Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-862/2021 29.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ("xxxx" MMC-nin hüquqi varisi) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 2.658,50 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06.01.2018-ci il tarixli 0034 nömrəli alqı-satqı müqaviləsinə əsasən Saatlı rayonunu, Mollavaizli kəndində yerləşən 50 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 2.658,50 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 1.000 manat məbləğində icarə haqqı və arat, 1.658,50 manat məbləğində aqrotexniki xidmətlər, ümumilikdə 2.658,50 manat işlər görülmüş, xidmətlər görülmüş, avans vəsait ödənilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsum başa çatsa da, xam-pambıq təhvil verməmiş, iddiaçıya 2.658,50 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması qaimə və kassa məxaric orderi ilə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “X4” MMC ilə Cavabdeh (istehsalçı) arasında 06 yanvar 2018-ci il tarixli, 0034 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan/icarəyə götürdüyü Saatlı rayonu, Mollavaizli kəndində yerləşən 50 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X4” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəmə öhdəliyi götürülmüşdür. İş materiallarında olan 000895 saylı, 28.02.2018-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh icarə haqqı və arat 1.000 manat avans verilmişdir. İş materiallarında olan 17 aprel 2020-ci il tarixli üzləşmə aktından görünür ki, İddiaçı MMC-nin nümayəndələrinin və Cavabdeh iştirakı ilə akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda qeyd olunur ki, “X4” MMC (İddiaçı MMC) ilə müqavilə bağlamış Cavabdeh texnika, toxum, avans pulu, gübrə, pesdisid və herbisidlə təmin olunmuş və yekun olaraq pambıq istehsalçısı Cavabdeh verilmiş avans pula görə “X4 MMC-yə 1.000 manat borcu qalmışdır. İş materiallarında olan Sabirabad RN-nin Saatlı bölməsi tərəfindən Saatlı K/T MMCyə bağlanılmış müqavilə əsasında verilmiş mineral gübrələr barədə məlumatda qeyd olunmuşdur ki, Mollavaizli kənd sakini Cavabdeh 17 ha torpaq sahəsi üçün 30% dəyəri 640,008 manat olan ammonium nitrat verilmişdir. Qeyd olunan sənəd yalnız "xxxx" ASCnin X1 Saatlı rayon bölməsinin nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Saatlı rayon bölməsinin istifadəsində olan texnika ilə Saatlı K/T MMC arasında bağlanılmış müqavilələr üzrə pambıqçılıq təsərrüfatlarında yerinə yetirilən işlərin dəyəri barədə məlumatda qeyd olunur ki, Dədə Qorqud kəndində Cavabdeh üçün ümumilikdə 74 ha torpaq sahəsində 1.010 manat dəyərində ağır diskli malalama, çiyid səpini, kultivasiya və çiləyici ilə dərmanlama işləri görülmüşdür. Qeyd olunan sənəd yalnız Saatlı KTİ-nin və "xxxx" ASC-nin Saatlı rayon bölməsinin nümayəndələri tərəfindən imzalanmış və möhürlənmişdir. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 29.10.2019-cu il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 06 yanvar 2018-ci il tarixli, 0034 saylı alqı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC-yə olan 2.658,50 manat borcunun ödənilməsinin təmin edilməsi Cavabdeh təklif edilmiş, əks təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan 14.04.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə müəyyən etdi ki, “X4” MMC ilə Cavabdeh (istehsalçı) arasında bağlanmış 06 yanvar 2018-ci il tarixli, 0034 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan icarəyə götürdüyü Saatlı rayonu, Mollavaizli kəndində yerləşən 50 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X4” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəmə öhdəliyi götürülmüşdür. İddiaçı tərəfindən bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh icarə haqqı və arat üçün 1.000 manat məbləğində avans ayrılmışdır. Həmçinin iddiaçı tərəfindən cavabdeh üçün 1.658,50 manat məbləğində aqrotexniki xidmətlər göstərildiyi bildirilir və ondan cəmi 2.658,50 manat pul tələb edilir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 06 yanvar 2018-ci il tarixli, 0034 saylı alqı-satqı müqaviləsi təşkil edir. İddia ərizəsindən göründüyü kimi cavabdehdən tələb olunan 2.658,50 manat pul məbləği 2 hissədən ibarətdir: 1.000 manat məbləğində icarə haqqı və arat üçün verilmiş avans və 1.658,50 manat məbləğində aqrotexniki xidmətlərin göstərilməsi. İddiaçı tərəfindən cavabdehə 1.000 manat məbləğində icarə haqqı və arat üçün avansın verilməsi iş materiallarında olan kassa məxaric orderi və 17 aprel 2020-ci il tarixli üzləşmə aktı, o cümlədən 10.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında qeyd olunan məbləğin iddiaçı tərəfindən ona verildiyinə dair cavabdehin izahatı ilə sübut olunduğundan məhkəmə hesab edir ki, bu hissədə iddia əsaslıdır və təmin edilməlidir. 1.658,50 manat məbləğində aqrotexniki xidmətlərin göstərilməsinə müasibətdə isə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə aqrotexniki xidmətlərin göstərilməsi iş materialları ilə sübut olunmadığından, həmçinin cavabdeh 10.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında ona aqrotexniki xidmətlərin göstərilmədiyini və gübrə (ammonium nitrat) verilmədiyini, ümumiyyətlə Dədə Qorqud kəndində ona məxsus torpaq sahəsinin olmadığını bildirdiyindən, iddiaçı tərəfindən isə bunun əksi sübut edilmədiyindən, iddia tələbi 1.658,50 manatın tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehə 640,008 manat dəyərində ammonium nitratın verilməsinə və cavabdeh üçün 1.010 manat dəyərində ağır diskli malalama, çiyid səpini, kultivasiya və çiləyici ilə dərmanlama işlərinin görülməsinə dair məhkəməyə hər-hansı mötəbər sübut təqdim edilməmişdir. Qeyd olunan halların təsdiqi qismində məhkəməyə Sabirabad RN-nin Saatlı bölməsi tərəfindən Saatlı K/T MMC-yə bağlanılmış müqavilə əsasında verilmiş mineral gübrələr barədə məlumat və "xxxx" ASC-nin Saatlı rayon bölməsinin istifadəsində olan texnika ilə Saatlı K/T MMC arasında bağlanılmış müqavilələr üzrə pambıqçılıq təsərrüfatlarında yerinə yetirilən işlərin dəyəri barədə məlumat təqdim edilsə də, məhkəmə həmin məlumatları mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin sənədlər birtərəfli qaydada tərtib olunmuşdur, qeyd olunan sənədlərin tərtib edilməsi zamanı cavabdehin iştirakının və imzasının olması müəyyən olunmur. Eyni zamanda cavabdehə ammonium nitratın verilməsi və işlərin görülməsinə dair hər-hansı təhvil-təslim aktı, qaimə, üzləşmə aktı və s. tərtib olunmamış, həmin mallar və işlər cavabdehə təhvil verilməmiş, cavabdeh isə həmin işləri qəbul etməmiş və bununla bağlı hər-hansı sənədi imzalamamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 1.000 manat (avans ödənilmiş icarə haqqı və arat əvəzi) borc Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 18,72 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, 11,28 manat dövlət rüsumu isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.000 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 11,28 manat olmaqla, cəmi 1.011,28 (bir min on bir manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-862/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-862/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver