Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-852/2021 18.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı MMCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə borcun ödənilməsi tələbi üzrə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC (bundan sonra “iddiaçı” və ya “xxxx” MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – 5.747 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 5.777 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh1 arasında bağlanmış 20.12.2018-ci il tarixli 211.19.19.148 saylı müqaviləyə əsasən Cavabdeh1 6 ha (altı) hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 210 ton məhsulu istehsal edib İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, Cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində Cavabdehin bank hesabına köçürüləcəkdir. Əgər təhvil verilmiş məhsulun dəyəri Cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında İddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında geri alınacaqdır. Bildiririk ki, Müqavilənin icrasını təmin etmək məqsədilə Cəmiyyətimiz Cavabdeh1 5 747.00 (beş min yeddi yüz qırx yeddi) manat dəyərində ümumilikdə gübrə, toxum, pestisidlər və digər maddi-texniki vasitələrlə təchiz etmiş, müvafiq xidmətlər görülmüş və cavabdeh ümumilikdə 5 747.00 (beş min yeddi yüz qırx yeddi) manat məbləğində borclanmışdır. Lakin buna baxmayaraq Cavabdeh1 və zamini Cavabdeh2 tərəfindən müqavilə şərtləri pozularaq Cəmiyyətimizə cavabdehlər tərəfindən şəkər çuğunduru təhvil verilməmiş, yaranmış borcdan heç bir ödəniş edilməmişdir, nəticədə Cavabdehlərin “xxxx” MMC-nə5 747.00 (beş min yeddi yüz qırx yeddi) manat məbləğində borcu yaranmışdır. Cavabdehin borclu olması ödəniş tapşırıqlarında, İddiaçının təqdim etdiyi elektron hesab-fakturalarda və tərəfimizdən təqdim edilmiş maliyyə arayişlarında təsdiq edilir. Bununla bağlı Cavabdeh1 və zamini Cavabdeh2 REF-183/2020 saylı, 04.11.2020-ci il tarixdə “yaranmış borc vəsaitinin geri ödənilməsi” tələbi ilə bağlı pretenziya məktubu ünvanlanaraq borclu olduğu 5 747.00 (beş min yeddi yüz qırx yeddi) manat məbləğində pul vəsaitinin geri ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin maddələrin tələbinə uyğun olaraq cavabdehə məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə etiraz təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması mümkündür. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 20.12.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nin surətindən görünür ki, “İstehsalçı/Əkinçi” öz qanuni istifadəsində olan Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən 3 hektar torpaq sahəsində “xxxx” MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin dekabr ayının sonunadək “xxxx” MMC-yə təhvil verməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 20.12.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə 1 və 2 saylı əlavələr edilmişdir. İş materiallarımda olan 20.12.2018-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, “Birgə Zaminlər” yəni, Cavabdeh1 və Cavabdeh2 20.12.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi” üzrə “İstehsalçı/Əkinçi”, “xxxx” qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, “İstehsalçı/Əkinçi” ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürürlər. 20 dekabr 2018-ci il tarixli zaminlik müqaviləsinin 2.1.1-ci bəndində qeyd edilir ki, “xxxx”in zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, borc məbləğinin, digər xərc və zərərin bütünlüklə ödənilməsini ayrı-ayrılıqda və birlikdə birgə zaminlərdən tələb etmək hüququ vardır. İşdən görünür ki, 10.05.2019-cu il tarixli, ASİ00003900 saylı “Ödəniş tapşırığına” əsasən 600 manat, 12.03.2019-cu il tarixli, ASİ00001145 saylı “Ödəniş tapşırığına” əsasən 215 manat, 05.03.2019-cu il tarixli, ASİ00001002 saylı “Ödəniş tapşırığına” əsasən 97.50 manat, 10.04.2019-cu il tarixli, ASİ00002245 saylı “Ödəniş tapşırığına” əsasən 205 manat, 19.08.2019-cu il tarixli, ASİ00007758 saylı “Ödəniş tapşırığına” əsasən 120 manat, 30.05.2019-cu il tarixli, ASİ00005140 saylı “Ödəniş tapşırığına” əsasən 102 manat və 24.04.2019-cu il tarixli, ASİ00003033 saylı “Ödəniş tapşırığına” əsasən 102 manat məbləğində pul vəsaiti “xxxx” MMC tərəfindən şəkər çuğunduru almaq üçün Cavabdeh1 müvafiq bank hesabına köçürülmüşdür. İşə əlavə edilmiş elektron qaimələrdən görünür ki, 204352 nömrəli, 29.11.2019-cu il tarixli elektron qaiməyə əsasən 12 manat, 204351 nömrəli, 29.11.2019-cu il tarixli elektron qaiməyə əsasən 148 manat, 036837 nömrəli, 28.08.2019-cu il tarixli elektron qaiməyə əsasən 12 manat, 036836 nömrəli, 28.08.2019-cu il tarixli elektron qaiməyə əsasən 12 manat, 037646 nömrəli, 28.08.2019-cu il tarixli elektron qaiməyə əsasən 325 manat, 037645 nömrəli, 28.08.2019-cu il tarixli elektron qaiməyə əsasən 144 manat, 037644 nömrəli, 28.08.2019-cu il tarixli elektron qaiməyə əsasən 564 manat, 893071 nömrəli, 31.07.2019-cu il tarixli elektron qaiməyə əsasən 225 manat, 618077 nömrəli, 04.07.2019cu il tarixli elektron qaiməyə əsasən 18 manat, 530323 nömrəli, 02.07.2019-cu il tarixli elektron qaiməyə əsasən 18 manat, 530321 nömrəli, 02.07.2019-cu il tarixli elektron qaiməyə əsasən 25 manat, 374746 nömrəli, 10.06.2019-cu il tarixli elektron qaiməyə əsasən 7.50 manat, 234580 nömrəli, 03.06.2019-cu il tarixli elektron qaiməyə əsasən 2375 manat və 107604 nömrəli, 30.05.2019-cu il tarixli elektron qaiməyə əsasən 420 manat dəyərində “xxxx” MMC tərəfindən Cavabdeh1 xidmətlər göstərilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış REF-29/21 saylı, 25.01.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehin iddiaçıya şəkər çuğunduru məhsulu təhvil vermədiyi və iddiaçıya 5.747 manat borclu olduğu bildirilmişdir. Həmin borc məbləği borclu Cavabdeh1 və zamin Cavabdeh2 tələb edilmişdir. İşə əlavə edilmiş 12.02.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 12.02.2021-ci il tarixə iddiaçıya olan borcu 5.747 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 20.12.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə və ona əlavələrə əsasən cavabdeh 3 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə 105 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən həmin sahəyə 5.747 manat dəyərində xərc çəkilmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçıya şəkər çuğunduru məhsulu təhvil verilməmiş və cavabdehin 5.747 manat məbləğində borcu yaranmışdır. Həmçinin “xxxx” MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 20.12.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zaminlər “xxxx” və “İstehsalçı/Əkinçi” arasında bağlanmış 20 dekabr 2018-ci il tarixli müqavilə üzrə “İstehsalçı/Əkinçi” ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürmüşdürlər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələr üzrə cavabdehlər üzərinə götürdüyü öhdəliyləri yerinə yetirməmişdirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında Cavabdeh1 iddiaçıdan avans almaq və iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda torpaq sahəsində şəkər çuğunduru əkmək və hər hektardan məhsul əldə etməklə şəkər çuğunduru istehsal edib iddiaçıya satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh1 isə göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə digər Cavabdeh2 münasibətdə qeyd edir ki, “xidmət və satınalma” və “zaminlik” müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtı 31.12.2019-cu il tarixdə başa çatmış, lakin kreditor olaraq, iddiaçı 31.12.2020-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh2 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilmişdir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Məhkəmə qeyd olunan əsaslara görə hesab edir ki, Cavabdeh2 münasibətdə iddia əsassız olduğundan, iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, iddiaçı “xxxx” MMC tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsininin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia iddia tələbi tam ödənildiyindən cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1 5.747 (beş min yeddi yüz qırx yeddi manat) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 5.777 (beş min yeddi yüz yetmiş yeddi) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 13.4-cü, 216- 220-ci, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 5.747 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 5.777 (beş min yeddi yüz yetmiş yeddi) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-6.3-cü maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-852/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-852/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver