Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-92/2023 25.01.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı "xxxx" Firmasının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Firmasının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Firması cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş ziyan üzrə yaranmış borcu üzrə 23.600,47 manat borc pulun, 5.000 manat məbləğində əldən çıxmış mənfəətin, 176 manat dövlət rüsumunun və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə aralarında olan xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən benzin və dizel yanacağı "xxxx" Firması tərəfindən satılmışdır. "xxxx" MMC 6 saylı vergi idarəsində VÖEN qeydiyyatı olan hüquqi şəxsdir. Müqavilənin şərtlərinə görə onun “Gərmətük’' YDM-dən ona yol işlərini görülməsindən ötrü yanacaq verməli, cavabdeh də həmin yanacağın məbləğini bank vasitəsilə “Gərmətük’' Firmasının bank hesabına köçürülməli idi. Belə ki, 20.000 lt benzin və 260.000 lt dizel yanacağı ilə təmin etməli idi. Cavabdeh aldığı yanacağın pulunu hər ayın 15-nə kimi bank vasitəsilə köçürməli idi. Yanacağın qiymətini tənzimləmə məzənnə ilə, yəni benzin litrini 90 qəpik, dizelin litrini 60 qəpik qiymətləndirilmişdir. 16 iyul 2018-ci tarixindən 27 may 2019-cu il tarixədək dizel yanacağı satmışdır. Həmin alınmış yanacağın dəyərini cavabdeh şəxs tərəfindən bir qismini ödənsə də, qalan 33334.0 litr dizel yanacağın dəyəri olan 23.600,47 manat pulunu ödəməkdən yayınmışdır. 2019-cu il tarixdən bu günə kimi qalan 23600,0 manat 47 qəpik pulu cavabdeh tərəfindən ödəməmişdir. Cavabdeh hər dəfə qalıq pulunu ödəməsini vəd versədə bu günə kimi həmin borcu ödəməmişdir. Məcburiyət qarşısında qalıb Lənkəran rayon prokurorluğuna ərizə vasitəsilə müraciət etmişlər, ərizələri üzrə Lənkəran ŞPRŞ-nin İstintaq Bölməsində müstəntiq polis kapitanı X2 tərəfindən araşdırma aparılmışdır. Cinayyət işinin başlanmasının rədd edilməsi haqqında 23 aprel 2021-ci il tarixndə qərar qəbul edilmişdir. Qərarda mübahisələri mülki xarakterli olduğundan məhkəmə orqanına müraciət edilməsi tövsiyyə edilmişdir. Yanacaq doldurma məntəqəsi olan Gərmətük YDM hal hazırda fəaliyyət göstərir. Həmin qalıq pulunun dövriyyədən çıxartdığı üçün cavabdeh tərəfindən külli miqdarda ziyan vurulmuşdur. Belə ki, avqust 2019-cu il tarixindən hazırkı tarixə kimi 23600.47 manat dəyərində yanacaq satılsaydı, 2 il müddətində (hər ay 26000 İt benzin gətirib satardılar) hər ay 500,00 manat xalis mənfəət əldə edərdilər. Bu da son 12 ay ərzində 5000.00 manat xalis mənfəətin əldən çıxmış hesab edilir. Cavabdehə dəfələrlə etdiyi şifahi xəbardarlıqlar, zənglər və mobil nömrəsindəki vatsap sistemindəki nömrəsinə yazdığı mesajların dəymiş ziyanın qaytarmasında heç bir irəlləyiş olmamışdır. Məcburiyyət qarşısında qalıb qanunla müəyyən edilmiş qaydada məsələni məhkəmə qaydasında həll edilməsini və bu barədə qətnamə çıxarılmasını tələb edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Firmasının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bununla yanaşı, gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzrlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 iyul 2018-ci il tarixli, 1 saylı müqavilənin surətindən görünür ki, "xxxx" Firması ilə "xxxx" MMC arasında benzin və dizel yanacağının alqısatqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 3-cü bəndinə əsasən "xxxx" MMC hər ayın 15-nə kimi aparılan yanacağın pulunu bank vasitəsilə firmaya köçürəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin ********* nömrəli cinayət işi üzrə 28 dekabr 2021-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, istintaq zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Lənkəran rayonu Gərmətük qəsəbə sakini Nümayəndə 2018-ci il tarixdə işlə bağlı tanımışdır. Münasibətləri yaxşı olmuşdur. Onun rayonun Gərmətük qəsəbəsində yanacaq doldurma məntəqəsi vardır. 14 iyul 2018-ci il tarixdə o Mahirlə aralarında müqavilə bağlamışdır. Müqavilədə nəzərdə tutulmuşdur ki, Mahir onun rəhbərlik etdiyi şirkəti, yəni "xxxx" MMC – ni 20.000 litr benzin və 260.000 litr dizel yanacağı ilə təmin etməli imiş, O da, öz öhdəsinə götürmüşdür ki, hər ayın 15-nə kimi aparılan yanacağın pulunu bank vasitəsilə köçürəcək. O, həmin köçürmələri Bank Respublika vasitəsilə etmişdir. Yanacağın qiyməti tənzimlənən məzənnə ilə, yeni bənzinin litri 90 qəpik, dizelin litri 60 qəpik ilə qiymətləndirilmişdir. O, 16 iyul 2018-ci il tarixdən 08 avqust 2019-cu il tarixədək Mahirdən dizel yanacağı almışdır. Həmin müddət ərzində yanacağın bir qisminin pulunu ödəsə də, sonuncu dəfə 08 avqust 2019-cu il tarixdə aldığı 33334.0 litr dizel yanacağının dəyəri olan 23600 manat 47 qəpik pulunu ödəməmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Lənkəran rayonu "xxxx" YDM ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, "xxxx" Firması ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı benzil və dizel yanacağını cavabdehə təhvil verməyi, cavabdeh isə həmin yanacağın dəyərini hər ayın 15-nə kimi iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə cəmi 23.600,47 manat borcu qalmışdır. Bununla yanaşı, cavabdehin iddiaçıya 23.600,47 manat məbləğində borcunun olması Lənkəran Şəhər-Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 verdiyi izahatı ilə də təsdiq olunur. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin ********* nömrəli cinayət işi üzrə 28 dekabr 2021-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslərin izahatları (izahatın mülki iş üzrə icraat zamanı və ya cinayət təqibi zamanı verilməsindən asılı olmayaraq) sübut növlərindən biridir. Mülki prosessual qanunvericilikdə tərəflərin tələb və etirazları ilə bağlı cinayət təqibi zamanı toplanmış sübutların mülki məhkəmə icraatı zamanı sübut kimi qəbul edilməsini, məhkəmə tərəfindən araşdırılmasını və həmin sübutlara mülki icraat çərçivəsində hüquqi qiymət verilməsini qadağan edən hər hansı norma yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı aralarında bağlanmış müqavilə üzrə əsas borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan razılaşma əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair öhdəlik götürmüşdür. Cavabdeh isə qeyd olunan razılaşma əsasında nisyə mal almasına dair hüququndan istifadə etsə də, lakin həmin malların dəyərini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilərək, 23.600,47 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddianın “5.000 manat məbləğində əldən çıxmış mənfəətin ödənilməsi” hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə, həmçinin, qeyd edir ki, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli plenumunun qərarında qeyd edilmişdir ki, Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlamasını, onu qaytarmaqdan boyun qaçırmasını, onun ödənilməsini digər şəkildə gecikdirməsini və ya pul vəsaitini əsassız əldə etməsini və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etməsini sübut etməlidir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə, eyni zamanda iddia tələbinin “200 manat məbləğində mediasiya xərcinin tutulması barədə” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 176 manat məbləğində dövlət rüsumunun 46 manatı iddiaçıya aid edilməli, 130 manatı isə cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 23.600,47 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130 manat və mediasiya xərci olaraq ödənilmiş 200 manat, ümumilikdə 23.930,47 (iyirmi üç min doqquz yüz otuz manat, qırx yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Firmasına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-92/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-92/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver