Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-879/2020 22.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı – 1140 manat məbləğində əsas borc, 50,35 manat məbləğində əldən çıxmış faydaya görə əsas borcun illik faizi miqdarında pul vəsaiti və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında əldə olunmuş alqı-satqı razılaşmasına əsasən, müəssisənin istehsal etdiyi malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Onlar tərəfindən üzərlərinə götürülmüş öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini ödəməmiş və nəticədə 1140 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. xx.xx.2019-cu il tarixdə yoxlama keçirilmiş və yoxlama əsasında tərəflər arasında ikitərəfli qaydada əmridşəlzü“ aktı” imzalanmışdır. “Uzləşdirmə aktı”na əsasən cavabdeh iddiaçıya 1140 manat borcunun olduğu müəyyən edilmişdir. Məsələni həll etmək məqsədilə dəfələrlə onlar tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi xəbərdarlıqlar edilsə də, cavabdeh göstərilən xəbərdarlıqları cavabsız qoyaraq, yaranan borcu ödəməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini ödəməmiş və hazırda müəssisəyə 1140 məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Cavabdeh iddiaçının tikinti materiallarını sataraq gəlir əldə etməsi, müəssisənin pul vəsaitini özündə saxlamaqla və qanunsuz olaraq qaytarmaqdan yayınmaqla müəssisənin pul vəsaitindən faydalanmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli üzləşmə aktından görünür ki, cavabdehin qalıq kredit borcu 1140 manat məbləğində təşkil edir. İşdə olan cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məlumatın surətindən görünür ki, İddiaçı MMC-nin onun işlədiyi inşaat mağazasına göndərilən 1140 manat dəyərində olan sement düzgün qablaşdırılmadığı üçün istifadəyə yararsız vəziyyətə düşmüşdür. Ona görə də, o, bu barədə dəfələrlə telefon vasitəsi ilə məlumat vermişdir. Qeyd edilənlərə baxmayaraq İddiaçı MMC hal-hazırda ədalətsiz mövqedədir. Aralarında baş verənlərin düzgün qiymətlədirilərək, iddialarından əl çəkmələrini xahiş etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğ(lər)in qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia qeyd edilən hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın “gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faizlə 50,35 manat məbləğində faizin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Buna görə də iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə ki, cavabdeh üzərinə düşən pul öhdəliyini xx.xx.2019-cu il tarixli üzləşmə aktının tərtib edildiyi vaxtdan xx.xx.2020-ci il tarixdə məhkəməyə mövcud iddia ərizəsi ilə müraciət etdiyi vaxt ərzində, yəni 1 il 6 ay (18 ay) müddətində icra etməmişdir. Bu vaxt üçün illik beş faiz isə 85,50 manat məbləğində təşkil edir. Belə ki, 1140 manat məbləğində əsas borcun bir illik faiz məbləği 57 manat (1140/100x5=57) məbləğində, 57 manat məbləğin 1 il 6 ay (18 ay) üçün faiz məbləği isə 85,5 manat (57/12x18=85,5) məbləğində, yəni iddia tələbində göstərilən məbləğdən (50,35 manatdan) artıq təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalı olduğundan, iddia tələbi qeyd edilən hissədə təmin edilərək, gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faizlə 50,35 manat məbləğində faiz cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 1140 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faizlə 50,35 manat məbləğində faiz, cəmi 1190,35 manat məbləğində pul vəsaiti və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-879/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-879/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver