Məhkəmə qərarları › İş №e-2-2(121)-891/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-891/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-891/2020 23.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – alqı-satqı müqaviləsi üzrə bağlı yaranmış borcun qaytarılması barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı – 6176 manat məbləğində əsas borc, 2674,31 manat məbləğində əldən çıxmış faydaya görə əsas borcun illik 5 faizi miqdarında pul vəsaiti və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanmış 10 saylı, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları göstərilən malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Onlar tərəfindən üzərlərinə götürülmüş öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini ödəməmiş və nəticədə 6176 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. xx.xx.2015-ci il tarixli imzalanmış öhdəlik aktına əsasən, Cavabdeh müəssisəyə 6376 manat borcunun olduğunu təsdiq etmiş və borcunu 2 ay ərzində tam şəkildə bağlayacağını bildirmişdir. Cavabdeh tərəfindəən borcun ödənilməsilə bağlı heç bir addım atmadığından tərəflər arasında növbəti dəfə xx.xx.2016-cı il tarixdə yeni öhdəlik aktı imzalanmışdır. Qeyd olunan akta əsasən, Cavabdeh 6376 manat məbləğində borcunu təsdiq edərək xx.xx.2016-cı il tarixədək minimum 200 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüş, lakin heç bir ödəniş etməmişdir. xx.xx.2019-cu il tarixdə audit yoxlaması keçirilmiş və yoxlama əsasında tərəflər arasında ikitərəfli qaydada əmridşəlzü“ aktı” imzalanmışdır. “Uzləşdirmə aktı”na əsasən cavabdeh iddiaçıya 6176 manat borcunun olduğu təsdiq etmişdir. Həmçinin cavabdeh xx.xx.2019-cu il tarixdə müəssisənin rəhbərliyinə ərizə ilə müraciət edərək, aylıq qrafik tərtib olunmasını və borcunun hissə-hissə ödənilməsinə razılıq verilməsini xahiş etmişdir. Məsələni həll etmək məqsədilə dəfələrlə onlar tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi xəbərdarlıqlar edilsə də, cavabdeh göstərilən xəbərdarlıqları cavabsız qoyaraq, yaranan borcu ödəməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini ödəməmiş və hazırda müəssisəyə 6176 məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Cavabdeh iddiaçının tikinti materiallarını sataraq gəlir əldə etməsi, müəssisənin pul vəsaitini özündə saxlamaqla və qanunsuz olaraq qaytarmaqdan yayınmaqla müəssisənin pul vəsaitindən faydalanmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən, yəni əsas borcun ondan tutulması hissəsində qəbul edərək, iddianı qalan hissədə qəbul etmədi. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin nizamnaməsindən görünür ki, İddiaçı MMC xx.xx.2004-cü il tarixdə şəhadətnamə ilə “xxxx” MMC kimi dövlət qeydiyyatına alınmış, təsisçinin xx.xx.2015-ci il tarixli qərarına əsasən “X1” MMC adlandırılmış və xx.xx.2018-ci il tarixli qərara əsasən İddiaçı MMC adlandırılmışdır. İş materiallarına əlavə edilmiş kommersya qurumunun dövlət reystrindən çıxarışdan müəyyən olunur ki, “X1” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC adı ilə qeydiyyata alınmış və bununla bağlı kommersiya qurumuna xx.xx.2018-ci il tarixdə çıxarış verilmişdir. işə əlavə olunan sənədlərdən görünür ki, “xxxx” MMC ilə cavabdeh arasında 10 saylı, xx.xx.2011-ci il tarixli alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən müqaviləyə 1 saylı əlavə olan spesifikasiyada adları göstərilən malları “Satıcı” satmağı, “Alıcı” isə onu almağı öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli üzləşmə aktından görünür ki, cavabdehin qalıq borcu 6176 manat məbləğində təşkil edir. İşdə olan cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, İddiaçı MMC-yə olan 6176 manat borcun növbəti ilin əvvəlindən hissə-hissə aylıq qrafik tərtib olunmaqla ödəməsinə razılıq verilməsini xahiş etmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli pretenziya məktubu göndərmişdir. İşin materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin qeyd edilən müqavilə üzrə 6176 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faizlə 2674,31 manat (xx.xx.2011-ci il tarixdən məhkəməyə müraciət edilən tarixədək olan dövr) məbləğində faiz vardır. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. İddia tələbi bu hissədə həmçinin ona görə təmin edilməlidir ki, iddia tələbi həm də cavabdehin özü tərəfindən həmin hissədə etiraf edilərək, iddia tələbi qeyd edilən hissələrdə qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən qismən etiraf edilərək, iddia qismən qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda iddianın “gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faizlə 2674,31 manat məbləğində faizin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Buna görə də iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə ki, cavabdeh üzərinə düşən pul öhdəliyini maliyyəarayışında göstərilən xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, yəni 8 il 8 ay (104 ay) müddətində icra etməmişdir. Bu vaxt üçün illik beş faiz isə 2676,26 manat məbləğində təşkil edir. Belə ki, 6176 manat məbləğində əsas borcun bir illik faiz məbləği 308,80 manat (6176/100x5=308,80) məbləğində, 308,80 manat məbləğin 8 il 8 ay (104 ay) üçün faiz məbləği isə 2676,26 manat (308,80/12x104=2676,26) məbləğində, yəni iddia tələbində göstərilən məbləğdən (2674,31 manatdan) artıq təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalı olduğundan, iddia tələbi qeyd edilən hissədə təmin edilərək, gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faizlə 2674,31 manat məbləğində faiz cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 6176 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faizlə 2674,31 manat məbləğində faiz, cəmi 8850,31 manat məbləğində pul vəsaiti və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar