Məhkəmə qərarları › İş №e-2-2(121)-862/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-862/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-862/2024 30.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı – xx.xx.2021-ci il tarixli, SM/2021/174 saylı alqı-satqı müqaviləsi üzrə 17.631,98 manat borcun, 1.983,42 manat illik beş faizin, 500 manat vəkil pulunun və 151 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında SM/2021/174 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi alıcıya satmağı, alıcı isə öz növbəsində sementi qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3-cü bəndinə əsasən məhsulun satış qiyməti satıcı tərəfindən təqdim olunmuş elektron qaimə müəyyən edir. Alıcı hazırki müqavilə üzrə məhsulun dəyərinin ödənilməsini satıcının bank hesabına köçürmə yolu ilə nağdsız qaydada həyata keçirir. Satıcı tərəfindən alıcıya təqdim olunan məhsulların 20 təqvim günü müddətindən gec olmamaq şərti ilə tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutula bilər. Hazırda iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmir. Belə ki, xx.xx.2023-cü il tarixli birgə üzləşmə aktına əsasən cavabdeh iddiaçıya 17.631,98 manat borcu olduğunu etiraf edərək təsdiq etmişdir. Həmin borcdan cavabdeh bu günə kimi heç bir ödəniş etməmiş və hər dəfə müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən boyun qaçırmışdır. Cavabdehin SM/2021/174 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək ödəməni gecikdirdiyi 2 il 3 ay üçün 17.631,98 manat borcun illik 5 faizi 1.983,42 manat təşkil edir. Bundan əlavə, iddiaçı öz hüquqlarını məhkəmədə müdafiə etmək məqsədi ilə “Faiq Nağıyev və Partnyorları” vəkil bürosu ilə 77 saylı, xx.xx.2024-cü il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlamış və həmin müqaviləyə əsasən 500 manat büroya vəsait ödəmişdir. Həmin məbləğ də cavabdeh şirkətdən tutularaq iddiaçıya ödənilməlidir. Hesab edirlər ki, cavabdehdən xx.xx.2021-ci il tarixli, SM/2021/174 saylı alqı-satqı müqaviləsi üzrə 17.631,98 manat borcun, 1.983,42 manat ilik beş faizin, 500 manat vəkil pulunun və 151 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Eyni zamanda göstərdi ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə 2022-ci ilin noyabr ayından xx.xx.2024-cü ilədək ödəməni gecikdirdiyi üçün 17.631,98 manat borcun illik 5 faizi 1.983,42 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC (İddiaçı QSC) və Cavabdeh arasında SM/2021/174 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi alıcıya satmağı, alıcı isə öz növbəsində hazırki müqavilədə göstərilən şərtlər əsasında məhsulu qəbul edib, dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. İş materiallarına əlavə olunan elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən elektron qaimələrlə 17632 manatlıq mal(lar) cavabdehə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli birgə üzləşmə aktının surətindən görünür ki, cavabdehin borcu 17361,98 manat məbləğində təşkil edir. Aktda dövrün əvvəli kimi 2022-ci ilin noyabr ayı göstərilmişdir. İşin materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh qeyd edilən müqavilə üzrə 17.632 manat məbləğində borcu vardır. İş materialında olan İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı QSC və Cavabdeh arasında bağlanmış alqı-satqısı müqavilə(lər)sinə əsasən Cavabdeh ödənilməmiş 17.631,98 manat borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işin materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə malların satılmasını öz üzərinə götürmüş, cavabdeh isə malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik yerinə yetirilməmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqavilə(lər)si bağlanmış, cavabdeh isə müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Məhkəmə iddianın “gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdeh borcunun ödənilməsini gecikdirdiyindən, iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən gecikdirilmiş vaxt üçün hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək ödəməni gecikdirdiyi 2 il 3 ay üçün 17.631,98 manat borcun illik 5 faizi 1.983,42 manat təşkil edir. İddiaçının nümayəndəsinin izahatından aydın olur ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə 2022-ci ilin noyabr ayından xx.xx.2024-cü ilədək ödəməni gecikdirdiyi üçün 17.631,98 manat borcun illik 5 faizi 1.983,42 manat təşkil edir. Göründüyü kimi, iddiaçı 2022-ci ilin noyabr ayından xx.xx.2024-cü ilədək ödəməni gecikdirdiyi üçün 17.631,98 manat borcun illik 5 faizini tələb edir. Halbuki, 2022-ci ilin noyabr ayından xx.xx.2024-cü ilədək olan müddət 2 il 3 ay deyil, 1 il 3 ay təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehin üzərinə düşən pul öhdəliyini 1 il 3 ay müddətində icra etməməsi nəticəsində kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz əsas götürülməklə hesablanmış faizlər 1101,99 manat məbləğində təşkil edir. Belə ki, 17631,98 manat məbləğində borcun bir illik faiz məbləği 881,59 manat (17631,98/100x5=881,599) məbləğində, 881,59 manat məbləğin 1 il 3 ay (yəni, 15 ay) üçün faiz məbləği isə 1101,99 manat (881,599/12x15ay=1101,99) məbləğində təşkil edir. Buna görə də, iddia bu hissədə qismən təmin edilməklə, 1101,99 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 500 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia isə qismən təmin edilməli olduğundan, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 400 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 145 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 17631,98 manat borc, 1101,99 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, 400 manat vəkil xərci, 145 manat dövlət rüsumu, cəmi 19278,97 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar