Məhkəmə qərarları › İş №e-2-2(121)-860/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-860/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-860/2024 22.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanılmış 24 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 267069 ( iki yüz altmış yeddi min altmış doqquz) dollar məbləğində borcun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı irəli sürdüyü eyni predmet və eyni əsasa dair iddia ərizələri Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-1282\2023 nömrəli və xx.xx.2023-cü il tarixli, e-2-2(121)-2367\2023 nömrəli qərardadları ilə geri qaytarılmışdır. İddia ərizələrinin geri qaytarılmasına əsas olan nöqsanlar işdə iştirak edən digər şəxs tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin elektron qaydada alınması haqqında sənədin, həmçinin cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin (kommersiya mübahisələrinə dair işlərə dair qanunvericiliyin tələblərinə uyğun təqdim edilmiş) iddia ərizəsinə əlavə edilməməsindən ibarət olmuşdur. İddiaçı MMC-nin nümayəndəsi tərəfindən hər iki qərardaddan şikayət verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-1282\2023 nömrəli qərardadından verilmiş şikayət Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(106)-89\2023 nömrəli qərardadı ilə təmin edilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-2367\2023 nömrəli qərardadından verilmiş şikayət, kommersiya mübahisələrinə dair işlər üzrə məhkəmə sənədlərinin, o cümlədən şikayətlərin elektron qaydada tərtib və təqdim olunmasına dair mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığına görə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-2367\2023 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Göstərilənlərlə yanaşı əlavə olaraq məhkəmə qeyd etmişdir ki, qəbul edilmiş qərardadlarda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən, həmçinin şikayət və ya digər məhkəmə sənədləri tərtib və təqdim olunarkən iddiaçının nümayəndəsi vəkillik fəaliyyətini həyata keçirən şəxs olarsa, onun iddia ərizəsini, şikayətləri imzalamaq səlahiyyətləri etibarnamə ilə yanaşı, iddia ərizəsinin və ya şikayətin verildiyi məhkəmə instansiyasının deyil, məhkəmənin adı qeyd olunmuş orderlə təsdiq edilməlidir, əks halda vəkilin orderində tapşırığın yerinə yetirildiyi məhkəmənin adının qeyd olunmadığı təqdirdə, həmin vəkil tərəfindən imzalanmış məhkəmə sənədləri (iddia ərizəsi, şikayətlər, vəsatət və s.) səlahiyyətsiz şəxs tərəfindən imzalanmış hesab edilərək geri qaytarılacaqdır. Məhkəmə müəyyən edir ki, hazırki iddia ərizəsi yuxarıda göstərilən məhkəmə aktlarında qeyd edilmiş eyni nöqsanlara yol verilməklə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə, İddiaçı tərəfindən eyni cavabdehə qarşı eyni predmet və eyni əsasa dair iddia ərizəsinin 2023-cü ildə iki dəfə və hazırda növbəti dəfə məhkəmə tərəfindən geri qaytarıldığını nəzərə alaraq, iddiaçı tərəfindən yol verilən nöqsanlar haqqında daha ətraflı izah verilməsini zəruri hesab edir. Məhkəmə ilk olaraq pretenziyaya dair sənədin və iddia ərizəsinin surətinin elektron qaydada cavabdehə çatdırılmasının üsul və qaydaları barədə mövcud qanunvericiliyin tələblərini xatırlatmaq məqsədi ilə qeyd edir ki, çatdırmanın üsulu (prosessual əsasları) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq normaları ilə, qaydaları isə həmin prosessual normalarla birgə təhlil edilməsi vacib olan müvafiq qanunvericilik aktları ilə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2019-cu il 15 iyul tarixli 17-N nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydaları ilə tənzimlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 10-1.1, 10-2.1 və 10-1.3-cü maddələrinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Qeyd olunan prosessual normaların tələblərindən görünür ki, kommersiya mübahisələrinə dair işlərdə pretenziya qaydasına əməl edilməsi vacib şərtdir və bu şərtə əməl olunması iddia ərizəsində qeyd olunmaqla bu barədə sənəd, yəni cavabdehə pretenziyaya dair sənədin verilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmalıdır. Bu sənədin cavabdehə verilməsi isə MPM-nin 150.2-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Bu son qeyd edilən prosessual normanın məzmunundan aydın olur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin pretenziyaya dair sənəd cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Göründüyü kimi, pretenziya qaydasına tam əməl edilməsi üçün bu barədə sənədin cavabdehin elektron kabinetinə göndərilməsi kifayət etmir, bu barədə, yəni göndərmə barədə məlumatın elektron qaydada cavabdehə çatdırılması da tələb olunur. Məhkəmə, kommersiya işi üzrə sənədlərin “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş qarşı tərəfin elektron kabinetinə yerləşdirilməklə çatdırılmasına dair qaydaları şərh etməklə yanaşı nəzər alır ki, iddiaçının nümayəndəsi iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmədiyi üçün elektron kabinetinin olmadığına görə iddia ərizəsinin, pretenziyanın və digər sənədlərin cavabdehə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə çatdırılmasının mümkün olmadığını əsas gətirir. Məhkəmə qeyd edir ki, belə olan halda həmin sənədlərə dair bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat cavabdehə o, vergi ödəyicisi kimi vergi orqanlarında müvafiq qeydiyyatdan keçdiyinə görə, həmin orqanın informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməli və bu barədə məlumat yenə də elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılmalıdır. İşdən görünür ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziya məktubunun məhkəməyə müraciət edilməmişdən əvvəl göstərilən qaydada cavabdehə çatdırılmasına dair tələbə iddiaçı tərəfindən əməl edilməmişdir. Məhkəmə xatırladır ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, elektron sənədin istifadəsi və dövriyyəsi Azərbaycan Respublikası qanunvericiliyi və ya elektron sənəd dövriyyəsi subyektləri arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir (26.1); Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir (27.1); tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır (27.2); Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Təsdiqləmədə elektron sənədin tərəflər arasında razılaşdırılmış texniki tələblərə uyğun olması qeyd edilməlidir (27.4); Göndərənin göstərdiyi və ya tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş müddət ərzində təsdiqləmə alınmamışdırsa, Göndərən bu barədə Alanı məlumatlandırır və təsdiqləmənin göndərilməsi müddətini təyin edir (27.5). Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 13.6-cı bəndinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51- 1.2-ci maddələrində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2019-cu il 15 iyul tarixli 17-N nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən ərizə, şikayət və digər sənədlərin (bundan sonra – sənəd) elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi bu Qaydalara uyğun olaraq həyata keçirilir; 3.2-ci bəndinə əsasən, İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir; 3.4-cü bəndinə əsasən, sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır; 3.5-ci bəndinə əsasən, sənədin qəbul edilməsi və qeydiyyatı İnformasiya Sisteminin istifadəçisinə İnformasiya Sistemi tərəfindən aşağıdakıları özündə əks etdirən elektron bildirişin göndərilməsi ilə təsdiq olunur: 3.5.1. bildirişi göndərən haqqında məlumatlar; 3.5.2. sənədin qəbul edilməsi tarixi və vaxtı; 3.5.3. sənədin qeydiyyatı tarixi və nömrəsi. Sadalanan normaların tələblərində görünür ki, elektron sənədin göndərilməsi, çatdırılması və çatdırmanın təsdiqi qanuna müvafiq qaydada həyata keçirilməlidir və elektron sənədi alandan həmin sənədi göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Müəyyən müddət ərzində təsdiqləmə olmadığı halda isə elektron sənədi göndərən bu barədə sənədi alanı məlumatlandırmalıdır. Beləliklə, yuxarıda şərh olunanları nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, baxılan işdə iddiaçı tərəfindən elektron sənədin göndərilməsi, çatdırılması və çatdırılmanın təsdiqinə dair yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir. Məhkəmə, vəkil orderi ilə bağlı məsələ ilə əlaqədar bir daha qeyd edir ki, vəkilin iddia ərizəsini, şikayətləri imzalamaq səlahiyyətləri etibarnamə ilə yanaşı, iddia ərizəsinin, şikayətin verildiyi məhkəmə instansiyasının deyil, məhkəmənin adı qeyd olunmuş orderlə təsdiq olunmalıdır. İddia ərizəsinə əlavə edilmiş orderin surətindən görünür ki, həmin orderdə “Tapşırığın yerinə yetirildiyi təşkilat” qrafasında “Birinci instansiya məhkəməsi” yazısı qeyd olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş nümunəvi vəkil orderindən də tapşırığın yerinə yetirildiyi təşkilatın (instansiyanın deyil) adının göstərilməsinin tələb olunduğu müəyyən edilir. Məhkəmə müəyyən edir ki, yuxarıda şərh olunan nöqsanlarla yanaşı iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş məbləğdən az dövlət rüsumu ödənildiyinə görə də iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş mediasiya arayışından görünür ki, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 405 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. İddia ərizəsində isə iddiaçı tərəfindən əlavə olaraq 157,07 manat dövlət rüsumu ödənildiyi qeyd olunmuşdur. Beləliklə iddiaçı tərəfindən ödənilmiş ümumi rüsum məbləğinin cəmi 562,07 manat olduğu müəyyən olunur. Halbuki, iddia ərizəsindən göründüyü kimi, iddianın qiyməti 267069 ( iki yüz altmış yeddi min altmış doqquz) dollar, yəni 454017,3 manat təşkil etdiyinə görə, ödənilməsi tələb olunan rüsumun məbləği 744.02 manatdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Beləliklə müəyyən olunur ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun dövlət rüsumu iddia ərizəsinin verildiyi məhkəmənin hesabına ödənilməmişdir. Buna görə də, həmçinin bu əsasla iddia ərizəsi icraata götürülə bilməz və hazırki iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə, dəfələrlə müvafiq izah verilməsinə, həmçinin iddia ərizəsinin geri qaytarılmasına dair qərardan vermiş olduğu şikayətin yuxarı instansiya məhkəməsinin qərarı ilə təmin edilməməsinə baxmayaraq, eyni məzmunlu nöqsanlara yol verilməklə tərtib olunmuş iddia ərizəsini məhkəməyə təkrar təqdim etməklə əsassız olaraq məhkəmənin iş yükünün artmasına səbəb olduğuna görə, eyni nöqsanlara yol verildiyi təqdirdə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 174.5-ci maddəsinə əsasən 500 manatadək cərimə ediləcəyi barədə xəbərdarlıq edilməsini zəruri hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar