Məhkəmə qərarları › İş №e-2-2(121)-885/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-885/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-885/2024 17.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı Cavabdeh qarşı – pul tələbi üzrə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 may 2023-cü il tarixli, 344-İ/23 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 988,87 borc, 50 manat dəbbə pulu, mediasiya sessiyasına ödənilmiş 50 manat və iddianın verilməsi üçün ödədiyim 31 manat dövlət rüsumu cəmi 1.119,87 pul vəsaiti tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı satqısına dair 22 may 2023-ci il tarixli, 344- İ/23 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1.-ci bəndinə görə “satıcı” özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını, “alıcı”nın sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı öz öhdəsinə götürür. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Həmin müqavilənin 2.4-ci bəndinə görə “alıcı” ya verdiyi məhsulların bir vahidinin qiymətini və ümumi dəyərini, həmçinin qanunvericiliyə müvafiq olaraq hesablanmış ƏDV-ni faktura ilə müəyyən edilir və naqdsız qaydada 30 gün müddətinə ödənilməsini “Alıcı” təmin etməlidir. Müqavilənin 2.5-ci bəndinə görə “ALİCİ” tərəfindən təhvil alınan mal(ların) dəyərini bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün mal(ların) dəyərinin ödənilməmiş qalığının 0,5 %həcmində peniya ödəyir. Müqavilənin 6.2-ci bəndinə görə tərəflər qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının Qanunvericiliyi əsasında həll olunur. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə elektron qaimələrdən görünür ki, Cavabdeh ilə müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 988.87 manat borcu yaranmışdır. Həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2023-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh həmin məktubu alsa da, borcu ödəməkdən imtina etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfə mediasiya prosesinin tədbiqi barədə təklif göndərilmişdir. Lakin cavabdeh həmin mediasiya təklifinə heç bir cavab verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələbinə uyğun olaraq cavabdehə məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə iddia ərizəsinə dair etiraz təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması mümkündür. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 344-İ/23 saylı müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasınd müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “satıcı” özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını, “alıcı”nın sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4-ci bəndinə əsasən “alıcı” ya verdiyi məhsulların bir vahidinin qiymətini və ümumi dəyərini, həmçinin qanunvericiliyə müvafiq olaraq hesablanmış ƏDVni faktura ilə müəyyən edilir və naqdsız qaydada 30 gün müddətinə ödənilməsini “Alıcı” təmin etməlidir. Həmin müqavilənin 2.5-ci bəndinə görə “ALİCİ” tərəfindən təhvil alınan mal(ların) dəyərini bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün mal(ların) dəyərinin ödənilməmiş qalığının 0,5 %həcmində peniya ödəyir. İş materiallarında olan elektron qaimələrdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh alkaqollu və alkaqolsuz içki məhsulları təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə olan borcu 988,87 manat əsas və 50 manat müqavilə üzrə hesablanmış cərimə borcu olmaqla, ümumilikdə 1.038,87 manat təşkil edir. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 344-İ/23 saylı alıq-satqı müqaviləsinə əsasən 10 təqvim günü müddətində ödəməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞS/MT-028/2023/0210K saylı mediasiya sessiyasında iştrak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 31 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 344-İ/23 saylı alıq-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “satıcı” özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını, “alıcı”nın sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 344-İ/23 saylı müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən Cavabdeh alkaqollu və alkaqolsuz içkilər verilmişdir. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə 988,87 manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 344-İ/23 saylı müqavilə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan malı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında malları almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 344-İ/23 saylı müqaviləyə əsasən 988,87 manat borcun olduğu iş materialları ilə tam sübuta yetirilir. Cavabdeh tərəfindən qeyd olunan borcun tam və ya qismən ödənilməsinə dair və yaxud iddiaçı tərəfindən işlərin görülməsini təkzib edən hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 988,87 manat borcun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. Məhkəmə, eyni zamanda iddia tələbinin 50 manat cərimə məbləğinin tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddiaçının həmin tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, cərimənin 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Həmçinin, məhkəmə hesab edir ki, 200 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, prosessual xərclərə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 31 manat dövlət rüsumu Cavabdeh qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 988,87 manat əsas borc, 50 manat cərimə borcu, 50 manat mediasiya xərci və 31 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1.119,87 (bir min yüz on doqquz manat, səksən yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar