Məhkəmə qərarları › İş №e-2-2(121)-930/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-930/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-930/2021 22.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.01.2014-cü il tarixli, TOP 11346 saylı alqı-satqı müqaviləsi üzrə 1.348 ABŞ dolları borcun və ödənişin gecikməsinə görə hesablanmış 752 ABŞ dolları cərimə borcunun, cəmi 2.100 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 29.01.2014-cü il tarixdə TOP11346 saylı nisyə alqı-satqı müqaviləsi ilə ümumi dəyəri 3.267 ABŞ dolları olan Sim Sim konturları nisyə almışdır. Tərəflər arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ödəmə qrafiki üzrə ödəməli olduğu 1.348 ABŞ dolların manatla ekvalenti ilə pul məbləğini ödəməmiş və səbəb bildirməmişdir. Beləliklə cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən məhkəməyə müraciət olunmuşdur. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, borcunu qəbul edir və manatla ödəməyi öhdəsinə götürür. Həmçinin iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC (satıcı) Cavabdeh (alıcı) arasında bağlanılmış 29.01.2014-cü il tarixli, TOP 11346 saylı malların nisyə alqı-satqı müqaviləsinə əsasən, satıcı mobil telefonun, model kontur sim-sim (nömrənin/nömrələrin) nisyə formada bu müqavilədə müəyyən olunmuş şərtlərlə alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində malın dəyərin ödəyib, qəbul etməyi öz öhdəsinə götürmüşlər. Müqavilənin 3.1. bəndinə əsasən, malın satış qiyməti 3.267 ABŞ dollarıdır. Müqavilənin 3.3. bəndinə əsasən, ödəniş “Satıcı”nın razılığı əsasında nağd və ya nağdsız formada həyata keçirilə bilər. Ödəniş ABŞ dollarının günlük kursu ilə manatla aparılır. Müqavilənin 3.5. bəndinə əsasən, “Alıcı” ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% həcmində “Satıcı”nın xeyrinə cərimə ödəyir. Müqavilənin 3.6. bəndinə əsasən nömrələrin nisyə alqısı zamanı ödənişlərin gecikməsi 2 ayı keçərsə, “Satıcı” həmin nömrəni geri alma hüququna sahibdir. İş materiallarında olan 29.01.20114-cü il tarixli təhvil-təslim aktından görünür ki, müxtəlif dəyərdə olan sim sim kontrular İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 04.05.2021-ci il tarixli, 01/95-18353 saylı maliyyə arayışından görünür ki, 29.01.2014-cü il tarixdə bağlanılmış TOP11346 saylı nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh ödənilməmiş 1.348 ABŞ dolları əsas (qalıq) borc və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 752 ABŞ dolları cərimə olmaqla, cəmi 2.100 ABŞ dolları borcu vardır. İş materiallarında olan 09.09.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Cavabdeh məktub ünvanlayaraq, tərəflər arasında bağlanmış 29.01.2014-cü il tarixli, TOP11346 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1.348 ABŞ dolları borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində faiz məbləğinin 3 gün müddətində ödənilməsini ondan tələb etmiş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi barədə onu xəbərdar etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh 29.01.2014-cü il tarixli, TOP11346 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcundan müxtəlif tarixlərdə olmaqla müxtəlif məbləğlərdə ödəniş etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 29.01.2014-cü il tarixli ərizədə qeyd edilmişdir ki, o, 3.267 ABŞ dolları məbləğində İddiaçı MMC-yə olan borc məbləğini qəbul edir və borcunu 18 ay müddətinə hər ay 181 ABŞ dolları olmaqla ödəniş edib borcunu bağlamağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 28.09.2018-ci il tarixli ərizədə qeyd edilmişdir ki, o, 29.01.2014-cü il tarixli, TOP11346 saylı nisyə alqı-satqı müqaviləsi üzrə mal təhvil almış, lakin şəxsi səbəblərdən borcunu ödəyə bilməmişdir. Həmçinin həmin tarixə olan borc məbləğinin 1.406 ABŞ dolları məbləğində olduğunu qəbul etmiş və sentyabr ayının 30-u 100 manat, eyni zamanda hər ay 100 manat ödəniş edəcəyini qeyd edərək, ona borc məbləğində və müddətində güzəşt olunmasını xahiş etmişdir. Məhkəmə müəyyən etdi ki, tərəflər arasında 29.01.2014-cü il tarixli malın nisyə alqısatqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 3.267 ABŞ dolları dəyərində Sim Sim konturları nisyə verilmiş, cavabdeh tərəfindən müxtəlif vaxtlarda borcundan ödənişlər olunmasına baxmayaraq, cavadeh müqavilə üzrə öhdəliyə əməl etməmiş və nəticədə 1.348 ABŞ dolları məbləğində qalıq borcu qalmışdır. İddiaçı 09.09.2020-ci il tarixli məktubla cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, cavabdeh tərəfindən 1.348 ABŞ dolları həcmində borcun iddiaçıya ödənilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, əsas borc, yəni 1.348 ABŞ dolları hissəsində iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə 5 müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmçinin hesablanmış 752 ABŞ dolları məbləğində dəbbə pulunu da tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 752 ABŞ dolları məbləğində deyil, 40 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilməli, 20 manatı isə Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1.348 (bir min üç yüz qırx səkkiz) ABŞ dolları əsas borc və 40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1.388 (bir min üç yüz səksən səkkiz) ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.348 (bir min üç yüz qırx səkkiz) ABŞ dolları əsas borc və 40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1.388 (bir min üç yüz səksən səkkiz) ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar