Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-92/2024 16.01.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli müxtəlif növdə tikinti mallarının alqı-satqısına dair müqaviləyə əsasən 9963 manat pulun və tərəflər arasında bağlanmış eyni tarixli sement materialının alqı-satqısına dair müqaviləyə əsasən cavabdeh tərəfindən verilməli olan sementin 25000 manat hissəsində öhdəliyini icra etmədiyinə görə həmin məbləğdə vəsaitin, ümumilikdə isə 34963 manat pul vəsaitinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, İddiaçındən ümumilikdə 20016.34 manat məbləğində müxtəlif çeşiddə mallar almışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə üzrə hesablaşmalar, mal təhvil verildikdən sonra malın qiyməti 15 gün ərzində köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sifariş olunan malları alıcıya versə də, həmin qeyd olunan 20016.34 manat dəyərində olan malın 9963 manat dəyərində olan hissəsi bu günə kimi ödənilməmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ümumilikdə 186969.18 manat dəyərində olan sement məhsulu almışdır. Cavabdehin vurduğu elektron qaimələrə əsasən İddiaçı tərəfindən sement alınması məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 186969.18 manat pul köçürülmüşdür. Lakin cavabdeh həmin müqavilə üzrə iddiaçıya verməli olduğu 186969.18 manat məbləğində sementin əvəzinə 161969.18 manat məbləğində sement versə də, 25000 manat məbləğində sementi verməkdən boyun qaçırmışdır. Daha sonra İddiaçı direktoru Elşən Məmmədov ərizə ilə Nərimanov rayon Polis İdarəsinə müraciət edərək, hadisə ilə əlaqədar qanuni tədbir görülməsini xahiş etmişdir. Ərizə Nərimanov Rayon Polis İdarəsinin baş müstəntiqi Gündüz Abdulovun icraatına verilmişdir. Araşdırma zamanı İddiaçı direktoru Elşən Məmmədov cəmiyyətin təsisçisi Amil Bağırov, cəmiyyətin mühasibi Süleymanlı Asiman və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fədayı Abbdullayevin izahatları alınmış, hazırkı materialın mülkü xarakterli olduğu, bununla əlaqədar olaraq aidiyyəti məhkəməyə müraciət etmək hüququnun izah edilməsi və cinayət işinin başlanılmasının rədd olunmasına dair xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Qeyd olunan qərarın təsviri hissəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fədayı Abbdullayevin izahatından görünür ki, 2019-cu ildə təsis edilən müxtəlif növ tikinti materiallarınin alqi-satqısını həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru kimi "xxxx" MMC ilə müqavilə bağlayib həmin şirkətlə alqi-satqı əməliyyatları həyata keçirmiş, bu əməliyyatlar nəticəsində həmin şirkətə 9963 manat borcu yaranmişdir. 2021-ci ilin noyabr ayinda qeyri-rəsmi şəriki olan Seyid kimi tanıdıqları Aqilin vasitəsi ilə "xxxx" MMC-nin işçisi Seyran adlı şəxslə taniş olmuş, bir müddət sonra Seyran şirkətə taxta və sement satmaqla baglı onunla razılaşmışdir. Seyranla razılaşdıqdan sonra aralarında müqavilə tərtib edilmiş və bundan sonra Seyranin xahişi əsasında müxtəlif şirkətlərdən malları alıb "xxxx" MMC-nin nümayəndəsi kimi Seyrana təhvil vermişdir. 2022-ci ilin mart ayına kimi "xxxx" MMC-də aldiğı butün pulların müqabilində malları təqdim etmişdir. Aqil ilə şərik olduğu dövrdə "xxxx" MMC-yə təhvil vermək üçün "Norm Sement" zavodundan aldıqları 36000 manat dəyərində sementi Aqil hissə-hissə başqa şəxslərə satdığı üçün Seyrana müraciət edib Aqilin sementi satib pulunu xərclədiyini bildirmiş, buna baxmayaraq Aqilin xərclədiyi pulların müqabilində zavoda öz vəsaiti hesabina ödəniş etmişdir. Sonuncu dəfə "xxxx" MMC şirkəti ilə aralannda 135000 manat dəyərində malın həmin şirkətə satılması barədə müqavilə baglanmiş, bir-birinə etibar etdiklərindən həmin materialları tam təhvil almaları barədə qaimə tərtib etmişlər. Müqaviləyə əsasən "xxxx" MMC-yə təhvil verməli olduğu 135000 manat dəyərində tikinti materiallarının bir qismini onlara təhvil verdikdən sonra Amilə müraciət edib şəriki Aqilin onun razılıgı ilə ambardan gotürdüyü 36000 manat dəyərində tikinti materiallarının pulunu Aqildən almasını xahiş etmiş, Amil isə pulu Aqildən deyil, ondan tələb etdiyinə görə onlara təhvil verməli olduğu 20000 manat dəyərində material Aqilin ona vurduğu ziyana hesabladığını bildirmişdir. Bundan əlavə 2022-ci ilin mart ayında "xxxx" MMC-dən ümumi dəyəri 20016,34 manat həcmində tikinti materiallarını almiş, buna görə ƏDV daxil 10053,34 manat ödəsə də 9963 manat pulu ödəməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fədayı Abbdullayevin izahatından göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış hər iki müqavilə üzrə (satış müqaviləsi üzrə) 9963 AZN və (alış müqaviləsi üzrə) 25000 AZN ümumilikdə 34963 manat məbləğində borcu qalmışdır. Bütün bunlardan sonra İddiaçı hüquqlarını məhkəmə müstəvisində tələb etmək məqsədi ilə qanunvericiliyin tələb etdiyi kimi mediasiya şurasına müraciət etmişdir. Lakin qarşı tərəf mediasiya iclasına gəlmədiyi üçün ilkin mediasiyada iştirak edilməmə barədə xx.xx.2023-cü il tarixli, MŞB/2-02923/2023 saylı arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh MMCnin təsisçisi və direktoru X6 verdiyi şifahi izahatında iddia tələbini qismən, iddiaçıya tikinti mallarının alqı-satqısına dair müqaviləyə əsasən 9963 manat məbləğində borcunun olması hissəsində qəbul etdiyini, qalan hissədə iddianı qəbul etmədiyini, İddiaçı tərəfindən sement alınması məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ümumilikdə 186.969.18 manat pul köçürüldüyünü, tərəflərindən həmin məbləğdə malların iddiaçıya 2021-ci ilin noyabr ayından 2022-ci ilin əvvəllərinə kimi tədarük edilərək göndərildiyini, iddiaçı ilə ticarət münasibətlərinin qeyri-rəsmi şəriki olan X2 və iddiaçının işçisi Seyran adlı şəxsin vasitəçiliyi ilə yarandığını, həmin şəxslərin iştirakı ilə mal tədarük edib iddiaçıya göndərdiyini, son olaraq xx.xx.2022-ci il tarixdə Aqillə Seyranın öz aralarında razılıqları əsasında 36000 manat və 7000 manat olmaqla, cəmi 43000 manat dəyərində olan malı iddiaçıya göndərmək üçün tədarük etdiyini, lakin Aqilin həmin malları başqa-başqa şəxslərə satdığını, onun tərəfindən müqavilə üzrə öhdəliklərin tam yerinə yetirildiyini, iddiaçının təhvil almadığı mallara görə tələbini direktoru olduğu hüquqi şəxsə və ya ona qarşı deyil, X5 qarşı irəli sürməsinin düzgün olduğunu bildirdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, iddiaçının və cavabdehin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflərin müvafiq olaraq bir müqavilə üzrə “Satıcı”, digər müqavilə üzrə “Alıcı” qismində iştirakçısı olduqları eyni məzmunlu xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələrinin: 1.1-ci bəndinə əsasən, “Satıcı” adı, qiyməti, miqdarı, çeşidi və digər göstəriciləri dəqiq olaraq hesab-fakturalarda, qaimə-fakturalarda və ya kassa sənədlərində göstərilən, alıcının tələbatına uyğun müxtəlif növ mallan (bundan sonra “mal(lar)ı), hazırki Müqavilədəki şərtlərlə “Alıcı”ya satmağı, “Alıcı” isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən, “Satıcı” mal(lar)ı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qüsursuz, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda “Alıcı”ya təhvil verməlidir. 4.1-ci bəndinə əsasən, tərəflər arasında razılaşdırılmış qiymətlər qaimə-fatkturalarda göstərilən qiymətlərdir. 4.2-ci bəndinə əsasən, Müqavilə üzrə hesablaşmalar, mal təhvil verildikdən sonra, “Satıcı” tərəfindən təqdim olunan hesab-faktura 15 iş günü köçürmə yolu ilə aparılır. 5.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı andan qüvvəyə minir, xx.xx.2022-ci il tarixinə kimi qüvvədədir. 5.2-ci bəndinə əsasən, müqavilənin müddətinin bitməsinə 30 gün qalmış tərəflərdən biri müqavilənin ləğvi haqqında qarşı tərəfi məlumatlandırmazsa, onda bu müqavilə tərəflərdən birinin bu müqavilənin bitməsi barədə qarşı tərəfi yazılı qaydada xəbərdar edəcəyi vaxta kimi qüvvədədir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nə göndərilmiş xx.xx.2021-ci il tarixli 238625 nömrəli; xx.xx.2021-ci il tarixli 237081 nömrəli; xx.xx.2021-ci il tarixli 729557 nömrəli; xx.xx.2021-ci il tarixli 854152 nömrəli; xx.xx.2021-ci il tarixli 025432 nömrəli; xx.xx.2022-ci il tarixli 484101 nömrəli elektron qaimələrinə əsasən, İddiaçı MMC-nə ümumilikdə 186.969,19 manat məbləğində sement məhsulu göndərilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə göndərilmiş xx.xx.2022-ci il tarixli 025815 nömrəli elektron qaiməyə əsasən Cavabdeh MMC-nə ümumilikdə 20016,34 manat məbləğində müxtəlif adda mal göndərilmişdir. İş materiallarında olan “Köçürmənin aparılması haqqında Bildiriş”lərin və “Ödəniş tapşırıqları”nın surətlərindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-cil tarixləri arasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına ümumilikdə 186.969,18 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin baş müstəntiqi X3 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı MMC-nin təsisçisi X7 şikayəti əsasında topıanmış material üzrə X4 əməllərində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi, şikayətçiyə müqavilə şərtlərinin pozulması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh MMC iştirak etməmişdir. İş materiallarında olan “arayış”ın surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 2 saylı Mediasiya Təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən yaranmış 34963 manat məbləğindəki vəsaitin 7 gün ərzində İddiaçınə ödənilməsi tələb edilmiş, əks halda həmin tələblə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-nə xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlara və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia etməsi və həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin kommersiya hüquqi şəxsi olması, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqdlər (alğı-satqı müqavilələri) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında iki müqavilə bağlanmışdır və iddiaçının tələbi də həmin müqavilələrə əsasən iki hissədən ibarətdir. Eyni tarixdə bağlanmış müqavilələrin birinə görə iddiaçı satıcı qismində iştirak etdiyi əqd üzrə müxtəlif adda tikinti mal və materiallarını cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malların dəyərini təşkil edən pul vəsaitini şərtləşdirilmiş müddətdə iddiaçıya ödəməyi, digərinə görə isə iddiaçı alıcı qismində iştirak etdiyi əqd üzrə cavabdehdən alacağı malların dəyərini əvvəlcədən ödəməyi, cavabdehin isə dəyərini əvvəlcədən aldığı malları şərtləşdirilmiş müddətdə iddiaçıya təhvil verməyi öhdələrinə götürmüşlər. Məhkəmə, iddia tələbinin maddi hüquqi əsasının iddiaçının satıcı qismində iştirakçısı olduğu müqavilə üzrə əşyaların nisyə satışının nəzərdə tutulduğu, iddiaçının alıcı qismində iştirakçısı olduğu müqavilə üzrə isə alınan əşyaların qabaqcadan ödənilməsinin nəzərdə tutulduğu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslində yer alan alğı-satqı müqaviləsinə dair normaların təşkil etdiyi nəticəsinə gəlir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 599 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Bunun üçün məhkəmə hesab edir ki, hər bir müqavilə üzrə ayrı-ayrı qiymətləndirmə aparılması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının satıcı qismində iştirak etdiyi müqavilə üzrə onun tərəfindən müxtəlif adda tikinti mal və materiallarının cavabdehin mülkiyyətinə verilməsi, cavabdeh tərəfindən isə təhvil alınmış malların dəyərinin bir hissəsinin (iddia olunan 9963 manat həcmində) iddiaçıya ödənilməməsi işin mübahisəsiz hallarını təşkil edir. Belə ki, qeyd olunan xüsusat tərəflərin izahatları, o cümlədən cavabdehin etirafı ilə müəyyən edildiyi kimi, işdə olan elektron qaimə-faktura ilə də öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının satıcı olduğu müqavilə üzrə cavabdehin 9963 manat məbləğində ödənilməmiş borcunun olması hissəsində tam sübut olunur və əsaslı olduğuna görə iddia həmin hissədə təmin olunmalıdır. İddiaçının alıcı qismində iştirak etdiyi müqavilə üzrə, iddiaçı tərəfindən sement alınması məqsədi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ümumilikdə 186.969,18 manat məbləğində pul köçürüldüyü işin mübahisəsiz halını təşkil edir. Belə ki, həmin hal tərəflərin izahatları, işdə olan elektron qaimə-fakturalar, pul köçürmələri haqqında bildirişlər və ödəniş tapşırıqları ilə tam təsdiq olunur. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi X8 da izahatında həmin halı mübahisələndriməmiş, iddiaçı tərəfindən ümumilikdə 186.969,18 manat məbləğində pul vəsaitinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürüldüyünü etiraf etmişdir. X1 25000 manat məbləğində sementin iddiaçıya təhvil verilməməsi barədə tələbi qəbul etməyərək, iddia tələbini həmin hissədə mübahisələndirir və əks arqument kimi hesablarına köçürülmüş pul məbləği dəyərində malın (sementin) tam şəkildə iddiaçıya verildiyini iddia edir. Məhkəmə hesab edir ki, baxılan iş üzrə mübahisəli məqam və tərəflərin sübut etməli olduqları hal məhz 25000 manat dəyərində olan malın cavabdeh tərəfindən iddiaçıya təhvil verilib-verilməməsinin müəyyən edilməsi təşkil edir və bu mübahisəli halın tədqiq edilərək aşkara çıxarılması üçün tərəflərin bağladıqları müqavilə şərtlərinə, tərəflər arasında təşəkkül tapmış ticarət münasibətlərinin xarakterinə və alğı-satqı müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələrinin normativ tənzimləməsini nəzərdə tutan mülki qanunvericilik normalarına istinad edilməlidir. Məhkəmə ilk olaraq müəyyən edir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin şərtlərinə və aralarında təşəkkül tapmış qaydaya görə cavabdeh satdığı malları iddiaçıya təhvil verməyə (çatdırmağa, göndərməyə) dair öhdəliyi öz üzərinə götürmüşdür. Müqavilədə satılan malların dəyərinin mal təhvil verildikdən sonra 15 gün ərzində ödənilməsinin nəzərdə tutulmasına baxmayaraq, tərəflərin razılaşmasına əsasən iddiaçı satın aldığı malların dəyərini əvvəlcədən cavabdehə ödəmişdir. Yuxarıda şərh olunduğu kimi bu son qeyd olunan xüsusat işin mübahisəsiz hallarından biridir. İddiaçı dəyərini əvvəlcədən ödədiyi malları tam şəkildə ala bilmədiyini, nəticədə cavabdehin 25000 manat dəyərində malı ona təhvil vermədiyini iddia edir. Cavabdeh isə aldığı vəsaitə uyğun sayda və ya çəkidə malı tam şəkildə iddiaçıya verdiyini iddia edir. Məhkəmə araşdırması zamanı tərəflər verdikləri izahatlarında aralarında inam və etimad olduğuna görə malların təhvil-təslimi ilə bağlı sənədləşmənin aparılmadığını, malların çatdırılması zamanı hər hansı bir sənədin (yol vərəqəsi, qaimə-faktura və s.) tərtib edilmədiyini bildirmişlər. İş materiallarında yalnız dəyəri əvvəlcədən ödənilmiş malların Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nə göndərilməsinə dair elektron qaimələr vardır ki, həmin qaimələrdən ümumi dəyəri 186.969,19 manat məbləğində olan malların göndərildiyi görünür. Lakin, iddiaçı həmin elektron qaimələrin mövcud olmasına baxmayaraq, qaimələrdə göstərilən məbləğdə malın tam şəkildə ona təhvil verilməməsini iddia edir. Məhkəmə, işdə olan elektron qaimələri cavabdeh tərəfindən malların tam şəkildə təhvil verilməsini sübut etmək üçün yetərli dəlil hesab etmir. Belə ki, əvvəla qeyd edilən elektron qaimə-fakturalar öz-özlüyündə dəyəri ödənilmiş məbləğdə malların cavabdeh tərəfindən təhvil verilməsi faktını sübut etmək üçün kifayət hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın: 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir; 2.5.3-cü yarımbəndinə əsasən, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur; 3.2-ci bəndinə əsasən, elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir; 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisə olduğu halda bir tərəfin digər tərəfə göndərdiyi elektron qaimə-fakturanın mötəbər və yetərli sübut vasitəsi kimi malların verilməsi, iş görülməsi və ya xidmət göstərilməsini təsdiq etmək üçün kifayət etmədiyi, “HTM Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarında da qeyd edilmişdir. Belə ki, adı çəkilən Qərarda əks edilmiş hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Baxılan işin müəyyən edilmiş faktiki hallarını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında sərgilədiyi hüquqi mövqeyə uyğun qiymətləndirərək məhkəmə qeyd edir ki, əvvəla tərəflərin mübahisəsiz qaydada qəbul etdikləri hallardan biri odur ki, iddiaçı tərəfindən malların dəyəri mallar təhvil alınmamışdan əvvəl artıq ödənilmişdir. Bundan başqa tədqiq olunan elektron qaimələrin malların iddiaçıya tam şəkildə təhvil verilməsini sübut etmək üçün yetərli dəlil hesab edilə bilməyəcəyini şərtləndirən ən mühüm amil iş üzrə cavabdehin nümayəndəsinin həm iddiaçının şikayəti üzrə polis orqanlarında aparılan araşdırma zamanı, həm də məhkəmə iclasında verdiyi izahatlarıdır. Belə ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi X8 verdiyi izahatlarında X9 ilə şərik olduğu dövrdə İddiaçı MMC-yə təhvil vermək üçün “Norm Sement” zavodundan aldıqları 36000 manat dəyərində sementi Aqilin hissə-hissə başqa şəxslərə satdığını, buna baxmayaraq Aqilin xərclədiyi pulların müqabilində zavoda öz vəsaiti hesabına ödəniş etdiyini, sonuncu dəfə İddiaçı MMC şirkəti ilə aralarında 135000 manat dəyərində malın həmin şirkətə satılması barədə müqaviləyə əsasən İddiaçı MMCyə təhvil verməli olduğu 135000 manat dəyərindəki tikinti materiallarının bir qismini onlara təhvil verdikdən sonra, 20000 manat dəyərində materialı isə Aqilin ona vurduğu ziyana hesabladığı üçün İddiaçı MMC-yə vermədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi X8 verdiyi izahatlarında 20000 manatlıq malı şəriki X2 İddiaçı MMC-nə verilməli olan malları başqa şəxslərə satdığı üçün düşdüyü zərəri qarşılamaq üçün İddiaçı MMC-nə təhvil vermədiyini bildirməklə, iddia tələbini 20000 manat hissədə faktiki olaraq etiraf etmişdir. Belə ki, həmin izahatlarla müəyyən olunur ki, cavabdeh dəyərini əvvəlcədən aldığı malların bir hissəsini iddiaçıya təhvil verməmişdir, həmin mallar cavabdehin şəriki tərəfindən digər şəxslərə satılmışdır. Bununla da iddiaçının qeyd olunan məbləğdə malı həqiqətən təhvil almaması faktı tam təsdiq olunur. Məhkəmə, X8 izahatında onun öz üzərinə düşən öhdəliyi yerinə yetirərək istehlakçı şirkətdən sementin dəyərini ödəyərək əldə etməsinə baxmayaraq, şəriki olmuş X2 qanunsuz hərəkətləri nəticəsində malların İddiaçı MMC-nə yox, başqa şəxslərə verildiyinə görə, iddia tələbinin ona qarşı deyil, X5 qarşı irəli sürülməsinin gərəkdiyi barədə bildirdiklərinə tənqidi yanaşaraq qeyd edir ki, alğı-satqı müqaviləsinin tərəfi (iştirakçısı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olduğuna görə, həmin müqavilə üzrə öhdəliklərin pozulmasına görə məsuliyyət "xxxx" MMC-nin üzərinə düşür. Cavabdehin şərikinin, işçisinin və ya onunla hər hansı bir formada əlaqəsi olan şəxsin hüquqa zidd əməli nəticəsində müqavilə üzrə öhdəliyin pozulmasının hüquqi nəticələrini isə mövcud qanunvericiliyin tələblərinə görə cavabdeh qarşılamalıdır. Cavabdehin risk dairəsinə daxil olan (şərikin düzgün seçilməməsi, onun vicdanlı davranışına əsassız olaraq etimad edilməsi və s.) pozuntulara görə digər şəxslər, o cümlədən iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Buna görə də məhkəmə, cavabdehin həmin arqumentini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.9-cu maddəsinə əsasən, borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Məhkəmə, tərəflər arasında alğı-satqı müqaviləsindən yaranan münasibətlər mövcud olduğuna görə, sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsinin müəyyən edilməsi zamanı mülki qanunvericiliyin alğı-satqı münasibətlərini tənzimləyən normalarının da tələblərinin nəzərə alınmasını və həmin normalarıa əsasən işin hallarının tədqiq edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 570.1 və 570.1.1-ci maddələrinə əsasən, əgər müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Sadalanan maddi hüququ normalarının məzmunundan görünür ki, satılan malı şərtləşdirilmiş müddətdə və qaydada alıcıya təhvil vermək vəzifəsi satıcıya məxsusdur və əgər satılan əşyanın alıcıya çatdırılma şəklində təhvil verilməsi nəzərdə tutulmuşsa əşyanın ona təhvil verildiyi məqamda həmin vəzifə icra edilmiş hesab olunur. Buradan belə nəticə hasil olur ki, müqavilə obyekti olan malın razılaşdırılmış miqdarda və ya dəyərdə təhvil verilməsini (çatdırılmasını, göndərilməsini və s.) sübut etmə yükü satıcının (baxılan işdə cavabdehin) üzərinə düşür. Məhkəmə qeyd edir ki, alğı-satqı müqaviləsi qarşılıqlı (sinallaqmatik) müqavilə olduğuna görə, müqavilənin iştirakçıları olan satıcı və alıcı bir-birlərinə qarşı həm kreditor, həm də borclu kmi çıxış edirlər. Yuxarıda şərh olunanlardan aydın olur ki, satılan malın tam şəkildə təhvil verilməsi baxımından satıcı müqavilə üzrə borclunun vəzifələrinin daşıyıcısıdır. Buna görə də, malın təhvil verilməsi borclunun (baxılan işdə cavabdehin) risk dairəsinə daxil olan öhdəliklərə daxildir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur ki, iddiaçı tərəflər arasında bağlanmış alğı-satqı müqavilələri üzrə öhdəliyini icra edərək, satıcı qismində iştirak etdiyi əqd üzrə malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak etdiyi əqd üzrə isə satın alacağı malların dəyərini tam şəkildə əvvəlcədən cavabdehə ödəmişdir, cavabdeh isə müqavilələr üzrə öhdəliklərini pozaraq təhvil aldığı malların dəyərini tam ödəməmiş, satdığı malların dəyərini tam şəkildə almasına baxmayaraq onların bir hissəsini cavabdehə təhvil verməmişdir. Nəticədə cavabdehin ümumilkdə 34963 (9963+25000) manat məbləğində borcu yaranmışdır. Tələb olunan borc məbləği cavabdehin risk dairəsinə daxil olan öhdəliyin pozulması nəticəsində yarandığına görə, həmin borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə gəldiyi nəticənin maddi hüquqi əsaslandırması olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddiaçı 194,89 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli müxtəlif növdə tikinti mallarının alqı-satqı müqaviləsi üzrə 9963 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə təhvil verilməmiş malların dəyərini təşkil edən 25000 manat olmaqla, cəmi 34963 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 194.89 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-92/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-92/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver