Məhkəmə qərarları › İş №e-2-2(121)-858/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-858/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-858/2025 13.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 04 iyul 2022-ci il tarixli xx/xx/2022 saylı alqı-satqı müqaviləsinə əsasən 5200 manat əsas borc və gecikdirməyə görə 1000 manat dəbbə pulu olmaqla, cəmi 6200 manat pulun, həmçinin hüquqi yardımın göstərilməsi üçün vəkil bürosuna ödənilmiş 300 manat və iddianın verilməsi üçün 85 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 04 iyul 2022-ci il tarixli xx/xx/2022 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı müvafiq Əlavələrdə (X2) göstərilmiş malları (bitki mühafizə vasitələrini) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə malları qəbul edib həmin müqavilə ilə razılaşdırılmış məbləği Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində İddiaçı MMC tərəfindən cavabdehə ümumilikdə 55.910 manat dəyərində mal (bitki mühafizə vasitələri) tədarük edilmişdir. Cavabdehə 55910 manat dəyərində malın verilməsi iddia ərizəsinə əlavə edilmiş alqı-satqı müqaviləsi, Qiymət razılaşdırma protokolları, malların təhvil-təslim aktları, təsdiq olunaraq qəbul edilmiş e-qaimələr və digər sənədlərlə təsdiq olunur. Lakin, cavabdeh müqavilə öhdəliklərini vaxtında və lazımınca icra etməmişdir. Belə ki, ümumilikdə dəyəri 55910 manat təşkil etmiş malların məbləğindən cəmi 50710 manat ödəniş aparılmış, 5200 manat qalıq borc isə bu vaxtadək ödənilməmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Şifahi və yazılı xəbərdarlıqlardan əlavə, borcun ödənilməsi barədə cavabdehə Azərbaycan Respublikası MPM-in 150.2-ci maddəsinin tələblərinə əsasən elektron qaydada vergi kargüzarlığı vasitəsilə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş və elektron poçtuna çatdırılmışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.3-cü bəndinə əsasən, Alıcı malların qiymətinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilən məbləğin 0,1% (səfər tam onda bir) məbləğində dəbbə pulunun ödənilməsi barədə öhdəlik götürmüşdür. İddiaçı MMC ilə “Verdiktum” Vəkil bürosu arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, hüquqi yardımın göstərilməsi üçün büroya 300 manat, iddianın verilməsi üçün isə 85 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, Cavabdeh MMC-dən 5200 manat əsas borc, alqı-satqı müqaviləsinin 4.3-cü bəndinə əsasən 1000 manat dəbbə pulu, hüquqi yardımın göstərilməsi üçün vəkil bürosuna ödənilmiş 300 manat və iddianın verilməsi üçün 85 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx/xx/2022 nömrəli alqı-satqı müqaviləsinin: -1.1-ci yarımbəndinə əsasən, bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada “Satıcı” müvafiq əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları (bundan sonra - “Mal” adlandırılacaq) “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə Malı qəbul edib əvəzində bu Müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği Satıcıya ödəməyi öhdəsinə götürür. -3.1-ci yarımbəndinə əsasən, Malın qiyməti Protokol əsasmda müəyyən edilir. Ödəniş “Alıcı” tərəfindən “Satıcı”nın bank hesabına köçürülmə yolu ilə və ya qanunvericiliyin tələbləri nəzərə alınmaqla, nağd şəkildə Azərbaycan Manatı ilə həyata keçirilir. -3.2-ci yarımbəndinə əsasən, Mala görə ödəniş “Alıcı” tərəfindən hesab faktura və ya elektron qaimə faktura əsasən X2 qeyd olunan müddətdə həyata keçirilir. -4.2-ci yarımbəndinə əsasən, Bu Müqavilə üzrə tədarük edilən Malın gecikdirilməsinə görə “Satıcı” gecikdirilən hər gün üçün müqavilə məbləğinin 0,1% həcmində “Alıcı”ya dəbbə pulu ödəyir. -4.3-cü yarımbəndinə əsasən, Bu Müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1% həcmində “Satıcı”ya dəbbə pulu ödəyir.

10. İş materiallarında olan 391732 nömrəli, xx.xx.2022-ci il tarixli (2412 manat), 851202 nömrəli, xx.xx.2022-ci il tarixli (2412 manat), 312234 nömrəli xx.xx.2022-ci il tarixli (2868 manat), 104737 nömrəli, xx.xx.2022-ci il tarixli (1368 manat), 856671 nömrəli, xx.xx.2023-cü il tarixli (41650 manat), 709115 nömrəli, xx.xx.2023-cü il tarixli (1600 manat), 837435 nömrəli, xx.xx.2023-cü il tarixli (3600 manat) malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 55910 manat məbləğində bitki mühafizə vasitələri təqdim edilmişdir.

11. İş materiallarında olan İddiaçı və Cavabdeh MMC tərəfindən təsdiqlənmiş 0049AX22A nömrəli xx.xx.2022-ci il tarixli (2412 manat), 0059AX22A nömrəli xx.xx.2022ci il tarixli (2412 manat), 0075AX22 nömrəli xx.xx.2022-ci il tarixli (2868 manat), 0085AX22A nömrəli xx.xx.2022-ci il tarixli (1368 manat), 0099AX23 nömrəli xx.xx.2023-cü il tarixli (41650 manat), 0136AX23A nömrəli xx.xx.2023-cü il tarixli (1600 manat), 0163AX23A nömrəli xx.xx.2023-cü il tarixli (3600 manat), “Məhsulların və xidmətlərin təhvil-təslimi aktlar”ından görünür ki, 55910 manat dəyərində məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

12. İş materiallarında olan xx.xx.2022-ci il tarixli (2412 manat), xx.xx.2022-ci il tarixli (2412 manat), xx.xx.2022-ci il tarixli (2868 manat), xx.xx.2022-ci il tarixli (1368 manat), xx.xx.2023-cü il tarixli (41650 manat), xx.xx.2023-cü il tarixli (1600 manat), xx.xx.2023-cü il tarixli (3600 manat), X1 görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 55910 manat məbləğində bitki mühafizə vasitələri təqdim edilmişdir.

13. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən iddiaçıya 50710 manat ödəniş edilmişdir.

14. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 20 noyabr 2024-cü il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 10 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.

15. ********** nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 85 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

20. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında etibarlı şəkildə bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi İddiaçı MMC həmin müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (Müqaviləyə 1 saylı Əlavə) Spesifikasiyada adları göstərilən Malları satmağı, Cavabdeh MMC isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

21. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

22. Belə ki, iş materiallarında olan elektron qaimələr, təhvil-təslim aktları, qiymətlərin razılaşdırılması protokolları və bank tərəfindən verilmiş ödəniş qəbzləri İddiaçı MMC tərəfindən 55910 manat dəyərində malların alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-yə təhvil verilməsini, eyni zamanda Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 50710 manat ödəniş edilməsini və hazırda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehin 5200 manat qalıq borcunun olmasını təsdiq edir.

23. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsas borca münasibətdə təmin edilməli, cavabdehdən 5200 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

24. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci və 4.3-cü bəndinə əsasən, cavabdeh müqavilədə göstərilən müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh MMC tərəfindən öhdəlik götürdüyü müddətdə ödənişin və ya taranın geri qaytarılması gecikdirildiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.

25. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.

26. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 1000 manat məbləğində cərimənin tutulması hissəsində mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 200 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.

27. Məhkəmə, iddiaçının hüquqi yardımla bağlı ödədiyi 300 manat xərci ağlabatan hesab edərək qeyd edir ki, həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

28. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 74 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, qalan 11 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

Nəticə

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 5200 manat əsas borc, 200 manat cərimə olmaqla, cəmi 5400 (beş min dörd yüz) manat borc, vəkilə hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 74 (yetmiş dörd) manat pul vəsaiti tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Ödənilmiş qalan 11 (on bir) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar