdehlər Cavabdeh1 Firmasına və “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar