Məhkəmə qərarları › İş №e-2-2(121)-861/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-861/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-861/2021 29.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ("xxxx" MMC-nin hüquqi varisi) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 5.569,14 manat manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 05.01.2019-ci tarixli 29 saylı alqı-satqı müqaviləsinə əsasən Hacıqabul rayonu, Meyniman kəndi ərazisində 10 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh “İddiaçı”dan 30.297,08 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 119 manat məbləğində şirvan malası, 140 manat məbləğində mala, 120 manat məbləğində çiyid səpini, 273 manat kultivasiya, 84 manat məbləğində baraza, 70 manat məbləğində dərman səpini, 140 manat məbləğində maşınla pambığın yığımı, 533,34 manat məbləğində amonnium-nitrat, 500 manat məbləğində ammofos, 896 manat məbləğində lifsizçiyid, 106,20 manat məbləğində lifliçiyid, 18.128,68 manat məbləğində pambığın əl ilə yığımına görə ödənilən vəsait, 2018-ci il mövsümündən 5.000 manat, 2019-cu il mövsümündən 4.186,86 manat məbləğində borc nəzərə alınmaqla, ümumilikdə, 30.297,08 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsum başa çatsa da 24.426,94 manat məbləğində 37.681,15 kq xam-pambıq təhvil vermiş, 301 manat məbləğində ödəmə nəzərə alınmaqla, iddiaçıya 5.569,14 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, iddia tələbinin qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X2” MMC ilə Cavabdeh (istehsalçı) arasında 19 dekabr 2019-cu il tarixli, 21 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən, bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan icarəyə götürdüyü Hacıqabul rayonu, Meyniman kəndi yaxınlığında yerləşən 10 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “Fermer” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, “Filial”a təhvil verilməsi və “Filial” tərəfindən “Fermer”in borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödəmə öhdəliyi götürülmüşdür. İş materiallarında olan sənədlərdən (aktlar, məxaric orderləri, qəbzlər, qaiməfakturalar, kassa mədaxil orderləri) görünür ki, İddiaçı MMC (“X2” MMC) tərəfindən Cavabdeh işlərin görülməsi üçün avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür. İş materiallarında olan 01 mart 2019-cu il tarixli üzləşmə aktının surətindən görünür ki, İddiaçı MMC-nin nümayəndələrinin və Cavabdeh iştirakı ilə akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda qeyd olunur ki, Cavabdeh 01.03.2019-cu il tarixə İddiaçı MMC-yə 1.364,23 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanan 04.12.2019-cu il tarixli ərizənin surətində qeyd olunur ki, 01 mart 2019-cu il tarixli üzləşmə aktına əsasən Cavabdeh 1.364,23 manat borcunun olduğu müəyyən edilmiş və qeyd olunan borc onun tərəfindən 24.04.2019-cu il tarixdə "xxxx" ASC vasitəsilə ödənilmişdir. İş materiallarında olan 24.04.2019-cu il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, Cavabdeh 2018-ci il pambıq yığımından qalan borcuna görə İddiaçı MMC-nin Hacıqabul Rayon filialının bank hesabına 1.364,20 manat və 1,36 manat məbləğində ödənişlər edilmişdir. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 09.02.2020-ci il tarixli, 001/114 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, 21 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə olan 5.559,14 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi Cavabdeh təklif edilmiş, əks təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 25.05.2020-ci il tarixli, 01/434 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 05 yanvar 2019-cu il tarixli, 31 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə olan 9.186,8 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi Cavabdeh təklif edilmiş, əks təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan 05 yanvar 2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, İddiaçı MMC-nin nümayəndələrinin və Cavabdeh iştirakı ilə akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda qeyd olunur ki, Cavabdeh 05.01.2021-ci il tarixə İddiaçı MMC-yə 5.569,14 manat borcu qalmışdır. İş materiallarında olan 14.04.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə müəyyən etdi ki, “X2” MMC ilə Cavabdeh (istehsalçı) arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, 21 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan icarəyə götürdüyü Hacıqabul rayonu, Meyniman kəndi yaxınlığında yerləşən 10 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X2” MMCyə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəmə öhdəliyi götürülmüşdür. İddiaçı tərəfindən bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh işlərin görülməsi üçün 30.297,08 manat məbləğində (iş və xidmətlərin göstərilməsinə görə) avans ayrılmışdır. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya 24.426,94 manat dəyərində xam-pambıq təhvil vermiş, onun 5.569,14 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 19 dekabr 2019-cu il tarixli, 21 saylı alqı-satqı müqaviləsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, alınmış 30.297,08 manat məbləğində (iş və xidmətlərin göstərilməsinə görə) avans müqabilində İddiaçı MMC-yə 24.426,94 manat dəyərində pambıq verilmişdir. Beləliklə cavabdehin iddiaçıya 5.569,14 manat borcu qalmışdır. Qeyd olunan hallar iş materiallarında olan 05.01.2021-ci il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 5.569,14 manat borc Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin 01.03.2019-cu il tarixli üzləşmə aktına əsasən, 1.364,23 manat borc qalmasına və həmin borcun ödənildiyinə, bununla da iddiaçıya borcunun qalmadığına, daha sonra isə iddiaçı tərəfindən ona 5.000 manat kart hesabına ödənildiyini xatırlamadığına və iddiaçıya 569 manat borcunun qaldığına və 05.01.2021-ci il tarixli üzləşmə aktını oxumadan imzaladığına dair cavabdehin dəlillərini əsaslı hesab etmir. Belə ki, 01.03.2019-cu il tarixli üzləşmə aktına əsasən, müəyyən edilmiş 1.364,23 manat borc həqiqətən də cavabdeh tərəfindən 24.04.2019-cu il tarixdə ödənilmiş olsa da, sonradan, yəni 05.01.2021-ci il tarixdə tərtib edilmiş növbəti üzləşmə aktına əsasən, cavabdehin qalıq borcu 5.569,14 manat müəyyən edilmiş və akt cavabdeh tərəfindən imzalanmışdır. Həmçinin iddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək, 5.000 manat məbləğində pulun cavabdehə kart vasitəsilə ödənildiyini, lakin 01.03.2019-cu il tarixli üzləşmə aktı tərtib olunarkən səhvən nəzərə alınmadığını, ona görə də 05.01.2021-ci il tarixdə yeni üzləşmə aktı tərtib olunduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5.569,14 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.599,14 (beş min beş yüz doxsan doqquz manat, on dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar