Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-865/2021 22.07.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul məbləğinin ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 37.124 manat əsas borcun, 38.656,99 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun, ümumilikdə 75.810,99 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15.04.2014-ci il tarixli, 539- L/14 nömrəli müqaviləyə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 18.03.2021-ci il tarixə 15.04.2014-cü il tarixli 539-L/14 nömrəli müqavilə üzrə 37.124 (otuz yeddi min yüz iyirmi dörd) manat gecikdirilmiş əsas borcu və hesablanmış 38.656,99 (otuz səkkiz min altı yüz əlli altı manat 99 qəpik) manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında borcun yaranma səbəbinin texnikanın nasazlığından olduğunu bildirərək borcun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin, cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmətlər göstərilməsi ilə bağlı işlərin səmərəsinin artırılması və sistemliliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan 15.04.2014-cü il tarixli, 539-L/14 saylı lizinq müqaviləsinin surətindən görünür ki, qalıq dəyəri 54.000 manat olan 1 ədəd SK-5ME-1 markalı kombayna dair "xxxx" ASC ilə Cavabdeh arasında lizinq müqaviləsi və cavabdeh tərəfindən ödənilmiş 4000 manat ilkin ödəniş nəzərə alınmaqla tərtib edilmiş ödəniş qrafikini əks etdirən 1 saylı Əlavə imzalanmışdır. İş materiallarında olan 15.04.2014-cü il tarixli, 789/ü saylı əmrin surətindən görünür ki, Cavabdeh ilə bağlanılmış 15.04.2014-cü il tarixli, 539-L/14 saylı lizinq müqaviləsi üzrə 1 ədəd SK-5ME-1 markalı taxılyığan kombaynın Cavabdeh lizinqə verilməsi verilməsi qərara alınmışdır. İş materiallarında olan 11.04.2014-cü il tarixli "xxxx" ASC-yə məxsus olan texnikaların təhvili-qəbulu barədə aktdan görünür ki, 1 ədəd SK-5ME-1 markalı taxılyığan kombaynı "xxxx" ASC-nin Xocavənd Aqroservis filialının müdiri X1 tərəfindən Cavabdeh təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan cərimələrin hesablanması qrafikindən görünür ki, müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə Cavabdeh 38.656,99 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 18.03.2021-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cəlilabad rayonu, Bayxanlı kənd sakini Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 15.04.2014-cü il tarixli, 539-L/14 saylı müqaviləyə əsasən lizinqə götürdüyü qalıq dəyəri 54.000 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına qrafik üzrə 10.220 manat ödəniş edilmiş, Cavabdeh gecikdirilmiş borcu 37.124 manat və hesablanmış cərimə 38.656,99 manat təşkil edir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən ödəniş qrafiki üzrə 37.124 manat borc yaranmışdır. Bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə ödəniş qrafiki üzrə bir dəfədən artıq ödənişləri gecikdirdiyinə görə gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödənilməlidir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748- 1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1, 748-2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-ci, 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə, həmçinin cavabdehin texnikanın nasazlığı səbəbindən öhdəliyini yerinə yetirməməsinə dair izahatına münasibət bildirərək qeyd edir ki, tərəflər arasında imzalanmış 15.04.2014-cü il tarixli, 539-L/14 saylı lizinq müqaviləsinin: - 2.2.3-cü bəndinə əsasən lizinq alan texnikanın dövlət qeydiyyatına alınmasını, təyinatı üzrə səmərəli istifadəsini, saz saxlanmasını, vaxtında texniki qulluqların aparılmasını həyata keçirir; - 2.2.12-ci bəndinə əsasən texnikanın itirilməsi və ya funksiyalarının itirməsi lizinq alanı bu müqavilə üzrə öhdəliklərdən azad etmir; - 3.3-cü bəndinə əsasən texnikanı qəbul etdikdən sonra təhvil-təslim aktını imzalayır. Lizinq alan təhvil-təslim aktını imzaladıqdan sonra texnikanı zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadə zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti daşıyır və bu müqavilə üzrə öhdəliklərindən azad etmir; -3.4-cü bəndinə əsasən lizinq alan texnikadan istifadə ilə bağlı meydana gəlmiş öhdəliklər nəticəsində yaranan bütün xərcləri ödəyir və texnikanın istifadə və onun saxlanılması prosesində, digər şəxslərin həyatına, sağlamlığına və əmlakına və ya ətraf mühitə vurulmuş bütün zərərə görə tam məsuliyyət daşıyır; -3.8-ci bəndinə əsasən lizinq alan texnikadan təyinatı üzrə istifadə etməyə, onu saz vəziyyətdə saxlamağa, müvafiq standarlara, texniki şərtlərə, texniki istismar qaydalarına müəssisə-istehsalçının təlimatlarına əməl etməklə müvafiq öhdəlik daşıyır; Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.7-ci maddəsinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Məhkəmə müəyyən etdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında 15.04.2014-cü il tarixli, 539-L/14 saylı lizinq müqaviləsi bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, müqaviləyə əsasən lizinqə götürdüyü qalıq dəyəri 50.000 manat olan kənd təsərrüfatı texnikası üçün "xxxx"ASC-nin hesabına 10.220 manat ödəniş etmiş, müqavilə üzrə 18.03.2021-ci il tarixə 37.124 manat borcu qalmış və ona lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən qrafik üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 38.656,99 manat cərimə hesablanmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə xəbərdarlıq göndərilsə də, sonuncu lizinq müqaviləsi üzrə yaranmış borcunu ödəməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, əsas borc, yəni 37.124 manat hissəsində iddia təmin edilməlidir. Məhkəm, iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, iddiaçı 38.656,99 manat cərimənin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 500 manat dəbbə pulu (cərimə) tutulmalıdır. Həmçinin, iddianın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda ödənilməsi nəzərdə tutulmuş 30 manat rüsumu da Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış 15.04.2014-cü il tarixli, 539-L/14 saylı müqavilə üzrə 18.03.2021-ci il tarixə yaranmış 37.124 manat əsas borc, 500 manat dəbbə pulu (cərimə borcu) və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 37.654 manat Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 37.124 (otuz yeddi min yüz iyirmi dörd) manat əsas borc, 500 (beş yüz) manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 37.654 (otuz yeddi min altı yüz əlli dörd) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-865/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-865/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver