Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-898/2020 22.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı – 4499,06 manat məbləğində əsas borc, 899,8 manat məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (satıcı) ilə fərdi sahibkar Cavabdeh (alıcı) (VÖEN **********) arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanır, həmin müqaviləyə əsasən satıcı satışını təşkil etdiyi pivə məhsullarını alıcıya realizasiya məqsədləri üçün xx.xx.2020-ci il tarixli EBAH 536533 nömrəli qaimə əsasında təhvil verir. Alıcı isə həmin malı qəbul edib, malın haqqını müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ödəməyi öhdəsinə götürür. Alıcı tərəfindən təhvil alınmış malın ümumi məbləği 5499.06 manat təşkil etmişdir. Alıcı tərəfindən realizasiya olunmuş mala görə bütün dövr üzrə ödənilmiş ümumi məbləğ 1000 manat təşkil etmişdir. Ümumi məbləği 4499.06 manat təşkil edən mal üçün Cavabdeh Mövsum oğlunda (alıcı) kəsir yaranmışdır. Cavabdehə (alıcı) pretenziya məktubu ünvanlanaraq 5 iş günü müddətində qalıq 4499.06 manat məbləğində borcun və müqavilənin 7.3-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödənilməsi xahiş edilmişdir. Borclu dəfələrlə qalıq borcu ödəyəcəyini bildirsə də, sonradan telefonunu söndürmüşdür və bu günədək borcu ödəməmişdir. Əlavə edilmiş sənədlərdən də göründüyü kimi İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəlik tamamilə yerinə yetirilmiş, cavabdeh isə müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Hesab edirlər ki, 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə, ödənilməmiş 4499.06 manat əsas borc, borclunun borcu ödəmək fikiri olmadığı üçün məbləğin 20% təşkil edən 899.8 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında KOD 0112/2020 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı alıcıya sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Qiymətlərin razılaşdırılması protokolu”nda göstərilən məhsulları satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində “Qiymətlərin razılaşdırılması protokolu” ilə razılaşdırılmış qiymətlərlə malın dəyərini bu müqavilənin 4-cü maddəsində göstərilən şərtlərlə təhvil aldıqdan sonra 30 gündən gec olmayaraq satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 01 saylı, xx.xx.2020-ci il tarixli “qiymətlərin razılaşma protokolu”ndan görünür ki, iddiaçı ilə cavabdeh 1 ədəd 0,500 lt-lik sadə NZS pivəsinin dəyərinin ƏDV daxil 1,45 manat, 1 ədəd 0,500 lt-lik premium NZS pivəsinin dəyərinin ƏDV daxil 1,50 manat məbləğində olmasına dair razılığa gəlmişlər. İşə əlavə olunan EBAH seriyalı, 536533 saylı elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixdə qeyd edilən alqı-satqı müqaviləsi əsasında yola salınmış NZS pivəsinə görə 5499,06manat dəyərində “malların, işlərin və xidmətlərin təqdim edilməsi” ilə bağlı elektron qaimə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş FRB seriyalı, 354953 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixdə müqaviləyə əsasən satılmış malların dəyərindən 1000 manat məbləğində iddiaçıya ödəmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 899,8 manat məbləğində deyil, 80 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Buna görə də, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 25 manatı cavabdehə, 5 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 4499,06 manat məbləğində əsas borc, 80 manat məbləğində cərimə, cəmi 4579,06 manat məbləğində pul vəsaiti və 25 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-898/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-898/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver