Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-871/2021 27.07.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müaviləyə görə yaranmış borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10.03.2020-ci il tarixli 131 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqaviləyə görə yaranmış 37.942,94 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında 10.03.2020ci il tarixdə 131 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh həmin müqaviləyə əsasən, İddiaçı MMC-dən satış fakturası əsasında mallar təhvil alıb, dəyərini ödəməli idi. Cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımınca icra etməyərək, iddia ərizəsinə əlavə edilən 8 sayda, hər biri 1 səhifədən ibarət olan satış fakturasında çeşidi və qiyməti göstərilən malları təhvil almış, lakin dəyərini ödəməyərək müqavilə şərtlərini pozmuşdur. İddiaçı MMC-nin 26.02.2021-ci il tarixdə tərtib etdiyi borca dair arayışdan görünür ki, 10.03.2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, cavabdehin İddiaçı MMC-yə 37.942,94 manat məbləğində borcu vardır. Borc ödənilmədiyindən məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmiyəcəyini, iddia tələbini müdafiə etdikərini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 mart 2020-ci il tarixli, 131 saylı alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ( “Satıcı”) ilə Cavabdeh (“Alıcı”) arasında müqavilə bağlanılmışdır. Müqavilənin predmetinə əsasən “Satıcı” malları dövlət standartları ilə müəyyən edilmiş normalara uyğun olmaqla “Alıcı”ya təhvil verməyi, “Alıcı” isə “Mal”ı qəbul edib, dəyərini “Satıcı”ya ödəməyi öz öhdəsində götürmüşdür. Həmin müqavilənin: - 3.1.3-cü maddəsinə əsasən alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnun özündə saxlamaq və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirdirsə, müqaviləni ləğv etmək və əşyanı geri götürmək hüquqları vardır; - 3.2.1-ci maddəsinə əsasən müqavilənin 2.2-ci maddəsində göstərilən malı sifariş aldığı gündən 10 gün ərzində “Alıcı”nın obyektinə təhvil aktı, qaimə-faktura (“Satıcı” ƏDV ödəyicisidirsə vergi hesab-fakturası) əsasında “Alıcı”ya və ya səlahiyyətləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş nümayəndəsinə təhvil verməyi “Satıcı” öz öhdəsinə götürmüşdür; - 3.4.5-ci maddəsinə əsasən “Alıcı” müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür. - 8.4-cü maddəsinə əsasən tərəflərdən hər hansı biri bu Müavilədən irəli gələn öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə digər Tərəf xəbərdarlıq etmədən Müqaviləni birtərəfli qaydada ləğv etmə hüququn malikdir. İşə əlavə edilmiş satış fakturalarının surətindən görünür ki, ümumilikdə 23.754 (iyirmi üç min yeddi yüz əlli dörd) ABŞ dolları məbləğində mallar "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 26 fevral 2021ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 10.03.2020-ci il tarixli, 131 saylı satınalma müqaviləsinə əsasən yaranan 37.942,94 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə müəyyən etdi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.03.2020-ci il tarixli, 131 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə malların təhvil verilməsini öhdəsinə götürmüş, cavabdeh isə müqavilədə nəzərə tutulmuş şərtlər əsasında malların iddiaçıdan qəbul edilməsini və dəyərini ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən sözügedən müqavilə üzrə 23.754 ABŞ dolları (12.03.2020-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq - 40.381,80 manat (23.754 ABŞ dolları * 1.70 manat = 40.381,80 manat) dəyərində mallar cavabdehə təhvil verilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə cəmi 23.754 ABŞ dolları məbləğində borcu qalmışdır. Lakin, iddiaçı iddia ərizəsində Cavabdeh ilə aralarında bağlanılmış 10.03.2020-ci il tarixli alqı-satqı müqaviləsinə görə 37.942,94 manat məbləğində borcun Cavabdeh tutulmasını xahiş etmişdir. Belə olduğu təqdirdə məhkəmə, işə iddia tələbinə uyğun olaraq baxılmasını məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 10.03.2020-ci il tarixli, 131 saylı alqı-satqı müqaviləsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış 10 mart 2020-ci il tarixli, 131 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehin 37.942,94 manat məbləğində borcunun olması iş materialları ilə tam sübuta yetirilir. Cavabdeh tərəfindən iddiaçının malların ona təhvil verilməsini təkzib edən, o cümlədən borcun ödənilməsi barədə məhkəməyə hər-hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə eyni zamanda 10 mart 2020-ci il tarixli, 131 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə hüquqi qiymət verilməsini də zəruri hesab edir. Belə ki, müqavilənin müddəti, şərtlərinin dəyişdirilməsi və onun ləğv edilməsi ilə bağlı münasibətləri tənzimləyən 8-ci bölməsində qeyd olunmuşdur ki, tərəflər bu müqaviləni 1 (bir) il müddətinə imzalayırlar, tərəflər 10 (on) gün qabaqcadan rəsmi məlumat verməklə bu müqaviləni birtərəfli qaydada ləğv etmək, tərəflərdən hər hansı biri bu müqavilədən irəli gələn öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə digər tərəf xəbərdarlıq etmədən müqaviləni birtərəfli qaydada ləğv etmə hüququna malikdirlər. Qeyd olunan hal baş verməzsə, bu müqavilə növbəti 1 (bir) il müddətinə uzadılmış hesab olunur. İşin hallarından görünür ki, tərəflərdən heç biri tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı yazılı xəbərdarlıq verilməmişdir və bu xüsusat tərəflər arasında müqavilə münasibətlərinin davam etməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; - 421.3-ci maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; - 423.1-ci maddəsinə görə Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır; - 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda iddia üzrə cavabdehin təhvil aldığı malların dəyərini ödəməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozduğunu, belə olan halda isə iddia üzrə iddiaçının xəbərdarlıq müddəti gözləmədən ləğv edilməsini tələb etmək və müqavilə ləğv edilənə qədər olan müddət üçün malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanılmış 10.03.2020-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilməli, eyni zamanda iddia üzrə Cavabdeh 37.942,94 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019- cu il tarixli qərarında göstərilmişdir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasına əsasən hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10.03.2020-ci il tarixli, 131 saylı alqısatqı müqaviləsi ləğv edilsin. Cavabdeh 37.942,94 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 37.972,94 (otuz yeddi min doqquz yüz yetmiş iki manat, doxsan dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-871/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-871/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver