Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-880/2020 28.10.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə İddiaçı “X1 Ambalaj Sanayi ve Ticaret” Anonim Şirketinin cavabdeh “xxxx” MMC-yə qarşı – borcun tutulması barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “X1 Ambalaj Sanayi ve Ticaret” Anonim Şirketi cavabdeh “xxxx” MMC-yə qarşı – cavabdehdən 65.201,92 avro əsas borc olmaqla həmin borcun gecikdirilməsinə görə 2019-2020-ci illər üçün illik 5 faiz olmaqla (65.201,92 x 5% (2019) x 5 % (2020)= 6.520,192 avro məbləğində zərər olmaqla, həmçinin zərər və əsas borcun icra edilməsinə dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasında qeydiyyatdan keçən “X1 Ambalaj Sanayi ve Ticaret” Anonim Şirketi ilə Azərbaycan Respublikasında qeydiyyatdan keçən “xxxx” MMC arasında uzun illər ərzində, yəni 2013-cü ildən etibarən qarşılıq tərəfdaşlıq və əməkdaşlıq həyata keçirilmişdir. Bu əməkdaşlığa əsasən, “X1 Ambalaj Sanayi ve Ticaret” Anonim Şirketi “xxxx” MMC-yə istehsalı həyata keçirmək üçün nəzərdə tutulmuş qablaşdırmanın həyata keçirilməsi üçün müxtəlif meyvə qabları və sair anoloji məhsullar vermiş, öhdəliyə və hesab–fakturalara əsasən “xxxx” MMC isə öz növbəsində malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin tərəflər arasındakı razılaşmaya əsasən, iddiaçı hazırki mübahisə üzrə üzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh “xxxx” MMC öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyinə görə, onun iddiaçıya hal-hazırda ümumilikdə 65.201,92 avro borc yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfə dəfələrlə həm yazılı, həm də şifahi müraciətlər edilməsinə baxmayaraq, müsbət bir nəticə əldə olunmamışdır. Beləliklə də, tərəflər arasında faktiki olaraq göndərmə müqaviləsi bağlanmış və həmin müqavilə üzrə iddiaçı mal göndərməyi, cavabdeh isə malı qəbul edərək, onun dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilə göndərilmə müqaviləsinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 627, 631 və 634-cü maddələrinin mahiyyəti isə ondan ibarətdir ki, mal göndərən müqavilədə müəyyən edilmiş malları alıcıya göndərməli, sonuncu tərəfindən isə onlar qəbul edilərək, malın dəyəri ödənilməlidir. İddiaçı tərəfindən malların göndərilməsi və cavabdeh tərəfindən həmin malların qəbul edilməsi hazırki işin mübahisə edilməyən hallarıdır. Eyni zamanda məhkəmə nəzərə almalıdır ki, tərəflər arasında həmin münasibətlər 2013-cü ildən başlayaraq, uzun müddət davam etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Lakin cavabdeh tərəfindən iddiçıya olan və son dövrlər üçün yaranmış borcun ödənilməməsi tərəflər arasında yaranmış münasibətlərin pozulmasına gətirib çıxarmışdır. Cavabdehin iddiaçıya olan kifayət qədər yüksək məbləğin vaxtında qaytarmaması iddiaçının maddi vəziyyətini olduqca pisləşdirmişdir. Nəzərə alınsa ki, avronun türk lirəsinə olan nisbətdə ekvivalentini bu halda şirkətə ciddi maddi ziyan vurulmuşdur. Bu da öz növbəsində şirkət üçün ciddi maliyyə itkisi (zərər) deməkdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən iddiaçının idxal etdiyi mallar üzrə tərtib olunmuş bəyənnamələrin elektron surətlərindən və fakturalardan görünür ki, iddiaçı tərəfindən 2018-2019-cu illər üzrə cavabdehə 276.318,58 avro dəyərində mal göndərilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 276.318,58 avro dəyərində mal göndərilmiş, bundan 210.374,64 avro dəyərində cavabdeh tərəfindən ödəniş edilmişdir. Çıxarışdan həmçinin aydın olur ki, iddiaçının əvvəlcədən cavabdehə 742,02 avro dəyərində borcu olmuşdur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Beləliklə işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 276.318,58 avro dəyərində mal göndərilmiş, bundan 210.374,64 avro dəyərində cavabdeh tərəfindən ödəniş edilmişdir. Həmçinin araşdırılma zamanı müəyyən olunmuşdur ki, iddiaçının əvvəlcədən cavabdehə 742,02 avro dəyərində borcu olmuşdur. Belə olan halda, cavabdehin iddiaçıya 65.201,92 avro məbləğində borcu qalmışdır. Belə ki, göndərilmiş malın dəyəri olan 276.318,58 avrodan cavabdeh tərəfindən edilmiş 210.374,64 avro məbləğində ödəniş (yəni, 276.318,58 avro - 210.374,64 avro = 65.943,94 avro) və iddiaçının əvvəlcədən cavabdehə borclu olduğu 742,02 avro çıxıldıqda, cavabdehin iddiaçıya borcu 65.201,92 avro (yəni, 65.943,94 avro –742,02 avro =65.201,92 avro) təşkil edir. Göründüyü kimi tərəflər arasında göndərmə müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 627.1-ci maddəsinə əsasən, göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın “gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faizlə 6520,192 avro məbləğində faizin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Buna görə də iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə ki, cavabdeh üzərinə düşən pul öhdəliyini 2019-2020-ci illər ərzində icra etməmişdir. Bu vaxt üçün illik beş faiz isə 6520,192 avro, yəni yuvarlaq olaraq 6520,19 avro məbləğində təşkil edir. Belə ki, 65201,92 avro məbləğində əsas borcun bir illik faiz məbləği 3260,09 (yəni, 3260,096) avro (65201,92/100x5=3260,096) məbləğində, 3260,096 avro məbləğin 2 il (24 ay) üçün faiz məbləği isə 6520,192 avro (3260,096/12x24=6520,192), yəni yuvarlaq olaraq 6520,19 avro məbləğində təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilərək, gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faizlə 6520,19 avro məbləğində faiz cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edirəm ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri xarici valyuta ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə həmçinin iddianın “zərər və əsas borcun icra edilməsinə dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun tutularaq, iddiaçının xeyrinə ödənilməsi”nə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmçinin vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ödəniş gününə qüvvədə olan məzənnə ilə 65.201,92 avro məbləğində əsas borc və gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faizlə 6.520,19 avro məbləğində Azərbaycan Respublikası manatı “xxxx” MMC-dən alınaraq “X1 Ambalaj Sanayi ve Ticaret” Anonim Şirketinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-880/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-880/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver