Məhkəmə qərarları › İş №e-2-2(121)-863/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-863/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-863/2024 30.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi ilə, İddiaçı “X1 Kompleksi” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X1 Kompleksi” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 1626 manat, hesablanmış cərimə borcuna görə 325 manat və ödənilmiş dövlət rüsumuna görə 40 manat olmaqla, cəmi 1991 manat pulun cavabdehdən alınaraq “X1 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-863/2024 nömrəli qərardadı ilə təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyi əsası ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İş üzrə ilk məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Həmin iclasda cavabdeh iştirak etməmişdir, iddiaçının nümayəndəsi isə elektron ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən işə mahiyyəti üzrə baxılmasının mümkün olmamasına görə tərəflərin məhkəmə iclasında iştiraklarının təmin edilməsi məqsədi ilə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Həmin iclasda da cavabdeh iştirak etməmişdir, iddiaçının nümayəndəsi isə elektron ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iş üzrə məhkəmə baxış iclasının təyin edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə saat 12:00-a təyin edilmişdir. Məhkəmə baxış iclasında cavabdeh iştirak etməmişdir, iddiaçının nümayəndəsi isə elektron ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddia ərizəsində iddiaçı “X1 Kompleksi” MMC tərəfindən Cavabdeh 1626 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verildiyi, müxtəlif xidmətlər göstərildiyi, cavabdehin yaranmış borcdan heç bir ödəniş və ya xam pambıq təhvil vermədiyi qeyd olunsa da, həmin halları təsdiq edən sübutlar (iş aktları, ödəniş sənədləri və s.) məhkəməyə təqdim olunmamışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş üzləşmə aktından görünür ki, cavabdeh həmin aktı imzalamaqdan imtina etmişdir. Məhkəmə qeyd edir ki, sadələşdirilmiş iddia icraatı qaydasında ərizəyə məhkəmənin qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyi əsası ilə iddia icraatı qaydasında baxılmasının qərara alınmasına, qərardadın iddiaçıya təqdim olunmasına, iş üzrə bir neçə iclas keçirilməsinə baxmayaraq iddiaçı tərəfindən yuxarıda göstərilən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə, cavabdehin də lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında işitrak etməməsini, həmçinin iddiaya qarşı etirazını, iddianın tam və ya qismən əsassızlığına dair sübutları məhkəməyə təqdim etməməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, işə mahiyyəti üzrə baxılıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılması məqsədə uyğun deyildir. Buna görə də iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 78.1-1-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Göründüyü kimi, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə görə sübutlar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməlidir. Lakin iddiaçı “X1 Kompleksi” MMC işin mahiyyəti üzrə baxılması üçün mühüm əhəmiyyət kəsb edən verilmiş avansa dair məlumatları özündə əks etdirən sənədləri məhkəməyə təqdim etməmişdir. Şərh olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər əsasında işə mahiyyəti üzrə baxılması mümkün olmadığına görə iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X1 Kompleksi” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar