Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-857/2025 07.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASCilə Cavabdeh2 arasında bağlanmış 18 dekabr 2023-cü il tarixli, L/M- 452-1/23 saylı “öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, lizinq predmetinin sonuncunun müvəqqəti sahiblik və istifadəsində olduğu müddətdə yaranmış 38472,77 manat faiz borcu, 3626.57 manat dəbbə pulu olmaqla, ümumilikdə 48439,15 manat məbləğindəki borcun, ödənilmiş 236 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış 7 avqust 2023-cü il tarixli, 452/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən X1 ilə İddiaçı ASC-nin mülkiyyətində olan 2018-ci il buraxılışlı, “BMW 330 MİNİK” markalı, “SEDAN” tipli, “WBA8B9C53JEE80824” ban nömrəli, ağ mirvari rəngli, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Bundan sonra İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 18 dekabr 2023-cü il tarixli, L/M-452-1/23 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, 7 avqust 2023cü il tarixli, 452/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə müəyyən edilmiş öhdəliklər Cavabdeh2 ötürülmüşdür. 18 dekabr 2023-cü il tarixli, L/M-452-1/23 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (7 avqust 2023-cü il tarixli, 452/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nəƏlavə №2) əsasən Cavabdeh2 illik 22% hesablanmaqla, 36 aylıq müddətə, hər ay sabit məbləğ olmaqla 1469,30 manat, ümumilikdə isə 52894,42 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 52894,42 manat məbləğində pulun 38472,77 manatını əsas məbləğ təşkil edir. Bundan başqa, İddiaçı ASC ilə Cavabdeh1 arasında 18 dekabr 2023-cü il tarixli, L/M-452-1/23 saylı “Zaminlik müqaviləsi” bağlanmış və zamin lizinq verən İddiaçı ASC qarşısında lizinq alanın 18 dekabr 2023-cü il tarixli, L/M-452-1/23 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 lizinq verən qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş 38472,77 manat əsas borc, 6339,81 manat faiz borcu, 3626,57 manat dəbbə borcu vardır. Beləliklə cavabdehlərin xx.xx.2024-cü il tarixinə ümumi borcu 48439,15 manat təşkil edir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının onların iştirakı olamadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasına gəlməmişlər, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 452/23 saylı “Daxili maliyyə lizinq müqaviləsinin: 1.1-ci bəndinə əsasən, lizinq verən lizinq və bu müqaviləyə Əlavə 2 də qeyd olunmuş, ətraflı təsviri verilmiş (şəxsiyyət vəsiqəsi: AA1200304? 08.05.201-cu il tarixində Asan 4 tətəfindən verilmişdir) məxsus əmlakı mülküyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında lizinq vaistəsi ilə, lizinq haqqı olaraq lizinq alanın müvəqqəti istiadəsinə və sahibliyinə verməyi öhtəsinə götürür. 1.2-ci bəndinə əsasən, Lizinq verən lizinq alanla əmlakın qiyməti, təslim müddətləri və alqı-satqı müqaviləsinin digər şərtlərini razılaşdırmışdır. 2.1-cü bəndinə əsasən, əmlak lizinqalana lizinqverən tərəfindən 36 (otuz altı) ay müddətində lizinqə verilir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli L/M-452-1/23 saylı “Öhdəliklərin verilməsi haqqında” müqavilənin: 1.1-ci bəndinə əsasən, Tərəf-1 xx.xx.2023-cü il tarixli, 452-1/23 saylı illik 22% 38472,77 manat məbləğdə 36 ay müddətinə daxili maliyyə lizinq müqaviləsi (bundan sonra “lizinq müqaviləsi”) üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. 1.2-ci bəndinə əsasən, Tərəf-2, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra lizinq verən) ilə bağladığı xx.xx.2023-cü il tarixli, 452/23 saylı X4 müqaviləsi üzrə öhdəliklərini, lizinq obyektini hüquqlarını Tərəf-1-ə verir, Tərəf-1 isə bunları qəbul edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 452/23 saylı daxili maliyyə lizinq müqaviləsinə əlavə olan təhviltəslim aktının surətindən görünür ki, “Alıcı-Lizinqverən”lə “Lizinq alan” arasında bağlanmış xx.xx.2023-cü il tarixli 452/23 saylı X4 və “Satıcı” ilə “Alıcı-Lizinqverən” arasında bağlanmış xx.xx.2023-cü il tarixli 452/23 saylı Lizinq obyektinin Alqı-Satqı müqavilələrinə əsasən “Satıcı” Sedan tipli, ban WBA8B9C53J80824, ağ mirvari rəngli, buraxılış ili 2018-ci il, BMW 330 minik markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Alıcı- Lizinqverən”in iştirakı ilə “Lizinq alan”a təhvil verir, “Lizinq alan” isə həmin lizinq obyektini qəbul edir. “Alıcı-Lizinqverən” isə təhvil-təslimin baş tutmasını imza və möhürü ilə təsdiq edir. İş materiallarında olan ödəniş qrafikinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, 452/23 saylı daxili maliyyə lizinq müqaviləsinə 2 nömrəli əlavəyə əsasən son ödəniş tarixi xx.xx.2026-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə cədvəlinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 452/23 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş 38472,77 manat əsas, 6339,81 manat faiz borcu, 3626,57 manat cərimə borcu olmaqla ümumilikdə 48439,15 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-ci il tarixli və xx.xx.2024-cü il tarixli aktlardan görünürki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən zamin Cavabdeh1 məktublar göndərilmişdir, lakin zamin məktublardan imtna etdiyi üçün geri qaytarılmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, L/M-452-1/23 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, zamin lizinq verən qarşısında lizinq alanın xx.xx.2023-cü il tarixli, 452/23 saylı illik 22% 38472,77 manat məbləğində, 36 ay müddətinə daxili maliyyə lizinq müqaviləsi(bundan sonra “Lizinq müqaviləsi) üzrə öhtəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhtəliyini öz üzərinə götürür. 1.2-ci bəndində göstərilən zamin lizinq alan ilə lizinq verən qarşısında lizinq müqaviləsinin tam və keyfiyyətli icrası üçün məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı ASC cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli L/-452-1/23 saylı daxili lizinqi müqaviləsi üzrə yaranmış 48439,15 manat borcun ödənilməsi xahiş edilmiş, ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli əmrlərdən görünür ki, xx.xx.2023-cü il tarixli L/-452-1/23 saylı daxili lizinqi müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(121)-857/2025 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/2275 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli L/M-452-1/23 saylı lizinq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə əsas borc üzrə 38472,77 manat, faiz borcu üzrə 6559,61 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında nəqliyyat vasitəsinin lizinqə verilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər xx.xx.2023-cü il tarixli L/M-452-1/23 saylı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus nəqliyyat vasitəsinin lizinqə (istifadəyə) verilməsi barədə müqavilə” ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək lizinq obyektini cavabdehin istifadəsinə verdiyini, lakin cavabdehin şərtləşdirilmiş haqqın məbləğini ödəmədiyini, nəticədə cavabdehin ödənilməmiş borcunun qaldığını iddia edir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterini müəyyən etməyi və ona hüquqi qiymət verməyi zəruri hesab edərək bu qənaətə gəlir ki, işin müəyyən edilmiş hallarınə əsasən tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığı aşkar olunur. Belə ki, baxılan işin faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, müqavilə onu iştirakçıları (iş üzrə tərəflər) tərəfindən mübahisələndirilməmişdir, həmçinin müqavilənin etibarsızlığına dair hallar məhkəmə tərəfindən də aşkar edilməmişdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Bundan irəli gələrək məhkəmə hesab edir ki, müqavilənin şərtlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan lizinq müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməli və iddia həmin normaların tələbləri tətbiq edilməklə qiymətləndirilməlidir. Məhkəmə iddia ərizəsində qeyd olunanları və məhkəmə iclasında tədqiq olunmuş digər sübutları nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və lizinq müqaviləsinə dair mülki qanunvericiliyin tələblərinə əsasən sübut edə bilmişdir. Məhkəmə qeyd edir ki, tələb olunan lizinq muzdunun və digər ödənişlərin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Cavabdehlər isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə, tələb olunan lizinq müqaviləsi üzrə əsas borcun və digər ödənişlərin cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsas və faiz borcuna münasibətdə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-10.1, 748-10.2 və 74810.4-cü maddələrinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. İddiaçının lizinq müqaviləsi üzrə ödənişin cavabdehdən tutularaq ona ödənilməsinə dair tələb hüququ həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə görə lizinq ödənişinin gecikdirilməsi halında cərimə ödəmək öhdəliyini Cavabdeh2 öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh2 tərəfindən lizinq ödənişinin gecikdirildiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən xx.xx.2023-cü il tarixli L/M-452-1/23 saylı nömrəli müqavilə üzrə 3626,57 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 200 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı ASC Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18 dekabr 2023-cü il tarixli, L/M-452-1/23 nömrəli müqavilə üzrə 38472,77 manat məbləğində əsas, 6339,81 manat məbləğində faiz, 200 manat məbləğində cərimə və 236 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 45248,58 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-857/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-857/2025
07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver