Məhkəmə qərarları › İş №e-2-2(121)-851/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-851/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-851/2021 30.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı - aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı – cavabdeh tərəfindən tərtib edilmiş 20.11.2018-ci il tarixli, MXD-3164 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1505 manat məbləğində pulun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “Biləsuvar Sukanal” Sahəsi ilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair aralarında 380125 saylı, 11.01.2020-ci il tarixli müqavilə bağlanmışdır. 20.11.2018-ci il tarixdə “Biləsuvar Sukanal” Sahəsinin nümayəndələri tərəfindən guya sudan qeyri-qanuni istifadə edilməsi barədə 20.11.2018-ci il tarixli, MXD-3164 saylı akt tərtib edilmişdir. Akt tərtib olunarkən xəbərləri olmamış və onların iştirakı təmin edilməmişdir. Cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş akta əsasən 1505 manat cərimə hesablanmışdır. Cavabdeh hesablanmış məbləği onlardan ödəməyini tələb edərək su təchizatını dayandırmışdır. “Biləsuvar Sukanal” Sahəsi akt tərtib etməklə 12 ay ərzində D-20 mm borudan istifadə edilməsi ilə əlaqədar hesablamalar aparmışdır. Nazirlər Kabinetinin “Sudan istifadə Qaydaları”nın 8.7-ci maddəsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq bir il müddətinə hesablanır. Belə bir qoşulma halı var idisə, bu halda cavabdeh təşkilat bununla əlaqədar hər-hansı bir araşdırma aparmalı idi. Lakin, göründüyü kimi heç bir araşdırma aparmadan, ümumiyyətlə, heç bir qoşulma olmadan yuxarıda göstərilmiş aktı qeyri-qanuni tərtib etmişlər və heç bir əsas olmadan 1 illik müddət üçün cərimə hesablamışdırlar. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X7 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib olunan MXD-3164 nömrəli 20.11.2018-ci il tarixli aktın surətindən görünür ki, Biləsuvar şəhəri 8 mart küçəsində yerləşən X5 Sahəsi su sayğacına vurulmuş Cavabdeh ASC-yə məxsus plombun bütövlüyünü pozmuşdur. Sudan sayğacdan kənar qeyri-qanuni istifadə olunur. Abonent sudan istifadə qaydalarını pozaraq sudan qeyri-qanuni istifadə edir. Aktdan həmçinin aydın olur ki, qeyd edilən akt İddiaçı nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə olunan 26.02.2019-cu il tarixli “Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı”nın surətindən görünür ki, Biləsuvar şəhəri 8 mart küçəsində yerləşən X5 Sahəsi 1505 m3 miqdarında 1504,80 manat dəyərində sudan qeyriqanun istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurmuşdur. “Su haqqında” Qanunun “Su təchizatı və tullantı sularının axıdılması sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət bölməsinin 67-ci “Qanunsuz qoşulma” maddəsinin 1-ci bəndinə əsasən – Su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq olunmuş “Sudan istifadə” Qaydalarının 8.7-ci bədinə əsasən əlavə sərfiyyat hesablanmışdır. Dəymiş ziyan məbləğinin abonent tərəfindən ödənilməsi məcburi olduğu göstərilmişdir. Həmin hesabatda həmçinin təsdiqedici video və foto şəkillərin olması qeyd edilmişdir. İş materiallarında olan 42472270 nömrəli, 11.01.2020-ci il tarixli Cavabdeh ASC-nin X4 ilə istehlakçı İddiaçı İB Lənkəran RQİİ arasında Azərbaycan Respublikasının 28.10.1999-cu il tarixli 732-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında Qanuna uyğun olaraq bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə”nin surətindən görünür ki, Müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və kefiyyətinə görə DÜİST2874-82 Dövlət Standarının tələblərinə uyğun, məişət (təsərrüfat) – içməli və istehsalat məqsədli suyun təchizatı tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. İşə əlavə edilən 07.02.2020-ci il tarixli, ********* saylı X6 surətindən görünür ki, İddiaçı İB-nin 01.02.2020-ci il tarixə qalıq borcu 1434 manat təşkil etmişdir. İşdə olan 21.01.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı 07.02.2020-ci il tarixə hesablanmış 1284 manat məbləğində borcu qəbul etməyərək, istehlak etdiyi suyun dəyərini vaxtı vaxtında ödədiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə və müqavilənin müvafiq şərtlərinə uyğun olaraq, 1284 manat borcun 10 gün ərzində silinməsini tələb etmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İş materiallarında olan 15.02.2021-ci il tarixli, 03/01-7/6/1856 nörmrəli Cavabdeh ASC tərəfindən X9 İstismarı İdarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.07.2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.6-cı bəndinə əsasən su təchizatı və tullantı sularının axıdılması sisteminə qeyri-qanuni qoşulma halları aşkar edildikdə, su təchizatı və kanalizasiya müəssisəsi (STKM) qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Aidiyyəti rayon Sukanal İdarəsinin xidməti ərazisində yerləşən müqavilə nömrəsi 380125 olan idarənin su xəttinə baxış keçirilən zaman sayğacdan kanar su xəttindən istifadə etdiyi aşkar edilmiş və Cavabdeh ASC-nin nümayəndələri tərəfindən 20.11.2018-ci il tarixli MXD-3164 saylı akt tərtib olunmuş, 1505 m³ (1505 manat) dəymiş ziyan hesablanmışdır. Su təchizatı xidmətindən istifadəyə görə hesablarında yaranmış borc 1434.97 manat təşkil etdiyini bildirilmiş, yaranmış borcun ödənilməsi xahiş olunmuşdur. Əks təqdirdə “Sudan istifadə Qaydaları”nın 8.1.8-ci bəndinə əsasən su təchizatının müvafiq qaydada dayandırılacağı və məsələnin hüquqi müstəvidə həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət ediləciyini bildirmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən MXD-3164 nömrəli 20.11.2018-ci il tarixli akt tərtib olunmuşdur. Aktda X5 Sahəsinin su sayğacına vurulmuş plombun bütövlüyünü pozması, sudan sayğacdan kənar qeyri-qanuni istifadə olunması qeyd olunmuşdur. Akta əsasən 26.02.2019-cu il tarixli “Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı”na əsasən hesabat aparılmış və 1505 m3 miqdarında 1504,80 manat dəyərində olmaqla borc hesablanmışdır. Həmin hesabatda həmçinin təsdiqedici video və foto şəkillərin olması qeyd edilmişdir. Lakin, məhkəmə araşdırılması zamanı iddiaçının sudan sayğacdan kənar qeyriqanuni istifadə olunmasına dair hər hansı bir mötəbər sübut, o cümlədən hesabatda göstərilən video və foto şəkillər təqdim edilməmişdir. Halbuki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun “Qanunsuz qoşulma” adlanan 67-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təqdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən, STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüquqlarına aid edilmişdir. Həmin Qaydaların 5.1.1-ci bəndinə əsasən, qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək istehlakçıların hüquqlarına aid olunmuşdur. Qeyd edilən Qaydaların 6.14-cü bəndinə əsasən, suölçən cihazların göstəricilərində istehlakçının təqsiri səbəbindən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) suölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına suölçən cihazların növbədənkənar dövlət yoxlaması keçirilməlidir. Göstərilən qanunvericlik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının su sayğacına vurulmuş plombun bütövlüyünü pozması və sudan sayğacdan kənar qeyriqanuni istifadə etməsi iş üzrə təqdim olunmuş hər hansı bir mötəbər sübutla təsdiq olunmadığından, bununla da, iddiaçının təqsiri müəyyən olmadığından, aktın düzgün tərtib olunmadığı və hesabatın əsassız aparıldığı məlum olur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Digər tərəfdən, İddiaçı inzibati orqan sayılmasa da, təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyət olmaqla, səhmlərinin 100 faizi dövlətə məxsusdur və həmin müəssisənin rəhbəri dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunur. Belə ki, İddiaçı bazarda inhisarçı statusa malik olan müəssisədir. Yəni, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxs və ya fərdi sahibkar statusuna malik olan fiziki şəxs deyildir. Odur ki, İddiaçı sudan sayğacdan kənar qeyri-qanuni istifadə etməsini məhkəmə ağılabatan mühakimə hesab etmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, su sayğacına vurulmuş plombun bütövlüyünü pozması və sudan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi halı müəyyən edilmədiyindən, bununla da, bu barədə cavabdehin tərtib etdiyi akt özüözlüyündə etibarsız sayıldığından, həmin akt əsasında aparılmış hesabat da düzgün olmamışdır. Buna görə də, cavabdeh suyun dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə görə iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımadığından, cavabdehin iddiaçıdan suyun dəyərinin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun “Verilən suyun həcminin hesablanması” adlanan 30-cu maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təqdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən, verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Həmin Qaydaların 8.6-cı bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Qeyd edilən Qaydaların 8.7-ci bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Göstərilən Qaydaların 4 nömrəli əlavəsinə edilmiş Qeydə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi olaraq ötən 1 (bir) il müddətindən yuxarıdakı cədvələ əsasən hesablanır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən akt etibarsız hesab hesab edilməklə, həmin akt əsasında hesablanmış borc silinməlidir. Lakin, məhkəmə hesab edir ki, borcun silinməsinə dair iddia tələbi xarakterinə, silinmə qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə hesablanmış zərərin dəyərinin 1505 manat deyil, 1504,80 manat olması müəyyən edilir. Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilməklə su sərfinə görə iddiaçıya hesablanmış 1504,80 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən tərtib edilmiş MXD-3164 saylı 20 noyabr 2018-ci il tarixli akt etibarsız hesab edilsin. Həmin akt əsasında İddiaçınə hesablanmış 1504,80 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar